Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində İlham Əliyevin nitqi

11 aprel 2015, 16:00
Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində İlham Əliyevin nitqi

- Bu gün çox gözəl gündür. Lənkəranda Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra açılır. Gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, bu bina yenidən qurulub, bərpa edilib. Bildiyiniz kimi, bina 1970-ci illərdə tikilmişdir və təmirə ehtiyacı var idi. Hazırda bu, ən yüksək səviyyədə qurulmuş bir Mədəniyyət Mərkəzidir. Zallar, geniş otaqlar, iclas zalları. Burada konfranslar, konsertlər, müxtəlif tədbirlər keçiriləcək. Yəni, Lənkərana yaraşan bir mədəniyyət ocağıdır. Bu, məni çox sevindirir. Çünki Azərbaycanın hər bir yerində mədəniyyət ocaqlarının təmiri, bərpası sürətlə gedir, geniş vüsət almışdır. Həm qədimdən qalan tarixi abidələr, eyni zamanda, sovet dövründə tikilmiş mədəniyyət mərkəzləri də təmir olunur, yenidən qurulur. Bu gün Lənkəranda Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkdim. Bu da tarixi binadır. Gözəl təmir olunub, uzun illər təmirə ehtiyacı var idi. Orada göstərilən fotoşəkillər o tarixi binanın köhnə görüntülərini əks etdirir. Burada, bu binanın həyətində də onun əvvəlki vəziyyətini əks etdirən şəkillər var.

Bu gün isə mənzərə tam fərqlidir. Bu gün Lənkəranda və demək olar ki, ölkəmizin hər bir yerində tarixi-mədəni obyektlərimiz bərpa edilir və bu, belə də olmalıdır, xüsusilə Lənkəranda. Lənkəranın çox qədim mədəniyyəti, tarixi var. Biz bu mədəniyyəti, tarixi qoruyuruq. Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar göstərir ki, bu diyarın nə qədər zəngin tarixi və mədəni irsi var.

Son illərdə bütövlükdə Lənkəranda görülən işlər ölkəmizin ümumi inkişaf dinamikasını əks etdirir. Son vaxtlar cənub bölgəsində, xüsusilə Lənkəranda infrastruktur layihələrinin icrası sürətlə aparılmışdır. Bu gün deyə bilərik ki, əsas infrastruktur layihələri icra edilib. İki il bundan əvvəl şəhərə içməli suyun verilməsini qeyd etmişik. İndi şəhər içməli su ilə tam şəkildə təmin edilib. Qazlaşdırma sürətlə gedir. Şəhər tam qazlaşdırılıb. Kənd əhalisinin təxminən 80 faizi artıq təbii qaz alır, ilin sonuna qədər yəqin ki, 100 faizə yaxın bir rəqəm ortaya çıxacaq. Eyni zamanda, bu ilin əvvəlində “Azərişıq” qurumunun yaradılması nəticəsində hazırda bütün bölgələrdə elektrik enerjisi ilə təchizatla bağlı əlavə tədbirlər görülür. Vaxtilə biz kifayət qədər böyük həcmdə generasiya gücləri yaratmışıq, o cümlədən bu bölgədə “Astara” elektrik stansiyası, “Şirvan” elektrik stansiyası. Yəni, elektrik güclərimiz kifayət qədər böyükdür. Ancaq ötürücü xətlərin, transformatorların yenilənməsinə böyük ehtiyac var idi. Hazırda “Azərişıq” bu işlərə çox fəal qoşulub. Əminəm ki, bir neçə ildən sonra bizim bütün bölgələrimizdə elektrik enerjisi ilə təminat Bakıda olan səviyyəyə qalxacaq.

Kənd yollarının tikintisi gedir. Lənkəranda bir neçə kənd yolu layihəsi icra edilmişdir. Bu da əlbəttə ki, həm inkişafa təkan verir, eyni zamanda, böyük sosial məna daşıyır. Çünki Azərbaycan əhalisinin təxminən 50 faizi aqrar bölgələrdə, kəndlərdə yaşayır. Kənd yolları layihəsi, ümumiyyətlə, bütün ölkəmizi əhatə edibdir.

Hazırda Bakı-Astara magistral avtomobil yolu tikilir. Əminəm ki, yaxın illərdə istifadəyə veriləcək. Beləliklə, avtomaşınla gəlib-getmək üçün daha da gözəl imkan olacaq. Lənkəran aeroportu artıq neçə ildir ki, fəaliyyət göstərir. Aeroport sovet dövründə tikilmişdi, amma sonra fəaliyyət göstərmirdi. Yadımdadır, aeroportun ərazisinə baş çəkəndə gördüm ki, hər şey dağılıb və o vaxt qərar qəbul etdim ki, biz yenidən aeroport tikməliyik. Müxtəlif fikirlər var idi ki, bəs bu qədər vəsait qoyulacaq, kim istifadə edəcək, yəni, sadəcə olaraq, bir tikinti obyekti kimi istifadəsiz qalacaq. Amma bu gün biz görürük ki, bunun nə qədər böyük əhəmiyyəti var. Lənkərandan birbaşa Moskvaya, Rusiyanın digər şəhərlərinə və başqa yerlərə uçuşlar təşkil edilir. Nəinki lənkəranlılar, bütün cənub zonasının sakinləri bu aeroportun xidmətindən istifadə edirlər. Biz ən müasir təyyarələr almışıq. Ölkəmizdə 7 aeroport tikilib. Onlardan 5-i beynəlxalq statusa malikdir, biri də Lənkəran aeroportudur.

Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq. Əlbəttə, sosial sahə heç vaxt yaddan çıxmır, əksinə, həmişə bizim prioritetimiz kimi qalır. Lənkəranda Mərkəzi Rayon Xəstəxanası yaradılmışdır. Ondan əvvəl Diaqnostika Mərkəzi yaradılmışdır. Birinci Diaqnostika Mərkəzi məhz Lənkəranda yaradılmışdır. Uşaq xəstəxanası, məktəblər, mədəniyyət ocaqları tikilir. Yəni, bu cür yanaşma imkan verir ki, ölkəmizin hər bir regionu, hər bir rayonu hərtərəfli inkişaf etsin. Eyni zamanda, hər bir rayonda normal yaşamaq, işləmək üçün bütün şərait yaradılır.

Bu gün mən, eyni zamanda, Lənkəranda yaradılan yeni kənd təsərrüfatı layihəsinə də fikir verdim, tanış oldum. Bu da bir yenilik olacaq. Xarici mütəxəssislərin dəstəyi ilə burada müasir texnologiyalar əsasında meyvə bağları salınır. Əlbəttə, bu, həm Lənkəranın iqtisadiyyatına, eyni zamanda, ixrac potensialına da müsbət təsir göstərəcək. Çünki biz çalışmalıyıq ki, bundan sonra öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək.

Bizim əlbəttə, böyük enerji resurslarımız, neft–qaz yataqlarımız var. Bu gün bunlar Azərbaycan xalqına xidmət edir və dünya miqyasında öz rolunu oynayır. Eyni zamanda, gözəl təbii şəraitimiz, Lənkəran kimi gözəl məkanımız var. Digər bölgələrdə də təbii şərait unikaldır. Xoşbəxtik ki, belə gözəl ölkədə yaşayırıq - 9 iqlim qurşağı, hər cür təbii şərait, münbit torpaqlar, dağlar, çaylar, Xəzər dənizi, bulaqlar var. Yəni, bu, böyük sərvətdir və biz bu sərvətdən səmərəli şəkildə istifadə edirik.

Bu gün Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü müəyyən edir. Azərbaycan xalqı da görür ki, biz ancaq müstəqillik dövründə yaxşı yaşaya bilərik. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və Azərbaycan xalqı öz potensialını tam realizə edə bilmirdi. İyirmi üç ildir ki, müstəqil dövlət kimi yaşayırıq və bu gün çiçəklənən Azərbaycan bu müstəqilliyin bəhrəsidir. Biz müstəqilliyi qoruyuruq, qoruyacağıq. Bizim yolumuz inkişaf yoludur, ölkəmiz inkişafdadır, hər bir bölgə inkişafdadır. Birinci regional inkişaf proqramı hələ 2004-cü ildə qəbul edilmişdi və 11 il keçəndən sonra hər kəs bu gün hər bir rayonda bu proqramın nəticələrini görür. O ki qaldı Lənkəranın gələcək inkişafına, biz çalışacağıq ki, əlavə investisiyalar qoyulsun. Dövlət tərəfindən infrastruktur layihələri davam etdiriləcək. Hələ ki, məktəb tikintisinə, təmirinə ehtiyac var, kənd yollarına vəsait qoyulacaq, şəhərdaxili yollar da gərək təmir olunsun. Mənzil fondunun bərpası məsələləri var. Yəni, hələ görüləsi işlər çoxdur. Ancaq əsas infrastruktur layihələri artıq arxada qalıb. Biz onları icra etmişik.

Biz Lənkəranın turizm potensialından da maksimum dərəcədə istifadə etməliyik. Çünki Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır, indi 2 milyondan çoxdur. Lənkəran Beynəlxalq Aeroportu da bir vasitə olacaq ki, biz xarici turistləri cəlb edək. Daxili turizm də inkişaf etməlidir. Təkcə bu məqsədlə yox, eyni zamanda, ölkəmizi gənclər daha yaxşı tanısınlar deyə, biz indi “Ölkəmizi tanıyaq” proqramını icra edirik. Müxtəlif bölgələrdən gənclər Lənkərana, Lənkərandan isə başqa zonalara səfərlər edirlər. Gələcəkdə bu, daxili turizmin inkişafına da təsir göstərəcək. Yəni, təbii sərvətlərimizdən səmərəli şəkildə istifadə edərək ölkəmizi daha da gücləndirməliyik, insanların daha da yaxşı həyatını təmin etməliyik.

Lənkəranın inkişafı daim diqqət mərkəzindədir. Bu, son 11 il ərzində mənim Lənkərana 10-cu səfərimdir. Bu, özlüyündə göstərir ki, bu bölgəyə, bu şəhərə nə qədər diqqət göstərilir. Görəndə ki, belə gözəl, müasir abidələr yaradılıb sizin qədər mən də sevinirəm. Təbrik edirəm və yeni uğurlar arzulayıram.