İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etmişdir

01 mart 2011, 11:00
İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etmişdir

Prezident İlham Əliyev Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldu.

Prezident İlham Əliyevə Dövlət Proqramı icrasının ikinci ilində regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri əks etdirən sərgi barədə məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı işlər görülmüş və silsilə tədbirlər reallaşdırılmışdır. Regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənayedə də əsaslı irəliləyişə nail olunmuş, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.

Sərgidə müxtəlif iqtisadi rayonlar üzrə ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün sistemli və kompleks tədbirlərin davam etdirildiyi də öz əksini tapmışdır. Sərgi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keyfiyyətin başlıca meyar kimi qəbul edilməsini də özündə dolğun əks etdirir. Ötən illərin təcrübəsi göstərir ki, respublikamızda biznes mühiti ildən-ilə daha da yaxşılaşır. İşgüzar əlaqələrin gücləndirilməsi, sahibkarlara dövlət qayğısının artırılması hesabına regionların inkişafı sürətlənir. 2011-ci ildə və növbəti illərdə də sosial-iqtisadi siyasətin əsas istiqamətini əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil edəcəkdir.

Sonra konfrans öz işinə başladı.

Dövlət başçısı konfransı giriş nitqi ilə açdı.

X X X

Prezident İlham Əliyevin giriş nitqi

- Əziz dostlar. Bugünkü iclas dövlət inkişaf proqramının icrası ilə bağlıdır. Belə toplantılar mütəmadi qaydada keçirilir. Bildiyiniz kimi, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı 2004-cü ildə qəbul edilmişdir, 2004-2008-ci illəri əhatə edirdi. Ondan sonra ikinci proqram qəbul edildi və bu gün proqramın icrası ilə əlaqədar müzakirələr aparacağıq.

Birinci proqramın qəbul edilməsi, demək olar ki, ölkəmizin inkişafında çox mühüm rol oynamışdır. Proqramın icrası nəticəsində bölgələrdə böyük quruculuq işləri aparılmışdır. Yüz minlərlə yeni iş yeri açılmışdır. Yeni sənaye müəssisələri yaradılmışdır. Bir sözlə, regionların inkişafı və canlanması məhz Proqramın qəbul edilməsi ilə bilavasitə bağlı olmuşdur. Onu da qeyd etmək istəyirəm ki, 2004-2008-ci illərdə Proqrama əlavələr də, düzəlişlər də edildi. Çünki sürətli inkişafımız çox böyük templərlə ölçülürdü. O illərdə orta hesabla ümumi daxili məhsul 20 faizdən çox səviyyəsində idi. Belə olan halda, büdcəyə gələn əlavə gəlirlər əlbəttə ki, Proqrama edilmiş düzəlişlərə öz təsirini göstərmişdir. Bütövlükdə deyə bilərəm ki, 2004-2008-ci illəri əhatə edən Proqram artıqlaması ilə icra edildi, proqramın icrası nəticəsində ölkəmizin inkişafı və iqtisadiyyatımızın şaxələndirilməsi işində böyük və uğurlu addımlar atıldı.

2009-2013-cü illəri əhatə edən Proqram da uğurla icra edilir. Artıq iki ildir ki, Proqram icra edilir. Deyə bilərəm ki, qarşıda duran bütün məsələlər, bütün vəzifələr öz həllini tapır. 2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının bu illərdə artması xüsusi məna daşıyır. Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım deyə bilərəm ki, o cümlədən qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur. Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Beləliklə, deyə bilərəm ki, əgər 2009-2010-cu illərdə - dünya üçün ən ağır illər ərzində iqtisadiyyatımız artmışsa, bundan sonrakı dövrdə şübhəsiz, inkişafımız daha da sürətlə gedəcəkdir.

Ümumi daxili məhsulun artması, əlbəttə ki, çox sevindirici haldır. Amma o da vacibdir ki, iqtisadiyyatımızın hər bir sahəsi inkişaf etsin, ölkədə sənayeləşmə prosesi sürətlə getsin. Kiçik və orta sahibkarlıq inkişaf etsin. Bu məqsədlə, dövlət tərəfindən atılan addımlar bəhrəsini verməkdədir. Dövlət büdcəmiz artır. Müqayisə üçün deyə bilərəm ki, 2004-cü illə müqayisədə builki dövlət büdcəmiz 12 dəfə böyükdür. Bu gün dövlət büdcəmiz 16 milyard dollar səviyyəsindədir və çox güman ki, il ərzində büdcə xərcləri daha da arta bilər. Çünki büdcədə neftin qiyməti 60 dollardan hesablanıbdır. Hazırda neftin qiyməti demək olar ki, o rəqəmdən iki dəfə çoxdur.

Beləliklə, ölkə qarşısında duran təxirəsalınmaz məsələlər öz həllini tapır və tapacaqdır. Əminəm ki, 2013-cü ilə qədər ikinci proqramın icrası hesabına ölkə qarşısında duran əsas iqtisadi, sosial və infrastruktur məsələləri öz həllini tapmalıdır. Hər halda Dövlət Proqramında bütün bu məsələlər öz əksini tapıb.

Əslində bu proqram ölkə iqtisadiyyatının və bütövlükdə ölkəmizin inkişafı üçün əsas sənəd kimi qəbul edilibdir. Bu proqramda bütün vəzifələr, icra mexanizmləri, maliyyə resursları göstərilib. İcra müddəti də vardır. Beləliklə, yerlərdə və dövlət qurumlarının bilavasitə iştirakı ilə bu Proqramın tam şəkildə icrasına biz nail olmalıyıq. Bu məqsədlə bu gün biz proqramın keçənilki nəticələrini müzakirə edəcəyik.

2004-2008-ci illərdə Azərbaycana böyük həcmdə investisiyalar qoyulmuşdur. Çox sevindirici haldır ki, son ildə qoyulan investisiyaların böyük əksəriyyəti daxili investisiyalardır. Artıq daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu onu göstərir ki, bir tərəfdən Azərbaycan dövlətinin gücü artıb, digər tərəfdən investisiyaların müəyyən hissəsi özəl sektor tərəfindən qoyulur. Özəl sektor da Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnir. O cümlədən dövlət tərəfindən verilmiş sifarişləri icra edərkən özəl şirkətlər güclənir, əlavə maliyyə vəsaiti əldə edir. O vəsaiti yenidən ölkə iqtisadiyyatına investisiya şəklində qoyur və beləliklə, həm şirkətlər güclənir, həm ölkə iqtisadiyyatı üçün əlavə investisiya mənbəyi yaradılır.

Biz bundan sonra da dövlət xətti ilə dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti vardır.

İnvestisiya qoyuluşu prosesi davam etdiriləcəkdir. Baxmayaraq ki, 2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələri başa çatmalıdır. Yollar, su xətləri, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələrinin hamısı dövlət proqramında əksini tapıb və 2013-cü ilə qədər bütün bu məsələlər tam şəkildə öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilmişdir. Ondan sonrakı illərdə yəqin, yeni sahələr də müəyyən ediləcək ki, dövlət öz tərəfindən oraya investisiya qoyacaqdır. Eyni zamanda, biz dövlət investisiyaları üçün yeni imkanları da axtarmalıyıq, araşdırmalıyıq, həm ölkə daxilində, həm ölkəmizin xaricində. Bu sahədə dövlət qurumları və özəl sektor birgə fəaliyyət göstərə bilər. Necə ki, biz vaxtilə Azərbaycanda Dövlət İnvestisiya Şirkətini yaratdıq və o şirkətin vasitəsilə xaricdən və daxildən ölkə iqtisadiyyatına investisiyaları gətirdik, eyni qaydada biz dövlət və özəl sektorlarının iştirakı ilə xarici ölkələrə də investisiyalar qoya bilərik. Bu həm bizim biznes maraqlarımızı təmin edəcək, həm də ki, Azərbaycanın beynəlxalq imkanlarını genişləndirəcək və beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır.

Nəzərə alsaq ki, hazırda dövlət şirkətləri və xüsusilə, Dövlət Neft Şirkəti xarici ölkələrə böyük investisiyalar qoyur, artıq biz, necə deyərlər, bu qapını da açdıq. Bu, bizim üçün yeni bir sahə idi, heç vaxt tarixdə Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoymamışdılar. Biz həmişə maraqlı idik ki, xaricdən Azərbaycana investisiyalar gətirilsin. Bu gün də biz bunda maraqlıyıq. Ancaq artıq ölkəmizin inkişafı bizə diktə edir ki, yeni bazarlara çıxaq. Həm sərmayə qoyuluşu, həm müxtəlif kontraktlarda şirkətlərimizin iştirakının təmin edilməsi üçün dövlət qurumları da fəal işləməlidirlər.

Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm ki, biz ölkəmizin gələcək inkişafı üçün xarici bazarlara daha da böyük diqqət göstərməliyik. Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu prosesi uğurla gedir. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur və bu çox böyük rəqəmdir. Bu il də sərmayə qoyulacaqdır. Azərbaycan xarici sərmayələrin qorunması işində böyük və uğurlu yol keçmişdir. Bu sərmayələr Azərbaycanda qorunur. Biz elə etməliyik ki, ölkəmizdə biznes mühitini daha da sağlamlaşdıraq, daha da yaxşılaşdıraq. Bu gün biz bu barədə danışacağıq.

Bütün bu işlərlə bərabər, biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir. Təkcə maaş və pensiyaların artımı ilə biz öz fəaliyyətimizi məhdudlaşdırmırıq, eyni zamanda, sosial infrastrukturun yaradılması işində böyük sərmayələr qoyulur.

Son 6-7 il ərzində ölkəmizdə 2 mindən artıq məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya İdman Mərkəzi tikilib və bu proses davam etdirilir. Bölgələrdə sosial infrastrukturun, xüsusilə səhiyyə sahəsində sosial infrastrukturun yaradılması böyük məna daşıyır və biz növbəti illərdə həm dövlət büdcəsindən, həm başqa mənbələrdən bu sahədəki fəaliyyətimizi daha da gücləndirəcəyik.

Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə olaraq sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır. Bütün dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerli icra orqanları bu sahədə sahibkarlara kömək göstərməlidirlər. Sahibkarların normal biznes mühitində fəaliyyəti ölkəmizin gələcək inkişafını təmin edəcəkdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bu gün iqtisadiyyatımızın böyük hissəsi – 80 faizdən çoxu özəl sektorda formalaşır. Hesab edirəm ki, bu çox böyük nailiyyətdir.

Nəzərə alsaq ki, dövlətimizin əsas strateji resursları dövlətin inhisarındadır – neft, qaz, əsas nəqliyyat infrastrukturu, elektrik təsərrüfatı, özəl sektorun ölkə iqtisadiyyatında böyük payı, doğrudan da, onu göstərir ki, Azərbaycanda tam liberal iqtisadiyyat hökm sürür, bazar iqtisadiyyatı prinsipləri bərqərar olub və bu artıq, əlbəttə, ölkənin inkişafında öz müsbət rolunu oynayır. Beləliklə, gələcəkdə sahibkarlığın inkişafı, xüsusilə, orta və kiçik sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.

Azərbaycan dövləti, bir daha demək istəyirəm ki, öz tərəfindən bütün lazımi tədbirləri görür, siyasi dəstək verilir, iqtisadi vasitələrlə kömək göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2010-cu illərdə təxminən 700 milyon manat həcmində güzəştli kreditlər verilmişdir. O kreditlərin verilməsi demək olar ki, özəl sektorun inkişafına çox böyük təkan verdi. Kreditlərin 80 faizi regionlara verilir. Bu da bizim siyasətimizi və niyyətimizi göstərir.

Çox sevindirici hal ondan ibarətdir ki, kreditlər qayıdır. Özəl sektor burada böyük məsuliyyət göstərir. Əlbəttə ki, kreditlər veriləndə onlar təhlil edilir, özəl qurumların imkanları araşdırılır və o şirkətlər seçilir ki, onlar bu işə məsuliyyətlə yanaşırlar. Ancaq yenə də deyirəm, ola bilərdi ki, hansısa kreditlər qayıtmasın və burada problemlər yarana bilərdi. Çox sevindirici haldır ki, kreditlər qayıdıb və artıq qayıtmış kreditlərin hesabına o vəsait yenə kreditləşməyə yönəldilir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə özəl sektora 125 milyon manat güzəştli kredit veriləcəkdir. Beləliklə, bir neçə ildən sonra qayıdacaq kreditlərin məbləği daha da böyük olacaq və nə qədər qayıtsa yenə də bütün o məbləğ kreditləşməyə yönəldiləcəkdir.

Biz kreditləri verməklə həm özəl sektora dəstək oluruq, həm də ölkə iqtisadiyyatının inkişafına təkan veririk. Bu il və bundan sonrakı illərdə bu kreditləri ölkəmizin inkişafı üçün daha da vacib olan sahələrə verəcəyik. Burada həm özəl sektorun maraqları, həm dövlət maraqları bir-biri ilə üst-üstə düşməlidir ki, həm ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və həm də özəl sektor güclənsin.

Biz dünya praktikasını yaxşı bilirik. Dünyada gedən prosesləri də izləyirik. Görürük ki, özəl sahibkarlığın inkişafı ölkələrin ümumi inkişafını təmin edir. Düzdür, Azərbaycanın zəngin neft-qaz ehtiyatları var və düşünülmüş neft strategiyamız vardır. Bu strategiya artıq öz bəhrəsini verir. İqtisadiyyatımızın şaxələndirilməsi işində bu amil deyə bilərəm ki, çox vacib rol oynayıb. Əgər maliyyə resurslarımız olmasaydı, biz xarici maliyyə qurumlarının kreditlərinə daha çox bel bağlamış olardıq. Bəzi hallarda o kreditlərin alınmasında problemlər də yaranır. Yəni ki, enerji sektoru, neft-qaz sənayesi bizim üçün çox böyük dəstəkdir. Ancaq təkcə bu sahə inkişaf etməklə ölkə hərtərəfli inkişaf edə bilməz. Bu bizim üçün böyük maliyyə mənbəyidir. Bu, şübhəsiz, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən amillərdən biridir.

Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön planına çıxıbdır. Azərbaycan isə artıq bütün lazımi tədbirləri vaxtında görübdür. Zəngin neft yataqlarımız, qaz yataqlarımız aşkarlanıb. Çoxşaxəli boru kəməri infrastrukturumuz vardı ki, resurslarımızı istənilən istiqamətə nəql edə bilər və əslində nəql edir. Bu gün bu reallıqdır. Biz artıq tam hazırlıqlı vəziyyətdəyik. Biz bütün lazımi işləri görmüşük və böyük sərmayələrin qoyuluşuna da hazırıq.

Hesab edirəm ki, bu il və ondan sonrakı illərdə Azərbaycanın energetika, neft-qaz, xüsusilə qaz sektoruna milyardlarla dollar vəsait qoyulacaqdır. Həm ölkə iqtisadiyyatı, həm də özəl sektor buna hazır olmalıdır. Sirr deyil ki, neft strategiyamızın icrası hesabına yüzlərlə Azərbaycan şirkəti kontraktlar alıblar və o imkanlardan bəhrələniblər. O şirkətlər neft sənayesində görülmüş işlər hesabına maliyyə imkanlarını genişləndiriblər. İndi biz ikinci böyük investisiya qoyuluşunun astanasındayıq. Artıq biz buna daha da hazırıq. Sadəcə olaraq, mən özəl sektora bildirmək istəyirəm ki, onlar da qoyulacaq bu böyük investisiyaların icrasında fəal iştirak etsinlər, xaricdən Azərbaycanın qaz sektoruna qoyulacaq pulların böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən öz həllini tapsın və Azərbaycan şirkətləri bundan bəhrələnsinlər.

Ancaq bununla bərabər, orta və kiçik sahibkarlığın, ölkəmizin gələcəyini müəyyən edəcək sahibkarlığın inkişafı, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı əslində çox böyük islahat deməkdir. O islahat Azərbaycanda uğurla aparılır və yenə də demək istəyirəm ki, iqtisadiyyatımızın mütləq əksəriyyəti özəl sektorda formalaşır. Yəni qısa müddət ərzində - müstəqillik dövründə biz buna nail ola bilmişik. Ancaq iqtisadi sahədə islahatlar mütləq bütün başqa sahələrdə islahatlarla tamamlanır. Yəni biz işimizi təkcə iqtisadi islahatlarla məhdudlaşdıra bilmərik. Bu mümkün də deyildir.

Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir, müasir dövlət yaratmaqdır. Ona görə Azərbaycanda aparılan və aparılacaq islahatlar da çoxşaxəli olmalıdır. İqtisadi islahatlar ölkə iqtisadiyyatının liberallaşmasına, güclü özəl sektorun yaranmasına gətirib çıxaracaq, insanlar daha da yaxşı yaşayacaqlar. Sosial rifah artacaq, iş yerləri, yerli sənaye yaranacaqdır. Mən yaranacaq deyirəm, əslində bu yaranıb və yaranmaqdadır. Azərbaycanda bütün azadlıqlar tam şəkildə bərqərar olunacaqdır. Yəni, sahibkarlığın inkişafı əslində ölkəmizin hərtərəfli inkişafına, müasirləşməsinə böyük təkan verir.

Bu gün Azərbaycanda sahibkarlar sinfi yaranıb. Mən hesab edirəm ki, növbəti illərdə özəl sektorda aparılan işlərin keyfiyyətinin artırılması məsələlərinə daha da böyük diqqət göstərilməlidir. Yenə də mən qayıdıram əvvəlki sözlərimə. Azərbaycanın gələcək iqtisadi inkişafı,- əgər biz uzunmüddətli gələcəyə baxırıqsa,- daha çox xarici bazarlara qoyulacaq vəsaitin hesabına həll olunacaqdır. Azərbaycan bazarı müəyyən dərəcədə məhduddur. Qonşu ölkələrlə müqayisədə əlbəttə ki, onlardan daha da kiçikdir. Ölkə əhalisi artır. Artıq keçən il doqquz milyonuncu vətəndaş dünyaya gəlibdir. Ancaq ölkə iqtisadiyyatı və ölkədə yaranan maliyyə resursları tələb edir ki, biz xarici bazarlara çıxaq. Xarici bazarlara isə ancaq rəqabət qabiliyyətli məhsullarla çıxa bilərik. Biz çalışmalıyıq ki, nəinki xarici bazarlara çıxarmaq üçün, ölkə daxilində istehlak olunan mallar da yüksək standartlara cavab verməlidir.

Son illərdə bölgələrə səfərlərim çərçivəsində gördüyüm yeni müəssisələrin, açılışında iştirak etdiyim yeni fabriklərin, zavodların, mən çox şadam ki, hamısı demək olar ki, dünya səviyyəsinə, standartlarına uyğundur. Onlar beynəlxalq sertifikatlar alır. Avropa İttifaqına daxil olmaq üçün sertifikatlar alınır. Yəni, biz bu yolla getməliyik. Bununla bərabər, hesab edirəm ki, növbəti iki il ərzində istehlak olunan əsas məhsullar ölkədə istehsal olunmalıdır. Biz bir il bundan əvvəl bu barədə danışmışıq. Bu gün görəcəyik hansı işlər görülüb. Hələ ki, daxili bazarı yüz faiz təmin edə bilmirik, ancaq biz buna çalışmalıyıq.

Biz bilirik ki, bazar iqtisadiyyatı və qloballaşma şəraitində bəlkə də bu bir nömrəli vəzifə deyil, yaxud da ki olmamalıdır. Çünki bütün ölkələr bir-biri ilə bağlıdır. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Ancaq biz onu da görürük ki, dünyada baş verən proseslər, hadisələr, istər siyasi müstəvidə, istər iqtisadi sahədə, kənd təsərrüfatı sahəsində dünyanın müxtəlif yerlərində, müxtəlif qitələrdə baş verən təbii fəlakətlər də reallıqdır. İki-üç il bundan əvvəl biz bunların bəlkə də on faizini görürdük. Nadir hallarda baş verdi. İndi demək olar ki, hər ay haradasa ya daşqın, ya sel, ya yanğın baş verir. Özü də mövsümdən, coğrafi yerləşmədən asılı olmayaraq. Bu, istər-istəməz kənd təsərrüfatı istehsalına təsir göstərir. Biz müəyyən dərəcədə,- mən ərzaq məhsullarını nəzərdə tuturam, -xarici idxaldan asılıyıq. Əgər belə narahatedici məqamlar olmasaydı, biz bu barədə bəlkə də söhbət açmazdıq. Nəyi istehsal ediriksə edirik, nəyi istehsal edə bilmiriksə xaricdən alırıq.

İndi xarici bazarlarda neftin qiyməti 110 dolları ötübdür. Bəziləri Azərbaycanda buna sevinə bilərlər. Amma burada sevinmək üçün heç bir əsas yoxdur. Neftin 100 dollardan çox olan qiyməti böyük problemlər yaradacaqdır. O cümlədən bizim üçün də problemlər yarada bilər. Çünki hələ ki, biz müəyyən dərəcədə idxaldan asılıyıq. Neftin bahalaşması istehsal olunan bütün başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq və o məhsul Azərbaycana idxal ediləndə artıq onun qiyməti daha da yüksək olacaqdır. Ona görə indi siyasi proseslər belə cərəyan edir ki, gələcək inkişafı, dünyada gedən prosesləri proqnozlaşdırmaq bir qədər çətindir. Ona görə biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Necə ki, enerji təhlükəsizliyimizi artıqlaması ilə təmin etmişik. Bu gün Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu rol daha da artacaqdır. Nəqliyyat təhlükəsizliyini təmin edirik. Bu gün bütün yollar Azərbaycandan keçir. Bizim coğrafi vəziyyətimiz belədir. Biz güclü nəqliyyat infrastrukturu yaradırıq. Artıq bu biz həm əlavə iqtisadi, həm də siyasi dividendlər gətirir. Azərbaycanda ərzaq təhlükəsizliyi də mütləq təmin edilməlidir. Bu barədə biz bu gün danışacağıq.

Deyə bilərəm ki, bütün bu məsələlər çox böyük məna daşıyır. Bir daha demək istəyirəm ki, biz sadəcə olaraq hansısa qısamüddətli inkişaf planının icrası ilə deyil, ölkəmizin uzunmüddətli strategiyasının hazırlanması ilə məşğuluq. Bu gün, 10 ildən, 20 ildən sonra nələr baş verəcək? Azərbaycan hər bir çağırışa, hər bir vəziyyətə hazır olmalıdır. Bizim imkanlarımız vardır. Bununla bərabər, bizim düşünülmüş siyasətimiz vardır. Biz dünyada gedən prosesləri izləyirik, bilirik. Azərbaycan bu gün regionun sabitliyi, iqtisadi və siyasi sabitliyin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilibdir. Biz bunu siyasətimiz, apardığımız islahatlar, düşünülmüş addımlarımızla etmişik. Bu gün Azərbaycan regional faktor kimi dünya tərəfindən qəbul edilir. Azərbaycanın təsir imkanları artır. Azərbaycanın gücü artır. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bütün bu reallıqlara çatmaq üçün mühüm rol oynamışdır. Eyni zamanda, islahatlar, ölkəmizin liberallaşması, xoşagəlməz hallara qarşı ciddi mübarizə, bizim strateji xəttimizdir. İndi isə keçək müzakirələrə.

X X X

İqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və ötən illərdə olduğu kimi, 2010-cu ildə də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.

Ötən il ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 7.9 faiz, o cümlədən qeyri-neft sənayesi 6.6 faiz artmış, əhalinin gəlirlərinin çoxalması inflyasiya səviyyəsini 2 dəfədən artıq üstələmiş, bütün regionlarda məhsul istehsalının artımına nail olunmuşdur.

Ötən iki ildə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut etmişdir.

Bu nailiyyətlərin əldə olunmasında, görülən işlərin sistemliliyini təmin edən Dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu vardır. İkinci Proqramın icrasını da şəxsi nəzarətinə götürən dövlətimizin başçısı ötən il regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak etmiş, fəaliyyətləri ilə tanış olmuşdur.

Müntəzəm surətdə həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir. Bu səfərlərdən sonra dövlətimizin başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır.

Möhtərəm cənab Prezident! Sizin regional inkişafa verdiyiniz önəmin, rayonlarda, kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklər davam edir, regionların siması günü-gündən dəyişir, gözəlləşir və müasirləşir.

Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən ötən il 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.

Ötən il “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 635 kilometrdən çox yollar beynəlxalq standartlara uyğun tikilmiş və təmir olunmuş, o cümlədən dövlətimizin başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və digərləri istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun inşası ölkəmizin tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcəkdir.

Regionlar elektrik enerjisi ilə tam təchiz olunmuş, təkcə 2010-cu ildə Ordubadda Biləv SES, Qəbələdə, Salyanda və Bakıda yeni yarımstansiyalar və yüksəkgərginlikli xətlər istifadəyə verilmiş, 4 kiçik SES-in təməli qoyulmuş, 5 elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, əvvəllər enerji problemləri yaşamış Naxçıvan MR bir neçə ildir ki, elektrik enerjisini ixrac edir.

İl ərzində Dövlət proqramı çərçivəsində regionlarda 3770 kilometr yeni qaz kəmərləri çəkilmiş, 500 kilometr qaz xətti təmir və bərpa edilmiş, 49 yaşayış məntəqəsi qazla təchiz olunmuşdur.

Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmış, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.

Suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir.

Rabitə xidmətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər regionlarda bu xidmətlərin keyfiyyətini və əhatə dairəsini xeyli artırmışdır.

Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar ekoloji vəziyyətin yaxşılaşdırılması və ölkənin bütün ərazisinin, xüsusilə də Abşeron yarımadasının yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiq¬yaslı tədbirlər görülmüş, ümumilikdə 10600 hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmişdir.

2010-cu ildə müasir turizm xidməti infrastrukturunun yaradılma¬sı istiqamətində də işlər davam etdirilmiş, 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ Qış-Yay turizm kompleksinin tikintisi aparılır.

Möhtərəm cənab Prezident! Məruzə etmək istəyirəm ki, regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi, qeyri-neft məhsullarının ixracının artırılması ilə bağlı ötənilki konfransda və Nazirlər Kabinetinin iclaslarında verdiyiniz tapşırıqların icrası istiqamətində ardıcıl tədbirlər davam etdirilməkdədir.

Belə ki, hər bir iqtisadi rayonun potensialı təhlil olunmuş, müqayisəli üstün sahələri müəyyənləşdirilmiş, bunun əsasında iqtisadi rayonların pasportları hazırlanmış və dövlət dəstəyi tədbirləri məhz hər bir regionun spesifik xüsusiyyətləri və müasir texnologiyaların tədbiqi nəzərə alınmaqla həyata keçirilir.

Yaradılmış infrastruktur, həmçinin dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.

Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilir.

Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir.

Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə 20 min ton quş əti, 60 mln damazlıq, 17 mln əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.

Sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi tədbirləri çərçivəsində il ərzində 1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit verilmiş, 195-2 telefon məlumat mərkəzi və elektron ticarət portalı yaradılmış, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi məqsədi ilə əlavə 10 vergi terminalı tikilmişdir.

Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir.

Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədi ilə, bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmişdir. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilmişdir, Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilir. Bununla da bu sahədə tələbat əsasən təmin edilmişdir.

Fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədi ilə il ərzində 4 rayonda yeni aqroservis filialları yaradılmış, 5 rayonda isə belə filiallar təşkil olunmaqdadır.

Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmiş və ölkənin bir sıra əsas ərzaq məhsulları üzrə tələbatı yerli istehsal hesabına təmin olunmuşdur.

Bu tədbirlər dünyada ərzaq təminatında problemlərin olduğu bir dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxaldan asılılığın azaldılmasını təmin etməklə yanaşı, ixracın şaxələndirilməsində, qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarının artırılması üçün bu məhsulların müasir tərzdə qablaşdırılması, markalanması, ixrac imkanlarının təbliği sahəsində sahibkarların maarifləndirilməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər görülmüş, ötən il ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir.

İlk dəfə olaraq 1600-dən çox adda rəqabətqabiliyyətli yerli məhsulların kataloqu hazırlanmış, əsas tərəfdaş ölkələrdə ticarət evlərinin yaradılması, azərbaycanlı iş adamlarının birliklərinin təşkili ilə bağlı işlər aparılmaqdadır.

Ötən il Özbəkistanda böyük uğurla keçirilmiş ilk milli sərgidə, habelə ABŞ, Almaniya, Fransa və digər ölkələrdə təşkil olunmuş sərgilərdə Azərbaycan məhsullarına göstərilən böyük maraq onların yüksək keyfiyyətindən, beynəlxalq standartlara uyğunluğundan xəbər verir. Təsadüfi deyil ki, 2010-cu ildə 2009-cu illə müqayisədə qeyri-neft məhsullarının ixracı 17,8 faiz, çeşidi isə 5,6 faiz artmışdır.

Möhtərəm cənab Prezident! Sizin tapşırığınıza əsasən Nazirlər Kabineti tərəfindən bu yaxınlarda təsdiq edilmiş sərəncamda qeyri-neft məhsullarının ixracının daha da artırılması ilə bağlı kompleks tədbirlər nəzərdə tutulur. Xüsusilə qeyd etmək istəyirəm ki, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalara, eləcə də idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə dair imzaladığınız fərmanlar bu sahədə hüquqi bazanın təkmilləşdirilməsində, biznes mühitinin daha da yaxşılaşdırılmasında və sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınmasında növbəti mühüm addımdır.

Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Birinci Dövlət proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Hesabat dövründə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir.

Bununla yanaşı, cənab Prezidentin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.

2010-cu ildə 25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb binası inşa və əsaslı təmir olunmuş, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilmiş, 9 idman kompleksinin tikintisi davam etdirilir.

Ötən illərdə olduğu kimi, 2010-cu ildə də Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə Dövlət proqramının icrasına öz töhfəsini vermişdir. Məhz Fondun təşəbbüsü ilə əhalinin daha çox ehiyac duyduğu bir çox obyektlər, o cümlədən 1100 şagird yerlik 3 məktəb, Ağdaş Şəhər Musiqi Məktəbi, Qəbələdə uşaq bağçası, məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi inşa olunmuş, bir sıra xeyriyyə tədbirləri həyata keçirilmişdir.

Ötən il baş vermiş daşqınlarla bağlı əhaliyə dəyən ziyan aradan qaldırılmış, evləri dağılan insanların mənzil problemlərinin həlli məqsədi ilə 1500-dən artıq yeni ev tikilmiş, 3000-dən artıq ev təmir edilmişdir. Cənab Prezidentin bu işlərin gedişini gündəlik olaraq diqqət mərkəzində saxlaması və yeni tikilmiş mənzillərin istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak etməsi dövlətimizin başçısının vətəndaşlara qayğısının bariz nümunəsidir.

Ümumiyyətlə, Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılmışdır. Ötən il xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində yoxsulluğun səviyyəsi 9 faizə enmişdir.

Təsadüfi deyil ki, 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçmişdir.

Göründüyü kimi, Dövlət proqramı ilə müəyyən edilmiş tədbirlər nəzərdə tutulmuş cədvəl üzrə uğurla icra olunmuş və Proqramın tam və keyfiyyətli yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur.

Möhtərəm cənab Prezident! Sizin sistemli, düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasətiniz, ölkəni davamlı inkişaf etdirmək bacarığınız, regionların inkişafına göstərdiyiniz diqqət ötən illərdə olduğu kimi, qarşıdakı illərdə də Dövlət proqramından irəli gələn vəzifələrin, verdiyiniz tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və regionların tarazlı inkişafını təmin edəcəkdir.

Diqqətinizə görə minnətdaram.

X X X

Astara rayon İcra hakimiyyətinin başçısı Mahir QULİYEV regionların sosial-iqtisadi inkişafı ilə bağlı hər iki dövlət proqramının ölkənin bütün regionları kimi, Astara rayonunun da inkişafına güclü təkan verdiyini bildirərək dedi:

-Ötən il rayonda 116 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 7 il əvvəllə müqayisədə 4,3 dəfə çoxdur. Bu dövrdə sənaye məhsullarının həcmi 21 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 2,9 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfədən çox artmışdır. Qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, Astaraya qoyulan investisiyaların həcmi 7 ildə 56 dəfə artaraq 34 milyon manatı keçmişdir. Ümumilikdə 4228-i daimi olmaqla 4528 yeni iş yeri açılmışdır.

Tapşırığınızla rayonumuzun ərazisində tikilib istifadəyə verilmiş və nəinki Astara, həmçinin bütün cənub bölgəsi üçün mühüm əhəmiyyət kəsb edən Modul tipli elektrik stansiyasının, Sizin şəxsən təməlqoyma və açılış mərasimlərində iştirak etdiyiniz Astara Qaz-Kompressor Stansiyasının işə salınması ilə Astara ölkənin iqtisadi infrastrukturuna daxil olmuşdur.

Mahir Quliyev rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə də son illər qazanılan uğurlar barədə dövlətimizin başçısına məlumat verərək bildirdi:

-Hazırda rayonda 600 hektara yaxın çay plantasiyası vardır ki, onun da 203 hektarından yaşıl çay yarpağı yığılır. Sizin tapşırığınıza əsasən çayçılığın inkişaf etdirilməsi məqsədi ilə keçən il 200 hektar sahədə yeni çay plantasiyası salınması üçün hazırlıq işləri başa çatdırılmış, burada 160 nəfər işlə təmin olunmuşdur.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda sitrus və subtropik meyvə sahələri 2 min hektara çatdırılmışdır. 2500 ton meyvə saxlamaq gücü olan soyuducu kameranın, sitrus meyvələrinin saxlanması üçün 350 tonluq soyuducu anbarın və bu məhsulları emal edən 2 müəssisənin tikilməsi meyvəçiliyə marağı daha da artırmışdır. Yeni sitrus bağlarının salınması istiqamətində işlər davam etdirilir. Tərəvəz əkini sahələrinin genişləndirilməsi ilə yaxın vaxtlarda Astaranın faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə ənənəvi Rusiya bazarlarına da çıxarılmasına imkan yaranmışdır.

Möhtərəm cənab Prezident!

Ümummilli liderimiz deyirdi ki, yol abadlıq, mədəniyyət nişanəsidir. Beynəlxalq avtomobil yoluna paralel, Xəzər dənizi sahili boyu əvvəllər çəkilmiş 19 kilometr uzunluğu olan Astara-Şahağacı-Lənkəran magistral avtomobil yolu tam yararsız vəziyyətə düşmüşdü. Nəticədə Astara şəhəri də daxil olmaqla rayonun 7 ən iri yaşayış məntəqəsinin 70 mindən çox əhalisi bu yoldan istifadə edə bilmirdi. Onların müraciətlərini nəzərə alaraq bu yolun yenidən qurulması ilə əlaqədar Siz 2010-cu il aprelin 21-də Sərəncam imzaladınız. 

Qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulmuş həmin yol indi təkcə Astaranın nəqliyyat infrastrukturuna deyil, bütün sosial-iqtisadi həyatına müsbət təsirini göstərməkdədir. Bu gün bu yoldan rahatlıqla istifadə edən astaralıların hədsiz minnətdarlığını icazə verin, cənab Prezident, Sizə çatdırım.

Bununla belə, qarşımızda ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırmaq üçün ucqar dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yollarda yenidənqurma və təmir işləri aparmaq vəzifəsi durur.

Lənkəranda Beynəlxalq Hava Limanının açılması, Bakı-Astara-Şahağacı-Lənkəran magistral avtomobil yollarının yenidən qurulması coğrafi cəhətdən çox əlverişli ərazidə yerləşən, füsunkar təbiətə malik regionumuzda turizmin inkişafı üçün olduqca əlverişli zəmin yaratmış, ölkəmizin “cənub qapısı” adlandırılan Astaraya və bütövlükdə bölgəmizə marağı artırmışdır.

Turizmin inkişaf etdirilməsi ilə bağlı rayonda artıq 4 ulduzlu “Şindan”, “Abşeron” turizm istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, Xəzər dənizinin sahilində müasir tipli “Relax” otelinin inşası isə davam etdirilir.

Sevindirici haldır ki, Astaraya qonaq gələn xarici ölkə vətəndaşları bölgəmizin təbii gözəlliyinə vurğunluqlarını bildirməklə yanaşı, qısa müddətdə rayonumuzda baş verən sosial-iqtisadi tərəqqinin nəticələrinə də heyran olduqlarını gizlətmir, onu Avropanın kiçik turizm şəhərləri ilə müqayisə edirlər. Bütün bunlar Sizin rəhbərliyiniz altında regionlarda həyata keçirilən yeni inkişaf strategiyasının nəticəsi, Azərbaycanın dünya birliyinə iqtisadi və mədəni inteqrasiyasının göstəricisidir.

Rayonun mövcud infrastrukturu turizmin tələblərinə uyğun yenidən qurulur. Astara gömrük və sərhəd keçid məntəqəsi beynəlxalq normalara uyğun modernləşmiş, sərhədyanı rüsumsuz Ticarət Mərkəzi tikilmiş, ticarət, iaşə və xidmət sahələrinin yaradılması istiqamətində müvafiq işlər aparılır. Şəhərdə yeni parklar salınmış, fəvvarələr quraşdırılmış, küçələrə asfalt döşənmiş, müasir işıqlandırma şəbəkəsi yaradılmışdır.

Sizin tapşırığınızla Astara şəhərində Dövlət Bayrağı Meydanı inşa edilmiş və orada qonşu ölkədən belə görünən, 65 metr hündürlüyündə Azərbaycan bayrağı əzəmətlə dalğalanır.

Gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev Mərkəzinin və müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin tikintisində işlər bu il başa çatdırılacaqdır.

Artıq 26 kəndə təbii qazın verilməsi bərpa edilmiş, Xəzər dənizi sahili boyunca 1,9 kilometr məsafədə, sərhəd kommunikasiyalarının və 3 kəndin Astara çayının sel sularından mühafizəsi məqsədi ilə 4 kilometr uzunluğunda sahilbərkitmə işləri aparılmışdır.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər rayonda 22 yeni orta məktəb binası tikilib istifadəyə verilmiş, 11 məktəb əsaslı təmir edilmişdir. Müasir tipli 4 həkim evi-tibb məntəqəsi, əlil və şəhid ailələri üçün 32 və 16 mənzilli yaşayış binaları inşa olunmuşdur.

Möhtərəm cənab Prezident!

Hələ keçən əsrin 70-ci illərində ümummilli liderimizin gərgin zəhməti sayəsində subtropik meyvələrin, çayın və tərəvəzin böyük istehsalçısı olan Astara şan-şöhrət qazanmışdı. Ulu öndərin rayonumuza göstərdiyi qayğını davam etdirərək Siz də diqqətinizi Astaradan əsirgəməmiş, onu ölkənin ən abad diyarlarından birinə çevirmiş, astaralıların firavan yaşayışını təmin etmisiniz.

X X X

Balakən rayon İcra hakimiyyətinin başçısı Asif MƏMMƏDOV son illərdə rayonun tanınmaz dərəcədə dəyişdiyini və sosial iqtisadi inkişafın vüsət götürdüyünü bildirərək dedi:

-Dövlət Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə icrası Balakəni abad, gözəl, inkişaf etmiş şəhərə çevirdi. Hətta həmin proqramda nəzərdə tutulmayan işlər də oraya əlavə edildi və icrası təmin olundu.

Nəticədə paytaxtdan uzaqda, sərhəddə yerləşən Balakəndə yaşamaq və işləmək üçün gözəl şərait yarandı. Təsadüfi deyil ki, indi hər bir balakənli 2010-cu ilin iyulunda rayona səfəriniz zamanı dediyiniz “Balakən dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib” ifadəsini xüsusi qürur və fəxrlə xatırlayır.

Uğurlu islahatlar nəticəsində rayonun sosial infrastrukturu, sənaye potensialı güclənir, yeni inzibati binalar, məktəblər, mədəniyyət və səhiyyə obyektləri tikilir.

Fəaliyyətə başlayan konserv zavodu, yem zavodu əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərmişdir. Kərpic, beton məmulatı, qum-çınqıl, asfalt zavodlarının, fındıq emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində 2003-cü ilə nisbətən 2010-cu ildə sənaye məhsulu istehsalı 3,7 dəfə, ümumi məhsul istehsalı 3,1 dəfə, tikinti işlərinin həcmi 25 dəfə artmışdır.

Möhtərəm cənab Prezident.

