13:37
İlham Əliyev və Avropa Komissiyasının Sədri Joze Manuel Barrozunun mətbuat üçün bəyanatları
13 yanvar 2011, 20:05Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab sədr!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İlk növbədə, mən sizi, Avropa Komissiyasının sədri cənab Barrozunu bir daha burada salamlamaq istərdim. Eyni zamanda, dəvətimizi qəbul edib 2011-ci ilin əvvəlində ölkəmizə səfər etdiyinizə görə minnətdarlığımızı bildiririk. Bu, ilin çox yaxşı bir başlanğıcıdır və hesab edirik ki, Avropa təsisatları ilə Azərbaycan arasında olan münasibətlərin çox gözəl göstəricisidir. Bu münasibətlərin çox yaxşı tarixi var. Müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik və indi də hiss edirik.
Eyni zamanda, Avropa Komissiyası sədrinin səfəri tərəfdaşlığımızın bugünkü səviyyəsinin göstəricisidir və təbii ki, bu səfər bizim münasibətlərimizin gələcək inkişafına yönəlibdir. Biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Biz uzun illər ərzində müxtəlif formatlarda ümumi nəticələri əldə etmək üçün birgə çalışırıq. Hazırda Azərbaycanın da üzvü olduğu “Şərq tərəfdaşlığı” proqramı var. Bu da bizim əməkdaşlığımız üçün yeni üfüqlər açır. Bizim ikitərəfli münasibətlərimizə aid geniş gündəliyimiz mövcuddur və burada bir çox sahələr əhatə olunmuşdur.
Bu gün apardığımız müzakirələr, səmimi və çox mehriban söhbət zamanı biz, demək olar ki, ikitərəfli əlaqələrimizin hər bir aspektini nəzərdən keçirdik. Biz iqtisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə etdik, Azərbaycanda aparılan islahatları, demokratikləşmə prosesini nəzərdən keçirdik, regional vəziyyət və təhlükəsizliklə bağlı olan vəziyyət haqqında fikir mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də danışdıq və eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik. Bir sözlə, biz gördük ki, hər iki tərəfin ümumi bir istəyi, arzusu vardır ki, bu münasibətlər inkişaf etdirilsin və gələcək illərdə, onilliklərdə tərəfdaşlıq daha da güclənsin.
Bu gün söhbətimizin əsas mövzuları arasında enerji sahəsində əməkdaşlıq məsələsi dayanır. Biz elə indicə Cənub qaz dəhlizi haqqında Birgə bəyannaməyə imza atdıq. Bu da çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir.
Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycanın neft əməliyyatlarının uzun tarixi var. Dünyada ilk dəfə Azərbaycanda neft hasil edilmiş, o cümlədən sənaye üsulu ilə dənizdə neft hasilatı dünyada ilk dəfə məhz Azərbaycanda baş vermişdir. Müstəqil ölkə olaraq biz öz enerji siyasətimizi 1990-cı illərin ortalarından bu günə qədər aparırıq və bu baxımdan Azərbaycanın siyasəti çox açıq, səmimi, şəffaf olmuşdur. Biz milyardlarla dollar xarici sərmayə cəlb edə bildik və bu gün artıq bizim müxtəlif marşrutlarımız vardır. Bizim 7 boru kəmərimiz mövcuddur. Bu infrastruktur neft və qaz yataqlarımızdan enerji resurslarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Biz çoxlu maliyyə resursları əldə etmişik və bu, bizim enerji siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Zənnimcə, maraqların kombinasiyası və səylərin bir araya yönəldilməsi və bunun bir növ sinxronlaşdırılması bizim planlarımızın uğurla həyata keçirilməsi üçün əsas ilkin şərtdir. Azərbaycan əvvəldən Cənub enerji dəhlizinə dəstək vermişdir. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir. Zənnimcə, bu gün imzaladığımız Birgə bəyannamənin yaxşı gələcəyi vardır. Əminəm ki, gələn aylar ərzində biz bir çox mühüm hadisələrin şahidi olacağıq. Bu baxımdan enerji tərəfdaşlığı, Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan arasında olan bu əməkdaşlıq uğurla davam edəcəkdir.
