Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

14 yanvar 2011, 13:05
Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

2011-ci ildə qarşıda duran vəzifələr aydındır. Biz bu ildə də iqtisadiyyatımızın inkişafını təmin etməliyik. Əminəm ki, iqtisadiyyatımız daha da artacaqdır. Makroiqtisadi sabitlik qorunmalıdır və əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək.

Sirr deyil ki, inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən biri də ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yer tutmasıdır. Azərbaycan da bu yolla getməlidir. Düzdür, bizim güclü enerji sektorumuz var və qeyri-neft sektorunu neft sektoru ilə müqayisə etmək, əlbəttə ki, sadəlövhlük olardı. Ancaq biz çalışmalıyıq ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getsin. Dövlət tərəfindən buna dəstək verilir. Hesab edirəm ki, sahibkarlarla çoxsaylı görüşlərimdə verdiyim tövsiyələr, dediyim fikirlər və göstərdiyim siyasi dəstək sahibkarlığın inkişafında öz rolunu oynayır. Bununla bərabər, dövlət tərəfindən ayrılmış kreditlər, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına çox böyük dəstəkdir.

Biz elə etməliyik ki, 2011-ci ildə bu sahəyə əlavə vəsait ayrılsın. İqtisadiyyatımızın çoxşaxəli iqtisadiyyat kimi formalaşmasında qeyri-neft sektorunun inkişafı həlledici rol oynayır. Əgər vaxtilə biz bu siyasətə başlamasaydıq, indi ölkə iqtisadiyyatı birtərəfli ola bilərdi. Mən yaxşı xatırlayıram, bir neçə il bundan əvvəl bəzi beynəlxalq qurumlarda Azərbaycanda “Hollandiya sindromu” haqqında fikirlər səslənmişdi, yəni Azərbaycanda iqtisadiyyat birtərəfli inkişaf edəcək, ancaq neft amilinə söykənir, iqtisadiyyatın digər sahələrində perspektivlər yoxdur. Bizim apardığımız siyasət isə onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyat kimi formalaşıb və “Hollandiya sindromu” haqqındakı o fikirlər artıq səslənmir.

Biz bu müsbət dinamikanı davam etdirməliyik və 2011-ci ildə sahibkarlığın, özəl sektorun inkişafı üçün, qeyri-neft sektorunun inkişafı üçün əlavə tədbirlər görülməlidir. Bir daha demək istəyirəm ki, dövlət tərəfindən, Prezident tərəfindən siyasi dəstək verilib və veriləcəkdir. Dövlət qurumları - həm mərkəzi qurumlar, həm də bölgələrdə yerləşən qurumlar sahibkarlığın inkişafına kömək göstərməlidir, onlara maneçilik törətməməlidir, süni əngəllər də yığışdırılmalıdır.

Bununla bərabər, mən hesab edirəm ki, 2011-ci ildə vergilər bazasını biz genişləndirməliyik. Bunu etmək üçün böyük imkanlar var. Vergi sahəsində aparılan islahatlar uğurludur. “Bir pəncərə” prinsipi Azərbaycanda artıq tətbiq olunur. Digər mütərəqqi islahatlar aparılır, bütövlükdə bu sahədə işlər görülür. Ancaq o da həqiqətdir ki, vergilərdən yayınanların sayı da kifayət qədərdir. Yayınma halları hələ də çoxdur. Biz bunları bilirik və bu hallarla mübarizə daha da ciddi və məqsədyönlü aparılmalıdır.