Son 5 ildə rayonda kənd təsərrüfatı məhsulu istehsalından əhalinin pul gəlirləri 2,5 dəfə artmışdır. Ümumi daxili məhsulun strukturunda kənd təsərrüfatının xüsusi çəkisi 41,6 faiz təşkil etmişdir.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynayan kənd təsərrüfatı məhsullarının istehsalının artmasına dövlət dəstəyi ilə istehsalçılara toxum, yanacaq, gübrə və texnikanın verilməsi bu işlərə böyük təsir göstərmişdir.

Möhtərəm cənab Prezident!

2011-ci il Sizin tərəfinizdən “Turizm ili” elan olunmuşdur. Hələ 2006-cı və 2008-ci illərdə Balakənə səfəriniz zamanı burada turizmin inkişafı üçün çox gözəl imkanlar olduğunu vurğulamışdınız.

Sizin bu sahədəki tapşırığınızın icrasına artıq başlanmışdır. Rayonda dördulduzlu müasir standartlara cavab verən hotel, 1200 metr uzunluğunda kanat yolu istifadəyə verilmişdir. Dörd yeni park salınmış, Heydər Əliyev prospektində 2 meydan tikilmiş, şəhərin işıqlanma sistemi yenidən qurulmuş, şəhərdaxili küçələrə və rayon əhəmiyyətli yollara asfalt örtüyü salınmışdır.

Rayon ərazisindən keçən dağ çayları üzərində 4 yeni körpü tikilmişdir. 36 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı təkcə balakənlilərin yox, eləcə də bölgənin və qonşu Gürcüstan sakinlərinin istirahət yerinə çevrilib. Şəhər küçələrində şüşə örtük altında bölgənin tarixini, etnoqrafiyasını əks etdirən maddi mədəniyyət nümunələri “Açıq səma altında muzey” kimi hər kəsin diqqətini özünə cəlb edir.

Bütün bu qeyd olunanlar, həmçinin Balakənin təbiəti, buradakı hər cür şərait turizmi prioritet sahə kimi inkişaf etdirməyə geniş imkanlar yaradır. Son illər ərzində 2 muzey, 2 bank binası, elektron kitabxana, mədəniyyət evi, kəndlərdə 15 rabitə binası, 4 elektron telefon stansiyası tikilib istifadəyə verilmişdir.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, rayon mərkəzində inşa edilmiş 235 çarpayılıq xəstəxana kompleksi ən müasir dünya standartlarına cavab verir.

Cəmi bir neçə il əvvəl şəhərin görünüşünə xələl gətirən köhnə avtovağzal binası tamamilə yenidən tikilmişdir.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 40-dan çox artezian quyusu qazılmış, 14,5 kilometr içməli su xətləri çəkilmişdir.

Hazırda Dövlət Proqramına uyğun olaraq Balakən şəhərinin içməli su və kanalizasiya xətlərinin yenidən tikilməsi layihəsi üzərində iş gedir.

Son bir ildə rayon mərkəzində və kəndlərdə 80 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkilmişdir. Rayonumuzun qazlaşdırılması sürətlə davam etdirilir.

2010-cu ildə istifadəyə verilən Olimpiya İdman Kompleksi idmançılarımızın yeni uğurlara imza atmasına geniş imkan yaratmışdır. Qürur hissi ilə məlumat verirəm ki, qısa müddət ərzində gənclərimizdən iki nəfər Olimpiya, bir nəfər isə Avropa çempionu adını qazanmışdır.

Sizin diqqət və qayğınız nəticəsində təkcə ötən il rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 44 mənzili olan 2 yaşayış binası, 10 fərdi ev tikilib istifadəyə verilmişdir.

Son illərdə məktəb tikintisi sahəsində xeyli iş görülmüşdür. 5780 şagird yeri olan 20 yeni məktəb binası tikilib istifadəyə verilmiş, ümumi şagird yerlərinin sayı 800 olan 3 məktəbin tikintisi isə davam edir. 720 şagird yerlik 4 məktəb binasının tikintisi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşmışdır. Bütün bunlara və respublikamızda səhiyyənin, təhsilin, mədəniyyətin inkişafında misilsiz xidmətlərinə görə Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya balakənlilərin minnətdarlığını çatdırıram.

Möhtərəm Cənab Prezident!

2010-cu il Sizin təşəbbüsünüzlə “Ekologiya ili” elan edilmişdir. Hər bir bölgədə, hər bir kənddə olduğu kimi, balakənlilər də bu təşəbbüsə həvəslə qoşularaq Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz töhfələrini vermişlər. Belə ki, ötən il rayon ərazisində 154 min ağac əkilmişdir. Bu işlər qarşıdakı illərdə də davam etdiriləcəkdir.

Möhtərəm cənab Prezident!

Balakən rayonuna son səfəriniz zamanı dediyiniz “Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir” sözləriniz bizim üçün gələcəkdə də mühüm vəzifə olacaqdır.

X X X

Sumqayıt Texnologiyalar Parkı idarə heyətinin üzvü Zaur MƏMMƏDOV bu sənaye nəhənginin fəaliyyəti barədə ətraflı məlumat verərək dedi:

-2009-cu ilin sonlarında birinci mərhələsi Sizin tərəfinizdən istismara verilmiş Sumqayıt Texnologiyalar Parkı çoxşaxəli və müasir sənaye kompleksidir.

Hörmətli cənab Prezident! Hazırda texnoparkda beş zavod fəaliyyət göstərir, altı zavodun inşası isə davam etdirilir. Sumqayıt Texnologiyalar Parkının istehsalat sahələrinə 1000-dən çox, tikinti-quraşdırma işlərinə isə 2300-ə yaxın işçi cəlb olunmuşdur.

Aşağıdakı istehsal sahələrini xüsusi olaraq qeyd etmək istərdim. Regionun ən müasir avadanlıqlarla təchiz edilmiş kabel zavodu ildə hər biri 30 min ton olmaqla müxtəlif alüminium və mis kabellər istehsal etmək gücünə malikdir. Burada ölkədə ilk dəfə olaraq gərginliyi 110 kilovolta qədər olan kabel istehsalı texnologiyası mənimsənilmişdir. Keyfiyyətli məhsula maraq göstərən müəssisələrin tələbatı bu zavod tərəfindən tam şəkildə təmin olunur.

Plastik borular zavodunda ildə 100 min tona qədər yüksək standartlara cavab verən müxtəlif çeşidli borular istehsal olunur və bu məhsul ölkədaxili layihələrdə geniş istifadə edilir.

Nadir texnologiyalar əsasında inşa edilən qaynar sinkləmə zavodu da ölkəmizdə bu təyinatlı ən iri müəssisədir. Zavodun məhsuldarlığı ildə 40 min ton təşkil edir və uzunluğu 15 metrə qədər polad məmulat, o cümlədən elektroenergetika sahəsində istifadə olunan metal konstruksiyalar qaynar qalvanikləşdirmə texnologiyaları əsasında sinklənir. Bunun nəticəsində onların istifadə müddəti 100 ilə qədər uzanır.

MDB ölkələrində analoqu olmayan, ən son texnologiyalar əsasında qurulan dəqiq emal mərkəzləri zavodunda energetika və maşınqayırma avadanlıqlarının ehtiyat hissələri istehsal olunacaqdır. Nəticədə göstərdiyimiz xidmətin səviyyəsi və keyfiyyəti xeyli dərəcədə artacaqdır.

Ağır maşınqayırma zavodunda isə artıq təməli qoyulmuş və tikilməkdə olan kiçik su elektrik stansiyaları üçün hissələr hazırda istehsal prosesindədir.

Yüksək gərginlikli elektrik avadanlığı zavodunda yüksək gərginlik yuvaları, ayırıcılar, yarımstansiyalar üçün avadanlıq istehsal edilir.

Kompleksin fəaliyyəti çərçivəsində ətraf mühitin mühafizəsinə və işçi heyətin təhlükəsizliyinə də böyük önəm verilir.

Bütün bunlarla yanaşı, alternativ enerjiyə də böyük yer ayrılmışdır. Belə ki, Sumqayıt Texnologiyalar Parkında günəş enerjisindən qidalanan yüksək səmərəliliyə malik su qızdırıcıları istehsal edilir.

Möhtərəm cənab Prezident!

Əldə etdiyimiz uğurlarla yanaşı, bəzi problemlərlə də üzləşirik. Belə ki, Sumqayıt Texnologiyalar Parkında “Liebherr”, “Komatsu”, “Hitachi”, “Bomag”, “Borg”, “Mercedes” və s. kimi dünyanın qabaqcıl texnikasından, maşın və mexanizmlərindən istifadə edilir. Amma bu avadanlığın istismarı üçün yüksək dərəcəli maşinist-operatorlar, qaynaqçılar, çilingərlər və elektrik quraşdırıcıları çatışmazlığı hiss olunur. Bu qıtlığı aradan qaldıra biləcək texniki təlim-təhsil bazasının yaradılması zəruri insan resurslarının yetişdirilməsində məqsədyönlü addım olardı.

Möhtərəm cənab Prezident!

Sizi əmin edirəm ki, tezliklə Azərbaycanda bu sahədə istehsal olunan məhsullar ölkə tələbatını ödəməklə yanaşı, yaxın gələcəkdə xarici bazarlara da ixrac ediləcəkdir.

X X X

Tovuz rayon İcra hakimiyyətinin başçısı Tofiq ZEYNALOV “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Tovuz rayonu üzrə nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə yerinə yetirildiyini vurğulayaraq bildirdi:

-Ata-babalarımız körpü salmağı, yol tikməyi, su çəkməyi ən savab iş hesab etmişlər. Yol inkişafdır, yol həyatdır, yol mədəniyyətdir. Sizin Sərəncamınızla Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun çəkilməsi 43 kənddə yaşayan 21 mindən artıq insana yeni həyat, rahatlıq bəxş etdi.

Ermənistanla sərhəddə yerləşən Qaralar kəndinə çəkilmiş bu yol həm də strateji əhəmiyyətə malikdir. İndi bədxah qonşularımız bu yolun çəkildiyini nəinki bilir, həm də görürlər. Onlar həm də yaxşı bilirlər ki, cənab Prezident, işğal altında olan torpaqlarımız Sizin qətiyyətli siyasətiniz nəticəsində tezliklə azad olunacaq və belə yolları orada da çəkəcəyik.

Dövlət Proqramının ilk iki ilində rayonun kəndarası yollarında əsaslı və cari təmir işləri aparılmış, tutumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının tikintisi davam etdirilmiş, 10 kəndə təbii qazın verilməsi bərpa olunmuş, uzunluğu 30 kilometrdən çox olan, ümumilikdə 52 min nəfərin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Zəyəmçay-Tovuz su kəmərinin tikintisi başa çatdırılmışdır.

Ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 3 dəfə, o cümlədən kənd təsərrüfatı istehsalı 2,3 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,5 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 10 dəfə artmışdır.

Təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Azərbaycan mədəniyyətinin hamisi, xüsusilə muğam və aşıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsində böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə respublikamızda yeganə olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin yenidən qurulmasına başlanılacaqdır. Təməlini qoyduğunuz və açılışında iştirak etdiyiniz Olimpiya İdman Kompleksi kəndlərimizdə yaradılmış 32 idman meydançası gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və rayonda idmanın kütləviliyinə xüsusi töhfədir.

Respublikamızda olduğu kimi, Tovuzda da sahibkarlar və investorlar üçün əlverişli iş mühiti yaradılmışdır. Ötən 7 il ərzində rayonda 5 908 sahibkarlıq subyekti fəaliyyətə başlamış, 16 mindən çox yeni iş yeri açılmışdır ki, onlardan da 8 mini daimidir. Təkcə ötən il banklar və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı üçün 14 milyon manatdan artıq kredit verilmişdir. Nəticədə istehsal olunmuş məhsulun həcmində qeyri-dövlət sektorunun payı ilbəil artmış və 2010-cu ildə 95,3 faiz təşkil etmişdir.

Kənd təsərrüfatının inkişafı üçün çox böyük imkanlar yaranmışdır. Maldarlıq, üzümçülük, taxılçılıq sahələrinin inkişafına xüsusi diqqət verilir. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə yonca sahələri ildən-ilə artırılır. Qarışıq yem istehsal edən zavodun tikintisi başa çatmışdır. Sutkada 20 ton emal gücü olan süd emalı zavodu xammalla davamlı şəkildə təmin olunur.

Üzüm sahələri 60 hektardan 700 hektara çatdırılmışdır. Həm üzüm istehsalı, həm də üzüm emalı sənayesinin davamlı inkişafının təmin edilməsi, o cümlədən şərab zavodlarının tikilməsi istiqamətində investorlarla məqsədyönlü işlərimizi davam etdiririk.

Qədim tarixi abidələri, əsrarəngiz təbiəti, qonaqpərvər insanları olan Tovuzda turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar vardır. Mövcud təbii resurslarla yanaşı, yeni turizm məkanları da tikilmiş və tikilməkdədir. Beşulduzlu otelin tikintisində son tamamlama işləri aparılır.

Möhtərəm cənab Prezident!

“Ekologiya ili”ndə ətraf mühitin qorunması sahəsində başlanılmış məqsədyönlü tədbirlər davam etdirilir. Rayonun 22 aran kəndində təsərrüfat hesablı “Təmizlik” idarələrinin yaradılması ilə ərazidəki məişət tullantılarının toplanması məsələsi həll edilmiş, 200 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunmuşdur.

Respublikamızın hər yerində olduğu kimi, Tovuzda da yüksək işgüzarlıq əhval-ruhiyyəsi vardır. Bütün qüvvə və imkanlarımızı Sizin tövsiyə və tapşırıqlarınıza uyğun olaraq əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, onları narahat edən problem və çətinliklərin aradan qaldırılmasına, vətəndaşların müraciətlərinin operativ və ədalətli həllinə yönəltmişik. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılmış, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. 80 çarpayılıq rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisində tamamlanma işləri gedir. Son günlər verdiyiniz əlavə tapşırıqlara əsasən rayonda inşasına başlanılmış Diaqnostika Mərkəzinin tikintisinin sürətləndirilməsi də əhalimizə göstərilən qayğının böyük təzahürüdür.

