İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edib

16 oktyabr 2015, 15:50
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edib

Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Nursultan Nazarbayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana gələn digər dövlət başçılarını qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

İclası açan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qonaqları salamladı. Prezident N.Nazarbayev Aleksandr Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi, həmçinin Qırğızıstan xalqını və Prezidentini həmin ölkədə parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbrik etdi. 

Bugünkü iclasın Qazaxıstanın sədrliyi ilə keçdiyini bildirən Prezident N.Nazarbayev qeyd etdi ki, ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışır. Nursultan Nazarbayev MDB-nin postsovet məkanında 11 ölkənin əməkdaşlığı üçün gözəl meydan olduğunu diqqətə çatdırdı, bu çərçivədə müxtəlif məsələlərin müzakirəsinə əlverişli imkan yaratdığını vurğuladı. “Əminəm ki, bugünkü tədbir MDB-nin inkişafına öz töhfəsini verəcək, ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcək”, - deyən Qazaxıstan Prezidenti iclasın gündəliyinə 17 məsələnin daxil olduğunu, tədbirin böyük bir hissəsinin təhlükəsizliyin və qanun-qaydaların təmin olunmasına həsr edildiyini söylədi. Qeyd etdi ki, bundan başqa, beynəlxalq sazişlər paketini imzalamaq, proqram sənədlərini təsdiq etmək, BMT-nin yaradılmasının 70 illiyi ilə əlaqədar beynəlxalq terrorizmlə mübarizəyə dair dövlət başçılarının bəyanatını qəbul etmək planlaşdırılır. Təqdim olunan sənədlərin praktik əhəmiyyət kəsb etdiyini deyən Nursultan Nazarbayev onu da bildirdi ki, bu sənədlərin qəbulu və həyata keçirilməsi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi. Tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə minnətdarlığını bildirən dövlətimizin başçısı iclasın nəticələrinin əməkdaşlığa töhfə verəcəyini dedi. Prezident İlham Əliyev Belarusda prezident seçkiləri, Qırğızıstanda isə parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkonu və Qırğızıstan Prezidenti Almazbek Atambayevi təbrik etdi. Prezident İlham ƏLİYEV dedi: 

- Mən öz çıxışımda iki-üç mövzuya toxunmaq istərdim. Birincisi, bu, artıq qeyd edildi: qarşılıqlı iqtisadi fəaliyyətin yeni formalarının axtarılması zərurəti. MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi. İqtisadi sahədə əməkdaşlığın yeni formalarının, həmçinin xüsusən zəngin təbii ehtiyatlara malik olan ölkələrdə yeni iqtisadi modelin möhkəmlənməsinin yeni formalarının axtarışı, əlbəttə, dövlətlərimizin gündəliyindədir. Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar. 

Həmçinin deməliyəm ki, MDB ölkələri, – mən təbii ehtiyatlara, neftə, qaza malik olan ölkələri nəzərdə tuturam, – neft və qaz hasil edən çoxsaylı ölkələr arasında bu böhrana müqavimət baxımından ən yaxşı göstəricilərə malikdirlər. Azərbaycan nəqliyyat təhlükəsizliyi məsələlərində fəal iştirak edir. Biz, həmçinin bütün MDB ölkələrini irəli sürdüyümüz təşəbbüslərə, o cümlədən Birliyin üzvü olan bəzi ölkələrlə müştərək təşəbbüslərə qoşulmağa dəvət edirik. Bu ilin avqust ayında Qazaxıstandan keçməklə Çindən Azərbaycana gələn ilk konteyner qatarı qəbul edilib. Bu, Şərq-Qərb dəhlizinin yeni cizgilər kəsb etməyə başladığını göstərən yaxşı əlamətdir. Bu dəhlizin böyük geosiyasi əhəmiyyəti var və o, əlbəttə, həmin yol üzərində, habelə bu nəqliyyat marşrutunun yaxınlığında yerləşən ölkələrin daha sıx inteqrasiyasına imkan verəcək. 

Biz “Şimal-Cənub” dəhlizinin layihəsi üzərində, ilk növbədə Rusiya Federasiyası və İranla fəal işləyirik. Artıq ciddi razılaşmalar əldə olunub, bizim dəmir yolu magistrallarının birləşdirilməsi prosesinin sürətləndirilməsinə dair konkret qərarlar qəbul edilib. Bu layihə böyük maliyyə gəlirləri vəd edir. Bu magistral Çinin, Hindistanın, İranın, Azərbaycanın, Rusiyanın və Avropanın nəhəng bazarlarını birləşdirən ən rahat və ən qısa yoldur. Həmçinin sizə bu barədə məlumat vermək və tərəfdaş ölkələrimizi bu layihəyə qoşulmağa dəvət etmək istərdim. Bu, müxtəlif formada ola bilər – iştirak, sərmayə qoyuluşu, yüklərin təminatı ilə bağlı məsələlər. Düşünürəm ki, biz bu istiqamətdə birlikdə işləyə bilərik. Əgər sərmayələrlə bağlı istək olarsa biz bunu yalnız alqışlayacağıq. Əgər belə arzu yoxdursa, bu magistralın yaxın iki il ərzində tam işə düşməsi üçün mümkün yeni yüklərin səfərbər edilməsi sahəsində birgə işləyə bilərik. 

