Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı İlham Əliyevin nitqi

09 fevral 2011, 11:31
Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı İlham Əliyevin nitqi

Mən sizi ürəkdən salamlayıram. Hamınızı xoş gördük. Yenidən sizinlə görüşə gəlmişəm. Bu gün də Qazax rayonunda bir neçə tədbirdə, açılışda iştirak edəcəyəm. Hər dəfə burada olarkən ürəkdən sevinirəm ki, Qazax rayonunda işlər çox yaxşı gedir. Böyük quruculuq-abadlıq işləri aparılır, rayon inkişaf edir, yeni müəssisələr yaradılır. Əlbəttə, bu məni çox sevindirir. Çünki bilirsiniz ki, Azərbaycanın bütün regionlarında aparılan işlər bir məqsədi güdür - bizim ölkəmiz daha da güclənsin, inkişaf etsin və iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilsin. Biz tədricən buna nail oluruq. 2010-cu ilin nəticələri çox müsbətdir. Baxmayaraq ki, dünyada maliyyə-iqtisadi böhran hələ də hökm sürürdü, biz iqtisadi sahədə böyük uğurlara nail ola bildik. Həm yoxsulluğun səviyyəsinin azaldılmasında, həm də iqtisadiyyatın inkişafında Azərbaycan qarşıda duran bütün vəzifələri icra etmişdir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı da uğurla icra edilir. Əgər 2004-cü ildə biz birinci proqramı qəbul etməsəydik, əlbəttə ki, bu gün regionların inkişafından söhbət gedə bilməzdi. Ancaq bu proqramın icrası nəticəsində görülən işlər indi bu reallıqları yaratmışdır. Biz bunu Qazax rayonunun timsalında da görürük. Burada həm sosial obyektlər, sənaye müəssisələri tikilir, həm də şəhər abadlaşır, yollar çəkilir, bir sözlə, rayon inkişaf edir. Əvvəlki illərdə burada olarkən bu gözəl Heydər Əliyev Mərkəzinin açılışında birlikdə iştirak etmişdik, müalicə-diaqnostika mərkəzi açılmışdı. İndi İcra hakimiyyətinin başçısı mənə məlumat verir ki, bu diaqnostika mərkəzinin açılışının çox böyük, müsbət təsiri olmuşdur. İnsanlar keyfiyyətli, pulsuz tibbi xidmət alırlar. Nəinki Qazax rayonunun sakinləri, Gürcüstanda yaşayan soydaşlarımız da bu imkanlardan istifadə edirlər. Burada indi tikilməkdə olan böyük konserv zavodu həm Qazax fermerlərinin məhsullarını emal edəcək, eyni zamanda, Gürcüstanda yaşayan soydaşlarımıza da bunun böyük müsbət təsiri olacaqdır.

Azərbaycanda Qazax rayonunun xüsusi əhəmiyyəti var, xüsusi yeri var. Bu rayonun inkişafı, əlbəttə ki, çox böyük məna daşıyır. Bütün rayonların inkişafı çox vacibdir. Amma xüsusilə sərhəd bölgələrinin, paytaxtdan uzaqda yerləşən rayonların inkişafına daha da böyük diqqət göstərilir.

Burada infrastruktur layihələrinin həyata keçirilməsinə böyük diqqət verilmişdir. Bu gün artıq Bakı-Gürcüstan sərhədi avtomobil yolu, demək olar ki, hazırdır. Sadəcə olaraq, onun kiçik bir hissəsində işlər tamamlanır. Bu da qazaxlılar üçün böyük imkanlar yaradır. Çünki yol inkişaf deməkdir, rahatlıq deməkdir. İndi buradan Bakıya rahat getmək olar. Dəmir yolu nəqliyyatının inkişafı üçün də tədbirlər görülür. Bir sözlə, infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı, sosial obyektlərin tikilməsi, - Azərbaycanda bütün bunlar planlı şəkildə aparılır. Məsələn, bu gün Qazax rayonunda yeni məktəbin, gömrük məntəqəsinin açılışı nəzərdə tutulmuşdur. Bir sözlə, sosial obyektlərin tikilməsi, sənaye müəssisələrin yaradılması ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün şərait yaradır.