Qarşımızda duran əsas məsələlərdən biri də Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və kəndlərin təbii qazla təmin olunmasıdır.
Möhtərəm cənab Prezident!

Görüləsi işlərimiz çoxdur. Sizi əmin edirik ki, tovuzlular Dövlət proqramının növbəti illəri üçün nəzərdə tutulmuş işləri, rayonumuzun inkişafı üçün qarşıda duran vəzifə və tapşırıqları da böyük ruh yüksəkliyi ilə yerinə yetirəcəklər.

X X X

“Elba” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin RÜSTƏMOV ölkəmizdə həyata keçirilən iqtisadi islahatların sahibkarlığın inkişafına təkan verdiyini və dövlətin sahibkarlığın inkişafına dəstəyini əsirgəmədiyini vurğulayaraq dedi:

-1999-cu ildən Gəncə şəhərində fəaliyyətə başlamış “Elba” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri və 2002-ci ildə Gülüstan Sarayında ulu öndərimiz Heydər Əliyevin sahibkarlarla keçirdiyi görüşdə iştirak etmiş bir iş adamı kimi demək istəyirəm ki, ölkəmizdə mövcud olan əlverişli biznes mühitini yaradan məhz ümummilli lider Heydər Əliyev olmuşdur.

Cənab Prezident! Bu siyasəti neçə illərdir Siz uğurla davam etdirirsiniz. Bu uğurlara görə Sizə sahibkarlar adından dərin minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinin sahibkarlara köməyi sayəsində qazandığımız nailiyyətlər və keçdiyimiz uğurlu yollar, gələcək planlar haqqında məlumat vermək istəyirəm.

Hörmətli Prezident!

Biz sahibkarlar dövlət tərəfindən olan diqqət və qayğını həmişə hiss edirik. Sizinlə keçirilən hər bir görüş bizim gələcək fəaliyyətimizə istiqamət və təkan verir.

Gəncənin, eləcə də respublikamızın ən nüfuzlu müəssisələrindən birinə çevrilmiş “Elba” MMC 12 illik fəaliyyətində müxtəlif növ ət və ət məhsulları, delikates məmulatlarının istehsalı ilə məşğul olur. Müəssisəmiz bölgədə əhalinin məşğulluğunun artırılmasına öz töhfəsini vermiş və 70 nəfəri daimi, 100 nəfərdən çox sakini isə mövsümi işlə təmin etmişdir. Yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar yaxın gələcəkdə işçilərin sayı daha da artacaqdır. “Elba” MMC 2007-ci ildə İSO (Keyfiyyət Menecment Sistemi) və 2009-cu ildə HACCP (Qida təhlükəsizliyinin İdarəetmə Sistemi) beynəlxalq sertifikatlarını almışdır.

Hörmətli Prezident! Sizin sahibkarlarla keçirdiyiniz görüşlərdə iş adamlarının dayağı, dostu olmaqla, onları dəstəkləməyiniz qeyri-neft sektorunun inkişafını sürətləndirdi. Yaradılan münbit şərait nəticəsində “Elba” MMC xaricdən alınan ət məhsullarını yerli xammalla əvəz etmək məqsədi ilə fermer təsərrüfatını işə saldı və güzəştli şərtlə ətlik istiqamətli cins mal-qara əldə etdi.

2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə, Azərbaycanda ilk dəfə olaraq, Daşkəsən rayonunda iri və xırda buynuzlu mal-qaranın kəsim fabriki inşa edilərək istifadəyə verildi. Müəssisə Avropanın qabaqcıl texnologiyaları ilə təchiz olunmuşdur. Bundan əlavə, rayonda istehsal olunmuş ət məhsullarının uzunmüddətli saxlanılması üçün 1000 tonluq soyuducu kameralar quraşdırılmışdır.

Əlverişli iqlim şəraiti olan Gədəbəy rayonunda istehsal edilmiş kartofun saxlanılması, emalı və qablaşdırılması məqsədi ilə 2011-ci ilin yanvar ayından başlayaraq, Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə Avropa standartlarına uyğun fabrik inşa edilir. Bu ilin sonunadək fabrikin inşası başa çatdırılacaqdır.

Hörmətli cənab Prezident! Sizin fevral ayında Samuxa səfəriniz zamanı regionlarda quşçuluğun inkişafına ehtiyac olduğunu bildirməyiniz, rayonda yerləşən quşçuluq təsərrüfatımızın genişləndirilməsinə stimul yaratdı. Hazırda damazlıq quşların gətirilməsi, illik istehsal gücü 72 milyon yumurta və 2,4 min ton quş əti olan fabrikin inşa edilməsi üçün yeni layihənin hazırlanması işləri aparılır və bu rübün sonunadək dövlət dəstəyi alması üçün Sahibkarlığa Kömək Milli Fonduna təqdim ediləcəkdir.

“Elba” MMC-nin rəhbəri Elçin Rüstəmov Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən hərtərəfli qayğının sahibkarları da ruhlandırdığını və onların da bu sahənin inkişafına köməklərini əsirgəmədiklərini bildirərək dedi:

-Yaratdığımız “Xəmsə” peşəkar futbol klubunun üzvləri yarandığı gündən etibarən respublikada keçirilən müxtəlif yarış və çempionatlarda fəal iştirak etmiş və uğurlar qazanmışlar.

Biz hüquqi və iqtisadi bilikləri, günümüzün tələblərinə uyğun biznes mədəniyyətini mənimsəmədən, bazar iqtisadiyyatına uyğun iş qurmağı öyrənmədən qarşıda duran vəzifələrin öhdəsindən gələ bilməzdik. Dövlətin dəstəyi ilə biz sahibkarlar və mütəxəssislərimiz Avropanın inkişaf etmiş təhsil mərkəzlərində mütəmadi olaraq ixtisaslarımızı artırır, yeni texnologiyaların sirlərini öyrənir və Azərbaycanda tətbiq edirik.

Cənab Prezident! Çıxışımın sonunda müəssisəmizin qazandığı uğurlara və sahibkarlara yaradılan şəraitə görə, bir iş adamı kimi, Sizə öz minnətdarlığımı bildirirəm.

X X X

Saatlı rayon İcra hakimiyyətinin başçısı Siraqəddin CABBAROV ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurlu icrasının Saatlı rayonunun da sürətli inkişafına hərtərəfli imkan yaratdığını söyləyərək bildirdi:

-Son iki ildə ümumi daxili məhsulun həcmi 18,8 faiz artaraq 143 milyon manata çatmış, sənaye istehsalı 2 dəfədən çox artmışdır. 2009-cu ildə rekord miqdarda - 100 min tondan yuxarı taxıl istehsal edilmiş, respublikada becərilən xam pambığın 24 faizi rayonun əməkçiləri tərəfindən toplanmışdır.

2008-ci ildə istifadəyə verilmiş Biyan məhsulları zavodu 2010-cu ildə fəaliyyətini daha da genişləndirmişdir. Regionda yeganə olan bu müəssisəyə dövlət tərəfindən 3 milyon manat kreditin ödənilməsi onun inkişafına güclü təkan vermişdir. Hazırda zavodda işləyənlərin sayı 500 nəfəri ötmüş, məhsulları isə Yaponiyaya, Çinə və İrana ixrac edilməyə başlanmışdır.

Sahibkarlara yaradılan şərait, onlara güzəştli kreditlərin verilməsi nəticəsində rayonda çoxlu sayda müxtəlif təyinatlı özəl müəssisələr açılmışdır. 2010-cu ildə ayrılmış 2 milyon manat kredit hesabına tutumu 2 min ton olan soyuducu anbar kompleksinin tikintisi başa çatmaq üzrədir. Yeni yaradılmış və bərpa olunmuş müəssisələrdə 2009-2010-cu illərdə 1400-ə yaxın yeni iş yeri açılmışdır ki, onlardan da 740-ı daimidir.

Möhtərəm cənab Prezident!

Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün iri fermer təsərrüfatlarının yaradılması və toxumçuluğun inkişaf etdirilməsi barədə tapşırığınıza əsasən rayonda konkret işlərin görülməsinə başlanmışdır.

Biz bu il qarşımıza məqsəd qoymuşuq ki, rayonda mövcud olan 20 toxumçuluq təsərrüfatının fəaliyyətini genişləndirək. Bunun üçün qısa müddətdə təsərrüfatlara baxış keçirilmiş, yüksək məhsuldar yerli sortların əkilməsi üçün sahələr müəyyənləşdirilmişdir.

İri fermer təsərrüfatlarının yaradılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ilə birlikdə boş qalmış 9 min hektara yaxın torpağın əkin dövriyyəsinə cəlb olunması səmərəli hesab edilmişdir. İndi bu ərazilərdə taxıl istehsalı ilə məşğul olacaq iri təsərrüfatların yaradılması üçün tədbirlər görülür.

Siraqəddin CABBAROV rayonun infrastrukturunda baş verən yeniliklər barədə məlumat verərək bildirdi ki, dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Mərkəzi xəstəxananın əsaslı təmirinə, Saatlı-Musalı-Məzrəli yolu və region üçün böyük əhəmiyyət daşıyan Hacıqabul-Horadiz magistral yolunun yenidən qurulmasına başlanması əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.

-Möhtərəm cənab Prezident!

Ötən il respublikamızın bir sıra rayonları Kür-Araz çaylarının yaratdığı daşqınlar, subasmalar və onların fəsadları ilə üz-üzə qaldı. Sözün həqiqi mənasında təbiət hamımızı ağır sınağa çəkdi. Lakin həmin çətin anlarda Siz xalqımıza dayaq durdunuz, insanların qayğıları ilə yaşadınız, dərhal fəlakət bölgəsinə gələrək onların yanında oldunuz. Sizin çağırışınızla ayağa qalxan Azərbaycan xalqı, dövlətimizin icra strukturları bütün vasitələrdən istifadə edərək adamları xilas etdilər, bir nəfər də olsun insan itkisinə yol verilmədi.

Ən inkişaf etmiş ölkələrdə belə təbii fəlakətlər baş verərkən yalnız sığortası olan əhaliyə yardım edilir. Bizdə isə dövlətimiz əhaliyə dəymiş bütün ziyanı öz üzərinə götürdü. Sizin tapşırığınızla lazım olan vəsait ayrıldı. Təbii fəlakətə məruz qalmış rayonlarda qısa müddətdə, 4-5 ay ərzində bütün sosial şəraiti olan 4 qəsəbə salındı, 1500-dən artıq ev tikildi, 3 min ev təmir edildi. Hazırda 800-ə yaxın evin də tikintisi davam etdirilir. Dəymiş ziyanla bağlı sakinlərə kompensasiyalar ödənildi, ərzaq yardımları verildi, insanlar bütün tibbi və sosial xidmətlərlə tam əhatə olundular. Növbəti illərdə bir daha belə fəlakətlə üzləşməmək üçün Kür-Araz çayları boyunca bəndbərkitmə işləri görüldü.

Həmin dövrlərdə rayonumuzun tarixi üçün əlamətdar hadisə oldu. Keçən il noyabrın 1-də Yeni Novruzlu kəndində salınmış qəsəbədə Siz sakinlərlə görüşdünüz. Siz saatlılıların təbiətin bu sınağından şərəflə çıxdığını, bütün çətinliklərə dözərək öz vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirdiniz, rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə də yüksək qiymət verdiniz.

Möhtərəm cənab Prezident!

Hazırda rayonda əhalinin elektrik enerjisi, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması istiqamətində geniş işlər görülməkdədir. Xüsusən də Dövlət proqramında nəzərdə tutulan və rayonun bütünlüklə qazlaşdırılması layihəsinin tezliklə reallaşması nəticəsində Saatlı şəhərinin qaz təchizatı tamamilə yenidən qurulacaq, rayonun 43 kəndinə qazın verilməsi təmin ediləcəkdir ki, bu da əhali tərəfindən böyük sevinc və razılıq hissi ilə qarşılanır.

Sizin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təkcə 2009-2010-cu illərdə rayonda 5 orta məktəb binası, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 və 32 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmiş, çoxlu sayda sosial obyektlər və yaşayış binaları müasir memarlıq üslubunda əsaslı təmir edilmişdir. Son 2 ildə yeni istirahət parkları və yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemləri və fəvvarələr quraşdırılmış, küçə və meydanlar yenidən qurulmuşdur.

Möhtərəm cənab Prezident!

Sizin Saatlı rayonunda olarkən dediyiniz “Respublikanın hər yerində olduğu kimi, Saatlıda da işlər yüksək səviyyədə aparılır” sözləri rayonun hər bir sakininin qurub-yaratmaq əzmini daha da artırmışdır. Sizi əmin etmək istəyirəm ki, növbəti illərdə də rayonumuzda bütün iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır.

Diqqətinizə görə çox sağ olun.

X X X

Prezident İlham Əliyev konfransda yekun nitqi söylədi. 

