İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

12 oktyabr 2015, 12:30
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin  doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin 9 ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.

Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. 

Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək. 

Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. 

Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq.

Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artmışdır. Nəzərə alsaq ki, biz bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Ümumiyyətlə, bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir. Ondan əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Hesab edirəm ki, indiki şəraitdə 3,7 faiz ən gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artmışdır və bu da dediyim kimi aparılan islahatların nəticəsidir.

Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona görə, qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki, bizi həm sevindirir, həm də daha da ruhlandırır. Biz bu yolla getməliyik və sənayenin inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir. Bu barədə bir qədər sonra danışacağıq. 

Bu il “Kənd təsərrüfatı ili” elan edilib. Şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatımız da 6,7 faiz artmışdır. Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində, böyük dönüşə səbəb olmuşdur. 

Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir - 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu da o deməkdir ki, əhalinin real gəlirləri ildən-ilə artır. Baxmayaraq ki, yenə də demək istəyirəm, bu il həm ölkə, həm bölgə üçün ağır il olaraq qalır. 

Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir. 

Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır. 

Hesab edirəm ki, ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem – şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb. 

Onu da qeyd etməliyəm ki, şəffaflıq nəticəsində ünvanlı sosial yardım alanların sayı 16 faiz aşağı düşmüşdür. Çünki heç bir kriteriyaya görə ünvanlı sosial yardım düşməyənlər artıq bunu almırlar. Ancaq doğrudan da ehtiyac içində yaşayanlar bunu alır və onlara daha böyük məbləğ verilir. Bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən yardım göstərilir. Bu, çox yaxşı nəticədir və əminəm ki, gələcək illərdə yoxsulluğun aşağı düşməsi nəticəsində ünvanlı sosial yardıma möhtac olanların sayı daha da azalacaq. Bizim vəzifəmiz, - bunu biz artıq neçə ildir ki, bəyan etmişik, - ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın. Biz bu sosial bəlanı aradan götürməliyik. Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir. Ümumiyyətlə, olmamalıdır və əminəm ki, biz gələcək illərdə buna daha da yaxınlaşacağıq. 

İnfrastruktur sektorunda, infrastruktur layihələrinin icrasında da bu il kifayət qədər böyük işlər görülüb. Təbii ki, bizim gəlirlərimiz neftin qiymətinin aşağı düşməsi nəticəsində azaldığına görə xərclərimiz də azalıb. Biz öz fəaliyyətimizi ancaq daxili resurslar hesabına qururuq. Biz xarici borclanmaya meyilli deyilik. Onsuz da manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici borc 11-12 faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb. On iki faiz də çox gözəl göstəricidir. İnkişaf etmiş ölkələrin bəzilərində bu, 100 faizdən çoxdur. Ancaq biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin. Buna nail olmaq üçün biz gələcəkdə də öz fəaliyyətimizi ancaq daxili imkanlar hesabına qurmalıyıq. Ona görə, biz qazandığımıza müvafiq olaraq xərcləri nəzərdə tutmalıyıq. Ona görə, infrastruktur layihələrinin icrasında imkan daxilində işlər görülüb. Kənd yolları, içməli su, kanalizasiya layihələri, qazlaşdırma ilə bağlı layihələr - bütün bunlar bu il də icra edilib və mənim bölgələrə mütəmadi səfərlərim imkan verir ki, bu gözəl dəyişiklikləri, inkişafı öz gözümlə görüm. 

Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan doğulur və belə olan halda əlbəttə ki, gələcəkdə biz yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görməliyik. Ona görə, bu sahədə də yeni inkişaf strategiyamız müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq. 

Regionlarda yaradılan iş yerləri, əlbəttə ki, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir. Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb. Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir. Əslində bu, təbii bir prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş yerləri açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min daimi iş yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini çıxsaq, 40 minə yaxın yeni iş yeri yaradılıb. Ancaq bununla bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və bilməliyik ki, bu proseslər hansı səbəblər üzündən baş verir. Obyektiv səbəblər də, subyektiv səbəblər də ola bilər. Biz bu gün bu barədə danışacağıq. 

Ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən nəqliyyat sektorudur. Bildiyiniz kimi, son illər ərzində bu sektora bəlkə də bütün infrastruktur layihələri arasında ən böyük vəsait ayrılmışdır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, burada – həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılmalı, həm də tranzit imkanlarımız genişlənməli, bizə daha da böyük həcmdə siyasi və iqtisadi dividentlər gətirməlidir. 

Nəqliyyat sektorunun gələcək inkişafı daha da düşünülmüş şəkildə olmalıdır. Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq. Ona görə, bu, çox ciddi məsələdir. Mən iclasın sonunda bu məsələyə daha da geniş toxunacağam.

Onu qeyd etmək istəyirəm ki, bu il Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün çox əlamətdar hadisələr baş vermişdir. Avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə Azərbaycanın məsuliyyət daşıdığı hissəsi artıq istifadə üçün hazırdır. Bildiyimə görə, Türkiyə ərazisində son işlər aparılır. Verilən məlumata görə, gələn il Türkiyə ərazisində də bu xətt hazır olmalıdır. Belə olan halda bütün müvafiq qurumlar, əlbəttə ki, koordinasiya şəklində işləməlidir və bu xətt bizə çox böyük xeyir gətirəcək. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı çox yaxşı nəticələr var və bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da artıracaq. 

“Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı 9 ayda çox gözəl, önəmli işlər görülmüş, addımlar atılmışdır. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi ölkəmizin təşəbbüsü idi və artıq həm “Şahdəniz-2” yatağının işlənməsi, həm TANAP layihəsinin icrası istiqamətində ciddi praktiki addımlar atılır. Biz çalışırıq və çalışacağıq ki, bu layihə vaxtında icra edilsin. Biz çalışmalıyıq ki, layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan əsas səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, - vaxtında - 2018-ci ildə istifadəyə verilsin.

Digər layihələrdə - “Şahdəniz-2” və TAP layihələrində Azərbaycan əlbəttə ki, səhmdardır, ancaq biz əsas səhmdar deyilik. Ona görə, əsas operator məsuliyyəti başqa qurumların üzərinə düşür. O ki qaldı TANAP layihəsinə, Azərbaycan orada əsas sahibkardır. Ona görə, bizim məsuliyyətimizdə olan bu layihə əminəm ki, vaxtında icra ediləcək. 

Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər.

Ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq. Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk. 

Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir. Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə, onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə onların təxribatları iflasa uğrayır. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik. 

Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik. 

Erməni diktatoru hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. Bəyan edir ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir, müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək. Ona görə, bu, çox qəribə, yumşaq desək, qeyri-adekvat və görünür ki, çox gərgin psixoloji durumda verilən bəyanat həm Ermənistanı işğalçı ölkə kimi ifşa edir, həm də rəhbərliyini biabır edir. Çünki indi hər bir insan danışdığının məsuliyyətini daşımalıdır, xüsusilə böyük vəzifə sahibləri. Ancaq xunta rejimindən bundan artığını gözləmək də çətindir. Çünki Ermənistanın bugünkü hakimiyyəti hərbi canilərdir, Xocalı soyqırımını törədənlərdir. Azərbaycan torpaqlarının işğalında dinc əhaliyə qarşı aparılan etnik təmizləmə siyasətində fəal iştirak edənlərdir. Onlardan bundan artığını gözləmək mümkün deyil. Ancaq o da həqiqətdir ki, bu gün Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib. Ermənistan xalqı da artıq buna dözə bilmir, bu kriminal, korrupsioner rejimdən bezib. Ermənistandan köç gedir. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirirlər, Azərbaycana gəlirlər. Görün bu rejim nə dərəcədə azğınlaşıb, əhaliyə qarşı nə qədər çirkin əməllər görür ki, hətta bu gün Azərbaycana Ermənistandan insanlar köçür və burada rahat yaşayır. Çünki Azərbaycanda nəinki milli, dini zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz. 

Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıbdır. Regional təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan sabitləşdirici amildir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. İqtisadi və hərbi potensialımız bizim gücümüzü daha da artırır və biz bu gün təmas xəttində vəziyyətə nəzarət edirik. Getdikcə bizim gücümüz artacaq, Ermənistan daha da zəifləyəcək. Çünki inkişaf üçün Ermənistanda heç bir imkan yoxdur. Heç bir obyektiv amil yoxdur ki, Ermənistan bu diktatura rejimi altında inkişaf etsin. 

Biz isə öz yolumuzla gedəcəyik. Biz ilin sonuna qədər bütün vəzifələri icra edəcəyik. Gələn ili də əminəm ki, uğurla başa vuracağıq.

x x x

İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

2015-ci ilin 9 ayında Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının yekunları göstərir ki, regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, ölkə iqtisadiyyatının inkişaf dinamikası davam edir. 

Enerji bazarındakı əlverişsiz konyunktur, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın əsas ticarət partnyorlarının milli valyutalarının ucuzlaşması, Yaxın Şərqdə gərginliyin artması, eləcə də dünya maliyyə bazarlarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab oluna bilər. Ölkəmizin bu çağırışlara hazır olması, iqtisadiyyatın mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.

Təsadüfi deyil ki, bir neçə gün öncə dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, “G-20”yə üzv olan 8 ölkəni qabaqlamış, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu “sabit” saxlamışdır. Bu günlərdə, həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir. 

Hesabat dövründə ümumi daxili məhsul 3.7 faiz artmışdır. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6.4 faiz olmuş, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunmuşdur. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68.8 faizə çatmışdır. Sənaye 2.1 faiz, o cümlədən qeyri-neft sənayesi 10.2 faiz, kənd təsərrüfatı 6.7 faiz, informasiya və rabitə xidmətləri 8.8 faiz, pərakəndə ticarət 11.4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6.2 faiz artmış, inflyasiya 3.7 faiz təşkil etmişdir.

Əhalinin gəlirlərində artım meyilləri davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz, hər nəfərə düşən gəlirlər 4.5 faiz artmışdır. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4.4 faiz artaraq 460 manata yüksəlmiş, 87 min yeni iş yeri açılmışdır. Bütün sosial proqramlar uğurla yerinə yetirilmişdir.

Doqquz ayda dövlət büdcəsinin mədaxili 12.1 milyard manat və ya proqnozun 99,6 faizi, xərcləri isə 11.7 milyard manat və ya proqnozun 74,3 faizi səviyyəsində olmuşdur. Daxilolmaların 68,4 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur.

Bu müddətdə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11.8 milyard manat əsas kapitala investisiya yönəldilmişdir. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilmişdir. 

Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir. 

Bu ilin 8 ayında ölkənin xarici ticarəti müsbət saldo ilə yekunlaşmış, qeyri-neft ixracı 8.7 faiz artmışdır. İxrac imkanlarının artırılması məqsədilə Aktau şəhərində logistik mərkəzin inşası başa çatdırılmışdır.

Möhtərəm cənab Prezident! Sənayeləşmə siyasəti çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq, 9 ayda müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmışdır və dörd rezident tərəfindən 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti “Azərtexnoline” şirkəti cari ildə dəyəri 45 milyon dollar olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalamışdır. Balaxanı Sənaye Parkında isə xarici infrastrukturun qurulması əsasən başa çatdırılmışdır və 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

Qaradağ Sənaye Parkının yaradılması istiqamətində işlər davam etdirilir və gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə əlavə stimullaşdırıcı tədbirlər barədə təkliflər təqdim olunmuşdur. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilmişdir və hazırda dəyəri 404 milyon dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır.

Cənab Prezident! Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sənədləşmə və layihələndirmə işləri başa çatdırılaraq tikinti işlərinə başlanılmış, artıq məhəllədə həyata keçirilməsi üçün sahibkarlar tərəfindən 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilmişdir. İlkin mərhələdə şirkətlər tərəfindən məhəllədə 7 layihə üzrə 15 milyon manatdan çox investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı planlaşdırılır.

Hesabat dövründə tikinti materialları, metalkonstruksiyalar, elektrotexniki avadanlıqlar, tekstil və digər sənaye məhsullarının istehsalı üzrə 200-dən çox müəssisə və obyekt istifadəyə verilmiş, bir sıra əsas tikinti materialları üzrə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşmışdır. 

Möhtərəm cənab Prezident! Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olmuşdur. 

Tapşırığınıza uyğun olaraq, hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması əsasən başa çatmışdır və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında aqroparklarda birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaqdır. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır.