Elə etməliyik ki, ticarət, məişət, iaşə obyektlərində nağd şəkildə ödəmələr minimuma endirilsin. Artıq kredit kartları var, bizim əhalimizin böyük hissəsi kredit kartlarına malikdir. Hər bir məntəqədə, hər bir ticarət obyektində, hər bir restoranda kredit kartlarından, ödəmə kartlarından istifadə olunmalıdır. Belə olan halda, əlbəttə ki, vergilər bazası heç səy göstərilmədən, avtomatik olaraq genişlənəcəkdir. Yəni bu sahədə görüləsi işlər çoxdur. Mən bir müddət bundan əvvəl vergilər nazirinə müvafiq göstərişlər vermişəm. Sadəcə olaraq, istərdim ki, burada da bu barədə öz fikirlərimi bildirim ki, Azərbaycanda bu sahədəki vəziyyət inkişaf etmiş ölkələrdəki vəziyyətdən fərqlənməməlidir. Mən gözləyirəm ki, 2011-ci ildə bu sahədə köklü və əsaslı tədbirlər görüləcəkdir.

Bizim iqtisadi potensialımız güclüdür. Burada səslənən çıxışlarda da bu, bir daha deyildi. Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyi baxımından bizim iqtisadiyyatımız MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə bağlı verilən məlumatlar da onu göstərir ki, bizim iqtisadiyyatımız və ölkədə gedən iqtisadi-sosial islahatlar uğurludur. Beynəlxalq aparıcı reytinq agentlikləri böhran illərində bizim reytinqlərimizi artırıblar. Yəni bu onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik. Nəzərə alsaq ki, bizim güclü neft-qaz ehtiyatlarımız var, valyuta ehtiyatlarımız 30 milyard dollara yaxınlaşır, - əminəm ki, 2011-ci ildə bir neçə milyard dollar da artacaq, - bu, bizim üçün böyük bir dəstəkdir, böyük sərvətdir. Ancaq bu o demək deyil ki, ölkədə hər şey yaxşıdır. Əlbəttə ki, yox. Biz çalışmalıyıq, xüsusilə 2011-ci ildə bu sahəyə daha da çox diqqət verməliyik. Harada qüsurlar, çatışmayan cəhətlər varsa, onları aradan qaldırmalıyıq. Harada ki, bizdə görülən işlər hələ beynəlxalq standartlara cavab vermir, onları beynəlxalq standartlara, Avropa standartlarına yaxınlaşdırmalıyıq. Mən hesab edirəm ki, əgər biz buna nail olsaq, büdcə gəlirlərimiz artacaq və ümumiyyətlə, ölkədə uçot-hesabat məsələləri daha da dəqiq həll olunacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün, bu sahədə işlərin daha da səmərəli şəkildə aparılması üçün bütün imkanlar var.

Keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 115 milyon manat kreditlər verilmişdir. Bu kreditlərin demək olar ki, 99 faizdən çoxu bölgələrə aid olan vəsaitdir. Hesab edirəm ki, bu il də biz təxminən həmin səviyyədə kreditlərin verilməsini təşkil etməliyik. Bu kreditlər işləyir və nəticə verir. Kreditlərin işləməsi nəticəsində yüzlərlə müəssisə yaradılıb və mühüm amil ondan ibarətdir ki, bu kreditlər vaxtlı-vaxtında qayıdır və yenidən kreditləşməyə cəlb olunur.

Azərbaycanda biznes mühiti müsbətdir, investisiya mühiti yaxşıdır. Adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə Azərbaycan, həmişə olduğu kimi, indi də MDB məkanında aparıcı yerlərdədir. Ancaq bununla bərabər, biz biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməliyik. Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir. Biz istədiyimizə nail olsaq, Azərbaycan iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz daha da artacaq, vergilərdən daha da çox vəsait daxil olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər də azalacaqdır.

Biz elə etməliyik və buna nail olmalıyıq ki, - mən artıq bu vəzifəni əvvəllər də qarşıya qoymuşam, - Vergilər Nazirliyi və digər qurumlar tərəfindən yığılan vəsait cari xərclərin bağlanması üçün kifayət etsin. Neft Fondundan transfertlər yalnız və yalnız investisiya yönümlü layihələrə sərf olunsun.

2011-ci ildə kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün əlavə tədbirlər görülməli, subsidiyaların verilməsi davam etdirilməlidir. Əvvəlki illərdə görülmüş işlər öz bəhrəsini verir, soyuducu anbarların, taxıl anbarlarının tikintisi kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərmişdir. Növbəti illərdə bu müsbət meyillər daha da gücləndirilməlidir. Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün çox mühüm sahə sayılan toxumçuluğu da inkişaf etdirməliyik. Bu sahədə artıq Azərbaycanda böyük özəl müəssisələr yaradılmışdır. Mən o müəssisələrdə olmuşam. Hesab edirəm ki, biz bu təşəbbüsləri dəstəkləməliyik, sahibkarlara yeni imkanlar yaradılmalı, kreditlər ayrılmalıdır. Yerli icra orqanları onları dəstəkləməlidir ki, toxumçuluqla bağlı məsələlər tezliklə həllini tapsın.

Heyvandarlıq sahəsində cins mal-qaranın gətirilməsi prosesi gedir, bu iş 2011-ci ildə də davam etdirilməlidir, əlavə vəsait də ayrılacaqdır. Biz bunun da gözəl nəticələrini görürük. Ümumiyyətlə, biz dəfələrlə bu barədə danışmışıq və məsələ qaldırılmışdır ki, çalışmalıyıq Azərbaycanda maksimum dərəcədə ərzaq məhsullarının istehsalını təşkil edək, idxaldan asılılığımızı minimuma endirək. Bir sıra məhsullar üzrə buna nail ola bilmişik, ancaq harada ki, hələ idxaldan çox asılıyıq, o sahələri gücləndirməliyik. Bu barədə müvafiq göstərişlər verilmişdir. Bunu investisiya proqramı çərçivəsində müəyyən qədər həll etmək olar, eyni zamanda, kreditlərin verilməsi məhz bu sahələrə yönəldilməlidir. İlk növbədə quşçuluğun inkişafına, bu sahədə biz hələ ki, özümüzü 70-75 faiz səviyyəsində təmin edirik, ancaq 100 faizə çatmaq üçün bütün imkanlar var. Hesab edirəm ki, 2011-2012-ci illərdə biz bu məsələni həll etməliyik.

Aqrolizinq, aqroservislərin fəaliyyəti kənd təsərrüfatının inkişafına böyük dəstəkdir, bu sahədə də dövlətin müdaxiləsi və siyasəti əlbəttə ki, həlledicidir. Əgər indi Azərbaycanda traktor istehsal olunmasaydı, vəsait kənara gedəcəkdi. Onsuz da, Azərbaycan dövləti bu vəsaiti ayırıb, texnikanı alır. İndi texnikanın bir hissəsi artıq Azərbaycanda istehsal olunur. Bu sahədə və buna oxşar digər sahələrdə işlər daha da sürətlə aparılmalıdır.

Taxıl istehsalının artırılması üçün əlavə tədbirlər görülməlidir. Keçən il taxıl istehsalında tənəzzül baş vermişdir. Bunun müəyyən təbii səbəbləri vardır. Ancaq çalışmalıyıq ki, 2011-ci ildə biz 2009-cu ilin səviyyəsinə və ondan da yüksəyə qalxaq. Bu barədə də artıq fikir mübadiləsi aparılmışdır. Böyük fermer təsərrüfatlarının yaradılması üçün müəyyən addımlar atıla bilər. Çünki Azərbaycanda torpaq islahatı aparılmışdır, hesab edirəm ki, Azərbaycan bu sahədə MDB məkanında qabaqcıl yerlərdədir, ən mütərəqqi islahatlar aparılmışdır. Ancaq bununla bərabər, hələ istifadədə olmayan torpaqların istifadəyə cəlb edilməsi üçün əlavə tədbirlər görülməlidir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən bütün infrastruktur, təchizat məsələləri həll olunmalıdır. Yəqin ki, tender prinsipi əsasında sahibkarlar öz təkliflərini verməlidirlər və o təkliflərə baxılmalıdır. Ondan sonra dövlət yenə də öz maliyyə imkanlarından istifadə edib, böyük taxılçılıq təsərrüfatlarının yaradılması üçün maliyyə dəstəyini də göstərəcəkdir. Biz bunu etməliyik, çünki ola bilsin ki, böyük fermer təsərrüfatlarının yaradılması üçün sahibkarlarda kifayət qədər vəsait olmasın. Dövlət ayrıca maddə ilə bu sahələrə uzunmüddətli, güzəştli şərtlərlə kreditlər ayırmalıdır.