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

- Bu gün iqtisadi inkişaf naziri görülmüş işlər haqqında geniş məlumat verdi. Dörd rayonun icra hakimiyyətinin başçıları, iş adamları çıxış etdilər. Şübhə yox ki, əgər bütün icra hakimiyyəti başçılarına bu gün söz verilsəydi, onlar da görülmüş işlər haqqında danışardılar. Çünki doğrudan da ölkəmizin bütün bölgələrində sürətli inkişaf gedir. Vaxt məhdudluğundan belə imkan yoxdur. Ancaq Azərbaycanda görülən işlər haqqında mən, əlbəttə ki, təkcə bu məlumatlardan istifadə etmirəm. Mütəmadi qaydada bölgələrdə oluram. Hər halda, elə rayon yoxdur ki, oraya mənim səfərim olmasın və hər dəfə də görülmüş işlərlə tanış oluram, əlavə göstərişlər verilir. Sonrakı dəfə həmin rayona gələrkən yenə görülmüş işlərlə tanış oluram, verilmiş tapşırıqların necə yerinə yetirilməsi ilə maraqlanıram. Yəni daim bu proses getməlidir, gedir və dövlət nəzarəti yüksək səviyyədə təşkil olunur. Eyni zamanda, Azərbaycanda ictimai nəzarət də gücləndirilməlidir.

Ölkəmizin bütün bölgələrində inkişaf var. Haradasa işlər daha sürətlə, haradasa bir az ləng gedir. Amma bu, artıq dönməz prosesə çevrilibdir. Nəzərə alsaq ki, bizim proqramımız bütün rayonların inkişafını əhatə edir, bu gün hələ ki həllini gözləyən məsələlər, növbəti illərdə, əlbəttə ki, öz həllini tapacaqdır. Biz elə etməliyik ki, 2013-cü ilə qədər, ikinci Dövlət Proqramı başa çatanda qarşıda duran bütün vəzifələr icra edilsin. Əslində, əgər ikinci Dövlət Proqramı tam şəkildə icra olunarsa, ölkənin qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapmış olar.

Bu il isə ilin sonuna qədər proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilməlidir. İnvestisiya qoyuluşu davam etdiriləcəkdir. 2011-ci ildə sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək, məktəblər, tibb müəssisələri, olimpiya idman kompleksləri tikiləcəkdir. Yol tikintisinə diqqət göstəriləcəkdir. Demək olar ki, əsas magistral yollarımız, - artıq orada gedən tikinti işləri ya başa çatıb, ya başa çatmaq üzrədir,- Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən yollar yaxın zamanlarda tam şəkildə hazır olacaq və beləliklə, ölkəmizin inkişafı üçün çox vacib olan məsələ öz həllini tapacaqdır.

Bu gün Astara və Tovuz rayonlarının icra hakimiyyətinin başçıları kənd yollarının tikintisi haqqında məlumat verdilər. Bu yolların tikintisi xüsusi tapşırıq əsasında baş verir, Prezidentin Ehtiyat Fondundan vəsait verilib və orada bu yollar çəkilir. Bu yolların çox böyük əhəmiyyəti var, on minlərlə Azərbaycan vətəndaşının yaşadığı onlarca kəndi birləşdirir və bu proses daha da sürətlə getməlidir. Nəinki Tovuzda və Astarada, başqa rayonlarda da buna oxşar layihələr icra edilir. Bir müddət bundan əvvəl Qusar rayonunda bir neçə kəndi birləşdirən yol istismara verilmişdir. İndi o yolun davam etdirilməsi layihəsi icra olunur. Sabirabadda, xüsusilə seldən əziyyət çəkmiş kəndləri birləşdirən yollar çəkilir. Başqa rayonlarda da. Bu il və gələn il kənd yollarının tikintisi üçün dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmalıdır. Onun bir hissəsi yəqin ki, Prezidentin Ehtiyat Fondundan ayrılacaq, əsas hissəsi isə dövlət büdcəsində nəzərdə tutulmalıdır. Elə etməliyik ki, növbəti iki il ərzində Azərbaycanda əsas kənd yolları normal səviyyəyə cavab versin. Xüsusilə o yollar ki, bir neçə kəndi və böyük sayda əhalini birləşdirir. Deyə bilərəm ki, 2004-2010-cu illərdə ölkəmizdə 5 min 200 kilometr yollar çəkilibdir və bu proses, yenə də deyirəm, davam etdirilməlidir. Hələ görüləsi işlər çoxdur.

Əlbəttə ki, bölgələrin hərtərəfli inkişafını təmin etmək üçün digər infrastruktur layihələri də icra olunmalıdır və olunur. Son illərdə ölkəmizdə 10 elektrik stansiyası tikilmişdir. Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, böyük həcmdə ixrac da edirik. Azərbaycan bütün qonşu ölkələrə – Rusiyaya, İrana, Türkiyəyə, Gürcüstana elektrik enerjisi ixrac edir. Yəni belə imkanlar var və bu, onu göstərir ki, görülmüş işlər öz bəhrəsini verir. Azərbaycan neft-qaz və indi də elektrik enerjisinin ixracı ilə məşğuldur. Vaxt var idi bizim bölgələrimizə elektrik enerjisi fasilələrlə verilirdi. Artıq o dövr tarixdə qaldı. Biz yeni gücləri yaratdıq. Hazırda biz alternativ enerji mənbələrinin tikintisi ilə məşğuluq. Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə xüsusi diqqət altındadır və artıq ilkin işlər başlanmışdır. Ümid edirəm ki, 2011-ci ildə həm su elektrik stansiyalarının tikintisi davam etdiriləcək, eyni zamanda, günəş batareyalarının quraşdırılması prosesi daha da sürətlə gedəcəkdir.

Bütün ölkədə qazlaşdırma prosesi gedir. Vəzifə qoyulubdur ki, bu il və gələn ilin sonuna qədər qazlaşdırma ilə bağlı bütün məsələlər öz həllini tapsın və ölkə əhalisinin 90-95 faizi təbii qazla təmin edilsin. Nəzərə alsaq ki, Azərbaycanda qazın qiyməti, elektrik enerjisinin qiyməti dövlət tərəfindən tənzimlənir, - qazın qiyməti qonşu ölkələrlə müqayisədə bir neçə dəfə aşağıdır və sabit olaraq qalacaqdır, - qazlaşdırma prosesi, eyni zamanda, böyük sosial məna daşıyır. Qeyd etməliyəm ki, qazlaşdırmaya qoyulan vəsait qazın istehlakından əldə olunan vəsaitə bərabər deyil, yəni qazlaşdırma prosesi biznes, ya da kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü təşəbbüsdür. Biz bunu etməliyik. Çünki hər bir bölgəmiz, hər bir kəndimiz qaz almalıdır. Nəzərə alsaq ki, Azərbaycan bu gün qazı dünya bazarlarına ixrac edir, əlbəttə ki, ölkə daxilində maksimum dərəcədə təbii qazla təminat təşkil olunmalıdır.

İçməli su və kanalizasiya layihələri bu gün gündəliyimizdə duran məsələlərdən biridir. Çox vacib məsələdir. Nəzərə alsaq ki, qazlaşdırma sahəsində və elektrik enerjisi ilə təchizat sahəsində böyük uğurlar əldə olunub, mən ümid edirəm ki, bu sahədə də bu il biz ciddi dönüşü görəcəyik. Hazırda beynəlxalq maliyyə qurumları ilə aparılmış danışıqlar öz nəticələrini verməkdədir. Bəzi bölgələrdə içməli su, kanalizasiya layihələrinin icrası başlanmışdır, bəzi bölgələrdə hələ hazırlıq işləri gedir. Mən bütün rayonlarda olarkən birinci növbədə maraqlanıram ki, içməli su, kanalizasiya layihəsi necədir, başlanıbdır, yoxsa yox. Harada ki, ləngimələr var, oraya xüsusi diqqət göstərilməlidir və ən uzağı 2012-ci ilin sonuna qədər hər bir rayon mərkəzində bu layihələr başa çatmalıdır. Yaxşı olar ki, daha da tez başa çatsın. Çünki yenə də deyirəm, maliyyə məsələlərinin əksər hissəsi öz həllini tapıbdır. Sadəcə olaraq, gərək yerlərdə işlər bir az daha da çevik şəkildə təşkil olunsun.

Meliorasiya ilə bağlı məsələlər öz həllini tapır. Xüsusilə nəzərə alsaq ki, biz taxılçılığın inkişafı üçün yeni əkin sahələrini müəyyən etməliyik, suvarma məsələlərinin vacibliyi daha da artır. Son illər ərzində bu sahədə müəyyən işlər görülmüşdür. Hazırda tikilməkdə olan Şəmkirçay su anbarı başa çatandan sonra on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, kənd təsərrüfatının inkişafı üçün əlavə imkanlar yaradılacaqdır. Digər layihələr də icra edilir və biz elə etməliyik ki, əkin sahələrinin ərazilərini genişləndirək.

Bununla bərabər, kənd təsərrüfatının intensiv şəkildə inkişafı, həmişə olduğu kimi, bizim üçün çox vacib məsələdir. Ancaq biz gərək reallıqlara da diqqətlə yanaşaq. İntensiv metodları nə qədər tətbiq etsək belə, yenə də yeni əkin sahələrinin dövriyyəyə çıxarılması məsələləri öz aktuallığını itirməyəcəkdir. Bir müddət bundan əvvəl mənim tərəfimdən verilmiş göstərişlər indi icra edilir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq. Təkcə o yerləri müəyyən etməklə kifayətlənməməliyik. Bütün infrastruktur yaradılmalıdır. İlk növbədə suvarma, digər infrastruktur layihələri, texnika, gübrələr, toxumlar və sair. Saatlı rayon İcra hakimiyyətinin başçısı məlumat verdi ki, rayonda 9 min hektar yeni sahələr müəyyən edilibdir. Çox yaxşı göstəricidir. Mən hesab edirəm ki, bütövlükdə ən azı 100 min, bəlkə də 200 min yeni torpaq sahəsini əkin üçün dövriyyəyə çıxarmalıyıq.

Beləliklə, ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılığı inkişaf etdirəcəyik və özümüzü təmin etmək üçün bunun çox böyük rolu olacaqdır. Bildiyiniz kimi, kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür. Texnikalar alınır, lizinqə verilir, aqroservislər yaradılır, subsidiyalar verilir, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir və sair. Növbəti illərdə, xüsusilə bu il bu məsələlərə daha da böyük diqqət göstərilməlidir. Maldarlığın inkişafı üçün tədbirlər görülür. Cins mal-qara gətirilir. Bu yaxınlarda yenə də əlavə vəsait ayrıldı ki, xaricdən cins mal-qara alınsın və kənd təsərrüfatı hərtərəfli inkişaf etsin.

Hesab edirəm ki, taxılçılıqla bərabər, biz üzümçülüyün inkişafına da xüsusi diqqət göstərməliyik. Sirr deyil ki, vaxtilə Azərbaycanda ulu öndər Heydər Əliyevin səyləri və təşəbbüsü nəticəsində üzümçülük çox sürətlə inkişaf etmişdi. O, 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndə üzüm istehsalı 300 min ton idi. Amma onun dövründə görülmüş işlər nəticəsində bu rəqəm 2 milyon tona qalxmışdı. Bu, həm Azərbaycan Respublikasının inkişafına xidmət edirdi, ilk növbədə isə insanların rifah halının yaxşılaşdırılmasına çox müsbət təsir göstərmişdi.

Kənddə yaşayan insanlar üzümçülüyün inkişafı sayəsində özlərinin həyat səviyyəsini böyük dərəcədə yüksəldə bilmişdilər.

Hazırda Azərbaycanda üzüm istehsalı 120 min ton səviyyəsindədir. Əlbəttə ki, bunun da səbəbləri vardır. O səbəbləri biz bilirik. 1980-ci illərin sonlarında Sovet İttifaqının rəhbərləri antialkoqol kampaniyasına başlamışdılar və nədənsə, bu kampaniyanın ən böyük ziyanı və zərbəsi Azərbaycana dəymişdi. Azərbaycanda bütün üzüm bağlarını məhv etdilər, insanları pis vəziyyətə qoydular, insanlar gəlir mənbələrindən məhrum oldular. Azərbaycanda böyük səylər nəticəsində, böyük zəhmət hesabına yaradılmış üzümçülük, demək olar ki, tamamilə məhv edildi. Biz yaxşı bilirik ki, burada da Azərbaycana və azərbaycanlılara qarşı ayrı-seçkilik tətbiq olundu. Üzüm istehsalı təkcə Azərbaycanda inkişaf etmirdi. Digər respublikalarda üzümçülüyün inkişafına o qədər də böyük ziyan vurulmadı. Ukrayna, Gürcüstan, Ermənistan, Moldova – bu respublikalarda da üzümçülük inkişaf edirdi. Yəni oralarda bu, Azərbaycandan daha da əvvəl ənənəvi xarakter daşıyırdı. Ancaq o respublikalarda üzüm bağları məhv edilmədi. Azərbaycana qarşı qərəzli və mənfi münasibət isə ona gətirib çıxardı ki, burada üzümçülüyün kökü kəsildi.

Bu münasibəti biz ondan sonra, 1988-ci ildə də gördük. Sovet İttifaqının rəhbəri və rəhbərliyi erməni millətçilərinin başladığı oyunlara qoşulmuşdur və Dağlıq Qarabağ münaqişəsinin başlanmasında faktik olaraq Sovet İttifaqının rəhbərlərinin fəaliyyəti həlledici rol oynamışdır. Azərbaycana və azərbaycanlılara qarşı tarix boyu ədalətsizliklər olmuşdur, bizə qarşı qərəzli münasibət olmuşdur. Biz həmişə ikili standartlarla üzləşirik, bu gün də üzləşirik. Vaxtilə bu siyasət Sovet İttifaqı rəhbərliyindən, - xüsusilə 1980-ci illərin sonlarında biz bunu görürdük, - gəlirdi, indi isə biz bunu başqa yerlərdən görürük. Bu, bir şeyi göstərir ki, biz daha da güclü olmalıyıq, öz siyasətimizi inamla aparmalıyıq, Azərbaycan xalqının gözəl gələcəyini təmin etməliyik, öz gücümüzə güvənməliyik, arxalanmalıyıq və ölkəmizi Azərbaycan xalqının iradəsi ilə idarə etməliyik. Azərbaycanın bugünkü reallıqları onu göstərir ki, bu işdə biz böyük və tarixi nailiyyətlərə çata bilmişik. Azərbaycan müstəqil dövlət kimi güclənir, möhkəmlənir. Azərbaycan müstəqil dövlət kimi öz müstəqil siyasətini aparır. Bizim müstəqil siyasət aparmağımızdan kiminsə xoşu gəlmir, bu, kimisə qıcıqlandırır və istər-istəməz, müxtəlif yollarla, bəzi hallarda təxribat xarakterli yollarla Azərbaycana təzyiq etmək cəhdləri də olur. Yəni biz bilməliyik ki, bunun səbəbi nədir. Səbəbi də məhz ondadır ki, biz müstəqil siyasət aparırıq və Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür.