Cənab Prezident! Məhz Sizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəlməsinə daim göstərdiyiniz diqqətin və şəxsi töhfənizin nəticəsidir ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda ölkəmizin mühüm irəliləyişlərinə görə Siz 2015-ci il üzrə BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif olunmusunuz.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 9 ay ərzində 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır. Hesabat dövründə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, qəsəbədaxili yolların salınması işləri davam etdirilir.

Eyni zamanda, hesabat dövründə 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 60-a yaxın sosial obyektdə işlər davam etdirilmişdir. Abşeron yarımadasında 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihələr hazırlanmış, Böyükşor gölünün ekoloji bərpasının birinci mərhələsi başa çatdırılmışdır. Zığ gölünün bərpası üzrə isə işlər həyata keçirilir.

Möhtərəm cənab Prezident! 

“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınıza və cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda verdiyiniz tapşırıqlara uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilmişdir. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Cənab Prezident, cari ilin altı ayının yekunlarına həsr olunmuş iclasda dərman vasitələri bazarının tənzimlənməsi barədə verdiyiniz tapşırığın icrası olaraq, bir sıra qabaqcıl ölkələrin təcrübəsi əsasında təkmilləşdirilmiş metodologiya hazırlanmış və 2200-dək, yəni dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 25 faizdən çoxunun qiyməti təsdiq edilmişdir. Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların qiyməti əvvəlki qiymətlərlə müqayisədə endirilmişdir.

Dərmanların üzərində qiymətlərin göstərilməsi, internet resurslarında və KİV-lərdə yerləşdirilməsi qiymət intizamına ictimai nəzarəti təmin etməklə yanaşı, vətəndaşa dərmanları bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan verir və süni qiymət artımının qarşısı alınır. 

İslahat vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq, dövlət büdcəsinin xərcləri azalacaq, bu sahədə sığorta sisteminin inkişafına töhfə verəcəkdir. Proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv davam etdirilir.

Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyiniz tapşırığın icrasını təmin etmək məqsədilə bütün beynəlxalq uçuşlar üzrə ekonom xidmət sinfinin tarifləri 2015-ci il avqustun 1-dən 20-30 faizədək aşağı salınmış, təyyarələrdə ən ucuz yerlərin sayı 30 faizədək artırılmış, tələbat çox olan istiqamətlər üzrə aşağı büdcəli reyslərin təşkilinə başlanılmışdır. Hazırda AZAL-ın fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə müvafiq işlər aparılır.

Möhtərəm cənab Prezident! Böyük sosial əhəmiyyət kəsb edən mənzil-kommunal təsərrüfatı sahəsində bazar iqtisadiyyatı prinsiplərinə uyğun islahatların aparılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni münasibətlərin təbliği, əhalinin mənzil idarəçiliyində yaxından iştirakı və digər tədbirlər davam etdirilir. Artıq Bakı şəhərində Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, mənzil mülkiyyətçilərinin cəmiyyətləri təsis olunur, onlardan 13-ü dövlət qeydiyyatına alınmışdır.

Ötən müddətdə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və əsassız qiymət artımının qarşısının alınması məqsədilə intensiv monitorinqlər aparılmış, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılması, istehlakçıların qiymətdə və çəkidə aldadılması halları aşkar edilərək, pozuntuya yol verən şəxslər haqqında qanuna müvafiq tədbirlər görülmüşdür.

Möhtərəm cənab Prezident! Bu gün dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafı, bütün sosial proqramların davam etdirilməsi ulu öndər Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan və müasir çağırışlara cavab verən siyasətinizin alternativsiz olduğunu bir daha göstərir və sözsüz ki, bu siyasət qarşıdakı illərdə də ölkəmizin iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən qoruyacaq, onun davamlı inkişafını təmin edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

 Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində hətta bütün dünya üçün çətin il olan 2015-ci ildə də ölkəmiz inkişaf edir, insanların sağlamlığı yenə də diqqət mərkəzində saxlanılır.

Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 10 ildə Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə bu ilin 9 ayı ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən onların üçündə – Mingəçevir, Göyçay və Ucar mərkəzi xəstəxanalarının açılışında dövlətimizin başçısı şəxsən iştirak edib və öz xeyir-duasını verib. 

Hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrinin tikintisi davam etdirilir. Ümumiyyətlə, indi artıq əminliklə deyə bilərik ki, ölkəmizin səhiyyə ocaqlarında yüksək səviyyəli tibbi xidmət üçün hər bir şərait yaradılıb.

Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. Onların nə dərəcədə vacib olduğunu təkcə bir neçə rəqəmlə göstərmək olar. 200 mindən çox şəkərli diabet xəstəsi illər boyu, daim dövlət hesabına bütün lazımi dərmanları alır. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə verilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

Vaxtilə insanlara həm tibbi, həm də maddi cəhətdən çox böyük problem yaradan B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə uzunmüddətli müalicə kursu alır.

Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə illər boyu daimi müalicə qəbul edir. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır və faktiki olaraq məhz buna görə ildən-ilə belə xəstələrin sayı artır. Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı yerdə alır.

Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Bu isə əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı olunmuş 653 nəfər var və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb.

Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 11 nəfərə qaraciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Bu isə hər şeydən əlavə, uşaq ölümünün də azaldılması deməkdir.

Dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər var. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi ölüm təhlükəsi ilə qarşılaşan belə xəstələrə, əsasən də uşaqlara həyatlarını davam etdirmək imkanı yaradıb. 2015-ci ildə bu səhiyyə ocağına 15 mindən çox müraciət olub. Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. Bu gün biz fəxrlə deyə bilərik ki, indi Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Artıq Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb.

Cənab Prezidentin təşəbbüsü ilə qəbul olunan daha bir Qanun talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Ötən 4 ay ərzində artıq 52 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında başqa xəstəliklərlə yanaşı, 3730 nəfər talassemiya daşıyıcısı aşkar edilib. Nikaha daxil olanların müayinəsi həm xəstəliklərlə mübarizə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır.

Ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olaraq yeni diridoğulma meyarları qəbul edilib. Bu gün Azərbaycan səhiyyəsinin inkişafı bizə imkan verir ki, vaxtından xeyli tez, hətta 600 qram çəki ilə doğulan körpələrin də həyatı uğrunda mübarizə aparaq. Bir neçə il əvvəl hər belə körpənin xilası bir möcüzə kimi qiymətləndirilirdi. İndi isə ilin əvvəlindən ekstremal az çəkili, yəni 1000 qramdan az çəki ilə doğulmuş 202 yenidoğulmuşdan 80-nini xilas etmək mümkün olub, bu isə çox yüksək göstəricidir.

