İlham Əliyev gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak edib

24 dekabr 2015, 11:45
İlham Əliyev gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak edib

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub.

Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

-Salam, sabahınız xeyir. Sizi ürəkdən salamlayıram. Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz yeni mənzillərə köçürsünüz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dövlət tərəfindən sizə belə gözəl hədiyyə verilir. Gözəl binadır.

Sakinlər: Çox sağ olun, biz də Sizi təbrik edirik. Bu, çox gözəl bir gündə bizə hədiyyə oldu.

Prezident İlham Əliyev: Əlbəttə, çox gözəl bina tikilibdir, 132 mənzildən ibarət binadır. Mənzillərin hamısı təmir olunub, bütün lazımi şərait yaradılıb ki, siz burada rahat yaşayasınız. Bu gözdən əlillər üçün tikilmiş xüsusi bir binadır. Sizdən başqa burada heç kim yaşamayacaq. Bu, bir daha ölkəmizdə aparılan güclü sosial siyasətin əlamətidir. Çünki dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobil verilmişdir.

Deyə bilərəm ki, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daim diqqət göstərilir və göstəriləcəkdir.

Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır. Deyə bilərəm ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun. Yəqin siz də bilirsiniz, əlil olan insan əvvəlki illərdə arayış, əlillik dərəcəsini almaq üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, o, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər, əlil olmayan insanlar bəzi hallarda əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu, əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər. Ona görə, bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə düşən bütün vəzifələri icra edir, edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq.

Bu yaxınlarda Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşasına görə 10 milyon manat əlavə vəsait ayrılıbdır. Nazirlər Kabineti də yaxın vaxtlarda ən azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edibdir. Büdcə xərcləri, büdcə gəlirləri azalıbdır. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşibdir. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıbdır. Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, gələn il bütün sosial proqramlar icra ediləcək. Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaqdır. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var.

Mən sizi bu gözəl hadisə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. İstəyirəm ki, siz bu gözəl evdə rahat yaşayasınız.

Sakinlər: Allah razı olsun, çox sağ olun. Allah Sizi dövlətimizin, bizim başımızın üstündən əksik etməsin.

Sakin Tofiq BALAYEV: Biz də Sizi ad gününüz münasibətilə burada ev alan əlillərin adından, bütün gözdən əlillərin adından təbrik edirik. Sizin yüksək diqqət və qayğınız nəticəsində bizim üçün 132 mənzilli bina tikilib və biz gözdən əlillər mənzillərlə təmin olunuruq. Yəni, ailə vəziyyətimiz, ailə şəraitimiz yaxşılaşır. Bununla bağlı biz Sizə bu işdə kömək olan, bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk. Pensiya, işlə təminat məsələlərinə toxundunuz. İnşallah, gələcəkdə Sizin dəstəyiniz nəticəsində bunların hamısı öz həllini tapar. Sizi bir daha təbrik edirik.

Qadın sakin: Mehriban xanımı da təbrik edirik. Mehriban xanım bizim qayğımıza çox qalır, Allah ondan da razı olsun.

Prezident İlham Əliyev: Sağ olun, gəlin, mən sizə orderləri təqdim edim.

X    X    X

Dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Binadakı 132 mənzildən 22-si üç, 44-ü iki, 66-sı isə bir otaqlıdır. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, son illərdə Azərbaycanın iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan əlil insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Nərimanov rayonunda gözdən əlillər üçün yeni binanın istifadəyə verilməsi də bu kateqoriyadan olan insanlara dövlətimizin başçısının göstərdiyi qayğının bariz nümunəsidir. Hazırda gözdən əlillərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə 2014-2015-ci illərdə 100-ə yaxın belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzinin binası inşa olunur. Burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq.

X    X    X

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binasının açılışında iştirak etdilər. 

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud insanlara göstərdikləri qayğını və onlarla keçirilən görüşləri əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Onu da deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert komissiyalarında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər aparılır. Artıq nazirliyin bütün ekspert komissiyaları müasir iş şəraiti və tibbi avadanlıqla, müayinə cihazları ilə təmin olunublar. Burada da komissiyanın normal fəaliyyət göstərməsi üçün hər cür şərait var. Bina ekspertiza cihazları, məişət avadanlığı ilə tam təmin olunub. Yeni binada yaradılan şərait əlillik müayinələrinin aparılmasına, eləcə də müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təmin olunmasına, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq.

Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də müasir texniki avadanlıqla təchiz olunub. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin olunmasına xidmət edir.

Prezident İlham Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi - VEMTAS üzrə görülən işlərlə bağlı da məlumat verildi. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb. Belə ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan yox, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Sonra əhalinin sosial müdafiəsi mərkəzləri həmin ailələrin maddi-məişət şəraitinin müayinəsini aparacaq və nəticələrin VEMTAS-a ötürülməsini təmin edəcək. Məhz bundan sonra müraciət edən ailəyə yardımın təyin olunması ilə bağlı qərar qəbul ediləcək.

Dövlətimizin başçısına məlumat verildi ki, Respublika Gözdən Əlillər Cəmiyyəti də bu binada fəaliyyət göstərəcək. Zirzəmi hissəsi Cəmiyyətin istehsalat sahəsi üçün nəzərdə tutulub. Binanın aşağı mərtəbələrində isə gözdən əlillərin asudə vaxtlarda mənalı istirahəti, habelə onlarla bağlı ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb, ətrafda abadlıq işləri aparılıb. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo