Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub.
Dövlətimizin başçısı İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk əvvəlcə bəyanatlarla çıxış etdilər.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab prezident.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizi bir daha salamlamaq istəyirəm. Sizin səfəriniz Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəkdə bu tərəfdaşlığı inkişaf etdirmək istəyirik. Avropa İttifaqı ilə Azərbaycan arasında uzun illərdir davam edən fəal əməkdaşlığın böyük dəyərə malik olmasından çox məmnunuq.
Bu gün biz ikitərəfli münasibətləri və regional məsələləri ətraflı şəkildə müzakirə etdik. Azərbaycan-Avropa İttifaqı əlaqələrində müsbət inkişafı görürük. Cənab prezident, Sizin səfəriniz bu əlaqələrin əhəmiyyətinin yaxşı göstəricisidir. Bizim sıx siyasi münasibətlərimiz var və biz onları gələcəkdə də inkişaf etdirmək istəyirik.
Biz bu gün regional təhlükəsizlik məsələsini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və bu münaqişənin necə həll olunması yollarını müzakirə etdik. Mən danışıqlar masası arxasında olan indiki vəziyyət və münaqişənin tarixi barədə cənab prezidentə məlumat verdim. Münaqişə iki onillikdən çoxdur ki, davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsi - Dağlıq Qarabağ və 7 digər rayonumuz 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin onlar icra olunmur. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edib, bir milyon azərbaycanlı bu təcavüzün qurbanına çevrilib və onlar məcburi köçkün və qaçqın vəziyyətinə düşüblər. İnsanlarımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıblar. Beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə həll edilməsi Cənubi Qafqaz regionunun bütün xalqları üçün faydalı olardı. Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarından çıxması üçün təcavüzkara daha çox təzyiq göstərəcək və işğal olunmuş ərazilər azad edilən kimi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə başlanıla bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə də bu zəmin üzərində öz həllini tapmalıdır.
Biz iqtisadi əməkdaşlığımızı müzakirə etdik. Avropanın əsas ticarət tərəfdaşımız olması bizi çox məmnun edir. Xarici ticarət dövriyyəsinin demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Avropa İttifaqı ölkələri əsas investorlarımızdır. Xarici sərmayələrin 50 faizi Avropa İttifaqından daxil olur. İnvestisiyalar və digər iqtisadi fəaliyyətlər vasitəsilə bu əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensial mövcuddur.
Potensial əməkdaşlığın elementlərindən biri daşınmalar sahəsi ilə bağlıdır. Biz hazırda qonşularımızla birlikdə Azərbaycan, Gürcüstan və Türkiyəni, bununla da Avropa və Asiyanı birləşdirən dəmir yolu layihəsini tamamlama mərhələsindəyik. Bu, Avropa və Asiya arasında ticarətin həcmini artıracaq yeni İpək Yolu olacaq və Azərbaycan da tranzit ölkə kimi öz əhəmiyyətli rolunu oynayacaq.
Bu gün biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdik. Biz Avropa ilə yaxşı tərəfdaşıq və keçən ilin sentyabr ayında Bakıda icrasına start verilmiş “Cənub” qaz dəhlizi layihəsi artıq fəal icra olunur. Azərbaycan bu layihənin təşəbbüskarı olub və layihəni vaxtında icra etmək üçün tərəfdaşlarla, qonşu ölkələrlə və sərmayədarlarla fəal şəkildə işləyir. Bizim nəhəng qaz ehtiyatlarımız var. Təsdiqlənmiş qaz ehtiyatlarımız təxminən 2,6 trilyon kubmetrdir. “Cənub” qaz dəhlizi üçün hələlik yeganə resurs bazası olan “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz var. Beləliklə, bizim ehtiyatlarımız Avropa istehlakçılarını onilliklər boyu təbii qazla təchiz etmək üçün kifayət edəcəkdir. “Cənub” qaz dəhlizi layihəsi ölkələri birləşdirən, istehsalçılara, tranzit tərəflərinə və istehlakçılara fayda verən bir layihədir. Düşünürəm ki, biz bu enerji layihəsinin üç seqmenti arasında düzgün balansı tapa bilmişik. Bu da Bakıda fevral ayında “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclasında qəbul olunan bəyannamədə öz əksini tapıb.
Bu ilin mart ayında “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisinə start verilib. Beləliklə də işlər cədvəl üzrə gedir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu, enerji şaxələndirilməsi layihəsidir. Çünki “Cənub” qaz dəhlizi təkcə təchizat marşrutlarının şaxələndirilməsi deyil, ondan daha önəmli olan təchizat mənbələrinin şaxələndirilməsidir. Azərbaycan öz resursları, infrastrukturu, bu meqa enerji layihələrinin həyata keçirilməsi təcrübəsi ilə öz rolunu oynayır. Biz çox şadıq ki, Azərbaycanın bu sahədəki rolu bu yaxınlarda Avropa İttifaqı tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapıb.
Biz bütöv Xəzər regionunda və Yaxın Şərq, Mərkəzi Asiya bölgəsində regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün yaxşı potensialımız var. Dini tolerantlıq, dinlərarası dialoqa aid məsələlər Azərbaycanda çox fəal şəkildə müzakirə olunur. Əslində, Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Hesab edirəm ki, bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq formatının bir hissəsi ola bilər. Avropa İttifaqının əksər üzv ölkələri ilə bizim siyasi, iqtisadi və digər sahələrdə çox fəal münasibətlərimiz var. Bu, mənzərənin müsbət olduğunu göstərir və əlbəttə ki, cənab prezidentin səfəri də yaxşı tərəfdaşlığımızın əyani göstəricisidir. Bu, gələcəkdə fəal və məhsuldar əməkdaşlıq üçün yol açır. Cənab prezident, bir daha xoş gəlmisiniz.
X X X
Prezident Donald Tuskun bəyanatı
-Çox sağ olun cənab Prezident. Dəvətinizə və xoş sözlərinizə görə çox sağ olun.
Bu gün Prezident İlham Əliyev ilə geniş ikitərəfli münasibətlərimizi əhatə edən ətraflı müzakirə apardıq. Biz artıq birlikdə icra etdiyimiz işlər barədə danışdıq. Lakin ən önəmlisi gələcəkdə birlikdə hansı işlərin görülməsi barədə söhbət etdik. Qarşıdakı illər üçün mühüm əlaqələrimizin gələcək istiqaməti barədə danışdıq.
Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik. Avropa Enerji Birliyinin məqsədlərindən biri də qazdan təhdid kimi istifadə olunması imkanının istisna edilməsidir. Ukraynada baş verən münaqişə bunu göstərir ki, bu cür təhdidlər hələ də mümkündür. Buna görə də Avropa İttifaqı öz təchizatının şaxələndirilməsinə sadiqdir və bu məsələdə Azərbaycan əsas tərəfdaşdır.
Bu gün biz ümumi strateji marağımıza xidmət edən “Cənub” qaz dəhlizi layihəsinin inkişaf etdirilməsi və rəqiblərimizin nə etməsindən asılı olmayaraq onun vaxtında tamamlanmasını təmin etməklə bağlı həmrəyik. Avropa üçün bu, təchizatın şaxələndirilməsi, Azərbaycan üçün isə tələbatın şaxələndirilməsi məsələsidir. Azərbaycanın regionda Avropa İttifaqının ən əsas kommersiya tərəfdaşlarından biri olmaq potensialı var. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və onun önəmli sərmayədarlarından biridir. Biz növbəti illərdə bu kommersiya münasibətlərini daha da genişləndirəcəyik. Əlverişli ticari və investisiya mühitinin yaradılması üçün yaxşı idarəetmənin və qanunun aliliyinin vacib olduğunu xatırlatmaq istəyirəm. Avropa İttifaqı lazım gələrsə öz köməyini göstərməyə hazırdır. Ümid edirəm ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqları tezliklə yekunlaşdıracaq. Biz yeni geniş, ikitərəfli razılıq vasitəsilə münasibətlərimizin daha yaxşı necə irəliləməsinə dair müzakirə apardıq. Biz yeni danışıqlar mərhələsi və strateji tərəfdaşlıq sazişi üzərində razılığa gəldik.
Mən insan hüquqları və əsas azadlıqlara yüksək önəm verdiyimizi vurğuladım. Avropa İttifaqı açıq cəmiyyətlərin uzunmüddətli sabitlik və çiçəklənmənin qarantı olduğuna inanır. Mən cənab Prezident ilə burada hüquq müdafiəçilərinin həbs olunması ilə bağlı narahatlığımızı müzakirə etdim. Ümidvaram ki, fərdi hallarda təxirəsalınmaz tədbirlər görüləcək. Biz bu məsələni müzakirə etməyə, insan hüquqları sahəsində yaxşı və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını araşdırmağa davam edəcəyik, o cümlədən gələcək müqavilə öhdəlikləri kontekstində də bunu edəcəyik. Bu görüşdən sonra mən vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşəcəyəm.
Biz “Şərq tərəfdaşlığı” proqramını da müzakirə etdik. Avropa İttifaqının niyyəti ondan ibarətdir ki, bu siyasət inkişaf etdirildikcə hər bir tərəfin maraqları və arzuları daha yaxşı nəzərə alınsın.
