İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclası keçirilmişdir

14 yanvar 2011, 13:00
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclası keçirilmişdir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlət başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- Bu gün biz 2010-cu ilin sosial-iqtisadi yekunlarını və 2011-ci ildə ölkəmizin əsas inkişaf istiqamətlərini müzakirə edəcəyik. Bütövlükdə deyə bilərəm ki, 2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. Ümumiyyətlə, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq və bu illər bizim üçün də sınaq olmuşdur. Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır.

Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki, Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü.

Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır. Bizim məqsədimiz məhz ondan ibarət idi ki, ölkədə çoxşaxəli iqtisadiyyat yaradaq. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti bir neçə dəfə, demək olar, 4 dəfə düşmüşdü, bizim iqtisadiyyatımız yenə də artmışdır.

Əminəm ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı salınmışdır, devalvasiyaya uğramışdır. Bizdə isə manat sabit olaraq qalır və beləliklə, biz həm əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişik, həm də manatın sabit qalması ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir. Makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir. Onu da göstərir ki, Azərbaycanda enerji sektorunda görülən işlər nəticəsində ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur.

2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur. Bu da çox böyük rəqəmdir, investisiyaların strukturu da çox ümidverici və müsbətdir. Daxili investisiyalar xarici investisiyaları üstələyir. Artıq birinci il deyil ki, bu belədir. Bu onu göstərir ki, həm dövlət tərəfindən, həm özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim siyasətimizin əsas istiqamətidir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür. Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram və konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni bizim planlarımız həyata keçirilir, nəzərdə tutduğumuz bütün proqramlar reallaşır və dediyim rəqəmlər bunun bariz nümunəsidir. Mən əminəm ki, bu il də ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulacaqdır. Biz elə etməliyik ki, bu investisiyalar daha da böyük rəqəmlərlə ölçülsün və beləliklə, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin.

2010-cu ildə bütün sosial proqramlar icra edildi. Qeyd etdiyim kimi, minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırıldı. Ünvanlı sosial yardım proqramı icra edilir, bu proqram çərçivəsində 550 min nəfər dövlətdən yardım alır və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Çünki hələ də ehtiyac içində yaşayanlar var. Baxmayaraq ki, yoxsulluğun səviyyəsi aşağı düşür, ancaq biz elə etməliyik ki, çətinlik çəkənlər üçün də dövlət öz qayğısını əsirgəməsin.

Sosial infrastrukturun yaradılmasında böyük işlər görülmüşdür. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş, təmir edilmişdir. 5 olimpiya mərkəzi tikilmişdir, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Bir sözlə, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkənin inkişafı üçün vacib olan sosial sahə həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, 2011-ci ildə də belə olmalıdır və şübhəsiz, investisiya proqramında, sosialyönümlü layihələr nəzərdə tutulacaqdır.

Regionlarda işlər yaxşı gedir, regional inkişaf proqramı icra edilir. Keçən il 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılması üçün, demək olar, əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır. Bizim ixracdan asılılığımız azalır. Biz artıq qeyri-neft ixrac potensialına malikik və öz məhsullarımızı artıq başqa ölkələrdə nümayiş etdiririk. Bu il həmin siyasət daha da sürətlə aparılmalıdır.

Bir sözlə, regionların inkişafı artıq reallıqdır və regionlarda yaradılan müasir infrastruktur, - tikilən səhiyyə ocaqları, məktəblər, çəkilən yollar, qaz xətləri, indi böyük su layihələri də həyata keçirilməyə başlanmışdır, - dövlət tərəfindən, özəl sektor tərəfindən regionlara qoyulan sərmayədir. 2011-ci ildə də bu proseslər davam etdiriləcəkdir.

Bizim iqtisadiyyatımız üçün əsas olan sektorda - neft-qaz sektorunda keçən il bütün planlar yerinə yetirildi. 51 milyon ton neft hasil edildi ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard kubmetr qaz hasil edildi. Hesab edirəm ki, bu il qazın hasilatı və ixracı daha da artmalıdır. Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən böyük qaz yatağı aşkar edilmişdir. “Ümid” yatağı bizim qaz potensialımıza əlavə həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu il və gələn il aparılacaq kəşfiyyat nəticəsində bu rəqəm daha da artacaqdır.

Keçən il nəqliyyat sektoruna böyük investisiyalar qoyulmuşdur. Azərbaycanda bu da artıq ənənəvi mənzərədir. Bu sektor ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. Avtomobil yolları tikilir, yeni təyyarələr alınır. Ələtdə böyük beynəlxalq ticarət limanının təməli qoyulmuşdur, gəmiqayırma zavodunun tikintisinə başlamışıq. Yəni bütün bunlar böyük sərmayə tələb edən layihələrdir. Ancaq biz bunu edirik və gələcəkdə edəcəyik ki, Azərbaycanda bizim coğrafi vəziyyətimizə uyğun, müasir və güclü nəqliyyat infrastrukturu yaradılsın. Demək olar ki, nəzərdə tutduğumuz layihələr içində əsas layihələr ya reallaşıb, ya da artıq onların icrasına başlanmışdır. Növbəti illərdə o layihələrin icrası və başa çatdırılması nəticəsində biz nəqliyyat sektorunda demək olar, bütün məsələləri həll edəcəyik. Bütün magistral, şəhərlərarası yollarda işlər gedir, bəzilərində başa çatıbdır. Dəniz nəqliyyatının inkişafı üçün tankerlər, quru yük gəmiləri alınır. Biz gələcəkdə Azərbaycandan artıq bu gəmiləri ixrac edəcəyik. Dəmir yolunun inkişafı üçün proqram icra edilir. Hava nəqliyyatını mən qeyd etdim, bizim kifayət qədər müasir təyyarə parkımız var və bu park ancaq ən yüksək keyfiyyətə malik təyyarələrdən ibarətdir. Beynəlxalq aeroportlar tikilibdir. Yəni demək istəyirəm ki, bu sahədə işlərin böyük hissəsi görülübdür.

2011-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdiriləcəkdir. Bu layihəyə biz böyük əhəmiyyət veririk. Demək olar ki, bu layihənin icrasına başlanması təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülmüşdür və indi üç ölkənin birgə səyləri nəticəsində bu layihəni uğurla icra edirik. Qarşıdakı illərdə bütün işlər başa çatdırılmalıdır və bu, bizim növbəti böyük uğurumuz olacaqdır.

2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Mən çox şadam ki, “Ekologiya ili” çərçivəsində həm dövlət tərəfindən böyük işlər görüldü, həm də özəl sektor bu işlərə qoşuldu. Ən sevindirici hal isə ondan ibarətdir ki, ölkə əhalisi də bu təşəbbüsə qoşularaq, ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz dəyərli töhfələrini vermişdir. 6 milyondan artıq ağac əkilmişdir. Bu proses bu il də davam etdiriləcəkdir. Mən hesab edirəm ki, biz bu tempi azaltmamalıyıq. Ekoloji vəziyyətin yaxşılaşdırılması ölkəmizin uğurlu inkişafı üçün, əhalinin sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyır.