Möhtərəm cənab Prezident!

Siz əhalinin sağlamlığının qayğısına qalaraq tövsiyə etmisiniz ki, hər bir Azərbaycan vətəndaşı ildə bir dəfə müayinələrdən keçsin. Bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif müayinələrə cəlb olunub. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəyə cəlb edilməsi əhalinin sağlamlıq göstəricilərinə tezliklə müsbət təsirini göstərəcək.

Səhiyyə xidmətlərinin keyfiyyəti həkimlərin bilik və savadından çox asılıdır. Ulu öndər Heydər Əliyev kadr hazırlığına böyük əhəmiyyət verirdi. Məhz onun uzaqgörənliyi və nüfuzu sayəsində keçən əsrin 80-ci illərində yüzlərlə gənc keçmiş SSRİ-nin ən qabaqcıl ali tibb təhsili müəssisələrinə oxumağa, ixtisas qazanmağa göndərilmişdi. Yüksək ixtisaslı tibb kadrları hazırlayan belə ali məktəblərdən biri də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti idi. Bu gün isə dövlətimizin başçısının səyləri, Azərbaycanın dünyada artan nüfuzu sayəsində həmin ali məktəb özünün ilk və yeganə filialını məhz Bakıda açır. Açılış mərasimində çıxış edən həmin universitetin məzunu və fəxri professoru Mehriban Əliyevanın da vurğuladığı kimi, Seçenov Universitetinin Bakı filialı ölkəmizdə yüksək ixtisaslı tibb kadrlarının hazırlığında əhəmiyyətli rol oynayacaq.

Vətəndaşların səhiyyə ilə bağlı müraciətləri adətən təcili həll olunmalıdır. Bunu nəzərə alaraq, keçən ilin sonunda Elektron Səhiyyə Mərkəzi istifadəyə verilib. Vaxtilə vətəndaşlar ərizə ilə, məktubla Nazirliyə müraciət edib, xeyli gözləməli olurdular. İndi isə bir növ Səhiyyə Nazirliyinin “Asan xidmət”i funksiyasını yerinə yetirən bu Mərkəz onların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir. Doqquz ay ərzində Elektron Səhiyyə Mərkəzinə 22 min insan müraciət edib, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunub.

Dərmanların əsassız qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər proqramı hazırlanıb və tətbiq olunur. Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satılan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlərin keçilməsi daxildir. Bu günə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini təsdiqləyib və onların da qiyməti aşağı salınıb. Möhtərəm cənab Prezident, Sizin təşəbbüsünüzlə atılan bu addım əhali arasında böyük əks-səda doğurub. Bu, həqiqətən də çox ciddi sosial təşəbbüsdür və hər bir insanın gündəlik problemlərinin həllinə yönəldilmiş addımdır.

Bu ilin ən mühüm hadisəsi hamımızın hələ də təəssüratı altında olduğumuz “Bakı–2015” birinci Avropa Oyunları oldu. Qitə tarixində ilk belə möhtəşəm idman bayramında digər sahələrlə yanaşı, Azərbaycanın səhiyyə xidmətinin, tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşürdü. Avropa Oyunlarına tibb xidməti göstərmək üçün 900-ə yaxın yerli mütəxəssis cəlb olunmuşdu. Olimpiya şəhərciyində, Bakı və Mingəçevirdəki bütün idman komplekslərində tibb məntəqələri yaradılmışdı. Oyunlar müddətində müxtəlif sağlamlıq problemləri ilə 6381 müraciət olmuş və lazımi tibbi yardım göstərilmişdi. Beynəlxalq mütəxəssislər bu tədbir dövründə tibb xidmətinin təşkilini yüksək qiymətləndirdilər. Tibbi xidmətin səviyyəsi, keyfiyyəti ilə bağlı heç bir irad, nöqsan qeyd olunmadı.

Azərbaycan səhiyyəsi cənab Prezident İlham Əliyevin diqqət və qayğısını həmişə öz üzərində hiss edir. Yeni tikilmiş, ən müasir avadanlıqla təchiz olunmuş tibb ocaqlarında hər il milyonlarla insan məhz bu qayğı sayəsində sağlam həyata qayıdır.

Dövlətimizin başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər.

Diqqətinizə görə minnətdaram.

X X X

 İclasda çıxış edən təhsil naziri Mikayıl CABBAROV dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli toplantı iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun Sizin tərəfinizdən inamla davam etdirilməsi nəticəsində son illərdə dünyada baş verən dərin siyasi və iqtisadi böhranlara baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi inkişaf göstəriciləri qorunub saxlanılmış, əhalinin ümumi rifah halı yaxşılaşmışdır.

Hesabat dövründə təhsil sistemində də bir sıra yeniliklər baş vermiş, Sizin sayənizdə təhsilimizin gələcəyinə nikbin baxmağa yeni imkanlar və əlverişli şərait yaranmışdır.

XXI əsr “bilik iqtisadiyyatı” əsri adlandırılır. Yaşadığımız dövrdə yüksək dəyərə malik yeni məhsulların yaradılması üçün həlledici amil olan insan kapitalının inkişafı ön plana çəkilir. Ölkələr arasında rəqabət təbii resurslara sahib olmaq üzərindən tədricən bilikli və səriştəli insan resurslarına malik olmaq sferasına keçir. Bu reallıq təhsil sisteminin kökündən dəyişdirilməsi, onun qarşısında yeni məqsədlərin qoyulması, onlara nail olunması üçün səmərəli vasitə və mexanizmlərin tapılması kimi vəzifələri müəyyənləşdirir. 

2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

Bunlardan biri müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsidir. Heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Yüksək ictimai status daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Bu baxımdan, cənab Prezident, Sizin siyasi iradənizlə mürəkkəb iqtisadi şəraitdə “Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” imzalanan Sərəncam ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım olmuşdur. Sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır. 

Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşmışdır. Eyni zamanda, Bakı şəhərində müəllimlərin həftəlik orta dərs yükü artırılmış və şagird-müəllim nisbətində də əsaslı irəliləyişə nail olunmuşdur. Bu göstərici 2012/2013-cü tədris ili ilə müqayisədə, 2014/2015-ci tədris ilində 10:1-dən 12:1 nisbətinə qədər yüksəlmişdir.