Ona görə də 2011-ci ildə, ilk növbədə, bu məqsədlər üçün istifadə olunacaq yerlər müəyyən edilməlidir, onların müəyyən hissəsini biz bilirik və dəqiqləşdirilməlidir. Mexanizm işlənib hazırlanmalıdır ki, il ərzində biz artıq bu prosesə təkan verək. Bununla bərabər, nəzərə alsaq ki, hazırda Azərbaycanda bir çox məhsullarla biz nəinki özümüzü təmin edirik, eyni zamanda, onları ixrac edirik və gələcəkdə ixracın artması da gözlənilir, onda yeni bazarlara çıxış üçün əlavə araşdırmalar aparılmalıdır. Özümüz üçün yeni bazarlar tapmalıyıq və o bazarlara daxil olmalıyıq. Bu məsələlərin həlli üçün həm İqtisadi İnkişaf Nazirliyi, həm də Xarici İşlər Nazirliyi birgə səylər göstərməlidir. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Biz xarici ölkələrin bazarlarına həm investisiyalarla, həm də hazır məhsullarla daha da geniş şəkildə çıxmalıyıq. Buna imkan var, Azərbaycanda istehsal olunan məhsulların bir çoxu artıq dünya standartlarına cavab verir, çox keyfiyyətli, təmiz, təbii kənd təsərrüfatı məhsullarıdır. Milli sərgilərin keçirilməsi bu məqsədə nail olmaq üçün kömək göstərə bilər. Artıq burada deyildiyi kimi, bizim birinci milli sərgimiz uğurla keçirilmişdir. 2011-ci ildə isə bir neçə ölkədə milli sərginin keçirilməsi nəzərdə tutulur.

Nəzərdə tutulmuş və icrada olan bütün infrastruktur layihələri 2011-ci ildə davam etdiriləcəkdir. 2011-ci il üçün dövlət büdcəmizin xərcləri təxminən 16 milyard dollara bərabərdir, icmal büdcəmiz 19 milyard dollar təşkil edir. Yəni kifayət qədər vəsait var ki, infrastruktur layihələrinin həyata keçirilməsi üçün ondan istifadə edək. Əminəm ki, yaxın vaxtlarda 2011-ci ilin investisiya proqramı da mənə təqdim olunacaq və o proqramda bütün tapşırıqlar öz əksini tapmalıdır. İnvestisiya yönümlü siyasətimiz davam etdirilməlidir. Bu sahədə, infrastrukturun yeniləşməsi üçün çox böyük əsaslı işlər görülübdür. Ancaq görüləsi işlər hələ çoxdur: yolların tikintisi, əhalinin içməli su ilə təchiz edilməsi, kanalizasiya sisteminin bərpası, yenidən qurulması, suvarma, meliorasiya işləri, sosial infrastrukturun yaradılması, qazlaşdırma, elektrik xətlərinin çəkilməsi. Ancaq biz bilirik nə vaxt və nəyi etməliyik, biz fəaliyyətimizi konkret proqramlar əsasında qurmuşuq. 2011-ci il də istisna olmamalı və investisiya proqramı tezliklə təsdiq edilməlidir ki, biz vaxt itirməyək. Artıq yanvarın yarısı arxada qalır, investisiya proqramı təsdiq olunmalı və vəsait ayrılmalıdır.