Ekoloji tədbirlər ancaq ağac əkməklə bitmir, məhdudlaşmır. Çaylar boyunca yerləşən kəndlərdə təmizləyici qurğuların istifadəyə verilməsi nəticəsində artıq 300 min Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilibdir. Keçən ilin sonunda Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilibdir. Yaxın vaxtlarda yəqin ki, bir-iki aydan sonra bu kəmər tam gücü ilə işləyəcək və beləliklə, Bakının təmiz, keyfiyyətli içməli su ilə təmin olunması üçün əlavə böyük imkanlar yaranacaqdır. Kəmərin tikintisi sırf sosial xarakter daşıyır. Bu, kommersiya layihəsi deyil, lakin ona böyük vəsait qoyulubdur. Ancaq biz bunu etməliydik. Çünki Azərbaycan vətəndaşları ən yüksək şəraitdə yaşamalıdırlar. Azərbaycanda ən qabaqcıl texnologiyalar tətbiq olunmalıdır. Bizim gördüyümüz işlər məhz bu səviyyədə aparılır. Azərbaycanda istifadəyə verilmiş səhiyyə ocaqları - orada ən qabaqcıl avadanlıqlar quraşdırılır. Biz dünyanın aparıcı, inkişaf etmiş ölkələrinin ən qabaqcıl klinikalarında olan avadanlığı, aparatları gətiririk. Biz Azərbaycana ən keyfiyyətli malları gətirməliyik. Azərbaycan vətəndaşları buna layiqdirlər. Biz ölkəmizi müasirləşdiririk və dünyada gedən texnoloji tərəqqiyə gərək həmişə diqqətlə yanaşaq. Ölkəmizə ən qabaqcıl texnologiyaları gətirək ki, Azərbaycanda bütün işlər yüksək səviyyədə görülsün. Beləliklə, görülən bu işlər nəticəsində həm insanlar üçün yaxşı şərait yaradılır, həm də ölkə daha da güclənir. Əminəm ki, bizim uğurlu inkişafımız gələcək illərdə də yüksək templərlə davam edəcəkdir.

Mən deyə bilərəm ki, biz 2010-cu ildə bütün başqa istiqamətlərdə də böyük uğurlara nail ola bilmişik. 2010-cu ildə ölkədə heç bir ciddi problem olmamışdır. Baxmayaraq ki, təbiət də bizi sınağa çəkdi. 2010-cu ildə sellər və daşqınlar nəticəsində on minlərlə hektar torpaqlarımızda subasma halları baş vermişdi, 70 min hektardan çox ərazini su basmış, minlərlə ev uçmuş, yararsız vəziyyətə düşmüşdü. Ancaq görülən operativ və çevik tədbirlər nəticəsində biz ona nail ola bildik ki, bir nəfər də həlak olmadı. Bütün insanlar vaxtında təhlükəsiz yerlərə köçürüldülər. Onların müvəqqəti məskunlaşdığı yerlərdə bütün şərait yaradılmışdı. Tezliklə, hava şəraiti imkan verən kimi təmir-bərpa işlərinə başlamışdıq. Deyə bilərəm ki, 4-5 ay ərzində minlərlə ev tikildi, təmir olundu. İlin sonuna olan məlumata görə, 3 mindən artıq ev təmir edilmiş, 1500 ev yenidən tikilmişdir, təxminən 700-800 evin tikintisi isə davam edir. Bu onu göstərir ki, biz bütün çətin hallara da hazırıq. Bizdə həm texniki imkanlar, həm peşəkar kadrlar, həm də maliyyə vəsaiti var. Onu da deməliyəm ki, bütün bu işləri biz öz hesabımıza görmüşük, heç kimdən yardım istəməmişik. Yəni biz özümüzə arxalanırıq. Bunu etmək üçün, əlbəttə ki, bizim güclü iqtisadi potensialımız olmalıdır.

Azərbaycan artıq bu bölgədə mühüm regional amilə çevrilibdir. Bizim imkanlarımız artır və növbəti illərdə daha da artacaqdır. Deməliyəm ki, 2010-cu ildə bizim valyuta ehtiyatlarımız da artmışdır. Baxmayaraq ki, bəzi ölkələrdə valyuta ehtiyatları aşağı düşmüşdür, çünki həmin ölkələr sosial məsələlərin həlli üçün ondan istifadə etmişdir. Bizim isə valyuta ehtiyatlarımız artır. İlin sonuna olan məlumata görə, valyuta ehtiyatlarımız 29,1 milyard dollar təşkil edirdi. Dünən mənə verilən məlumata görə, artıq bu rəqəm 29,4 milyard dollara çatmışdır. Yəni təkcə on gün ərzində bizim vəsaitimiz nə qədər artır. Əlbəttə, növbəti illərdə bu, daha da artacaqdır.

Yəni biz artıq həm Azərbaycanda, həm də başqa ölkələrdə istənilən infrastruktur və sərmayə layihəsini icra edə bilərik, edirik. Artıq Azərbaycan şirkətləri xaricə də vəsait qoyur. Hesab edirəm ki, bu, ölkə iqtisadiyyatı və gələcək planlarımızın həyata keçirilməsi üçün vacib amillərdir.