Əlbəttə, haqqında danışmaq istədiyim üçüncü mövzu regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi məsələsidir. Bu gün artıq çıxışlarda bununla əlaqədar narahatlıqlar səsləndi. Biz hamımız bunu yaxşı görürük, müşahidə edirik. Terrorizmə qarşı mübarizədə bütün dünya birliyinin çoxplanlı əməkdaşlığı olmadan dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz. MDB ölkələri, hər halda bu ölkələrin əksəriyyəti beynəlxalq terrorizmin nə demək olduğunu öz üzərlərində hiss ediblər. Bu təhlükə bu gün region ölkələri üçün bilavasitə risklərin və bizim hamımız üçün potensial risklərin mənbəyidir. Buna görə də bugünkü mərhələdə beynəlxalq terrorizmə qarşı mübarizə bütün ölkələr üçün prioritet olmalıdır və biz yalnız səylərimizi birləşdirməklə qarşıya qoyulmuş məqsədə çata bilərik. Əlbəttə, risklərin minimuma endirilməsi, habelə beynəlxalq terrorizmi doğuran səbəblərin üzə çıxarılması, aşkar edilməsi istiqamətində çox işləmək lazımdır. Əlbəttə, bunun çox böyük kənar səbəbləri var, terroryönümlü müəyyən qruplar, qruplaşmalar maliyyələşdirilir. Amma, həmçinin daxili səbəblər də mövcuddur. Daxili səbəb isə yoxsulluq, savadsızlıq, gerilik, radikalizm, fundamentalizm, sosial ədalətsizlikdir. Əgər bu və ya digər ölkədə bu obyektiv səbəblər yoxdursa, orada xaricdən göstərilən bütün səylərə baxmayaraq terrorizmin yetişməsi üçün zəmin yaratmaq çox çətin olacaq. Buna görə də sosial-iqtisadi xarakterli məsələlərin, təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə məsələlərinin həlli üzərində səylərin birləşdirilməsi – bütün bunlar bu gün ölkələrimizin əsas gündəliyini təşkil edir. Biz region ölkələri ilə sülh və həmrəylik şəraitində yaşamaq, inkişaf etmək, uşaqların savadlı, təhsilli, sağlam böyüməsini istəyirik. Bunun üçün bizə təhlükəsizlik lazımdır. Buna görə də Azərbaycan öz tərəfindən beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək. 

Düşünürəm ki, burada səslənən tezislər, dövlət başçılarının çıxışları bizim bu məsələyə yenidən və daha praktiki nöqteyi-nəzərdən baxmağımız, gələcəkdə ölkələrimizin təhlükəsizliyi ilə bağlı daha nə etməyin lazım olduğunu müəyyənləşdirməyimiz üçün yaxşı bazadır.

x x x

Sonra iclas işini geniş tərkibdə davam etdirdi. 

Geniş tərkibdə iclasın əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko MDB çərçivəsində xalqların və dövlətlərin dostluğuna verdiyi töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Xalqlar Dostluğu” ordenini təqdim etdi.

Məhdud tərkibli görüşdə MDB-nin gələcək inkişafı ilə bağlı cari məsələlərin müzakirə edildiyini deyən Nursultan Nazarbayev bildirdi ki, son vaxtlar dünyanın qlobal dəyişikliklərə məruz qaldığı zamanda MDB də həmin şəraitə uyğun fəaliyyət göstərməlidir. Buna görə, bugünkü iclasda müzakirə olunan məsələlərdən biri təhlükəsizlik sahəsində beynəlxalq vəziyyətdir.

Qazaxıstan Prezidenti BMT-nin razılığı ilə ümumdünya terrorizmə qarşı mübarizə şəbəkəsinin yaradılmasının vacibliyini bildirdi, bu sahədə MDB-nin antiterror mərkəzinin potensialından maksimum yararlanmağın zəruriliyini qeyd etdi. O vurğuladı ki, bu gün MDB dövlət başçılarının beynəlxalq terrorizmə qarşı BMT-nin yaradılmasının 70 illiyi münasibətilə qəbul etdiyi bəyanat olduqca əhəmiyyətlidir. 

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirdi ki, məhdud tərkibli iclasda toplantının gündəliyi və reqlamenti təsdiqlənib, iki mühüm bəyanat - BMT-nin yaradılmasının 70 illiyi və beynəlxalq terrorizmlə mübarizə ilə əlaqədar MDB dövlət başçılarının bəyanatları qəbul edilib. Həmçinin MDB dövlət başçıları Şurasının növbəti iclasının 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.

Sonra Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 30 illiyi ilə bağlı dövlət başçılarının müraciəti müzakirə olundu. Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenkonun məlumatından sonra qəzanın 30 illiyi ilə əlaqədar MDB ölkələrinin birgə müraciətinin dünya ictimaiyyətinə çatdırılması təklif edildi və bununla bağlı qərar qəbul olundu.

Daha sonra iclasda MDB-yə üzv ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurası və Hava Hücumundan Müdafiə Koordinasiya Komitəsinin rəhbərlərinin namizədliyi təsdiqləndi.

MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşdı.

x x x

İclasdan sonra Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adından MDB dövlət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib.

x x x

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 31 oktyabr 2024
16:00
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli...

31 oktyabr 2024, 16:00