Ekoloji tədbirlər davam etdiriləcək, bu barədə mən öz fikirlərimi giriş sözümdə bildirdim. Ekoloji tədbirlər hamı üçün çox vacibdir. 2010–cu ildə, əlbəttə ki, biz bu sahəyə çox ciddi nəzarət etmişik və çox ciddi diqqət vermişik, böyük vəsait ayrılmışdır. Dediyim kimi, doğrudan da bu, ümumxalq təşəbbüsünə çevrilmişdir. Baxmayaraq ki, artıq “Ekologiya ili” rəsmən başa çatdı, ancaq “Ekologiya ili”nə xas olan ab-hava gərək davam etsin. Həm ağac əkilməsi eyni templə davam etdirilməli, həm də təmizləyici qurğular istifadəyə verilməli, içməli su layihələri icra olunmalıdır.

Hesab edirəm ki, 2011-ci ildə biz birinci Xəzər dənizinin suyunun şirinləşdirilməsinə dair layihəni icra etməliyik. Mən bir neçə ay bundan əvvəl bu barədə təşəbbüs irəli sürdüm. Bilirsiniz ki, içməli su təchizatı həmişə diqqət mərkəzində olmalıdır. Oğuz-Qəbələ-Bakı su kəməri bu sahədə çox tarixi bir nailiyyətdir. Samur-Abşeron kanalı, Taxtakörpü su anbarının tikintisi 2012-ci ildə başa çatdırılmalıdır. Bu da bizə əlavə imkanlar yaradacaqdır. Ancaq bizim Xəzər dənizi kimi böyük su mənbəyimiz var və onun suyu o qədər də duzlu deyildir. Biz Yaxın Şərq ölkələrinin təcrübəsini də öyrənmişik, bilirik ki, onlar suları necə şirinləşdirir, həm suvarma üçün, həm də içməli su kimi istifadə edirlər. Yəni biz də bu layihələri həyata keçirməyə başlamalıyıq - 2011-ci ildə birinci pilot layihəni, yəni Xəzər suyunun ilk növbədə suvarmada istifadə olunması üçün konkret layihəni icra etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən buna şübhə etmirəm, - ondan sonrakı illərdə konkret proqram çərçivəsində genişmiqyaslı tədbirlər görülməlidir.

2011-ci ildə bərpa olunan enerji mənbələrinin yaradılması işində əlavə tədbirlər görüləcək, bu sahədə birinci addımlar atılmışdır. Artıq dağ çaylarında kiçik su elektrik stansiyaları quraşdırılır. Bütün su mənbələrimizin xəritəsi təsdiq olunubdur. Keçən il mən bir neçə stansiyasının təməlinin qoyulmasında şəxsən iştirak etmişəm. Bu işlər bu il də davam etdirilməlidir. Bununla bərabər, bərpa olunan digər enerji mənbələrindən istifadə üçün daha da ciddi tədbirlər görülməlidir. Bu vəzifəni mən keçən ilin əvvəlində qoymuşam, üstündən bir il keçibdir. Hələ ki, bizim, demək olar, nə günəş, nə külək enerji qurğularımız var. Varsa da, çox cüzi xarakter daşıyır. Mən hesab edirəm ki, biz il ərzində bu sahədə müəyyən işlər görə bilərdik. Təəssüf edirəm ki, buna nail ola bilməmişik. 2011-ci ildə Azərbaycanda günəş batareyalarının quraşdırılması işinə mütləq başlanmalıdır. Mən bilirəm ki, Azərbaycanda günəş batareyaları istehsal edən müəssisələr də tikiləcək, özəl sektor da buna maraq göstərir. O müəssisələr tikilənə qədər biz xaricdən günəş batareyaları almalıyıq. Mən bir il bundan əvvəl göstəriş vermişdim ki, yerlər müəyyən edilməlidir. O torpaqlar ki, kənd təsərrüfatı üçün yararsızdır, orada biz bu qurğuları qurmalıyıq. O torpaqlar ki, elektrik xətlərinə yaxındır, çox da xərc tələb etməyəcəkdir. Ancaq əfsuslar olsun ki, 2010-cu ildə bu sahədə biz nəticəni görməmişik. Bu, dözülməz haldır. Bir halda ki, Prezident tərəfindən göstəriş verilir, o göstəriş yerinə yetirilməlidir. Hesab edirəm ki, bu məsələlərlə bağlı olan qurumlar arasında səlahiyyət bölgüsü məsələlərində problemlər çıxmışdır. Buna da son qoyulmalıdır. Bu, bizim hamımızın işidir, göstəriş verilirsə, deməli, o, yerinə yetirilməlidir. Onun mexanizmi işlənilməlidir. Bizim kifayət qədər vəsaitimiz, yəni dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsaitimiz istifadəsiz qalmışdır. Nə üçün? Bizim iqtisadi, maliyyə problemimiz yoxdur, kifayət qədər vəsaitimiz var. Sel və daşqınlar baş verəndən sonra büdcəyə dürüstləşmə etdik. Əlavə 300 milyon dollar vəsait cəlb olundu. Onun böyük hissəsi evlərin tikintisinə, qalan hissəsi bəndlərin tikintisinə yönəldilmişdir. Nə üçün onlardan istifadə olunmayıb? Ona görə hesab edirəm ki, 2011-ci ilin elə əvvəlindən bu məsələyə çox ciddi diqqət verilməlidir və mən konkret nəticələr gözləyirəm. Bu, gələcəyə atılan addımlardır.

