12:50
İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib
10 may 2015, 20:05Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlət başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür. Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsinə bir daha hörmət və ehtiramını bildirir.
Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Azərbaycan onun rəhbərliyinin hər iki dövründə çox sürətlə inkişaf edib. Birinci dəfə sovet dövründə, 1969-cu ildə rəhbər təyin olunandan sonra Azərbaycanda əsaslı dəyişikliklər baş verdi. O vaxtdan Azərbaycan onun rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə oldu. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü tam təmin edirdi və ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi.
Məhz o illərdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının inkişafı sürətlə gedirdi. Azərbaycan sovet məkanında mədəniyyət, incəsənət sahələrində öz sözünü deyirdi və respublikamızın ovaxtkı tarixi çox uğurlu idi.
Məhz ona görə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bir daha Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət etmişdir. Çünki o, 1970-80-ci illərin əvvəllərində öz işləri, xalqa olan bağlılığı və cəsarətli siyasəti ilə xalqın böyük sevgisini, rəğbətini qazanmışdı.
Bilirsiniz ki, Ulu Öndərin həyatında bir neçə dövr olmuşdur. Hər dövrün öz böyük mənası var. Hər dövrdə çalışdığı bütün vəzifələrdə o, ləyaqətli siyasi xadim, cəsarətli insan, öz xalqına bağlı olan vətənpərvər kimi hərəkət edirdi. Heydər Əliyevin Azərbaycanda uğurlu fəaliyyəti nəzərə alınaraq 1982-ci ilin sonunda o, Sovet İttifaqının ən ali qurumu olan Siyasi Büroya üzv seçilmiş və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Onun kurasiyasında bir çox sahələr var idi. Bu sahələr çox ciddi diqqət tələb edirdi və o, ona tapşırılan bütün işlərə çox böyük məsuliyyətlə yanaşırdı. Onun gördüyü işlərin çox böyük səmərəsi var idi. Eyni zamanda, Azərbaycana daim diqqət yetirir, öz köməyini göstərməyə çalışırdı ki, burada da işlər yaxşı getsin. Ancaq əfsuslar olsun ki, o, Azərbaycandan gedəndən sonra respublikada vəziyyət tədricən tənəzzülə uğramağa başlamışdır və demək olar ki, Azərbaycanda durğunluq müşahidə olunurdu. Yəni, artıq onun dövründə olan canlanma, fəal iş yox idi.
Onun sonrakı taleyi ilə bağlı kifayət qədər kitablar, məqalələr, elmi əsərlər yazılmışdır. Burada oturanlar əlbəttə ki, o tarixi yaxşı bilirlər, gənc nəsil də bilməlidir, öyrənməlidir. Çünki bu, bizim şanlı tariximizdir və 1987-ci ildə Heydər Əliyev böyük ədalətsizliklə üzləşmişdi. O vaxt sovet dövlətinin başında dayanan insan ona qarşı ədalətsizlik göstərmişdi. Bu ədalətsizliyin də səbəbləri var idi. Ona qarşı paxıllıq, riyakarlıq və digər mənfi hallar Heydər Əliyevin istefasını şərtləndirdi.
Bu, Azərbaycan üçün böyük itki idi. Çünki Heydər Əliyev sovet hakimiyyətində təmsil olunurdu. Təsadüfi deyil ki, o, istefaya gedəndən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Əfsuslar oşlun ki, ovaxtkı sovet rəhbərliyi bu məsələ ilə bağlı onlarla həmfikir idi, onların mövqeləri üst-üstə düşürdü. Eyni zamanda, son vaxtlar üzə çıxan faktlar da onun göstərir ki, hətta xarici dövlətlərdən də Sovet İttifaqının rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı müraciətlər göndərilirdi. Bu, ümumiyyətlə, beynəlxalq münasibətlərdə dözülməz bir praktikadır. Ancaq bu, tarixdir, bu, həqiqətdir və ondan sonra Azərbaycanın bütün problemləri başladı.