Bu gün biz Azərbaycanda siyasi və iqtisadi islahatlara aid vəziyyəti də müzakirə etdik və bu, çox açıq, səmimi və dostluq şəraitində keçdi. Bu söhbət dostlar arasında idi və biz bir-birimizi etibarlı tərəfdaş və dost hesab edirik. Biz, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Fakt ondan ibarətdir ki, artıq uzun illərdir, Azərbaycanın əraziləri Ermənistanın işğalı altındadır. Təbii ki, bu, Azərbaycanda bir çox narahatlıqlar doğurur. Bu, regional təhlükəsizliyə potensial hədədir. Biz beynəlxalq təsisatlara, xüsusən də Avropa Parlamentinə çox minnətdarıq ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid qətnamə qəbul etdilər. Bu qətnamə əvvəl qəbul olunmuş qətnamələrə tamamilə uyğundur. BMT-nin, Avropa Şurasının və ATƏT-in qətnamələrinə uyğundur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli nəinki bizim qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytaracaq, həm də bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaq, habelə regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcəkdir.
Mən bir daha qeyd etmək istəyirəm ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir. Çox şadam ki, cənab sədri Azərbaycanda qəbul edirəm. Mən çox şadam ki, 2011-ci il məhz burada, Bakıda belə mühüm səfərlə başlayır. Əminəm ki, belə tərəfdaşlıq ruhu bizim ikitərəfli münasibətlərimizdə həmişə əsas yer tutacaq və gələn aylar ərzində daha çox müsbət nəticələrimiz olacaqdır. Cənab sədr, ölkəmizə səfər etdiyinizə görə çox sağ olun və mən sizə səfərinizin yaxşı keçməsini arzulayıram.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bəyanatı
- Sağ olun, cənab Prezident. Mən də bu gün burada, Bakıda olmaqdan çox məmnunam və Sizin xeyirxah dəvətinizi, Prezident Əliyevin dəvətini qəbul etdim.
Prezident Əliyevlə görüş çox açıq və səmimi, dostluq, mehribanlıq şəraitində keçdi və biz olduqca strateji əhəmiyyət daşıyan məsələləri müzakirə etdik. Bildiyiniz kimi, bu məsələlər həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında olan tərəfdaşlığı əhatə etdik və bir meyil kimi bu tərəfdaşlıq artıq reallıqdır. Eyni zamanda, mən bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdaram. Mən sabah da buradayam və hesab edirəm ki, çıxışlarım olacaqdır. Mən Bakı Dövlət Universitetində çıxış edəcəyəm və bilirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk olaraq bir çox mütərəqqi işlər görmüşdür. Çox sağ olun, mənə belə bir fürsət yaratmısınız ki, səfərimi belə başlayım və eyni zamanda, sabah həmin ali təhsil ocağında çıxış edim.
Avropa İttifaqı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir. Bu gün Prezident bildirdi ki, o, Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamlandırıcı amil kimi qəbul edir. Bu, əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab Prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da bizim münasibətlərimizdə vacib bir məqamdır.
İkitərəfli tərəfdaşlığımıza gəldikdə, bildiyiniz kimi, yeni Assosiasiya Sazişi mövcuddur ki, bununla bağlı artıq danışıqlar başlanıbdır. Məqsəd bizim strateji əlaqələrimizi daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Eyni zamanda, mən böyük məmnunluqla bildirirəm ki, biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlayacağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaqdır. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli məsələdir ki, insanlar arasında təmaslar daha da sıx olsun.
Eyni zamanda, Avropa İttifaqı siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzmlidir. Hesab edirik ki, gələn illər ərzində münasibətlərimizdə bu kimi məsələlər də vacib hesab olunacaqdır. Bu baxımdan Azərbaycan öz töhfəsini verir.