Əfsuslar olsun ki, 2010-cu ildə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində irəliləyişə nail ola bilməmişik. Bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi, demək olar ki, danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir. Bir sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir, çalışırlar nə qədər mümkündürsə, o torpaqları işğal altında saxlasınlar. Beləliklə də, bundan istifadə edib Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən şərtləri əldə etsinlər. Bu isə mümkün deyildir. Biz bunu dəfələrlə bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılsın. Yəni bu, danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələnin həlli üçün Ermənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqlardan çıxarmalıdır. Ondan sonra sülh yarana bilər. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət şəraitində yaşamalıdırlar. Bütün sivil ölkələrdə olduğu kimi, orada da işlər bütün demokratik prinsiplər əsasında təşkil edilməlidir. Bundan kənarda məsələnin heç bir başqa istiqamətdə həlli mümkün deyildir. Azərbaycan buna razılaşmayacaqdır.

Biz çalışacağıq ki, 2011-ci ildə öz mövqeyimizi daha da möhkəmləndirək. Deyə bilərəm ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı çox mühüm hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli qətnamə qəbul etmişdir. Bu məsələ digər beynəlxalq təşkilatlarda da müzakirə olunur və bizim mövqeyimiz dəstəklənir. NATO-nun zirvə görüşündə bu məsələ ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmuşdur. Dünən Avropa Komissiyasının sədri cənab Barrozu ilə birgə mətbuat konfransında bu məsələ ilə bağlı Avropa Komissiyasının və Avropa İttifaqının mövqeyi ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Yəni məsələnin həlli üçün beynəlxalq çərçivələr budur və o, yalnız bu çərçivələr daxilində öz həllini tapa bilər. Heç bir başqa variant müzakirə mövzusu deyildir. Mən hesab edirəm ki, Azərbaycan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq beynəlxalq hüquq normaları burada əsas rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz öz həllini tapmalıdır.

Digər tərəfdən, o da heç kim üçün sirr deyil, biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, onların hamısını sadalamaq üçün bəlkə də bir neçə saat lazımdır. Azərbaycanda istehsal olunan hərbi məhsullar, 500 növə qədər məhsul həm ordumuza xidmət edir, həm də biz artıq xarici bazarlara da çıxırıq, beynəlxalq sərgilərdə iştirak edirik. Bu sahədə 2011-ci ildə də çox mühüm hadisələr baş verəcək, Azərbaycanda ən müasir avadanlığın, texnikanın, döyüş sursatının istehsalı başlanmalıdır.

2011-ci ildə ordu xərcləri, müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır. Onun böyük hissəsi yenə də silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcəkdir.

Mən hesab edirəm ki, 2011-ci ildə ölkə qarşısında elə bir ciddi problem gözləmək lazım deyil. 2011-ci ildə həm iqtisadi, həm sosial məsələlərin, həm də beynəlxalq məsələlərin həllində, hesab edirəm ki, heç bir problemimiz olmayacaqdır. Biz 2010-cu ildə beynəlxalq müstəvidə də uğurlu siyasət aparmışıq. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm ikitərəfli müstəvidə çoxsaylı görüşlər olmuşdur. Bakıda yüksək, bir neçə beynəlxalq səviyyəli zirvə görüşü keçirilmişdir. Qonşu ölkələrlə münasibətlərimiz daha da güclənmişdir. Yəni beynəlxalq vəziyyət və bölgədə mövcud olan vəziyyət müsbətdir. Azərbaycan bölgədə əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfəsini verir. Bir daha demək istəyirəm ki, Azərbaycan artıq çox ciddi regional amildir. Azərbaycan bölgədə gedən proseslərə təsiri artmaqda olan ölkədir. Elə etməliyik ki, bu proses daim davam etsin, ölkəmiz güclənsin və inkişaf etsin.

İndi isə keçək müzakirələrə. Söz verilir iqtisadi inkişaf naziri Şahin Musafayevə. 