Azərbaycana o vaxt qəsdən heç bir nüfuzu, heç bir siyasi təcrübəsi, heç bir milli ruhu olmayan fərdlər hakimiyyətə gətirildi. Onların əsas vəzifəsi Azərbaycan xalqını incitmək, Azərbaycanın xalq təsərrüfatını dağıtmaq və Azərbaycanın inkişafını əngəlləmək idi. O vaxt sovet dövləti hələ güclü idi və mərkəzləşdirilmiş idarəetmə sistemi var idi. Ona görə, Azərbaycan xalqı öz haqlı etirazını ifadə edə bilmirdi.
Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdir. O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın ovaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon” var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərə ünvanlanır, o vaxt Moskvaya yazılırdı. 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim. Heç vaxt yadımdan çıxmaz ki, o vaxt orada böyük insan kütləsi toplaşmışdı. Azərbaycanın daimi nümayəndəliyinə minlərlə azərbaycanlı öz həmrəyliyini, etirazını, öz hisslərini ifadə etməyə gəlmişdi.
Biz oraya gələndə insanlar Heydər Əliyevi tanımışdılar və dərhal sükut yarandı. İnsanlar sanki canlı dəhliz yaratdılar ki, o, dəhlizlə binanın içərisinə keçsin. Bax, o vaxt Azərbaycan xalqı Heydər Əliyevə bir daha öz hörmət, etimad, inamını göstərmişdi. O, pensiyada idi və ona qarşı mətbuatda, digər vasitələrlə çox çirkin kampaniya aparılırdı, buralarda mitinqlər təşkil olunurdu, insanları məcbur edirdilər ki, onun əleyhinə danışsınlar və digər çirkin tədbirlər görülürdü. Buna baxmayaraq, Azərbaycan xalqı bu faciəvi gündə bir daha onun ətrafında birləşdi və o, yanvarın 21-də məhz orada Sovet İttifaqı Kommunist Partiyasını, sovet dövlətinin rəhbərini ittiham etdi, onu günahlandırdı, bu cinayəti pislədi və öz haqq səsini ucaltdı.
O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kim təsəvvür edə bilməzdi ki, Sovet İttifaqı dağıla bilər. Yəni, bu addım, bu vətənpərvərlik nümunəsi bir daha göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır və o, nə qədər cəsarətli, ədalətli şəxsiyyətdir. Təbii olaraq, təcrübəli siyasi xadim kimi o, dərk edirdi ki, bundan sonra ona qarşı böyük təzyiqlər başlayacaq, onun həyatına təhlükə ola bilər, belə də oldu. Əgər o, Moskvada bir qədər çox qalsaydı həbs olunacaqdı. O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı ovaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə - Naxçıvana üz tutdu. Naxçıvanda insanlar onu çox böyük coşqu ilə qarşılamışdılar. Elə Bakıda da. Yadımdadır, o vaxt Bakıya gələndən sonra şəhərdə gəzməyə çıxmışdı. Minlərlə insan onun ardınca gedirdi. O, hara gedirdisə onlar da onun ardınca gedirdilər. Hətta ovaxtkı rəhbərlik təşvişə düşmüş və milis göndərmişdi ki, guya siz burada kütləvi aksiya keçirirsiniz. O da demişdi ki, mən heç bir aksiya keçirmirəm. Mən gəzməyə çıxmışam və insanlar mənim ardımca gəlirlər. Yəni, bütün Azərbaycan xalqı Heydər Əliyevi ürəkdən sevirdi və o sevginin əsas səbəbi məhz 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər və xalqımızın faciəvi günlərində haqqın, ədalətin yanında olması idi.
Naxçıvanda Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan parlamentinə deputat seçdilər. Sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçmişdir. O vaxt artıq Azərbaycan rəhbərliyinin rəyi heç bir məna kəsb etmirdi və xalq Naxçıvanda əsl vətənpərvərlik, cəsarət, müdriklik göstərmişdir.
Naxçıvan dövrü də çox zəngin olmuşdur. Bu dövr çox ağır və eyni zamanda, çox şərəfli bir dövr idi. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi və Azərbaycan Ali Sovetinə müraciət edildi və vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur. Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd göstərilmişdir. Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən ünsürlər öz layiqli cəzasını aldılar.