Diaqnostik qiymətləndirmə, həmçinin hər bir müəllimin zəif və güclü tərəflərini müəyyənləşdirməyə, ixtisasartırma təlimlərinin ehtiyaclarını dəqiqləşdirməyə imkan yaratmışdır. Ünvanlı prinsiplə təşkil olunmuş təlimlərə cəlb edilmiş müəllimlərin 78 faizi yekunda öz göstəricilərini xeyli yaxşılaşdırmağa müvəffəq olmuşdur. 

Cənab Prezident, Sizin dəstəyinizlə cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır. Bu layihə Maliyyə Nazirliyi ilə sıx əlaqələndirilir. Beləliklə, bir il müddətində ölkə üzrə məktəb müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaqdır. 

Müəllim peşəsinə savadlı abituriyentlərin marağını artırmaq üçün yüksək bal toplayan tələbələr üçün xüsusi layihə həyata keçirilir və bu tədbirlər qısa zaman kəsiyində öz müsbət nəticələrini vermişdir. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olmuşdur. Əgər bir il bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal toplamışdısa, bu il onların sayı 10 dəfə artaraq 188 nəfərə çatmışdır.

Bu il müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunmuşdur. 

Son 3 ildə icbari təhsilin keyfiyyəti davamlı olaraq yaxşılaşır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 64 faizədək artmışdır. Bununla belə, 14 rayonda hələ də məzunların yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət almışdır. Bu bölgələrdə ciddi tədbirlərə və xüsusi proqramlara ehtiyac vardır.

İlk dəfə ötən tədris ilində XI siniflərin buraxılış imtahanlara xarici dil əlavə olunmuşdur. Bu qərar nəticəsində gənclərimizin xarici dillərə yiyələnməsi yaxşılaşacaq, müasir elmi və texniki nailiyyətlərə çıxışı asanlaşacaq, ölkədə iqtisadi məhsuldarlıq artacaq və innovasiyaların geniş tətbiqinə nail olunacaqdır. 

Təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədi ilə ölkənin pilot olaraq seçilmiş 58 məktəbində 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfi açılmışdır. Həmin məktəblərdə ixtisas seçimini etmiş şagirdlərə qeyri-profilli fənlərin dərs saatlarının azalması hesabına seçdikləri istiqamət üzrə daha dərin biliklər veriləcəkdir. 

Möhtərəm cənab Prezident!

Bakıdakı 148 nömrəli məktəbdə Bilik günündə müəllim və şagirdlər qarşısında etdiyiniz proqram xarakterli çıxışda gənc nəslin tərbiyəsi, onların milli-mənəvi ruhda böyüməsi, yad təsirlərdən və zərərli təbliğatdan qorunması barədə verdiyiniz tapşırıq və tövsiyələr bizim üçün yol xəritəsi rolunu oynayır. Məlumat vermək istəyirəm ki, 2013-2014-cü tədris ilindən başlayaraq ölkənin bütün məktəblərində ilk dərs vətənpərvərlik mövzusuna həsr olunur. 2015-2016-cı dərs ilində isə məktəblərdə birinci dərslər ilk Avropa Oyunlarının keçirilməsinin, Azərbaycan idmançılarının qazandığı tarixi qələbələrin uşaq və gənclərdə milli iftixar hissinin güclənməsinə əhəmiyyətli təsiri nəzərə alınaraq həmin Oyunlara həsr edilmişdir. 

Məktəblərimizdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə də xüsusi önəm verilir. 50 məktəbdə Gənclərin çağırışaqədərki hərbi hazırlıq otaqları təmir edilmiş, müvafiq tədris silah və sursatları ilə təchiz olunmuşdur. Şagirdlərin ordu həyatı ilə daha yaxından tanış olmalarını təmin etmək üçün Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə sıx əməkdaşlıq qurulmuş, hərbi hissələrə şagirdlərin mütəmadi səfərləri təşkil edilmişdir. 

İstedadlı şagirdlərin aşkar olunmasında və onların potensialının inkişaf etdirilməsində fənn olimpiadaları və bilik yarışları müstəsna rol oynayır. Bu il rekord sayda - 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılmışdır. Qaliblər arasından ölkəmizi təmsil edəcək komandalar formalaşmış, onlar üçün təlimlər təşkil olunmuşdur. Bunun nəticəsində məktəblilərimiz bu il dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanmışlar.

Artıq paytaxtımız beynəlxalq bilik yarışlarına da ev sahibliyi edir. Bu il dünyanın 80 ölkəsindən 300 məktəblinin iştirak etdiyi 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakı şəhərində keçirilmişdir. 2019-cu ildə Bakı Beynəlxalq İnformatika Olimpiadasını qəbul edəcəkdir.

Keçən tədris ilindən Bakı şəhərinin 88 ümumtəhsil məktəbində 5 yaşlı uşaqlar üçün özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən məktəbəhazırlıq qrupları açılmışdır. Həmin qruplarda bu il birinci sinfə getmiş 3 minə yaxın uşaq təhsil almışdır. Cari tədris ilində həmin şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. Məktəbəqədər hazırlıq şagird nailiyyətlərinə ən böyük təsir edən amillərdən biridir. 

Azərbaycanda yaşanan müsbət demoqrafik vəziyyət nəticəsində növbəti 5 il ərzində ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30 faiz artacaqdır. Bu isə öz növbəsində təhsil sisteminin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaları qaçılmaz edir. 

Ümumi təhsildə əldə olunmuş uğurlar ali məktəblərə qəbul planında müəyyənləşdirilmiş minimal keçid balını son illərdə ilk dəfə olaraq aşağı salmamaq barədə qərar qəbul olunmasını mümkün etmişdir. Bununla belə, qəbul olunanların sayı keçən illə müqayisədə, demək olar, eyni olmuş, abituriyentlərin orta balı 11 faiz artmış, cari ilin məzunlarının orta balı isə əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal təşkil etmişdir. 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8 faiz təşkil edirdisə, bu il həmin göstərici 7,6 faiz olmuşdur. 

