FHN-in Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində İlham Əliyevin nitqi

23 fevral 2011, 14:00
FHN-in Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində İlham Əliyevin nitqi

Əziz əsgərlər, zabitlər, generallar!

Sizi döyüş bayrağı almağınız münasibətilə ürəkdən təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram.

Fövqəladə Hallar Nazirliyinin yaranmasından beş il keçir. Bu müddət ərzində nazirliyin bütün strukturları formalaşdı və bu gün müasir tələblərə cavab verir. Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar bir hadisə idi. Həyat göstərdi ki, nazirliyin yaranmasında böyük zərurət var idi.

Son beş il ərzində nazirliyin maddi-texniki bazası yaradıldı, müasir texniki vasitələr, avadanlıq alındı. Nazirliyin bütün strukturlarında formalaşma prosesi demək olar ki, başa çatmışdır və nazirliyin fəaliyyəti hazırda ən yüksək standartlara cavab verir. Bu müddət ərzində nazirliyin əməkdaşları nəinki ölkə daxilində, xaricdə peşəkarlıqlarını nümayiş etdirmişlər. Başqa ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində nazirliyin əməkdaşları Azərbaycanı ləyaqətlə təmsil etmişlər, bizim üçün dost olan ölkələrdə təbii fəlakətlərlə mübarizədə böyük uğurlar əldə etmişlər. Nazirliyin əməkdaşlarının fəaliyyəti digər ölkələrdə də qiymətləndirilir.

Bu müddət ərzində alınmış texniki vasitələr nəticəsində ölkə daxilindəki istənilən hadisənin qarşısının alınması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün nazirliyin əməkdaşları öz peşəkarlıqlarını nümayiş etdirmişlər. Keçən il Azərbaycanda tarixdə misli görünməmiş sel və daşqınlar baş vermişdir, ölkə ərazisinin müəyyən hissəsi, daha doğrusu, on minlərlə hektar sahə su altında qalmışdır, bir neçə min ev dağılmışdır.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bütün başqa dövlət qurumları ilə birlikdə çox operativ fəaliyyət göstərərək insanların təhlükəsiz yerlərə köçürülməsi ilə məşğul olmuşlar. Bu fəaliyyət nəticəsində bu böyük təbii fəlakət Azərbaycanda itkisiz keçmişdir. Bu, böyük uğurdur, böyük nailiyyətdir. İnsanların sağlamlığı, təhlükəsizliyinin qorunması bizim üçün həmişə olduğu kimi, başlıca vəzifədir. Ondan sonra sel və daşqınlara məruz qalmış bölgələrdə tikinti-quruculuq işləri aparılmışdır. Bir neçə ay ərzində minlərlə yeni ev tikilmişdir və soydaşlarımız, fəlakətdən əziyyət çəkmiş insanlar o evlərə köçürülür. Bu, bir tərəfdən onu göstərir ki, nazirliyin strukturları artıq tam formalaşmışdır və istənilən vəzifəni icra edə bilərlər. Digər tərəfdən, onu göstərir ki, Azərbaycan güclü dövlətdir. Biz bu böyük təbii fəlakətin nəticələrini aradan qaldırdıq və insanlar üçün yaxşı şərait yaratdıq. Əgər vaxtilə Fövqəladə Hallar Nazirliyi yaranmasa idi, yəqin ki, bu təbii fəlakətlər bizim üçün ağır keçə bilərdi.

Azərbaycanda bütün strukturlar, bütün dövlət qurumları müasir tələblərə cavab verməlidir. Ölkəmiz inkişaf edir, müasirləşir. Azərbaycan bu gün dünya miqyasında özünə layiq yerini tuta bilmişdir. Ölkə daxilindəki proseslər müsbət istiqamətdə gedir. Ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçmişdir. Müstəqilliyimizin möhkəmləndirilməsi işində çox önəmli addımlar atılmışdır, böyük nailiyyətlərimiz vardır. Ölkəmizin uğurlu və uzunmüddətli inkişaf strategiyası icra edilir. Ölkəmiz yeniləşir, abadlaşır, gözəlləşir.

Əlbəttə, peşəkar kadrların hazırlanması sahəsində görülmüş işlər bu gün bu reallıqları mümkün edir. Azərbaycanda düşünülmüş iqtisadi və sosial siyasət aparılır, bütün ixtisaslar üzrə peşəkar kadrlar hazırlanır. Biz elə etməliyik ki, Azərbaycanda bütün dövlət qurumları, bütün nazirliklər müasir tələblərə cavab versinlər. Ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilir və gətiriləcəkdir. Biz bunu Fövqəladə Hallar Nazirliyinin timsalında görürük. Ən müasir texniki vasitələr, yanğınsöndürən təyyarələr, helikopterlər, ən müasir maşınlar alınır ki, maddi texniki bazanın möhkəmləndirilməsi işində biz bütün lazım olan səviyyəyə qalxa bilək. Bununla bərabər, peşəkarlığın artırılması mühüm məna daşıyır və bu sahədə böyük uğurlar vardır.

Belə olan halda müasir tələblərə cavab vermək arzumuz sadəcə olaraq hansısa bir məqsədə çatmaq üçün deyildir. Bunun əsas mənası və məğzi ondan ibarətdir ki, Azərbaycanın bütün qurumları operativlik, çeviklik və peşəkarlıq nümayiş etdirərək fəaliyyət göstərsin, müasir standartlara cavab versin və ölkəmiz öz uğurlu inkişafını davam etdirsin.

Qarşımızda çox gözəl perspektivlər açılır. Azərbaycanda ictimai-siyasi sabitlik möhkəmdir və möhkəm qorunur. Ölkədə iqtisadi və siyasi islahatlar aparılır. Azərbaycanda bütün sahələrdə müasirləşmə prosesi gedir. Biz ən qabaqcıl və inkişaf etmiş ölkələrin sırasına düşməliyik və qarşıya bu məqsəd qoyulubdur. Bunu etmək üçün iqtisadi, siyasi islahatlar, struktur islahatları aparılır və aparılacaqdır. Azərbaycanın bütün qurumları yüksək standartlara cavab verməlidir.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44