1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə başlamışdır. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlində dayanan məsələdir.
1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi, müxtəlif dövlət quruluşu yarana bilərdi.
Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o, Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi. Ancaq uzun illər Kommunist Partiyasının üzvü olan, Qanlı Yanvar hadisələrindən sonra isə Kommunist Partiyasının sıralarını tərk edən bir insan kimi o, demokratiya, inkişaf, bazar iqtisadiyyatı yolunu seçmişdir. Bu, onun üçün çox ciddi bir seçim idi. Çünki o, tamamilə fərqli bir ictimai-siyasi mühitdə formalaşmışdır. Gənc yaşlarından o dövrün nümayəndəsi kimi Sovet İttifaqına, öz xalqına, Kommunist Partiyasına qulluq edirdi. Ona görə, bu, onun üçün çox ciddi bir seçim idi. Onun müdrikliyi, gələcəyə strateji baxışları o seçimi şərtləndirdi və bu gün Azərbaycan azad, demokratik, hüquqi dövlətdir.
Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar aparılır, demokratik inkişaf sürətlə gedir. Azərbaycan bu gün dünya miqyasında demokratiyanın inkişafı baxımından seçilən ölkələrdəndir. Məhz bu strateji seçim 1990-cı illərin ortalarında qəbul edilmişdir və bu gün biz Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq müsbət meyilləri daha da gücləndiririk.
2003-cü ildən sonra isə yeni dövr başlayır. Əslində bu, əvvəlki dövrün məntiqi davamıdır. O vaxt da Azərbaycan xalqı bir daha həlledici məqamda öz müdrik sözünü demişdir. O vaxt xalq Heydər Əliyev siyasətinə, onun davamçılarına səs vermişdir. Çünki istəyirdi ki, bu siyasət davam etsin. İstəmirdi ki, yenə də hərc-mərclik, xaos, anarxiya, özbaşınalıq, mədəniyyətsizlik, talançılıq hökm sürsün. Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər.
Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib.
Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. Milli mənəvi dəyərlər birinci şərtdir.
Biz öz milli mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşıbdır. Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk. Azərbaycançılıq ideologiyası bu gün artıq bir nümunə kimi mövcuddur.
Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir. Bizim nümunəmiz öyrənilir. Təsadüfi deyil ki, bu gün məhz Azərbaycan bu mövzu ilə bağlı dünyada mərkəzlərdən birinə çevrilmişdir. Bizim beynəlxalq nüfuzumuz çox yüksək səviyyədədir. Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, inama malik olan bir ölkədir. Belə olmasaydı, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləməzdi.
Bu gün Azərbaycanda keçirilən beynəlxalq təbdirlər bunu əyani şəkildə sübut edir. Baxın, son iki həftə ərzində Nizami Gəncəvi Beynəlxalq Forumu və Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı Bakıda keçirilmişdir. Birinci tədbirdə 60-dan çox ölkədən nümayəndələr iştirak edirdilər. Onların arasında çoxlu sayda fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçısı iştirak edirdi, əsasən də Avropa qitəsindən. Ondan bir neçə gün sonra Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirilmişdir. Orada da 70-ə yaxın ölkənin ən yüksək səviyyəli vəzifəli şəxsləri təmsil olunurdu. Yəni, iki həftə ərzində təxminən 130 ölkədən ən qabaqcıl, ən tanınmış, nüfuzlu simalar Azərbaycanda idilər.
Mənim o tədbirlər əsnasında çoxsaylı görüşlərim zamanı onların hər biri böyük heyranlıqla və eyni zamanda, təəccüblə deyirdilər ki, biz Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür etmirdik. Azərbaycan bu qədər zəngin ölkədir, Bakı bu qədər gözəl şəhərdir. Onların hər biri bunu qeyd edirdi. Yəni, budur bugünkü Azərbaycan.
Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır. Çünki hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoyulur. Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə təsir etmək mümkün deyil. Məncə artıq bunu bilməyən yoxdur. Cəhdlər var və yəqin ki, olacaq. Ancaq o cəhdlərin səmərəsi sıfıra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır. Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar arasındakı birlikdir. Əgər bu varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji resursları, nə valyuta ehtiyatları, nə ordu, heç nə. Bax, indi müxtəlif regionlarda baş verən hadisələrə nəzər salaraq görürük, harada ki, bu yoxdur, sabitliyi süni şəkildə saxlamaq mümkün deyil. Ancaq xalqla iqtidar arasındakı birliyi əldə etmək, bunu möhkəmləndirmək üçün xalqa xidmət etmək lazımdır. Bax, mən bunu, necə deyərlər, yığcam formada bu cür izah edərdim: Xalqa Ulu Öndər kimi xidmət etmək lazımdır. O, bütün dövrlərdə öz xalqına xidmət edib. Biz də çalışırıq onun yolu ilə gedək. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz onun yolu ilə uğurla gedirik.
Beynəlxalq nüfuzumuz bundan sonra da artacaq. Azərbaycan beynəlxalq aləmin dəyərli üzvüdür. Bundan sonra görüləcək işlər nəticəsində bizim təsir imkanlarımız daha da genişlənəcək. Bizim təsir imkanlarımız bizə ona görə lazımdır ki, Azərbaycanın maraqlarını təmin edək. Eyni zamanda, regional əməkdaşlıq məsələlərində də istədiyimizə nail olaq. Bizim istədiyimiz əməkdaşlıqdır, qarşılıqlı mənfəətdir, qarşılıqlı dəstəkdir. Bizim başqa fikrimiz yoxdur. Ona görə, regional inkişaf, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələlərində Azərbaycan çox önəmli bir ölkəyə çevrilibdir.
Beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası - bütün bunlar Azərbaycan reallıqlarıdır. Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq, düşünülmüş proqramı və inkişaf strategiyası var. Biz ölkəmizi gələcəkdə necə inkişaf etdirəcəyik?! Bu barədə bizim bütün proqramlarımız var, bu barədə vaxtaşırı məlumatlar verilir və xalq tərəfindən dəstəklənir.
Azərbaycan bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək. 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcək. Bu da ölkəmizin nadirliyini əks etdirən ən gözəl göstəricidir.
Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkədir. Bu coğrafi yerləşmə əlbəttə ki, bizim tariximizə də, bugünkü vəziyyətimizə də təsir edir. Biz isə çalışırıq ki, bu coğrafi mövqeyimizdən maksimum səmərə ilə istifadə edək. Bu coğrafi mövqe bizə bəlalar da, faciələr də gətirə bilərdi. Ancaq bu gün düşünülmüş, cəsarətli və dürüst xarici siyasətimiz nəticəsində biz bu əlverişli mövqeyi artıq müsbət amil kimi görürük. Bunu müsbət amilə çevirən məhz bizik. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bu isə bizim nüfuzumuzu qaldırır, önəmimizi artırır. İki il ərzində həm Avropa, həm İslam Oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq.
O da aydındır ki, bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir. Azərbaycan xalqının mütləq əksəriyyəti bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Biz xarici və daxili siyasətlə bağlı bu dəstəyi tam görürük. Ancaq bizim uğurumuzu istəməyən, inkişafımıza paxıllıqla yanaşan dairələr də var. Biz bu barədə həm o dairələrin nümayəndələri ilə açıq danışırıq, həm də öz xalqımıza bu barədə məlumat veririk. Çünki Azərbaycan xalqı bilməlidir ki, nələr baş verir. Ölkə daxilində Azərbaycanın xarici siyasəti ilə bağlı biz heç nəyi gizlətmirik. Azərbaycan xalqı hər şeyi bilməlidir. Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur. Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər.
Ona görə, bu kampaniyalar əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli hadisələr ərəfəsində özünü daha da qabarıq şəkildə büruzə verir. Üç il bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır.
Ona görə, bu yüksək kürsüdən mənim üçün çox əziz bir gündə bir daha demək istəyirəm ki, bütün bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq. Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər. Biz ölkəmizi Azərbaycan xalqının iradəsi ilə idarə edirik. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bundan sonra da biz öz prinsipial mövqeyimizdən kənara çıxmayacağıq. Biz ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bundan sonra da səmərəli işləyəcəyik, Ulu Öndərin siyasi xəttinə sadiq qalacağıq. Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizdən əvvəlki nəsillər müstəqillik həsrəti ilə yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər. Bu xoşbəxtlik bizə nəsib oldu. Eyni zamanda, bu gün müstəqil dövləti inkişaf etdirmək, irəliyə aparmaq da bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir, böyük məsuliyyətdir.
Mən əminəm ki, Azərbaycan xalqı bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq sürətlə inkişaf edəcək. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirəcək. Bizim yolumuz haqq, inkişaf, tərəqqi yoludur. Bu yolda bütün Azərbaycan xalqına qələbələr arzulayıram. Sağ olun.
X X X
Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.
Əvvəlcə Azərbaycanın xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxundu.
Prezident İlham Əliyev mükafatı Tahir Salahova təqdim etdi.
Xalq rəssamı Tahir SALAHOV çıxış edərək dedi:
- Çox hörmətli Prezident, əziz İlham Heydər oğlu,
Bu gün bu yüksək mükafatı Sizin əlinizdən almaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün, yaradıcılığım üçün böyük stimuldur. Düşünürəm ki, bu, mənə daha məsuliyyətli olmağa, respublikamızla bağlı daha çox əsərlər yaratmağa kömək edəcək.
Demək istəyirəm ki, mən Heydər Əlirza oğlu ilə moskvalı rəssamlar Viktor İvanov və Pyotr Ossovskinin sərgisinin Bakıda açıldığı vaxt tanış oldum. Onlar Kubada olmuşdular, Kuba haqqında təəssüratlarını kətana köçürmüş və həmin sərgini Bakıya gətirmişdilər. Onların əsərləri Mərkəzi İncəsənət Muzeyində nümayiş olunurdu. O vaxt Kubanın səfiri gəlmişdi, soyadı, deyəsən, Çamon idi. Bu ciddi və gözəl sərginin, - çünki rəsmləri çəkən müəlliflər qəribə adamlar idi, onlar sovet və Rusiya incəsənəti tarixinə düşüblər, - açılışından sonra ziyafət oldu. Ziyafətdə səfir, rəssamlar, Mərkəzi Komitənin katibləri iştirak edirdilər, mən də orada idim. Heydər Əlirza oğlu ziyafətdə çıxış etdi. O, rəssamlar, incəsənət haqqında mükəmməl çıxışı ilə məni heyran qoydu, mənim dostlarıma, yoldaşlarıma yüksək qiymət verdi.
Demək istəyirəm ki, Heydər Əlirza oğlu dünya siyasətinin nəhənginə, Sovet İttifaqında 19 istiqamətə başçılıq edən rəhbərə çevrildi.
O, Sovet İttifaqının mədəniyyət xadimləri üçün çox işlər görüb. Bütün istiqamətlər üzrə - istər arxitektura və teatr, istər bəstəkarlıq və rəssamlıq, istərsə də dizayn sahələrində çox iş görüb. Mən Bakıya gələndə mədəniyyət xadimləri həmişə deyirdilər: Heydər Əlirza oğluna bizim salamımızı çatdırın. Onun dünya səviyyəli nəhəngə çevrilməsi, sonralar Azərbaycanı xilas etməsi böyük xoşbəxtlikdir.
Heydər Əlirza oğlu mənə ilk Dövlət mükafatını 1972-ci ildə “Yeni dəniz” tablosuna görə verib. Bu, böyük tablodur, Siz onu yəqin ki, görmüsünüz. Açılışa gələndə o, artıq respublikanın başçısı idi. Respublikanın vəzifəli şəxslərindən biri qəflətən dedi: “Tahir, bəs nə üçün sənin fəhlələrin gülümsəmirlər?”. Məsum bir sükut çökdü. Birdən Heydər Əlirza oğlu ona dedi: “Onlar nə üçün gülümsəməlidirlər ki? Onlar işləyiblər, zəhmət çəkiblər, bu, ağır zəhmətdir”.