X X X

İqtisadi inkişaf naziri Şahin Mustafayev 2010-cu ildə əldə olunmuş uğurlardan danışarkən bildirdi ki, ötən il də Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının inkişafını təmin etmişdir.

Ş.Mustafayev dedi: - Dünya iqtisadiyyatında vəziyyətin hələ də gərgin olması fonunda, ötən illərdə olduğu kimi, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş və ÜDM 5 faiz artaraq, 41 milyard manatı ötmüşdür. Orta illik inflyasiya idarə olunan səviyyədə saxlanılmış və 5,7 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 29 milyard dollara çatmış və bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmiş, sənaye 2,6 faiz artmışdır. Bu sahədə ən mühüm nailiyyətlərdən biri də ötən il Dövlət Neft Şirkətinin daxili imkanları hesabına yeni neft və qaz yataqlarının aşkar edilməsi olmuşdur.

Möhtərəm cənab Prezident, rəhbərliyiniz və daimi diqqətiniz altında həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində, qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən, qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz təşkil etmişdir. Sənayeləşmə siyasəti davam etdirilmiş, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi, eləcə də kosmik sənayenin yaradılması və 2012-ci ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması istiqamətində görülən işlər, ölkənin sənaye potensialını genişləndirmiş və qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaratmışdır.

Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tətbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində, kənd təsərrüfatının digər sahələrində artım davam etmişdir. Ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin etmiş, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədi ilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmış, idxal olunan buğda və un əlavə dəyər vergisindən azad edilmişdir. Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların, vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsi davam etdirilmiş, aqrolizinq və aqroservis xidmətlərinin şərtləri asanlaşdırılmışdır.

Cənab Prezident, ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilmiş, avtomobil magistrallarının yenidənqurulması davam etdirilmiş, dəmir yol nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı qəbul edilmiş, dəniz limanı kompleksinin tikintisinə başlanmışdır.

Möhtərəm cənab Prezident, respublikada cəlbedici investisiya mühitinin yaradılmasının nəticəsidir ki, il ərzində ölkəyə bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar investisiya qoyulmuşdur. Ümumi investisiyalarda həm daxili, həm də qeyri-neft sektorunun payı üstünlük təşkil etmişdir. Təqdirəlayiq haldır ki, ölkədə yaradılmış əlverişli biznes mühiti Azərbaycan şirkətlərinin maliyyə imkanlarının artmasına və onların yalnız ölkə daxilində deyil, eləcə də xarici ölkələrdə investisiya yatırmalarına imkan yaratmışdır.

İnfrastruktur və sosial yönümlü Dövlət İnvestisiya Proqramının icrası nəticəsində nəqliyyat, kommunal, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin tikintisi həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası və Sizin göstərdiyiniz diqqət, regionlara mütəmadi səfərləriniz, müvafiq tapşırıqlarınız, il ərzində 170-dən çox yeni müəssisənin açılışı və təməlqoyma mərasimində iştirakınız, regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur.

Şahin Mustafayev onu da dedi ki, bu dövrdə regionların potensialı təhlil edilmiş, dəstək tədbirləri müəyyənləşdirilmiş, sahibkarlığın inkişafı ilə bağlı 200-dən çox tədbir keçirilmişdir. İdxal, ixrac prosedurları sadələşdirilmiş, vergi yükü azaldılmış, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir. Aqrar sektorun inkişafında müasir texnologiyanın tətbiqinin daha da genişləndirildiyini, 25 müasir soyuducunun, 14 taxıl anbarı kompleksi yaradıldığını bildirən Ş.Mustafayev dedi: - Möhtərəm, cənab Prezident, xarici investisiyaların cəlb olunması və qeyri-neft ixracının gücləndirilməsi məqsədilə, ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir. Ötən il Özbəkistanda Azərbaycanın ilk milli sərgisi uğurla keçirilmiş, ölkəmizin nailiyyətləri və potensial imkanları nümayiş etdirilmişdir. Beynəlxalq maliyyə qurumları ilə faydalı əməkdaşlıq davam etdirilmiş və bir sıra mühüm layihələr həyata keçirilmişdir. Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısında 55 ölkədən minə yaxın nümayəndə iştirak etmişdir.