Ali təhsil sistemində institusional dəyişikliklər davam etdirilmiş, beynəlxalq tələblərə uyğun məzmunca yeni təhsil proqramlarının hazırlanması işinə başlanılmışdır. Ölkənin ali təhsil şəbəkəsinin təkmilləşdirilməsi və müəllim hazırlığı işinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun 3 filialı ləğv edilmiş, həmçinin keyfiyyətli təhsil verilməsində rəqabətə davam gətirə bilməyən özəl universitetlərin də fəaliyyətinin dayandırılması prosesi davam etmişdir.

Cənab Prezident, Sizin Sərəncamınızla regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədi ilə Mingəçevir Dövlət Universiteti yaradılmış və cari tədris ilindən fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasında tibb təhsilinin inkişaf etdirilməsi məqsədi ilə 2015-ci il 15 may tarixli Sərəncamınızla Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılmışdır. Sizin tapşırığınızla filialın tədris binası qısa müddətdə təmir olunaraq və müasir tədris avadanlıqlarla təchiz edilərək sentyabr ayından dərs prosesi üçün hazır vəziyyətinə gətirilmişdir. Hazırda burada 100 nəfər azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alır.

Ölkənin ali təhsil sistemində yeni mühitin yaranmasına xidmət edən SABAH layihəsi hesabat dövründə fəaliyyətini uğurla davam etdirmiş, cari ildən bu qruplarda təhsil alan tələbələrin sayı 1632-ə çatmışdır. 

Cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaqdır. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaqdır.

Möhtərəm cənab Prezident!

İdeya müəllifi olduğunuz "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" üzrə cari ildə 373 nəfər, ümumilikdə isə Proqramın qüvvədə olduğu 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır. Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olmuşdur. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir. Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Məzunların işlə təminatı sahəsində təcrübə və karyera layihəsi icra olunur. Layihə çərçivəsində məzunlar bir neçə dövlət və özəl qurumlarda təcrübə keçməyə başlamışlar. 

Proqramın cari ildə başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanmış və hazırda razılaşdırma mərhələsindədir. Yeni proqramda əvvəlki Dövlət Proqramının əhatə dairəsi genişləndirilmiş, əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində tədrisə cəlb edilməsi, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunmuşdur. 

Cari ilin 9 ayında Təhsil Nazirliyi tərəfindən 6 məktəb binası tikilib istifadəyə verilmiş, 2 kollec, 1 ali təhsil müəssisəsinin tədris korpusları əsaslı təmir edilmiş, 27 təhsil müəssisəsində isə əsaslı tikinti və təmir işləri davam etməkdədir.

Cənab Prezident, regionlarda məktəblərin istilik məqsədləri üçün qazla təminatında bəzi problemlər qalmaqdadır. Bununla bağlı tərəfimizdən aidiyyəti qurumlar qarşısında bir neçə dəfə məsələ qaldırılmış, lakin yerli büdcələrdə vəsait çatışmazlığı səbəbindən problem həll olunmamış qalmışdır. Yerləşdikləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə baxmayaraq, qaz sayğaclarının olmaması ucbatından 128 təhsil müəssisəsinin qazanxanasına qaz xəttinin çəkilməməsi səbəbindən 79 məktəb istiliklə təmin olunmamışdır. Nəticədə əziyyət çəkən uşaqlar olur. Müşahidələr göstərir ki, kənd yerlərində qış aylarında təhsildən yayınma hallarının əsas səbəblərindən biri istilik təchizatının dayanıqlı olmaması ilə bağlıdır. 

“Bakı-2015” Birinci Avropa Oyunları qürurverici və möhtəşəm hadisə kimi xalqımızın yaddaşında və milli dövlətçilik tarixində əbədi olaraq qalacaqdır. Fəxri kürsüyə yüksəlmiş idmançılarımızla yanaşı, 17 min tələbə könüllünün əməyi və fədakarlığı, cənab Prezident, Sizin və Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva tərəfindən dəfələrlə xüsusilə vurğulanmış, onların vətəndaşlıq mövqeyi nümunə kimi göstərilmişdir. 

Təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. Bu iş iki istiqamətdə - birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır. Belə ki, cari ilin 9 ayının yekunu üzrə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilmiş, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilmişdir.

Lakin korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında daha səmərəli və effektiv üsul sistemli yanaşmanın tətbiqidir. Məsələn, Təhsil Nazirliyi tərəfindən müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdikləri diplomların elektron bazasının yaradılması və bu qəbildən olan digər tədbirlər həyata keçirilir.

Təhsil Nazirliyi, əlavə ştatlar tələb olunmadan daxili ixtisarlar hesabına peşə təhsili sisteminin yenidən qurulması və işəgötürənlərin tələblərinə cavab verən, əmək bazarında dəyişən şəraitə çevik və adekvat təklif verməyə qadir ilk-peşə ixtisas proqramlarının işlənib hazırlanması üçün Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifini irəli sürmüşdür. Hesab edirik ki, gənclərin tələbat olan işçi ixtisaslarına yiyələnməsi üçün yeni mexanizmlər axtarılıb tapılmalıdır. Bununla yanaşı, ümumi təhsil müəssisələrində IX sinfin yekununda yüksək akademik nailiyyətlər əldə etməyən şagirdlər üçün peşəyönümlü siniflərin yaradılması konsepsiyası üzərində işə başlanılmışdır.

Möhtərəm cənab Prezident! 

Bir neçə gün əvvəl Sərəncamınızla Müəllimlər Günü münasibətilə bir sıra təhsil işçisini fəxri adlara və dövlət təltiflərinə layiq gördünüz. İcazə verin, çoxminli təhsil kollektivi adından göstərdiyiniz diqqət və etimada görə Sizə dərin təşəkkürümü bildirim.

Diqqətinizə görə təşəkkür edirəm!

X  X  X

Dövlətimizin başçısı iclasda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

- İlin sonuna iki ay yarım vaxt qalır. Əminəm ki, ilin sonuna qədər görüləsi bütün işlər icra olunacaq və biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq. 

Makroiqtisadi sabitliyin qorunması gələn il də prioritet olaraq qalacaq. Çünki bu, çox vacib sahədir. Hər bir ölkənin makroiqtisadi sabitliyi əsas şərtdir. 

İslahatlar daha da dərinləşməlidir. İqtisadi islahatlar nəticəsində artıq böyük işlər görülüb. Bunu beynəlxalq qurumlar da qeyd edir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı yenə də çox yüksək pilləyə layiq gördü. Ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 40-cı yerdədir. MDB məkanında yenə də birinci yerdədir və bu, əslində görülən işlərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, iqtisadi islahatları daha da dərinləşdirək və iqtisadiyyatı liberallaşdırmaq üçün əlavə tədbirlər görək. 