Bu, tarixi bir məqamdır. Biz bunu yadda saxlamalıyıq.

Ancaq sözüm ondadır ki, ola bilər, biz üzümçülüyün inkişafı üçün xüsusi bir proqram da qəbul edək. Maliyyə resurslarını da cəlb edək, xüsusi proqram çərçivəsində üzümçülüyün inkişafı üçün lazım olan bütün tədbirləri görək. Çünki hamı yaxşı bilir ki, üzümçülüyün inkişafı uzun bir prosesdir. Bəzi hallarda bir ilə, iki ilə, hətta üç ilə verilən kreditlər hesabına üzümçülüyün inkişafını irəliyə apara bilmərik. Yəqin ki, burada uzunmüddətli kreditlər haqqında fikirləşməliyik. Bəlkə əlavə bir vəsait də ayrılsın, yaxud üzümçülüyün inkişafı üçün xüsusi bir fond da yaradıla bilər ki, orada uzunmüddətli, misal üçün, 10 ilə veriləcək kreditlər təşkil olunsun, sahələr müəyyən edilsin. Yenə də böyük fermer təsərrüfatlarının yaradılması, inkişafı üçün səylər göstərilsin. Hər halda, İqtisadi İnkişaf Nazirliyi bu məsələlərlə bağlı bütün hazırlıq işlərini aparsın və yaxın zamanlarda məruzə etsin.

Bununla bərabər, biz ölkəmizdə toxumçuluğun inkişafına da böyük diqqət göstərməliyik. Hazırda bu istiqamətdə işlər başlanıbdır. Mən bu yaxınlarda böyük toxumçuluq zavodunun fəaliyyəti ilə tanış olmuşdum və bu sahədə böyük perspektivlər var. Həm gəlirli sahədir, həm də bizim üçün lazım olan sahədir. O vaxt mənə verilən məlumata görə, hazırda biz özümüzü toxumla təxminən 30 faiz təmin edə bilərik. Elə etməliyik ki, özümüzü toxumla 100 faiz səviyyəsində təmin edək. Bu məqsədlə ya mövcud olan zavodların fəaliyyəti genişləndirilməlidir, ya da ki, yeni zavodlar tikilməlidir, yaxud da hər iki iş bərabər, paralel şəkildə aparılmalıdır. Hər halda, bu, kənd təsərrüfatının inkişafı üçün çox vacib sahədir. Bu il və gələn illərdə buna xüsusi diqqət göstərilməlidir.

Sahibkarlığın inkişafı üçün yaradılmış fondun xətti ilə son vaxtlar soyuducu anbarların tikintisinə müəyyən vəsait ayrılmışdır və biz bu təşəbbüsün gözəl nəticələrini dərhal görürük. Bütün bölgələrdə soyuducu anbarlar tikilibdir. Yəqin ki, növbəti illərdə yeni anbarlar da tikilməlidir. Ancaq hazırda biz bu gözəl təşəbbüsün nəticələrini görürük. Yığılan məhsullar orada saxlanılır, xarab olmur. Bundan həm fermerlər bəhrələnirlər, həm də ölkə vətəndaşları. Çünki bu, istehlak qiymətlərinin normal səviyyədə saxlanılmasına imkan yaradır. Növbəti illərdə bu sahəyə yenə də diqqət göstərilməlidir. Ancaq hesab edirəm ki, Azərbaycanda qısa müddətdə, 1-2 il ərzində heç vaxt bu səviyyədə müasir soyuducu kombinatlar, soyuducu anbarlar tikilməmişdir. Taxıl anbarları da tikilibdir. Yəqin ki, hazırda tikilmiş taxıl anbarları artıq bizim tələbatımızı, demək olar, ödəyir. Əgər əlavə ehtiyac olarsa, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə əlavə kreditlər də verilə bilər.

Mən artıq qeyd etdim ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 125 milyon manat vəsait veriləcəkdir. Əlbəttə ki, bu vəsait işləyəcək, yeni iş yerlərinin yaradılmasına kömək göstərəcək və biz yenə də yerli istehsalın stimullaşdırılmasına öz dəstəyimizi verəcəyik.

Bütövlükdə son illər ərzində - 2004-cü ildən başlayaraq, ölkəmizdə 900 mindən artıq yeni iş yeri açılmışdır və deyə bilərəm ki, yoxsulluğun səviyyəsinin kəskin şəkildə aşağı düşməsində bu proqramın böyük rolu olmuşdur. 2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 9,1 faiz təşkil edir. Əgər əvvəlki illərdəki 49-44 faizlə müqayisə etsək, bu, böyük nailiyyətdir. Ancaq 9,1 faiz də çoxdur. Baxmayaraq ki, hətta inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi bundan da artıq olur. Ancaq onu da qeyd etməliyik ki, burada biz statistika ilə gərək ədalətli rəftar edək, orada meyarlar əlbəttə ki, daha da yüksəkdir. Orada yoxsul hesab olunan, burada yoxsul hesab edilmir, bu da var. Ona görə bir halda ki, biz ölkəmizi müasirləşdiririk və strateji xəttimiz güclü dövlət yaratmaqdır, biz əlbəttə ki, gərək bütün meyarları bilək. İnkişaf etmiş ölkələrin meyarlarını bilirik. Hədəfimiz ondan ibarətdir ki, biz də inkişaf etmiş ölkəyə çevrilək. Mən hesab edirəm ki, burada ilk növbədə, Avropa İttifaqına üzv olan ölkələrin təcrübəsi daha da dərindən öyrənilməlidir. Avropa İttifaqına üzv olan ölkələrlə ikitərəfli münasibətlərimiz çox yaxşıdır, səmərəlidir. Bu münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub, qarşılıqlı hörmət əsasındadır. Məncə, Avropa İttifaqının təcrübəsi dünyada ən qabaqcıl təcrübədir və orada istər iqtisadi sahədə, istər sosial müdafiə sahəsində, siyasi islahatlar sahəsində, mövcud olan meyarlar əlbəttə ki, ən yaxşı səviyyədədir. Biz o təcrübəni öyrənirik və öyrənməliyik ki, Azərbaycanda da bütün meyarlar inkişaf etmiş ölkələrdəki səviyyədə olsun.

Mən hesab edirəm ki, biz Azərbaycanda gübrə zavodunun tikintisinə başlamalıyıq. Artıq bunun vaxtı çatıb, bəlkə də, bunu çoxdan etməli idik. Ancaq müəyyən araşdırmalar aparılırdı, müəyyən variantlar təhlil edilirdi. Hesab edirəm ki, bu il Azərbaycanda bizə lazım olan və bizim tələbatımıza hesablanmış müasir gübrə zavodu tikilməlidir. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilibdir və hesab edirəm ki, bu zavodun böyük əhəmiyyəti olacaq, o cümlədən kənd təsərrüfatının inkişafı üçün.

Mən artıq giriş sözümdə qeyd etdim ki, Azərbaycanda istehsal edilən məhsullar yüksək keyfiyyətə malik olmalıdır. Kənd təsərrüfatı sahəsində emal müəssisələri yaradılır. Onların böyük əksəriyyəti, hazırda yaradılan müəssisələr dünya səviyyəsinə cavab verir. Elə etməliyik ki, ən qabaqcıl texnologiyalar tətbiq olunsun ki, sonra xarici bazarlara çıxmaq üçün problemlər yaranmasın. Hazırda bizim üçün əsas bazarlar qonşu ölkələrin bazarlarıdır. Bu bazarlar böyükdür və bizim üçün çox məqbuldur, əlverişlidir – həm məsafə baxımından, həm o bazarlara daxil olmaq üçün bizim qarşımızda heç bir problem yoxdur. Biz bütün qonşularla yaxşı, işgüzar münasibətlər qurmuşuq və bu, əlbəttə ki, biznes sahəsində də öz müsbət təsirini göstərir. Ancaq elə etməliyik ki, bizim istehsal etdiyimiz məhsullar dünyanın istənilən nöqtəsində satıla bilsin. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının keyfiyyəti çox yüksəkdir və başqa ölkələrlə müqayisədə onlar təbiidir. İndi buna dünyada “orqanik”, yəni bizim dilimizdə desək, təbii deyirlər. Yəni gübrəsiz, kimyəvi maddələrdən təmiz olan və dadlı məhsullardır. Xaricdən gələnlər Bakıda bizim tərəvəzi, meyvələri yeyərkən başa düşürlər ki, əsl meyvə-tərəvəz necə olmalıdır. Yəni bu, bizim böyük üstünlüyümüzdür və ekoloji cəhətdən təmiz məhsullarla dünya bazarlarına çıxa bilərik. Sadəcə, emal müəssisələri, paketləmə - bu gün Şahin Mustafayev bu barədə dedi,- və müasir yanaşma olmalıdır. Bu, bizim böyük sərvətimizdir və bu sərvətdən səmərəli şəkildə istifadə etməliyik.

Xarici bazarlara çıxmaq üçün əlbəttə, dövlət də öz dəstəyini verməlidir və verir. Mən xarici səfərlərə gedərkən bir çox hallarda özümlə iş adamlarından ibarət böyük qrup da aparıram. Orada biznes forumlar da keçiririk ki, bizim üçün tərəfdaş olan ölkələrdə Azərbaycan biznesini təbliğ edək, onlar üçün şərait yaradaq. Onlar da bu ölkələrdə, başqa ölkələrdə aparılan tenderlərdə iştirak etməlidirlər və indi iştirak edirlər. Bəzi ölkələrdə bizim şirkətlərimiz işləyir. Mənim həmkarlarım, digər ölkələrin dövlət başçıları onların fəaliyyəti haqqında mənə məlumat verirlər. Çox şadam ki, bizim şirkətlərin fəaliyyəti müsbətdir və o ölkələrdə ictimai rəy də bunu müsbət qarşılayır. Biz gərək bütün səylərimizi ona yönəldək ki, dövlət tərəfindən dəstək daha da güclü olsun ki, firmalarımız xarici bazarlara daha da sürətlə çıxsın.

Xarici ölkələrdə Azərbaycan Evlərinin, Azərbaycan Ticarət Evlərinin yaradılması məsələləri də müzakirə olunur. Mən hesab edirəm ki, inkişaf etmiş ölkələrin əsas şəhərlərində Azərbaycan Evləri yaradılmalıdır. Bunu etmək üçün indi xüsusi plan hazırlanır. Hesab edirəm ki, bu işlərdə Azərbaycan Dövlət Neft Fondunun vəsaiti də öz rolunu oynamalıdır. Xüsusilə nəzərə alsaq ki, Neft Fondunun vəsaitinin xərclənməsinin şaxələndirilməsi üçün müəyyən təkliflər vardır. Bu vəsaitin bir hissəsi daşınmaz əmlaka da qoyula bilər ki, orada həm gəlir daha da çox olacaq, həm də ki, biz bütün aktivlərimizi bir maliyyə alətində saxlaya bilmərik. Yəni vəsait Neft Fondundan gələ bilər və inkişaf etmiş ölkələrin aparıcı şəhərlərində mərkəzi yerlərdə Azərbaycan Ticarət, Mədəniyyət evlərinin yaradılması prosesi başlanmalıdır. Mən hesab edirəm ki, artıq bu il biz işə başlamalıyıq. Müəyyən yerlər seçilsin, bu, həm ticarət nöqteyi-nəzərdən səmərəli təşəbbüs olacaqdır, Azərbaycan öz imkanlarını daha da açıq şəkildə nümayiş etdirəcəkdir. Eyni zamanda, xarici ölkə vətəndaşlarına Azərbaycan haqqında dolğun və dəqiq məlumat çatdırılacaq və bu, həm də bizim təbliğat mexanizmlərimizdən biri olacaqdır. Bununla bərabər, Dövlət Neft Fondunun vəsaitinin bir hissəsini bu işlərə yönəltməklə biz, eyni zamanda, Fondun vəsaitini daşınmaz əmlaka da qoymuş olacağıq. Yəni bu təşəbbüsü reallaşdırmaqla biz bir neçə məqsədi təmin edəcəyik.