Bizim neft, qaz ehtiyatlarımız var və ən azı 100 ilə bəs edəcəkdir. İndi elektrik enerjisinin istehsalında da yeni güclər yaradılıb, elektrik enerjisini ixrac da edirik. Yəni biz öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Ancaq bu sahə - bərpa olunan enerji mənbələri həm ekologiyadır, həm iqtisadiyyatdır, həm müasirlikdir, həm texnoloji tərəqqidir, həm də inkişafdır. Ona görə biz sürətlə bu işlərə başlamalıyıq.

2011-ci ildə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Azərbaycan artıq kosmik sənayesi olan ölkəyə çevrilir. 2012-ci ildə birinci süni peykimiz orbitə çıxarılacaqdır. Mən hesab edirəm ki, ondan sonra da bu sahədə işlər aparılmalıdır. Başqa peyklər də səmaya çıxarılmalıdır. Beləliklə, Azərbaycan çox ciddi kosmik sənayeyə malik ölkəyə çevriləcəkdir. Bu da gələcəyə atılan bir addımdır. Biz görürük ki, indi dünyada qüvvələr nisbətini texniki tərəqqi müəyyən edir. Həmişə belə olub, indiki şəraitdə isə bu, özünü daha da qabarıq şəkildə büruzə verir. Texniki tərəqqi, texnoloji irəliləyiş, müasir texnologiyalar, xüsusilə informasiya-kommunikasiya sahəsində, rabitə sahəsində, elektronika, kosmik sənayesində əldə edilmiş uğurlar ölkələrin inkişafını və gücünü müəyyən edir. Biz də bu sahədə geri qalmamalıyıq. Baxmayaraq ki, bu sahə Azərbaycanda heç vaxt inkişaf etməmişdir, ancaq biz bunu etməliyik. Bizdə müdafiə sənayesi də heç vaxt olmamışdır. Amma beş il ərzində elə güclü müdafiə sənayesi yaratmışıq ki, indi özümüzü təmin edirik, ixrac da edirik və sərgilərdə iştirak edirik. Kosmik sənayeyə də eyni qaydada yanaşmalıyıq. Qısa müddət ərzində Azərbaycanda çox güclü kosmik sənaye yaradılmalıdır. Bu, bizə hər cəhətdən lazımdır.