İcazə verin təkrarlayım ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Avropa İttifaqı və ona üzv olan ölkələr “Dağlıq Qarabağ respublikası”nı tanımır. Status-kvo qəbulolunmazdır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalır. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik.
Nəhayət, biz insanların hərəkət azadlığını, xalqlarımız arasında səyahət və birbaşa əlaqəni asanlaşdırmaq üçün ümumi arzumuzu müzakirə etdik. Mən keçən ilin payızında viza sadələşdirilməsi və readmissiya müqaviləsinin qüvvəyə minməsini alqışlayıram. Bu, çox vacib addım idi. Ötən il Şengen ərazisinə Azərbaycandan 70 min nəfər səfər edib. Bu, ondan əvvəlki illə müqayisədə təxminən 20 faiz artım deməkdir və verilən vizaların üçdəbiri uzunmüddətli və çoxgirişli vizalar idi. Mən gələcək illərdə bizim vacib əlaqələrimizin daha da gücləndirilməsinin davam etdirilməsini səbirsizliklə gözləyirəm.
Cənab Prezident, ümidvaram ki, mənim bugünkü səfərim bu məqsədə öz töhfəsini verib. Sağ olun.
X X X
Sonra jurnalistlərin sualları cavablandırıldı.
Aygün Vüqarova - “TREND” Xəbərlər Agentliyi: Mənim sualım Avropa İttifaqı Şurasının prezidentinədir. Cənab Tusk, bildiyiniz kimi, artıq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu təcavüz nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Bu insanların hüquqları görünməmiş şəkildə pozulur. Nəyə görə beynəlxalq təşkilatlar beynəlxalq hüquq normalarına riayət etmək və BMT Təhlükəsizlik Şurasının, eləcə də Avropa Parlamenti, ATƏT, Avropa Şurası və digər təşkilatların Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirmək və işğal olunmuş torpaqları azad etmək üçün Ermənistana müvafiq təzyiq göstərmirlər?
Donald TUSK: Çox sağ olun. Mənim üçün və Avropa İttifaqı üçün status-kvonun qəbuledilməzliyi aydındır. İki gün bundan əvvəl mən bu məsələ ilə bağlı mövqeyimi Yerevanda aydın bildirdim. Bizə sözsüz ki, münaqişənin sülh yolu ilə həll olunması lazımdır, alternativ yoxdur. Bu, təkcə mənim fikrim deyil. Ümidvaram ki, münaqişənin sülh yolu ilə həll olunmasına heç bir alternativ yoxdur. Düşünürəm ki, bu gün biz nəinki təkcə hərbi gücdən çəkinməliyik, o cümlədən radikal bəyanatlardan, təcavüzkar ritorikadan uzaq durmalıyıq. Bu sözləri hər iki tərəfə şamil edə bilərəm. Burada söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən getmir, Avropaya yaxın ərazilərdə, eləcə də bütün dünyada siyasətçilər bu ritorikadan uzaq durmalıdırlar və hesab edirəm ki, bu, onların üzərində olan öhdəlikdir. Çünki müharibə və qaynar münaqişələr bizə lazım deyil. Bu növ siyasətin və təcavüz ideologiyasının ola bilsin ən aydın və ən pis nümunəsi Ukraynadakı vəziyyətdir.
Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir və münaqişənin danışıqlar, tərəflərin dözümlülüyü və kompromisə gəlməsi vasitəsilə ədalətli şəkildə və sülh yolu ilə həll edilməsinə ciddi ehtiyac duyulur. Avropa İttifaqı bu münaqişənin nizamlanması üçün təsis edilmiş beynəlxalq səviyyədə format olan ATƏT-in Minsk qrupunun fəaliyyətini və bu münaqişənin nizamlanması üçün Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri tərəfindən irəli sürülmüş sülh üçün zəmin yaradan prinsipləri və münaqişənin nizamlanması elementlərini dəstəkləyir. Müzakirələrimizdə yer alan əsas məsələlərdən biri də sizin Minsk qrupu formatı çərçivəsində aparılan danışıqların heç bir nəticə verməməsi ilə bağlı məyusluğunuzu anlayıram. Lakin düşünürəm ki, ola bilsin bizə daha çox səbir lazımdır. Amma bayaq da qeyd etdiyim kimi, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əlimizdən gələn hər bir şeyi etməliyik.
İlham Əhmədov - Azərbaycan Televiziyası: Sualım Azərbaycan Prezidentinə ünvanlanıb. Ermənistan prezidenti Serj Sarkisyanın və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Yerevanda keçirdikləri mətbuat konfransında Serj Sarkisyan Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif etməkdə, Avropa İttifaqını isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana və Azərbaycana eyni münasibəti göstərməkdə ittiham etmişdi. Cənab Prezident, bununla bağlı nə deyə bilərsiniz?
