III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında İlham Əliyevin nitqi

18 may 2015, 12:50
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz.

Çox şadam ki, bu gün Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Bu, yaxşı göstərici və ənənədir. Biz üçüncü dəfədir ki, bu qlobal Forumu təşkil edirik. Bu, mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir.

Bu gün yüzdən artıq dövlətin nümayəndələri Bakıdadır. Bu isə bir daha belə müzakirələrin vacibliyini təsdiqləyir. Əminəm ki, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün Forumun keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək. Azərbaycan bu sahədə öz səylərini hər zaman göstərir və xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışır.

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün.

Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.

Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə etməliyik. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi.

Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır. Bildiyimə görə, Forumun mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Biz bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, biz qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynamağa çalışırıq. Azərbaycan müsəlman dünyasına mənsub olan ölkədir, ancaq eyni zamanda, onun Avropa ilə güclü bağlılığı var. Müsəlman dünyasının ilk demokratik respublikası 1918-ci ildə Azərbaycanda yaradılıb və dərhal qadınlara seçki hüququ verilib. Bu da bir sıra Avropa ölkələrindən əvvəl baş tutub. Beləliklə, bizim etnik və mədəni özünəməxsusluğumuz, habelə Avropanın təsiri cəmiyyətimizdə xüsusi ab-hava yaradıb. Əsrlər boyu biz dəyərlərimizi qoruya bilmişik. Biz fərqli siyasi və ictimai şəraitdə yaşamışıq, müxtəlif dövlət və imperiyaların tərkibində olmuşuq. Artıq biz müstəqilik, ancaq bu müsbət meyil davam edir və bu dəyərlərin təşviqi məsələsinə sadiqik.

Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə ki, təhsildir. Biz təhsilə böyük diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 faizə bərabərdir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır. Bildiyimə görə, bu mövzu ətrafında müzakirələr Forumun diqqət mərkəzində olacaq və hesab edirəm ki, Azərbaycanın təcrübəsi də maraq doğuracaq. Çünki biz də bu gün təhsil sistemimizi transformasiya edirik və onu beynəlxalq standartlara çatdırırıq. Biz məmnunuq ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlərini artırmaq arzusundadırlar. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir. Vətənpərvərlik insanların ölkəsini sevməsi deməkdir. Habelə bu, dövlətlər və xalqlar arasında birliyi gücləndirən amildir. Biz hər zaman hesab edirik ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu yolla uğura nail olmaq mümkündür.

Təəssüflər olsun ki, bu gün biz daha çox bu haqda danışmalı oluruq. Çünki biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir. Hesab edirəm ki, Bakı bu gün belə məsələlərin müzakirə edildiyi məkandır.

Müstəqil Azərbaycan nisbətən gənc dövlətdir, yalnız 24 ildir ki, müstəqildir. Lakin bu illər islahat, transformasiya, inkişaf illəri olub. Biz dövlətimizi qurmaq fürsəti əldə etdik. Biz ənənələr və mədəniyyət ölkəsiyik. Siz Bakının abidələrini görürsünüz. Ölkəmizin digər yerlərinə səyahət etsəniz xalqımızın memarlıq, tarixi və dini abidələrini görərsiniz. Bu da bizim mədəni irsimizin bir hissəsidir. Ancaq müstəqil ölkə kimi biz gəncik və biz dövlətimizi, siyasi sistemimizi qurmalı idik. Hesab edirəm, qısa bir zamanda bizim ölkəmizin təcrübəsi onu nümayiş etdirib ki, inkişafa, tərəqqiyə sadiqlik, cəmiyyətin dəstəyi varsa, transformasiya uğurlu ola bilər.

Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji təhlükəsizliyi ilə bağlı siyası və iqtisadi məsələlər diqqət mərkəzindədir. İrəli sürdüyümüz təşəbbüs və layihələr regionun hüdudlarını aşıb. Bu layihələr ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan burada artıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Nəqliyyat infrastrukturuna gəldikdə, biz bu gün tarixi İpək Yolunu bərpa edirik. Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsini yaradırıq. Biz təkcə iqtisadi inkişafa və daha təkmil nəqliyyat infrastrukturuna deyil, xalqlararası təmaslara sərmayə yatırırıq. Tarixi İpək Yolu Azərbaycandan keçmişdir. Biz bu gün onu müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştiraki ilə bərpa edirik. İqtisadi və sosial inkişafla bağlı bütün layihələrimiz regional əməkdaşlığı, xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirir.

Bununla yanaşı, beynəlxalq arenada oynadığımız rol dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Biz fəxr edirik ki, müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində Azərbaycan 155 dövlətin dəstəyi ilə ən mötəbər beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti bizi dəstəkləmişdir. Səmimi deyə bilərəm ki, bizim heç də bu 155 dövlətin hər biri ilə fəal əlaqələrimiz yoxdur. Lakin düşünürəm ki, müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində bizim etibarlı tərəfdaş kimi davranışımız, birgə dəyərlər və milli maraqlara əsaslanmış müstəqil mövqeyimiz ölkəmizə müsbət münasibət yaratmışdır.

Biz siyasi və iqtisadi transformasiyaya böyük sərmayə yatırmışıq. Müstəqilliyi bərpa etdikdə biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir.

Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinə və potensialımıza əsaslanan iqtisadi siyasət müstəqilliyimizin ilk illərində müəyyənləşdirdiyimiz məqsədlərə nail olmağa imkan vermişdir. Bu da iqtisadi müstəqillik idi. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir - ümumi daxili məhsulun 10 faizinə bərabərdir. Yəni, biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin edirik.

Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur. Burada çox müsbət dinamika görürük. Bu gün Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstərici 5 faizə bərabərdir. Təbii ki, bu da cəmiyyətdə müsbət dinamika yaradır. Bu amillərin birləşməsi Azərbaycanın əhəmiyyətinin artırılmasında vacib rol oynayır. Əlbəttə ki, daha çox diqqəti daxili məsələlərə yönəldirik.

Məqsədlərimizə nail olmaq və inkişaf etmiş dövlətə çevrilmək üçün görüləcək işlərimiz çoxdur. Halbuki Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən iqtisadiyyatın rəqabətqabiliyətliliyinə görə Azərbaycan dünyada 38-ci yerdədir. Buna isə təbii sərvətlər hesabına yox, islahatlar hesabına nail olunub. Bununla yanaşı, biz xalqları daha da yaxınlaşdıran müxtəlif layihələrin təşəbbüskarıyıq. Bunlar enerji, iqtisadiyyat, siyasi əlaqələr sahələrinə, habelə humanitar sektora aiddir. Biz hər il Bakıda Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil edirik. Bugünkü Forum da artıq üçüncü dəfədir təşkil edilir.

Üç həftədən, yəni, bir aydan da az vaxtdan sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. 2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya Oyunlarına bərabər oyunların 2 il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq.

2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib.

Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə calışacağıq.

Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44