Ordu quruculuğu sahəsində 2011-ci ildə kifayət qədər işlər görüləcəkdir. Ümumiyyətlə, bizim müdafiə hərbi xərclərimiz 3 milyard dollardan artıqdır. Bu, Ermənistanın büdcəsindən 30 faiz çoxdur. Ermənistanın ümumi dövlət xərcləri 2 milyard dollar həddindədir. Biz isə təkcə hərbi xərclərə 3 milyard dollar vəsait ayırırıq. Əlbəttə ki, Azərbaycanı Ermənistanla müqayisə etmək mümkün deyil, Azərbaycan inkişaf edən, müasir, güclü, zəngin ölkədir. Ermənistan isə tənəzzülə uğrayan, kasıb, yoxsul, xarici yardımdan asılı ölkədir. Yəni bu iki ölkə arasındakı fərq müqayisəedilməz səviyyədədir və bu fərq getdikcə daha da artacaqdır. Biz hərbi xərclərə istədiyimiz qədər vəsait ayıra bilərik. Ermənistan isə xaricdən aldığı yardımla ancaq özünü yola verə bilər. Əlbəttə ki, bu asılılıq siyasi müstəviyə də təsir edir. Deyə bilərəm ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın müstəqilliyi tamdır. Müstəqil siyasət aparmaq üçün bizdə həm iqtisadi, həm siyasi imkanlar var, həm də güclü iradə var. Bayaq dediyim kimi, 2011-ci ildə müdafiə sənayesi sahəsində yeni müəssisələrin işə salınması gözlənilir. Biz elə etməliyik ki, ilk növbədə, ordumuzun və hərbi qurumların ehtiyaclarını ödəmək üçün istehsallar, müəssisələr işləsin. Çalışmalıyıq və artıq buna nail oluruq ki, bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirək və gətiririk.

Bu il də sosial infrastrukturun - məktəb, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları - tikintisi davam etdirilməlidir, bütün bunlar investisiya proqramında öz əksini tapacaqdır. 2010-cu ildə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılması üçün əlavə addımlar atılmışdır. Keçən il 6600 köçkün yeni evlərə köçürülmüşdür. Köçkünlər üçün 3 böyük qəsəbə tikilmişdir. Bu il də biz bu işləri davam etdirəcəyik.

Bakıda, digər şəhər və rayonlarımızda abadlıq-quruculuq işləri uğurla gedir, şəhərlərimiz gözəlləşir, yeniləşir, müasirləşir. Elə etməliyik ki, 2011-ci ildə də bu sahəyə diqqət göstərilsin ki, bütün şəhərlərdə, rayon mərkəzlərində, kəndlərdə abadlıq-quruculuq işləri aparılsın.

2011-ci ildə Dövlət Bayrağı meydanının ətrafında abadlıq işləri başa çatdırılmalıdır. Biz keçən il böyük təntənə ilə Azərbaycanın Dövlət Bayrağının açılışını qeyd etdik. İndi bayrağın ətrafında olan yerlərdə, - ora təxminən 60-70 hektarlıq bir ərazidir, - abadlıq-quruculuq işləri aparılır, parklar, yeni bulvar salınır. Elə etməliyik ki, 2011-ci ildə Dövlət Bayrağı meydanının ətrafında olan bütün yerlər abadlaşsın və bununla paralel olaraq, meydandan bulvara qədər yeni yolun, yeni dənizkənarı bulvarın salınması layihəsi də icra edilsin. Biz artıq bu işə başlamışıq. O ərazilərdə yerləşən zavodlar başqa yerlərə köçürülür. Orada istifadəsiz olan obyektlər köçürülür, bəziləri sökülür. Biz bulvarın sonundan, yəni İdman sarayından Dövlət Bayrağı meydanına qədər yeni bulvarın tikintisinə başlamışıq. Bu, böyük bir layihədir, böyük vəsait tələb edir, bunu etməliyik. Belə olan halda, şəhər əhalisi üçün, gəzinti üçün yeni, gözəl yerlər istifadəyə veriləcəkdir.