O ki qaldı ölkədəki ümumi vəziyyətə, vəziyyət yaxşıdır. Planlar həyata keçirilir, iqtisadiyyat artır. Energetika sektorunda əldə edilmiş uğurlar, xüsusilə neft-qaz sənayesində görülmüş işlər həm bizim maliyyə imkanlarımızı artırır, həm də dünyadakı mövqelərimizi möhkəmləndirir. Bizim artıq böyük valyuta ehtiyatlarımız var və özümüzü çox rahat və əmin hiss edirik. Bununla bərabər, bütün bu görülmüş işlər onu göstərir ki, planlı şəkildə qurulmuş iş olan yerdə nəticə də olacaqdır. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daha da böyük işlər görməliyik, iqtisadiyyatımızı daha da gücləndirməliyik, sosial siyasəti daha da gücləndirməliyik. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılmışdır. Azərbaycanda orta əməkhaqqını dollarla hesablasaq, 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Düzdür, son yeddi ildə yoxsulluğun səviyyəsinin 4 dəfə aşağı düşməsi böyük nəticədir. Təxminən 44 faizdən 9,1 faizə düşməsi görülmüş işlərin nəticəsidir. Amma bu da çoxdur. Son yeddi ildə 900 mindən çox iş yeri açılmışdır ki, onlardan 700 minə qədəri daimi iş yeridir. İşsizliyin böyük hissəsi aradan qaldırılmışdır, amma hələ də işsizlik var. Xüsusilə 2011-ci ildə və ondan sonrakı illərdə biz bu sahələrə xüsusi diqqət göstərəcəyik ki, bütün çatışmayan məsələləri həll edək, çatışmayan cəhətləri aradan qaldıraq.

Sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək. Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə də özümlə aparıram ki, biz onları beynəlxalq bazarlara çıxaraq. Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət də göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Əlbəttə, siyasi dəstək çox vacibdir. Bəzi hallarda xüsusilə sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Azərbaycan öz iqtisadiyyatını tam şəkildə bazar münasibətləri prinsipləri üzərində qurubdur. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Bizim böyük sənaye müəssisələrimiz var, - neft-qaz sənayesi, digər sənaye müəssisələri. Ancaq ölkəmizin inkişafı üçün sahibkarlığın, orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir. Bu məqsədlə biz son illər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayırmışıq, vəsait vermişik. Bütün bu işləri görmüşük, bununla bərabər, yenə də deyirəm, bütün bu sahələrdə şəffaflıq olmalıdır, ədalət olmalıdır.

Azərbaycanda böyük işlər görülür, hələ çox işlər də görülməlidir. Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq.

Bizim qarşımızda çox böyük perspektivlər var. Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir və bu, bizim məqsədimizdir. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. Ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı – yəni inkişaf etmiş ölkələr bax bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur.

Biz də bu yolla getməliyik, başqa yolumuz yoxdur. Bunu etmək üçün əlbəttə ki, təkcə rəhbərliyin siyasi iradəsi kifayət etməz. Burada bütün ictimaiyyət, bütün vətəndaşlar bir olmalıdırlar. Biz bir məqsədə qulluq etməliyik ki, ölkəmiz inkişaf etsin, güclənsin, sosial rifah daha da yüksək səviyyədə olsun, iqtisadiyyat daha da möhkəm olsun. Belə olan halda uzunmüddətli inkişaf strategiyamız öz nəticəsini verəcəkdir.

Bu gün Qazax rayonunda olarkən bir daha demək istəyirəm ki, mən rayonda gedən işlərlə razıyam. Mənə mütəmadi qaydada məlumatlar verilir, burada görülən işlər və bundan sonra görüləcək işlər rayonun inkişafına çox müsbət təsir göstərəcəkdir. Rayonda ictimai-siyasi vəziyyət də yaxşıdır, iqtisadi vəziyyət də yaxşıdır, sosial məsələlər də həll olunur. Mən də çalışacağam ki, bundan sonra da Qazax rayonunun inkişafı üçün səylərimi göstərim. Gərək bu il də, sonrakı illərdə də həm dövlət investisiya proqramı xətti ilə, həm də kreditlərin verilməsi istiqamətində əlavə tədbirlər görülsün ki, rayon daha da inkişaf etsin, gözəlləşsin.