Eyni zamanda, hesab edirik ki, bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulubdur. Burada, mənim nümayəndə heyətimdə cənab Günter Ottinger də var, o da xüsusi olaraq məhz həmin məsələlərlə məşğuldur. Mən Prezident İlham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. Çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir.
Bu da çox vacibdir ki, bizim təhlükəsizliyimiz və enerji təchizatımızın şaxələndirilməsi olduqca vacibdir. Bu, həm də tələblə bağlıdır. Eyni zamanda, Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa İttifaqına idxala öz töhfəsini verir. Məhz Cənub dəhlizi sayəsində Azərbaycan çox etibarlı bir çıxış olacaqdır. Bu da bizim inkişafımız üçün uzunmüddətli perspektiv açır. Eyni zamanda, biz çox istəyirik ki, “Şahdəniz” qaz yatağı da yaxın vaxtlarda işlənilsin. Ümidvaram, bu, bizə elə bir imkan verəcək bəyan edək ki, Azərbaycan XXI əsrdə bu sahədə ən ilkin addımlar atan bir ölkə olacaqdır.
Xanımlar və cənablar, biz bir çox digər məsələləri də müzakirə etdik, regional vəziyyəti nəzərdən keçirdik. Mən xüsusi olaraq Azərbaycanın bu gün Əfqanıstanda sülhün təmin edilməsində, İraq və Kosovoda oynadığı rolu yüksək dəyərləndirdim və bildirirəm ki, bunu Avropa İttifaqı da çox yüksək dəyərləndirir.
Bu regiona gəldikdə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. Buna görə də ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir. Bildiyiniz kimi, Avropa İttifaqı da öz səylərini göstərir. Mən, eyni zamanda, bu fürsətdən istifadə edərək, Prezident Əliyevə və sizə demək istəyirəm: həmin münaqişədən əziyyət çəkmiş bütün ailələrə və icmalara öz narahatlığımı bildirirəm. Eyni zamanda, əmin etmək istəyirəm ki, bu baxımdan Avropa İttifaqı öz səylərini davam etdirəcəkdir. İcazə verin, onu da bildirim ki, Avropa Birliyi, əlbəttə ki, tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirik və etimad yaratma tədbirlərini maliyyələşdirməyə hazırıq. Bütün tərəflərin razılaşacağı və həll variantına nail olduğu halda sülh prosesinə siyasi cəhətdən dəstək verməyə və birgə yardım etməyə hazırıq.
Bildiyiniz kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında faydalı əməkdaşlıq artıq göz qabağındadır. Eyni zamanda, bu gün Azərbaycan ilə imzaladığımız sənədlər Avropa İttifaqı ilə tərəfdaşlığı daha da gücləndirəcəkdir. İndi isə daha əlavə addımlar atılmalıdır. Söhbət təkcə enerji sahəsindən getmir, digər sahələrdən də gedir. Məsələn, biz təhsil sahəsində əməkdaşlıq edə bilərik. Bu, bizim ürəyimizə çox yaxın olan bir məsələdir. Prezident Əliyev də bunu qeyd etdi ki, biz bu müasirləşdirməni birlikdə irəliyə doğru aparmalıyıq. Biz qarşısına qoyduğu məqsədlərə nail olmaqda cənab Prezidentlə birgə işləməyi ürəkdən arzulayırıq və bunu səbirsizliklə gözləyirik.
Mənə deyirdilər ki, qışın bu vaxtında bəlkə Bakıya səfər etməyim. Amma dedim ki, buna inanmıram, çünki Bakıda hava şəraiti tamamilə fərqlidir və buradakı insanlar da çox gözəl və cazibədardır. Yəni belə bir tərəfdaş ölkəni belə bir şəraitdə görəndə, həqiqətən, insanın ürəyi açılır. Eyni zamanda, mən görürəm, burada nəinki gözəl şərait yaradılıb, həm də ətrafda çox gözəl inkişaf da var.
13:37
12:20
10:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:1213:02
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:0213:00
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:0010:25
16:37
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:3711:09
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:0910:38
10:20
09:46
19:07
Hörmətli cənab Sədr,
Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və...
31 oktyabr 2024, 19:07