Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında İlham Əliyevin nitqi

10 fevral 2011, 14:05
Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında İlham Əliyevin nitqi

Əziz dostlar, əziz bacılar və qardaşlar. Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu evlərin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Burada çox gözəl şərait yaradılıbdır. Beşmərtəbəli 3 bina tikilib, hələ 9 bina da tikiləcəkdir. Böyük bir qəsəbə salınacaq ki, bizim soydaşlarımız, işğaldan əziyyət çəkən, uzun illər yararsız binalarda məskunlaşan soydaşlarımız yaxşı şəraitdə yaşasınlar. Bilirsiniz ki, bu bizim siyasətimizdir və uzun illərdir aparılır. Bildiyiniz kimi, Dövlət Neft Fondundan ilk vəsaitlər ulu öndər Heydər Əliyevin tapşırığı ilə məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxtdan bu günə qədər on minlərlə soydaşımız yeni mənzillərə, fərdi evlərə köçürülmüşdür. Son 7 il ərzində qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün 1 milyard 800 milyon manat vəsait xərclənmişdir. 90 min nəfər yeni evlərə köçürülmüşdür. Bütün çadır şəhərcikləri ləğv edilmişdir və yeni yaradılmış şərait bax, bu səviyyədədir. Siz buna layiqsiniz və Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, erməni işğalından əziyyət çəkən insanlara yaxşı şərait yaradılsın. Amma mən həmişə demişəm ki, bunlar müvəqqəti məskunlaşma yerləridir. Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Uzun illər biz işğaldan əziyyət çəkirik. Erməni işğalçı qüvvələri torpaqlarımızı zəbt edib və bu işğala son qoymaq istəmirlər. Baxmayaraq ki, danışıqlar gedir, amma hələ ki, danışıqların nəticəsi yoxdur. Biz isə öz tərəfimizdən çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Ancaq bununla bərabər, bütün başqa variantları da istisna etmirik. Azərbaycan güclənib, son illər ərzində həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, o, istənilən anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan azad edə bilər. Bu amil danışıqlar prosesində də öz müsbət rolunu oynayır. Ancaq Ermənistanın qeyri-konstruktiv siyasəti, qeyri-konstruktiv mövqeyi və müxtəlif yollarla danışıqları uzatmaq taktikası hələlik imkan vermir ki, məsələ öz həllini tapsın. Lakin Azərbaycanın ərazi bütövlüyünün bərpası mütləq baş verəcək, bütün beynəlxalq təşkilatlarda bizim mövqeyimiz üstünlük təşkil edir, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz bundan sonra da bütün imkanlardan istifadə edərək, ərazi bütövlüyümüzün tezliklə bərpası üçün səylərimizi davam etdirəcəyik.

Xocalı soyqırımı XX əsrin ən dəhşətli, ən böyük cinayətlərindən biri idi, erməni faşizminin vəhşi və eybəcər sifətini göstərmişdir. Əfsuslar olsun ki, uzun illər ərzində dünya erməniliyi, onun xaricdəki havadarları və erməni lobbisi Xocalı haqqında həqiqətləri gizlədirdilər.

Dünya birliyinə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilmirdi. Bizim də imkanlarımız məhdud idi, xüsusilə müstəqilliyimizin ilk illərində imkanımız yox idi ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Ancaq indi vəziyyət tam başqadır, Azərbaycanın imkanları var, geniş diaspor şəbəkəsi var. Azərbaycanın ictimai təşkilatları, dövlət qurumları Xocalı soyqırımı ilə bağlı kifayət qədər materiallar dərc edirlər, kitablar nəşr olunur, bütün dünyada konfranslar, digər tədbirlər keçirilir. Yəni Xocalı soyqırımı haqqında dünya birliyi artıq tam məlumatlıdır. Ancaq o da həqiqətdir ki, dünyada ikili standartların mövcud olması bizim işimizi çətinləşdirir. İkili standartlar özünü demək olar ki, hər bir sahədə göstərir. Bəzi hallarda biz Azərbaycana qarşı ədalətsiz münasibət, beynəlxalq təşkilatlarda Ermənistanda baş verən hadisələrə fikir verməmək hallarını görürük. Eyni zamanda, Azərbaycandakı kiçik bir hadisəni şişirdib onu dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. İkili standartlar bax, bu məsələlərdə özünü büruzə verir. Biz bilirik ki, indi beynəlxalq hərbi tribunallarda başqa ölkələrin rəhbərləri törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb olunublar. Nə üçün Ermənistanın indiki rəhbərlərinə qarşı, - hansılar ki, bilavasitə Xocalı soyqırımında iştirak etmişlər, əlləri Azərbaycan xalqının qanına batmışdır, - beynəlxalq tribunal təşkil olunmur, nə üçün onlar qınaq obyektinə çevrilmirlər? Yəni bütün bunların təməlində ikili standartlar dayanır. Dünya erməniliyinin fəaliyyəti, onların havadarlarının, xarici dairələrin ədalətsiz mövqeyi dayanır. Ancaq ədalət bizim tərəfimizdədir. 600-dən çox dinc əhali ermənilər tərəfindən qətlə yetirildi, onların 100-dən çoxu uşaqlar idi. Bir daha demək istəyirəm ki, bu, XX əsrin ən qəddar cinayətlərindən idi. Xocalı soyqırımı, Xocalı genosidi - bunun adı belədir. Bu gün artıq Azərbaycanın artan imkanları bizə şərait yaradır ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Biz bunu etməliyik və edəcəyik. Baxmayaraq ki, artıq beynəlxalq təşkilatlarda, bəzi ölkələrin qanunvericilik orqanlarında, hökumətlərində bu məsələ müzakirə olunur, Xocalı soyqırımı artıq dünya birliyi tərəfindən tanınır, ancaq biz yenə də bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

O ki qaldı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə, Azərbaycan dövləti bundan sonra da bu istiqamətdə öz səylərini göstərəcəkdir. Biz bu il investisiya proqramı və Dövlət Neft Fondunun proqramı çərçivəsində daha da böyük işlər görəcəyik. Eyni zamanda, Prezidentin Ehtiyat Fondundan vaxtaşırı vəsait ayrılır. Bax, bu binalar məhz Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına tikilmişdir. Bizim soydaşlarımız narahat olmasınlar, köçkünlər üçün tikilmiş bütün binalar - istər mənzillər, istərsə də fərdi evlər bu səviyyədə olacaqdır. Çünki bəzi hallarda belə məlumat gəlir ki, biz köçkünləri yararsız sanatoriyalardan, pansionatlardan köçürmək istəyəndə, onlarda müəyyən fikirlər olur, müəyyən şübhələr olur.

Bax, bu binalar tikiləndə də belə şübhələr olmuşdur. Ancaq indi hamı görür ki, burada şərait ən yüksək səviyyədədir. Yəni biz bütün bu işləri ən yüksək səviyyədə görməliyik. Vaxtilə imkanımız yox idi, çadır şəhərcikləri qurulmuşdu. Amma artıq 4 ildir ki, çadır şəhərcikləri Azərbaycanın xəritəsindən silinibdir. Onların əvəzinə belə gözəl binalar, fərdi evlər tikilib, özü də Goranboy rayonunun mərkəzində.

Biz bu siyasəti davam etdirəcəyik, köçkünlərin sosial problemlərinin maksimum dərəcədə həlli üçün çalışacağıq. Köçkünlərin məşğulluq məsələləri ilə ciddi məşğuluq ki, bu sahədə də vəziyyət yüksək səviyyədə olsun.

Əziz dostlar, bu gün mən sizi bir daha ürəkdən salamlayıram və ümid edirəm ki, bu binalarda rahat yaşayacaqsınız.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44