“Fitch” reytinq agentliyinin də yüksək qiyməti bizi sevindirir. Bu, ədalətli yanaşmadır. Azərbaycanda görülən işlərin nəticəsidir ki, “Fitch”, - baxmayaraq, bölgədə iqtisadi-maliyyə böhranı davam edir və dərinləşir, - Azərbaycana iqtisadi sahədə 3B investisiya reytinqini vermişdir. 3B reytinqi çox yüksək nəticədir. Ancaq biz çalışmalıyıq ki, daha da yüksək reytinqlərə nail olaq. Hesab edirəm ki, görüləcək əlavə tədbirlər nəticəsində biz buna da nail olacağıq. 

Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilmişdir. Bununla bərabər, vacib olan bütün layihələrə kifayət qədər vəsait ayrılacaq.

Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.

Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ ki, tam oturuşmayıb.

Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir.

Mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmalıdır. Bu praktika bizdə var. Biz bu praktikanı yerli istehsalı stimullaşdırmaq, yeni müəssisələrin yaradılması və xaricdən gətirilən avadanlıqları burada quraşdırmaq üçün tətbiq etmişik. Hesab edirəm ki, bu işlərə artıq yenidən baxılmalıdır. İxracyönümlü qeyri-neft sektorunun inkişafı o cümlədən vergi mexanizmləri vasitəsilə stimullaşdırılmalıdır.

Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, “ASAN xidmət”in təcrübəsi geniş tətbiq edilməlidir. 

“ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan qısa müddət ərzində “ASAN xidmət”ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən xidmətlərdən razıdır. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. “ASAN xidmət”də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. “ASAN xidmət”in praktikası bütün yerlərdə tətbiq edilməlidir və “ASAN xidmət”in funksiyaları genişləndirilməlidir. Bu il də biz “ASAN xidmət”ə yeni funksiyalar vermişik, məhz o funksiyaları ki, ən çox korrupsiyaya uğramış sahələrə aid idi. Ona görə, burada mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı xidmətləri, hansı funksiyaları biz “ASAN xidmət”ə əlavə olaraq verməliyik. Bir daha demək istəyirəm ki, bütün başqa qurumlar da bu praktikanı tətbiq etməlidirlər. 

Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır.

Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri demək olar başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə, biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var. 

Biz isə çalışmalıyıq ki, xarici investisiyaları qeyri-neft sektoruna cəlb edək. Bu günə qədər xarici sərmayədarlar daha çox neft-qaz sektoruna maraq göstəriblər. Bu da təbiidir, çünki orada daha da böyük qazanc əldə edirlər. Amma bizim siyasətimiz ondan ibarətdir ki, əlbəttə, neft-qaz sektoruna da xarici sərmayə qoyulmalıdır və qoyulur. Nəzərə alsaq ki, indi “Cənub” qaz dəhlizi icra edilir, - əlbəttə, bu, böyük vəsait tələb edir, - ancaq bizim əsas prioritetimiz xarici sərmayəni qeyri-neft sektoruna cəlb etməkdir. Hesab edirəm ki, burada bütün qurumlar daha da fəal işləməlidirlər. Həm təqdimatlar keçirilməlidir, - əlbəttə, biznes forumlar keçirilir, biz xarici investorları maraqlandırırıq, - eyni zamanda, Azərbaycanda biznes mühiti yaxşılaşdırılmalıdır. Bunun üçün əlavə tədbirlər görülməlidir və mən hökumətdən təkliflər gözləyirəm ki, biznes mühitini biz hansı yollarla yaxşılaşdıra bilək. 

Qeyd etməliyəm ki, Azərbaycanda aparılan islahatlara beynəlxalq maliyyə qurumları, mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymət verilir. Əslində, bugünkü Azərbaycan reallıqları bunu göstərir. Belə çətin geosiyasi vəziyyətdə - həm siyasi, həm iqtisadi - maliyyə böhranının mövcudluğu şəraitində biz iqtisadiyyatımızı inkişaf etdiririk. Ancaq mən istəyirəm ki, inkişaf daha da sürətli olsun. İnkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülsün. Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və rüşvətxorluqla bağlıdır. Ona görə, korrupsiya, rüşvətxorluq sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim iqtisadiyyatımıza çox böyük əngəldir, maneədir. Ona görə, biznes mühitinin yaxşılaşdırılması prioritet məsələ kimi qeyd edilməlidir. 

Bununla bərabər, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə də böyük ehtiyac var, bu sahəyə yenidən baxmalıyıq. İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vaxt var idi bizim iqtisadi artım ildə 20-30 faiz təşkil edirdi. Bu, əlbəttə ki, neft hasilatının kəskin şəkildə artması və neft qiymətlərinin qalxması ilə bağlı idi. İndi o dövr arxada qaldı. İndi neft hasilatı Azərbaycanda sabitləşib və əminəm ki, uzun illər bundan sonra sabit olaraq qalacaqdır. Əlbəttə ki, biz indi böyük qaz layihəsi üzərində işləyirik. Bu da bizə əlavə gəlir gətirəcək. Bununla bərabər, hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir. 

Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Qeyd etdiyim kimi, artıq ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir. Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzləşirik. Bu da yəqin ki, təbiidir, çünki bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Bununla bərabər, son illər ərzində biz daha çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxaldan asılılığı azaltmağa çalışmışıq və demək olar ki, buna nail oluruq. Ona görə, bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun və biz ixracyönümlü siyasət aparmalıyıq. 

Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq. 

Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər.

Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq.

İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam! 

Bu il “Kənd təsərrüfatı ili”dir. Qeyd etdiyim kimi, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Burada artıq qeyd edildi ki, 30 iri fermer təsərrüfatı yaradılmışdır, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılmışdır. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir. Nəzərə alsaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Bu da rekord göstəricidir. Ona görə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının – Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir. 

Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır. Qeyd etdiyim kimi, Azərbaycanda qeyri-neft sənayesi 10,2 faiz artmışdır. Texnoparklar salınır. Bu da öz səmərəsini verir. Sumqayıt Kimya Sənaye Parkında 1 milyard dollar dəyərində sərmayə qoyuluşu gözlənilir. Artıq işlər başlayıb. Bizim bütün rayonlarımızda xüsusi sənaye zonaları yaradılmalıdır. Artıq pilot layihəsi həyata keçirilir, əminəm ki, uğurlu olacaq. 