2010-cu ilin 11 ayı ərzində 145 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,8 faiz artaraq 25,1 milyard dollar təşkil etmiş, 13,7 milyard dollar müsbət saldo yaranmışdır. Xüsusilə əhəmiyyətli olan qeyri-neft ixracında 16 faizdən çox artım qeydə alınmışdır.

Daşqınlar nəticəsində baş vermiş fəlakətin qarşısının alınması, əhaliyə qayğı və diqqət yetirilməsinin ölkə Prezidenti üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Cənab Prezident, Sizin birbaşa göstərişləriniz və nəzarətiniz altında çox qısa müddət ərzində, əhaliyə dəymiş böyük ziyan dövlət hesabına aradan qaldırılmışdır.

Sosial infrastruktur obyektləri, o cümlədən 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb binası tikilmiş və təmir edilmişdir. Əhalinin içməli su ilə təmin edilməsi üçün iri infrastruktur layihəsi - Oğuz-Qəbələ-Bakı kəmərinin tikintisi başa çatdırılmışdır.

Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir.

Bu nəticələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçmişdir.

Ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. “Standard and Poors” Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini “Stabil”dən “Pozitiv”ə yüksəltmiş, “Fitch Ratings” Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

Möhtərəm cənab Prezident, Sizin sosial-iqtisadi siyasətinizin uğurla reallaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşımızda yeni vəzifələr qoyur. Sizi əmin edirəm ki, ölkənin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlərin davamlılığı məqsədilə müəyyən etdiyiniz vəzifələrin, verdiyiniz tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Diqqətinizə görə minnətdaram. 

X X X

Mərkəzi Bankın sədri Elman Rüstəmov son 10 ilin iqtisadi göstəricilərini sadalayarkən bildirdi ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. Maliyyə sektoru böyümüş, bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə çoxalmışdır. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş, bununla da ölkəmiz dünyada lider dövlətə çevrilmişdir.

Azərbaycanda gedən inkişafın özünü bütün sahələrdə göstərdiyini bildirən Elman Rüstəmov dedi: - Bu inkişaf təkcə rəqəmlərlə xarakterizə olunmur. Ölkə keyfiyyətcə yeni – müasir inkişaf mərhələsinə daxil olmuş, onun müasir siması formalaşmışdır. Yüksək inkişaf özünü beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sisteminin formalaşmasında, modern sosial, təhsil, rabitə və səhiyyə infrastrukturunda, insanların həyat tərzində, müasir informasiya texnologiyalarına çıxış imkanlarında göstərir. Tam əminliklə demək olar ki, bugünkü Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil. Ola bilsin ki, biz burada yaşadığımıza görə bunu az hiss edirik, amma xarici qonaqlar, xaricdə yaşayan soydaşlarımız hər dəfə gələndə bunu heyrətlə qeyd edirlər.

Qeyd olunmalıdır ki, arxada qalmış onillik heç də sadə dövr olmamışdır. O, təkcə “bum dövrü”, iqtisadi inkişaf dövrü kimi xarakterizə olunmur. Bu dövrün son 3 ili qlobal maliyyə böhranına təsadüf edir. Qlobal böhran dünyanın qabaqcıl ölkələrində yaranmış və qloballaşma şəraitində qısa müddət ərzində bütün dünyaya sirayət etmişdir. Bu, çox ağır nəticələr vermiş, dünya iqtisadiyyatı resessiyaya məruz qalmış, iri maliyyə institutları iflas etmişdir. Hazırda iqtisadi artım bərpa olunsa da, böhran bəzi ölkələrdə olduqca dərin iz qoymuşdur.

Azərbaycan iqtisadiyyatı isə böhran illərində də öz dayanıqlılığını və inkişafın dinamikasını qorumuşdur. Belə ki, son üç ildə ölkədə real iqtisadi artım orta hesabla 8 faizdən çox olmuş, makroiqtisadi və maliyyə sabitliyi qorunmuşdur. 2008-2010-cu illərdə strateji valyuta ehtiyatlarımız 23 milyard ABŞ dolları artmışdır. Bank sektoru dayanıqlılığını qorumuş və inkişafını davam etdirmişdir. Son üç ildə bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olmuşdur.