Demək istəyirəm ki, mən bu gün bu mükafatı 1920-ci, 30-cu, 40-cı illərdə, müharibə illərində, 50-ci, 60-cı, 70-ci illərdə xalqımızı şöhrətləndirən əsərlər yaradan bütün rəssamlara aid edirəm. Heydər Əlirza oğlu mədəniyyət xadimlərini ürəkdən sevirdi. O, həm oxuyur, həm də şəkil çəkirdi. Bu, onun üçün təbii bir duyğu idi. O vaxt doqquz mədəniyyət xadimimiz Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bu, mürəkkəb dövrdə böyük xoşbəxtlik idi.
Mən xoşbəxtəm ki, bu gün gənc rəssamlar Venesiya Biennalesində Azərbaycanın, təsviri sənətin şərəfini qoruyurlar. Bu, böyük xoşbəxtlikdir. Azərbaycan üçüncü dəfədir ki, bu biennaledə iştirak edir. Leyla xanım, Aida Mahmudova, Azərbaycan rəssamlarının bütöv bir pleyadası orada iştirak edir. Mircavad da, Abşeron istiqamətində işləyən, amma vaxtilə qəbul edilməyən bir sıra rəssamlar da orada iştirak edirlər. Bu gün isə onlar Venesiya Biennalesində Azərbaycanın şərəfini qoruyurlar. Demək istəyirəm ki, gənc nəsil gələcəyə baxır, gələcəyə istiqamətlənib. Zənnimcə, hər şey irəlidədir. Dostoyevski deyirdi: “Dünyanı gözəllik xilas edəcək”. Biz gözəllik naminə mübarizə aparacağıq. Sağ olun.
X X X
Sonra ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirildi.
X X X
Daha sonra Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə təsis edilən “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il üzrə qalibləri elan olundu.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə tanınmış incəsənət eksperti Erve Mikaelofa “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
Mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirən Erve MİKAELOF dedi:
- Hörmətli cənab Prezident.
Xanım Əliyeva.
Xanımlar və cənablar.
Mənə verilmiş bu mükafata görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu gün axşam Sizinlə Azərbaycanın dostu qismində birgə olmaq mənim üçün böyük şərəfdir.
Dörd il əvvəl mən Sizin ölkənizə səfər etdim və Azərbaycanın zənginliyini, bugünkü inkişafını kəşf etdim. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın səyləri ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin bir çox nümunələri dünyanın müxtəlif ölkələrində təqdim olunur. Bu, məhz Fondun uğurlu fəaliyyətinin göstəricisidir. Çox sağ olun.
X X X
Mehriban Əliyeva qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə də “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
Xalq artisti Ağaxan ABDULLAYEV dedi:
- Cənab Prezident.
Hörmətli Mehriban xanım.
Çox minnətdaram. Bu gün mənə verilən bu mükafat muğam sənətinə, muğam ifaçılarına verilən mükafatdır. Mən dəfələrlə demişəm ki, dövlətimiz, Prezidentimiz, Heydər Əliyev Fondu tərəfindən sənətkarlara, muğam ifaçılarına, mədəniyyət işçilərinə yüksək qiymət verilir. Heç bir ölkədə sənətkara belə bir qiymət yoxdur. Bu, ancaq bizim Azərbaycandadır. Mən buna görə, cənab Prezident, Sizin qarşınızda baş əyirəm, Sizə “Çox sağ olun” deyirəm.
Mən Heydər Əliyev Fonduna, şəxsən Mehriban xanıma sonsuz minnətdarlığımı bildirirəm. Məhz Mehriban xanımın diqqət və qayğısı sayəsində bu gün mən burada sizin qarşınızda çıxış edirəm. Bunu hamı bilir ki, əgər Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın köməyi olmasa idi, mən beş il bundan əvvəl ağır xəstəlikdən dünyamı dəyişərdim. Məni bu bəladan məhz Siz qurtarmısınız. Mən Almaniyada, Türkiyədə müalicə almışam. Buna görə minnətdarlığımı bildirir, Sizə “Çox sağ olun” deyirəm.
Allah-Taala başda Prezidentimiz olmaqla Sizə, ailənizə muğam ömrü qədər ömür versin. Çox sağ olun, var olun.
X X X
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim bədii hissə ilə davam etdi.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10