Kənd təsərrüfatına yararlı torpaqlardan təyinatı üzrə istifadə olunmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bu torpaqlardan səmərəli istifadəni təmin etməlidir. Bu sahədə qanun pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar. Kənd təsərrüfatı istehsalını stimullaşdırmaq üçün subsidiyalar verilir və bu prosedur sadələşdirilməlidir. Buna böyük ehtiyac var. Ərzaq təhlükəsizliyini təmin etməliyik və inhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hazırda bu mübarizə lazımi səviyyədə deyil. Ərzaq təhlükəsizliyi ilə bağlı biz elə etməliyik ki, hazırda ölkəmizdə lazımi səviyyədə istehsal olunmayan ərzaq məhsullarının inkişafı üçün və yeni müəssisələrin yaradılması üçün əlavə tədbirlər görülsün. Mənə verilən bəzi rəqəmlər onu göstərir ki, bəzi məhsullarla özümüzü təmin edirik, amma bəzi hallarda daha çox idxaldan asılıyıq. Misal üçün, Azərbaycanda 93 faiz ət istehsal olunur, demək olar ki, burada vəziyyət yaxşıdır. Quş əti istehsalı artıbdır, hazırda özümüzü 80 faiz səviyyəsində təmin edirik. Süd və süd məhsullarının 85 faizi Azərbaycanda istehsal olunur. Amma bitki yağına, kərə yağına gəldikdə, daha çox idxaldan asılıyıq. Şəkərlə özümüzü 150 faiz təmin edirik, ixrac da edirik. Ona görə o sahələrdə ki, biz idxaldan asılı deyilik, orada qiymətin süni artımına qətiyyən yol vermək olmaz.

Ona görə mən giriş sözümdə qeyd etdim ki, neftin bahalaşması, istər-istəməz, bütün idxal olunan ərzaq mallarının bahalaşmasına gətirib çıxaracaqdır. Yəni bununla mübarizə aparmaq çətindir. Amma Azərbaycan daxilində istehsal olunan kənd təsərrüfatı, ərzaq məhsullarının süni şəkildə bahalaşması yolverilməzdir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır və İqtisadi İnkişaf Nazirliyi, digər qurumlar istehlak mallarının qiymətlərinə ciddi nəzarət etməlidir. Həm inzibati tədbirlər görməliyik, eyni zamanda, inhisarçılıqla mübarizə, bax, ən gözəl addım olacaqdır. Bu sahədə işlər daha da sürətlə getməlidir. Bostan məhsulları, meyvə-tərəvəzlə biz özümüzü, əlbəttə ki, 100 faiz, ondan da artıq təmin edirik.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir. Hazırda bütövlükdə vəziyyət müsbətdir. Ancaq çatışmayan cəhətlər var. Azərbaycanda biznes mühiti inkişaf etmiş ölkələrin səviyyəsində olmalıdır. Daha heç nə icad etmək lazım deyil, orada necədirsə, burada da elə olmalıdır. Biz onların təcrübəsini bilirik və burada da eyni təcrübəni tətbiq etməliyik. Biznes mühitinin yaxşılaşdırılması üçün bütün dövlət qurumları daha da fəal işləməlidir, bütün nöqsanlar aradan qaldırılmalıdır. Bu nöqsanlar və çatışmayan cəhətlər bizə bəllidir. Sadəcə olaraq, bütün bu işlər düzgün qurulmalıdır.

Ölkəmizdə biznesin inkişafı, yeni müəssisələrin yaradılması prosesi sürətlə gedir və əlbəttə ki, yeni müəssisələrdə peşəkar kadrlar işləməlidir. Bu barədə bu gün Sumqayıt Texnoparkının nümayəndəsi öz çıxışında qeyd etdi. Tamamilə düzgün fikirdir. Azərbaycanda peşəkar kadrların hazırlanması prosesi daha da sürətlə getməlidir. Bu barədə müvafiq göstərişlər verilib, Təhsil Nazirliyi bu işlə məşğuldur. Texniki peşə məktəblərinin tikintisi və onların müasir səviyyəyə çatdırılması prosesi daha da sürətlə getməlidir. Bununla bərabər, müxtəlif qurumlar tərəfindən kurslar da təşkil olunmalıdır. Bizə həm texniki mütəxəssislər lazımdır, həm də menecerlər lazımdır. İndi xarici şirkətlərdə hər şeyi idarəçilik təmin edir. Bu gün bir adam bir sahədə işləyir, ondan sonra başqa sahədə işləyir. Əgər o, yaxşı menecerdirsə, hər bir yerdə işləyə bilər. Bizdə keçmişdə və bu günə qədər bu prinsip hələ ki, o qədər də geniş vüsət almayıbdır. Bizdə hesab olunur ki, əgər sən neftçisənsə, gərək elə ömür boyu neftlə məşğul olasan. Əgər sən energetiksənsə, gərək energetikada işləyəsən. Sən əgər qaz hasilatında işləyirsənsə, orada məşğul olmalısan. Belə yanaşma bəlkə də nə vaxtsa özünü doğruldurdu, amma bu gün yox.

Dünya təcrübəsi onu göstərir ki, aparıcı transmilli şirkətlərdə bu gün bir adam hansısa neft şirkətinin başındadırsa, sabah telekommunikasiya şirkətinin başındadır, ondan sonra böyük bir qida məhsulu istehsalı şirkətinin başındadır. Bax, bizdə də belə olmalıdır. Ona görə biz peşəkar menecerlərin hazırlanması işinə çox böyük diqqət göstərməliyik. Menecerlərə olan tələbatımız getdikcə daha da artacaqdır. Çünki ölkə iqtisadiyyatı o qədər sürətlə inkişaf edir ki, o qədər yeni müəssisələr, müasir istehsallar yaradılır ki, mən bilirəm, bəzi hallarda yeni müəssisələrə xaricdən menecerlər gətirilir. Mən buna etiraz etmirəm, bu, təbiidir. Azərbaycan dünya birliyinin bir parçasıdır. Burada işləmək üçün gələnlər, əlbəttə ki, ancaq qonaqpərvərlik görürlər və görəcəklər. Amma elə etməliyik ki, öz kadrlarımızı da sürətlə hazırlayaq.

Ölkəmiz üçün, o cümlədən sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir. Bu barədə mən öz sözümü ilin əvvəlində Nazirlər Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri görürük və elə etməliyik ki, bu nəticələr daha da gözəgörünən, daha da təsirli olsun. Bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir. Əgər biz doğrudan da Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin. Burada, əlbəttə ki, həm inzibati tədbirlər görülür və görüləcəkdir. Cəza tədbirləri görülür və görüləcəkdir. Eyni zamanda, biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə aradan götürülsün. Son müddət ərzində mənim tərəfimdən imzalanmış sərəncamlar bu məqsədi güdür. Yəni biz struktur islahatlarından, institusional metodlardan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək üçün istifadə etməliyik. Ancaq əlbəttə ki, təkcə struktur islahatları aparmaqla biz istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Ona görə bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzüağ olsun, alnıaçıq olsun.

Mən yenə də demək istəyirəm ki, biz bu xoşagəlməz hallara qarşı ciddi mübarizənin birinci nəticələrini artıq görürük və ümid edirəm ki, yaxın zamanlarda daha da böyük nəticələri görəcəyik. Mən bir daha Azərbaycan ictimaiyyətinə müraciət etmək istəyirəm. Bir dəfə artıq müraciət etmişəm və bu müraciətin çox yaxşı nəticəsi olmuşdur. Mənə, Prezident Administrasiyasına bütün bölgələrdən məktublar gəlir - həm təşəkkür məktubları, həm də şikayət məktubları. Bu canlı bağlantı həmişə olub və olacaqdır. Biz hamımız çalışmalıyıq ki, Azərbaycan müasir dövlətə çevrilsin, ölkəmizə yaraşmayan, ölkəmizi geriyə aparan, onun inkişafını əngəlləyən xoşagəlməz hallar Azərbaycanda olmasın. Bizim gözəl imkanlarımız, gözəl perspektivlərimiz var - güclü dövlət, güclü iqtisadiyyat, güclü sosial siyasət, infrastruktur layihələri. Azərbaycanın iqtisadi inkişafı bu günə qədər dünyada heç bir başqa ölkədə təkrarlanmayıbdır. Qısa müddət ərzində, 7 ildə iqtisadiyyat 2,8 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 4,5 dəfə azalmış, 900 min iş yeri açılmışdır. Hər yerdə quruculuq, abadlıq, tikinti işləri gedir, Azərbaycan vətəndaşları sabitlik, təhlükəsizlik şəraitində yaşayırlar. Ən yaxşı kriminogen vəziyyət bizdədir. Azərbaycanda, 9 milyon əhalisi olan ölkədə gündə 30-35 cinayət baş verir. Bu, başqa ölkələrlə müqayisədə bir neçə dəfə azdır. Yəni təhlükəsizlik, sabitlik, rifahın yaxşılaşması var. Bununla bərabər, bizim cəmiyyətimizi içəridən sarsıdan xoşagəlməz hallar, rüşvətxorluq, əsassız tələblər var, bəzi hallarda insanları incidirlər, insanlara qarşı reketlik edirlər, əsassız tələblər irəli sürürlər. Axı, olmaz belə! Biz çalışırıq ki, insanlar yaxşı yaşasınlar. Biz Azərbaycanda 500 mindən artıq insana dövlət tərəfindən sosial yardım edirik. Yüz mindən artıq ailə hər ay dövlətdən 106 manat pul alır. Kimin imkanı yoxdursa, bu pulu ona veririk, o, yaşamalıdır. Hamı yaşamalıdır, yaxşı yaşamalıdır. Düzdür bu, insandan asılıdır. Azərbaycanda bütün imkanlar var. Kimin bacarığı var, biliyi var, imkanı var, daha da yaxşı yaşayır. Bu, hər yerdə belədir. Artıq bu məsələlərlə bağlı çox ciddi işlər gedir və gedəcəkdir. Hamı bunu bilməli və özü üçün nəticə çıxarmalıdır.

Bu il Azərbaycanda “Turizm ili” elan olunmuşdur. Təkcə Bakıda 5 beşulduzlu mehmanxana açılacaqdır. Bu yaxınlarda mən Naftalan şəhərində iki gözəl müasir mehmanxananın açılışında iştirak etmişdim. İki gün bundan əvvəl Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Mərkəzinin tikintisi ilə tanış oldum. Orada da gözəl mehmanxanalar tikilir. Turizmin inkişafı üçün bizdə çox gözəl şərait var, gözəl imkanlar var. Hər bir bölgədə müasir hotellər, turizm kompleksləri tikilməlidir və tikilir. Hesab edirəm ki, 2011-ci ildə bu işlər çox sürətlə gedəcəkdir. Beləliklə, həm ölkə vətəndaşları, həm xaricdən gələn qonaqlar gözəl, çox yüksək səviyyəli xidmətlə təmin olunacaqlar.

Ölkəmizdə sənayeləşmə siyasəti aparılır və sənaye istehsalının inkişafı üçün əlavə tədbirlər görülməlidir. Ənənəvi olaraq, Azərbaycanın bir neçə sənaye mərkəzi olmuşdur. Hazırda o mərkəzlərdə yeni sənaye müəssisələri yaradılır və biz Azərbaycanda bir neçə şəhəri məhz güclü sənaye mərkəzlərinə çevirməliyik. İlk növbədə, mən Sumqayıtı nəzərdə tuturam. Sumqayıt vaxtilə neft kimyası sənayesi mərkəzi kimi yaradılmışdır. İndi neft kimyası sənayesi canlanır və orada işlər düzəlir, islahatlar aparılır. Bununla bərabər, Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Sumqayıt texnologiya parkı, digər müəssisələr tikilir. Ona görə Sumqayıt yeni, müasir sənaye şəhəri kimi formalaşır. Orada böyük torpaq sahələri var. Vaxtilə tikilmiş və indi işləməyən zavodlar var, peşəkar işçi qüvvəsi, dəmir yolu var, Bakıya yaxındır. Yəni Sumqayıt ölkəmizin sənaye mərkəzlərindən biri kimi inkişaf etməlidir.

Eyni zamanda, Gəncə şəhəri də sənaye mərkəzi kimi inkişaf etməlidir. Bakı şəhərinin Qaradağ rayonunda da müasir sənaye mərkəzi yaradılmalıdır. Şübhəsiz digər şəhərlərdə də sənaye istehsalı yaradılmalıdır və yaradılır. Amma məncə, əsas bu üç mərkəz yaradılmalıdır və biz bu məsələyə planlı və kompleks şəkildə yanaşmalıyıq.

Bu il “Turizm ili” elan edilib, amma o demək deyil ki, “Ekologiya ili” başa çatıbdır. “Ekologiya ili” hər il olmalıdır. Keçən il böyük işlər görülüb – ağaclar əkilib, neftlə çirklənmiş gölməçələr təmizlənib, içməli su layihələri icra edilmişdir. Baxmayaraq ki, bu il “Turizm ili”dir, ancaq “Ekologiya ili” bu il də davam etdirilməli və bütün yerli icra orqanları keçən il işlədikləri kimi, bu il də işləməlidirlər. Nəzərə alsaq ki, Azərbaycan ictimaiyyəti də bu məsələyə çox böyük həvəslə yanaşmışdır, bu iş davam etdiriləcəkdir.

Bir sözlə, görüləsi işlər çoxdur, proqramlar icra edilir. Ən əsası ondan ibarətdir ki, biz öz işimizi proqramlar əsasında qururuq. Hər bir sahə üçün, hər bir bölgə üçün, hər bir rayon üçün konkret proqramlar var və icra olunur. Biz vaxtaşırı belə geniş tərkibdə görüşürük, yaxud da ki, mən bölgələrdə olarkən görüşürük, məsələləri müzakirə edirik. Bu, daimi və canlı prosesdir və bizə imkan verir ki, məsələləri həll edək, problemləri araşdıraq, aydınlaşdıraq, təhlil edək, onların həlli yollarını müəyyən edək, maliyyə resurslarını, texniki imkanları, peşəkar kadrları cəlb edək və məqsədə çatmaq üçün bütün lazımi addımları ataq.

Mən şübhə etmirəm ki, bu gözəl meyillər növbəti illərdə Azərbaycanda daha da güclənəcək, ölkəmiz güclənəcək, möhkəmlənəcək, Azərbaycan xalqı isə ildən-ilə daha da yaxşı yaşayacaqdır. Sağ olun. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo