Azərbaycan-Latviya Biznes Forumunda İlham Əliyevin nitqi

17 yanvar 2011, 20:05
Azərbaycan-Latviya Biznes Forumunda İlham Əliyevin nitqi

Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Mən ilk növbədə, biznes forumun bütün iştirakçılarını səmimi qəlbdən salamlayıram!

Hesab edirəm ki, bugünkü tədbir çox əhəmiyyətlidir. Artıq Latviya-Azərbaycan biznes forumlarının keçirilməsi gözəl ənənəyə çevrilibdir. Birinci dəfə deyil ki, ölkələrimizin iş adamları bir araya gəlirlər. Görünür, qarşılıqlı maraq o qədər böyükdür ki, biznes forumların mütəmadi qaydada keçirilməsi artıq reallığa çevrilibdir.

Həqiqətən qarşılıqlı maraq böyükdür. Baxmayaraq ki, Latviya ilə Azərbaycan arasında iqtisadi əlaqələr hazırda bizi qane etmir və bu gün biz cənab Prezidentlə bu barədə fikir mübadiləsi apardıq. Hesab edirəm ki, potensial daha da güclüdür. Ancaq bugünkü siyasi əlaqələr və iki ölkə arasında inkişafda olan əməkdaşlıq meyilləri biznes sahəsində inkişafa da gözəl şərait yaradır.

Biz çalışmalıyıq ki, aramızdakı əlaqələr çoxşaxəli olsun, bütün sahələri əhatə etsin, o cümlədən iqtisadi sahədə daha da böyük işlərin görülməsi üçün yaxşı imkanlar vardır.

Bu gün Latviya ilə Azərbaycan arasında çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bəyannamədə əks olunan məsələlər münasibətlərimizin perspektivlərini müəyyən edir və niyyətimizi ifadə edir. Bu gün, bütövlükdə mənim Latviyaya ikinci səfərim zamanı çox faydalı danışıqlar, geniş fikir mübadiləsi aparılmışdır. Əminəm ki, bu səfər iki ölkə arasındakı münasibətlərə güclü təkan verəcəkdir.

Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Son illər ərzində iqtisadiyyatımız dünyada ən yüksək templərlə inkişaf etmişdir. Son 7 ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, yoxsulluq 4-5 dəfə azalmışdır, ölkəmizdə 900 mindən artıq yeni iş yeri açılmışdır, ölkə iqtisadiyyatına çox güclü təkan verilmişdir, Azərbaycana investisiyalar cəlb olunur. Təkcə keçən il ölkəmizə 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi artıq daxili sərmayələrdir. Azərbaycan şirkətləri və Azərbaycan dövləti tərəfindən 9 milyarddan çox vəsait qoyulmuşdur.

Ölkəmizdə çox əlverişli investisiya mühiti vardır. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyinə görə yenə də Azərbaycan MDB məkanında birinci yerdədir. Yəni biz çalışırıq ki, iqtisadi islahatlarımız ölkəmizin hərtərəfli inkişafına xidmət etsin.

Bu gün biz iqtisadiyyatımızın şaxələndirilməsini təmin etmək üçün çox böyük səylər qoyuruq və bu səylər özünü göstərir. Energetika, neft-qaz sənayesi iqtisadiyyatımızın əsas sektorudur. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti demək olar ki, 4-5 dəfə aşağı düşmüşdür, Azərbaycan iqtisadiyyatı 9,3 faiz artmışdır. Bu artımın əsas səbəbi əvvəlki illərdə aparılan islahatlardır və qeyri-neft sektoruna, infrastruktur layihələrinə qoyulmuş vəsaitdir. Keçən il Azərbaycanda yenə də iqtisadi inkişaf müşahidə olunmuşdur, iqtisadiyyatımız 5 faiz artmışdır. Əminəm ki, bu gözəl meyillər növbəti illərdə daha da güclənəcəkdir.

Mən hesab edirəm ki, bu tərkibdə görüşlər çox böyük məna daşıyır. Çünki mövcud layihələr yenə də nəzərdən keçirilir. Gündəliklə tanış olarkən gördüm ki, Azərbaycanda icrada olan və icrasını gözləyən layihələr burada təqdim edildi. Biz Azərbaycanda yeni sahələrin fəaliyyəti üçün çox böyük səylər göstəririk. Bizim üçün ənənəvi olmayan sahələrə çox böyük diqqət göstəririk. Cənab Prezident Zatlers qeyd etdi ki, əməkdaşlığımızın perspektivli sahəsi olan informasiya-kommunikasiya texnologiyaları sahəsində Latviyanın çox böyük uğurları vardır. Azərbaycan da bu istiqamətdə çox vacib addımlar atır və İKT-nin inkişafına görə yenə də MDB məkanında birinci sıralardadır.

Biz artıq Azərbaycanda kosmik sənayenin inkişafına başlamışıq. İki ildən sonra Azərbaycanın birinci süni peyki orbitə çıxarılacaqdır. Beləliklə, bundan sonrakı tədbirlər nəticəsində Azərbaycanda ənənəvi olmayan kosmik sənayenin yaranması mümkün olacaqdır.

Biz ölkəmizdə geniş modernləşdirmə siyasəti aparırıq. Bu siyasət bizə imkan verəcək ki, enerji resurslarından daha da az asılı olaq. Bizim əsas məqsədimiz güclü, dayanıqlı, uzunmüddətli iqtisadi inkişafı təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, Azərbaycanda sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görməkdir. Bu məqsədlə ölkəmizin müxtəlif sahələrinə dövlət tərəfindən böyük investisiyalar qoyulur. Mən hesab edirəm ki, Latviya iş adamları bu imkanlardan da istifadə edə bilərlər. Bizim investisiya portfelimiz çox böyükdür və Latviya iş adamları təcrübəsini müxtəlif inşaat sahələrində təqdim edə bilərlər.

Eyni zamanda, Azərbaycan investisiyalar üçün də çox əlverişli ölkədir və biz Latviyadan investisiyaları gözləyirik. Əminəm ki, bu investisiyalar daha da böyük həcmlə ölçüləcək, Azərbaycan isə öz tərəfindən xarici ölkələrə böyük həcmdə investisiyalar qoymağa başlamışdır. Son bir neçə il ərzində qonşu ölkələrə bir neçə milyard dollar Azərbaycan investisiyaları qoyulubdur və bu proses davam etdirilir. Biz maraqlıyıq ki, bizim üçün dost olan ölkələrlə investisiya layihələri əsasında əməkdaşlığımızı gücləndirək.

Bizim üçün ənənəvi olan energetika sektoru Azərbaycanda sürətlə inkişaf edir. Keçən il Azərbaycanda 51 milyon ton neft və 27 milyard kubmetr qaz hasil olunmuşdur ki, bunların böyük hissəsi dünya bazarlarına ixrac edilmişdir. Bir neçə gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sektoruna dair çox vacib bəyannamə imzalanmışdır. Bu bəyannamənin Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığa da çox böyük təsiri olacaqdır. Bütövlükdə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər çox sağlam təməl üzərində qurulubdur. Bu, qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmuş münasibətlərdir. Əlbəttə ki, Latviya Azərbaycan üçün dost ölkə kimi Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də öz dəyərli töhfəsini verir. Biz hər zaman Latviyanın bu sahədəki fəaliyyətini qeyd etmişik və bunu bu gün də qeyd edirik. Şübhə yox ki, növbəti illərdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər daha da güclənəcək, daha da çox sahəni əhatə edəcək və beləliklə Azərbaycan Avropaya daha da yaxınlaşacaqdır. Biz bunu istəyirik və hesab edirik ki, hər iki tərəfin bir-birinin maraqlarına töhfə verə biləcək məsələlər, amillər kifayət qədərdir, sadəcə olaraq, bütün bu işləri vaxtında və düzgün həll etməliyik.

Dünyanı bürümüş iqtisadi və maliyyə böhranı əlbəttə ki, hər bir ölkəyə öz mənfi təsirini göstərmişdir, o cümlədən Azərbaycana. Amma biz çalışmışdıq ki, bu böhranın əhaliyə təsirini minimum səviyyəyə endirək. Deyə bilərəm ki, nə 2009-cu ildə, nə də 2010-cu ildə Azərbaycan əhalisi bu böhranın acı nəticələrini hiss etmədi. Bizim milli valyutamızın – manatın məzənnəsi sabit olaraq qalırdı. Valyuta ehtiyatlarımız keçən il daha da artdı. Bu gün Azərbaycanın valyuta ehtiyatları 30 milyard dollara bərabərdir. Əlbəttə, bu, böyük rəqəmdir və bizə imkan verir ki, özümüzü çox əmin hiss edək. İstənilən layihənin Azərbaycanda həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumlarına müraciətimizə artıq ehtiyac qalmır. Azərbaycan yaxın gələcəkdə, eyni zamanda, beynəlxalq maliyyə təşkilatları ilə bərabər üçüncü ölkələrdə müxtəlif yardım proqramlarında da iştirak etməyə hazırdır.

Bizim regionlar bir-biri ilə demək olar ki, təzə-təzə əlaqə yaratmaqdadır. Xəzər hövzəsi və Baltik dənizi hövzəsində yerləşən ölkələr arasında ənənəvi olaraq münasibətlər yaxşı səviyyədə qurulmuşdur. İndiki şəraitdə bu münasibətlər yeni müstəvidədir və regional əməkdaşlıq üçün əlbəttə ki, nəqliyyat layihələri də böyük əhəmiyyət kəsb edir. Onların arasında Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan bu layihə üzərində öz qonşuları ilə işləyir. Ümid edirəm ki, iki ildən - bu dəmir yolu istismara veriləndən sonra Avropanı Asiya ilə birləşdirən yeni İpək Yolu fəaliyyətə başlayacaq və əlbəttə, həm Avropada, həm Asiyada yerləşən ölkələr bu işlərdən faydalanacaqlar. Qürur hissi ilə deyə bilərəm ki, uzun illər ərzində, sadəcə, müzakirə mövzusu olan bu layihə Azərbaycanın fəal səyləri nəticəsində həyata keçirilməyə başlanmışdır.

Mən bir daha qeyd etmək istəyirəm ki, hər bir iqtisadi təşəbbüs Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir. Biz özümüz bölgədə müxtəlif iqtisadi və infrastruktur təşəbbüsləri ilə çıxış etmişik və bu gün bu təşəbbüslər reallaşıb, xüsusilə energetika və nəqliyyat sektorunda.

Latviya-Azərbaycan əlaqələrinə qayıdaraq qeyd etmək istəyirəm ki, bu əlaqələr çox möhkəmdir. Bizim güclü siyasi iradəmiz vardır. Siyasi maraqlar çox yüksək səviyyədədir və belə olan halda əlbəttə ki, iş adamları bu gözəl imkanlardan istifadə etməlidirlər. İnvestisiyalar dost ölkələrə qoyulur. İnvestisiyalar proqnozlaşdıra biləcək ölkələrə qoyulur. Bizim müttəfiqliyimiz və əməkdaşlığımız iş adamları üçün də hesab edirəm ki, çox gözəl dəstəkdir.

Mən bir daha biznes forumun bütün iştirakçılarını ürəkdən salamlayıram, latviyalı dostlarımıza, xüsusilə cənab Prezident Zatlersə bizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu biznes forumun gələcəkdə çox gözəl nəticələri olacaqdır.

Sağ olun!

SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:42
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı...

28 sentyabr 2024, 15:42
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:38
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə...

28 sentyabr 2024, 15:38
SƏNƏDLƏR Sərəncamlar 28 sentyabr 2024
13:48
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin...

28 sentyabr 2024, 13:48
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:44
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra...

28 sentyabr 2024, 13:44
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:40
“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə...

28 sentyabr 2024, 13:40