Prezident İlham ƏLİYEV: Sağ olun. Səmimiyyətlə desəm, bu gün Sarkisyanın verdiyi bəyanatlar haqqında danışmaq istəməzdim. Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında o, bir daha fürsətdən istifadə edərək Azərbaycanı demokratiyanın pozulmasında, Ermənistana qarşı təcavüzkarlıqda ittiham etmişdi. Bu isə tamamilə gülüncdür. Çünki ola bilsin ki, Sarkisyan demokratiya haqqında danışmalı olan ən sonuncu adamdır. 2008-ci ildə özündən əvvəlki prezident tərəfindən Ermənistanın başçısı kimi təyin olunan, seçkiləri saxtalaşdıran, sonra ordudan istifadə etməklə dinc etiraz aksiyasını yatıraraq 10 insanın qətlinə səbəb olan şəxsin istənilən ölkədə demokratiya haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycan və Ermənistanın, əgər bunu belə söyləmək olarsa, tərəzinin eyni gözünə qoyulması ilə əlaqədar ittihama gəldikdə isə bu ittiham Azərbaycan tərəfindən irəli sürülsəydi daha təbii olardı. Çünki biz beynəlxalq ictimaiyyətin təcavüzkar və onun qurbanları arasında çox aydın fərq qoymalı olduğunu hesab edirik.
Biz hazırda danışıqlar formatı üzərində işləyirik və münaqişənin sülh vasitəsilə nizamlanması yolunu tapmağa çalışırıq. Lakin münaqişənin kökləri, onun nə üçün yaranması səbəbləri unudulmamalıdır. Ermənistan tərəfindən dəstəklənən Dağlıq Qarabağdakı erməni separatçıları Azərbaycana qarşı təcavüz işlətdilər. Bu münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. Bu təcavüz etnik təmizləmə siyasəti, Xocalıdakı soyqırımı və ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi. Bu işğala heç bir bəraət qazandırmaq olmaz. Çünki bu, çox aydındır və xəritəyə baxmaq kifayət edər ki, Azərbaycanın böyük bir hissəsinin Ermənistanın işğalı altında olmasını görsünlər. Onlar bütün azərbaycanlıları oradan qovublar, onların insan hüquqlarını pozublar, bütün tarixi və dini abidələrimizi dağıdıblar. Bu barədə ATƏT-in regiona iki missiyasının hesabatında qeyd olunub. Onlar indi Azərbaycan tərəfindən blokadaya alınmalarından danışır, Azərbaycanı onlara qarşı təcavüzdə və ksenofobiyada ittiham edirlər.
Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Sual isə ondadır, necə olur ki, dünyada əhalisinin 99 faizinin bir millətin nümayəndələrinə aid olan ölkədə - Ermənistanda ksenofobiya haqqında hekayədən danışırlar. Nə üçün digər millətlərin nümayəndələri orada özlərinə yer tapa bilmirlər? Lakin Azərbaycan öz ərazisində çoxlu etnik qrupların nümayəndələrinin və müxtəlif dini etiqadı olan insanların yaşaması tarixindən bu gün də qürur duyur. Ölkəmiz bu gün bütün dinlərin və etnik qrupların nümayəndələri üçün bir evdir. Bu gün qlobal miqyasda Azərbaycan müxtəlif din və etnik qrup nümayəndələrinin sülh şəraitində birlikdə yaşamasının yaxşı nümunəsidir. Buna görə də qurban və təcavüzkar arasında fərq qoyulmalıdır. Təcavüzkar məsuliyyətə cəlb edilməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı - Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi qəbul olunmuşdur. İşğala, təcavüzə heç bir bəraət qazandırmaq olmaz. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bu, onların özü üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü Azərbaycan və digər qonşu ölkələrlə regional əməkdaşlıqdan məhrum edir və bunun nəticəsi Ermənistandakı köklü yoxsulluqdur. Sarkisyanın hakimiyyətdə olduğu vaxtda Ermənistan əhalisinin 50 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Beləliklə, bu, həmin siyasətin, təcavüzün və işğalın nəticəsidir. Ümid edirəm ki, Ermənistan rəhbərliyində olan dərrakəli şəxslər bu yolun heç bir yerə aparmayacağını nəhayət başa düşəcəklər. Qonşuları ilə münasibətlərin normallaşdırılması baş tutmadan Ermənistanın gələcəyini proqnozlaşdırmaq mümkün deyil.