İnfrastruktur layihələrinin davam etdirilməsi nəzərdə tutulur. Kənd yolları, qazlaşdırma, içməli su layihələri - bütün rayonlarda bu proseslər geniş vüsət almışdır. Ceyranbatan su anbarında yeni təmizləyici qurğunun artıq istismarı gözlənilir. Bu da çox böyük layihədir. Bir neçə il bundan əvvəl mənim iştirakımla o layihənin təməl daşı qoyulmuşdur. Bu gün artıq demək olar ki, bu layihə hazırdır. Bakını təmiz, içməli su ilə təmin etmək üçün bu layihənin əvəzsiz rolu olacaqdır. Eyni zamanda, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası – bu, daim diqqət mərkəzindədir. Gələn ilin dövlət investisiya proqramında bu layihələr nəzərdə tutulmalıdır. 

Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb. Əvvəlki illərdə bu, daha çox biznes sahəsi kimi qəbul edilirdi. Yəni ki, bazar var, tələbat var, təklif var. Bazar hər şeyi tənzimləyir. Ancaq bu məsələ ilə bağlı dərindən məşğul olmağa başlayanda gördük ki, burada çox böyük pozuntular var. 

Bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir. İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir. Sentyabrın 15-dən artıq insanlar bunu hiss etməyə başlayıblar. İlin sonuna qədər artıq əksər dərman preparatlarının yeni qiymətləri olacaqdır. Dərmanların keyfiyyətinə də çox böyük diqqət göstərilir. Dərmanların qiyməti aşağı düşür və düşəcək. Bu da ilk növbədə çox ciddi sosial addımdır. Digər tərəfdən, bu, o sahədir ki, orada işlər düzgün qurulmamışdır. Elə sahələr kifayət qədər çoxdur. Ona görə, hər bir sahə təhlil edilməlidir. Harada qüsurlar, çatışmayan cəhətlər var aradan qaldırılmalıdır. Dərman preparatları bazarı ilə bağlı demək olar ki, bir ilə yaxın çox ciddi iş, təhlil aparılırdı və artıq gözəl nəticə də var. İnsanlar da razıdır. Dövlət də indi bu sahəni öz nəzarətinə götürüb. Əminəm ki, idxal olunan dərmanlardan əldə ediləcək vergi, gömrük rüsumu formasında vəsait daha da böyük həcmdə olacaq. Yəni, büdcəmizə də bunun böyük xeyri olacaq. 

Mən giriş sözümdə qeyd etdim ki, nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət kəsb edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv səbəbləri var. İndi biz onu da qeyd etməliyik. İndi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada, ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb. Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var. 

Biz son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük dərəcədə nail ola bilmişik. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əfsuslar olsun ki, hələ bu layihələr tam başa çatmayıb. Ancaq onların böyük hissəsi görülübdür. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq. Yəni, bu, dövlət vəsaiti hesabına görülən işlərdir. Burada heç bir özəl vəsait qoyulmayıb. İndi, bəzi hallarda kreditlər verilib. Amma bu kreditləri də dövlət ödəyir. Dövlət öz siyasətini göstərib. Ancaq bununla bərabər, burada koordinasiya işləri aparılmalıdır. Ona görə ki, Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək. 

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb. Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq. 

Biz son vaxtlar şəhər nəqliyyatı ilə bağlı çox ciddi addımlar atmışıq. Yeni şirkət yaradılıbdır. “BakuBus” avtobusları ən yüksək səviyyəyə malikdir. Dünyanın bəlkə də ən gözəl, ən müasir avtobuslarıdır. Bunu da biz etmişik ki, insanlar ictimai nəqliyyatdan rahat istifadə etsinlər. Hesab edirəm ki, “BakuBus”ın fəaliyyəti genişləndirilməlidir. Çünki indi digər xidmətlərlə müqayisədə əlbəttə ki, insanlar “BakuBus”a üstünlük verir. Ona görə, hesab edirəm ki, gələn ilin dövlət büdcəsində də yeni avtobusların alınması üçün müəyyən vəsait nəzərdə tutulmalıdır. Biz hər il əlavə avtobuslar almaqla “BakuBus”ın fəaliyyətini daha da genişləndirə bilərik. 

Metro tikintisi gedir. Əminəm ki, biz gələn il yeni stansiyaların açılışını qeyd edəcəyik. Bakı-Sumqayıt şəhərlərarası qatarlar da fəaliyyətə başlayıb. Müasir qatarlardır, yeni dəmir yolu xətləri çəkilib. Bütün bunlar insanların rahatlığı üçündür.

Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək. Turistlərin cəlb edilməsi siyasəti də aparılmalıdır. Biz yenə də burada daha çox fəal olmalıyıq. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır. Gələn il “Formula-1” yarışması da, - bu da miqyasına görə bəlkə də dünyada birinci, ya ikinci yarışmadır, - əlavə diqqət cəlb edəcək. Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər. 

Nəhayət, gələn il “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox ciddi işlər görülməlidir. Artıq praktiki inşaat işləri başlayır. Bu da koordinasiya tələb edir. Burada bütün qurumlar elə işləməlidir ki, bir gün də yubanma olmasın. “Cənub” qaz dəhlizi Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək. Siyasi, iqtisadi, enerji maraqlarını təmin edəcək, Azərbaycanı dünya üçün daha da önəmli ölkəyə çevirəcək və mən çox şadam ki, “Cənub” qaz dəhlizinin bütün iştirakçıları, bütün ölkələr burada bir mövqedədirlər. Bilirsiniz ki, Azərbaycanın təşəbbüsü ilə bu ilin fevral ayında “Cənub” qaz dəhlizinin birinci Məşvərət Şurası da Bakıda keçirilmişdir. Şuranın qəbul etdiyi bəyannamə də Azərbaycanın liderlik rolunu bir daha təsdiqləyir. Bu, böyük şərəfdir, böyük məsuliyyətdir. Bu günə qədər bizim təşəbbüsümüzlə icra edilən bütün layihələr uğurla nəticələnib. Əminəm ki, “Cənub” qaz dəhlizi də Azərbaycanın növbəti qələbəsi olacaqdır. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07