Keçən il Bakıda yeni parkların yaradılması üçün böyük işlər görülübdür. İndi, demək olar ki, şəhərin mərkəzində yerləşən bütün parklar ən müasir standartlara cavab verir və biz yeni parklar yaradırıq. Bakı limanının Ələtə köçürülməsi nəzərdə tutulur. Bildiyiniz kimi, keçən ilin sonunda limanın ərazisində, istifadə olunmayan yerlərdə böyük, 4 hektarlıq gözəl park yaradılmışdır. Biz sənaye zonasını şəhərin mərkəzindən çıxarmalıyıq. Xüsusilə dənizə yaxın olan yerlərdəki bütün sənaye obyektləri köçürülməlidir və o zonada ancaq əhalinin istifadəsi üçün nəzərdə tutulacaq obyektlər tikilməlidir. Dənizin kənarında hər iki tərəfə doğru - həm Zığ istiqamətində, həm də Bayıl istiqamətində parklar, xiyabanlar, bulvarlar, gəzinti yerləri yaradılmalıdır. Yəni 2011-ci ildə bu sahəyə diqqət daha da böyük olmalıdır və bu tapşırıqlar investisiya proqramında nəzərə alınmalıdır.

Keçən il ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir, 9 milyonuncu vətəndaş dünyaya gəlmişdir. Bu, çox sevindirici haldır, bizim əhalimizin sayı artır. Bu günə olan məlumata görə, Azərbaycan əhalisi 9 milyon 111 min nəfər təşkil edir. Mən çox şadam ki, artım çox sürətlidir. 2010-cu ildə Azərbaycanda 166 min körpə dünyaya gəlmişdir. Bu da son 16 ildə ən yüksək göstəricidir və bizim inkişafımızın təzahürüdür. Mən çox istəyirəm ki, Azərbaycan əhalisi daha da artsın və əminəm ki, ölkədə gedən proseslər bu məqsədə çatmaq üçün şərait yaradacaqdır.

Bu il biz müstəqilliyimizin bərpasının 20 illiyini qeyd edəcəyik. İyirmi il ərzində Azərbaycan müstəqil ölkə kimi yaşayır. Təbii ki, müstəqilliyimizin bərpası Sovet İttifaqının dağılması nəticəsində baş vermişdir. Azərbaycan və bütün başqa müttəfiq respublikalar müstəqil olmuşdur. Azərbaycan isə müstəqilliyini bərpa etmişdir, çünki bizim müstəqilliyimizin tarixi 1991-ci ildən deyil, 1918-ci ildən başlayır. Məhz buna görə Azərbaycanda 28 May günü xüsusi təntənə ilə qeyd olunur. Bizim üçün müstəqilliyimizin əsas tarixi 28 may 1918-ci ildir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində bütün başqa respublikalarla bərabər Azərbaycan da müstəqilliyə qovuşdu, daha doğrusu, dediyim kimi, müstəqilliyini bərpa etdi. Bu yubileyi biz Azərbaycanda geniş şəkildə qeyd etməliyik.

İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillikdən qiymətli heç bir şey ola bilməz. İl ərzində biz həm Azərbaycanda, həm də xaricdə müstəqilliyimizin bərpasını qeyd etməliyik. Bu məsələlərlə bağlı yaxın günlərdə mən müvafiq sərəncam da imzalayacağam.

2011-ci il başlayıb, keçən il bizdə “Ekologiya ili” elan olunmuşdu. Dediyim kimi, yaxşı nəticələr əldə edilmişdir. Təklif edirəm ki, 2011-ci ili biz “Turizm ili” elan edək. 2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq, mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçilik ilə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividendlər gətirəcəkdir. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir.

Bununla bərabər, burada deyildiyi kimi, “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Bu da sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də, on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.

Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək.

2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik, fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək, Azərbaycanı inamla irəliyə aparaq. Bu işlərdə sizə uğurlar arzulayıram. Sağ olun!

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49