2010-cu il isə Azərbaycan üçün qlobal böhranın təsirlərinin tam aradan qaldırılması ili kimi qiymətləndirmək olar. Ölkədə iqtisadi artım davam etmişdir. Artıq qeyd olundu, ölkədə 5 faizlik iqtisadi artım baş vermişdir. Qeyri-neft sektorunda artım qabaqlayıcıdır. Mövcud qlobal fonda və iqtisadiyyatın həcminin əhəmiyyətli artmasını nəzərə alsaq, bu artıma nail olunması yüksək qiymətləndirilməlidir.

Ölkənin xarici mövqeyinin güclənməsi davam etmişdir. 2010-cu ilin sonuna cari əməliyyatlar hesabının profisiti 15 milyard dolları ötəcəkdir. Bunun nəticəsində valyuta ehtiyatlarımız qeyd olunduğu kimi 29 milyard ABŞ dollarını ötüb keçir. Hesab edirik ki, yanvarın sonunda biz 30 milyard dollarlıq mövqeyi ötüb keçmək potensialına malikik. Valyuta ehtiyatları ÜDM-ə nisbətdə 60 faizdən çoxdur və dünyanın ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır. Bütövlükdə bizim toplam – özəl sektor və dövlət borcu da daxil olmaqla borcumuzu 9,5 milyard dollar həcmində 3 dəfədən çox üstələyir və bu, böhran kontekstində ölkənin makroiqtisadi dayanıqlılığının ən mühüm göstəricilərindən biridir.

Mərkəzi Bank öz fəaliyyətini həm son 3 ildə və 2010-cu ildə bütövlükdə makroiqtisadi sabitliyin qorunmasına, manatın məzənnəsinin sabitliyinin, bank sistemində maliyyə sabitliyinin saxlanılmasına və iqtisadiyyatın pula olan tələbinin ödənilməsinə yönəltmiş və qarşıda qoyulan hədəflərə nail olmağa çalışmışdır. 2010-cu ildə inflyasiya təkrəqəmli səviyyədə saxlanılmışdır. Manatın sabitliyi əksər ölkələrdə devalvasiya fonunda qorunub saxlanılmışdır.

Cənab Prezident, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu bir çox ölkələrə milli valyutalarının devalvasiya olunmasını tövsiyə etmişdilər. Böhranın son nəticələrinə görə aparılan təhlil göstərir ki, bunu etmiş ölkələr daha çox resessiyaya məruz qalmış, amma bunu etməmiş ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi artım tempi bir neçə punkt daha yüksək olmuşdur. Ölkədə makroiqtisadi sabitliyi, o cümlədən milli valyutanın sabitliyini qoruyub saxlamağı böhranın əvvəlində strateji vəzifə kimi qarşıya qoymuşdunuz. Bu gün beynəlxalq təşkilatlar tərəfindən artıq etiraf olunur ki, bu, yaranmış şəraitdə yeganə düzgün qərar idi.

Azərbaycan bank sistemi maliyyə dayanıqlılığını qoruyub saxlayır. Ötən ildə əhalinin əmanətləri 23 faiz, bütövlükdə bank aktivləri, kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır. Ölkədə ipoteka mexanizmi də genişlənir. 2010-cu ildə 2435 nəfərə, o cümlədən 473 nəfərə güzəştli şərtlərlə kredit verilmişdir. Bu gün bu imkandan faydalanan ailələrin sayı 6200-ü ötmüşdür.

Mərkəzi Bankın sədri 2011-ci ildə həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələrdən də danışdı: - Bizim qarşımızda duran başlıca çağırış ölkə iqtisadiyyatında son on ildə əldə olunmuş artım tempini qoruyub saxlamaqdır. Ölkə inamla “Orta gəlirli ölkələr” sırasına daxil olmuşdur. Lakin “Orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalası vardır. Bu, adambaşına düşən milli məhsulun 17-18 min ABŞ dollarına çatdırılmasıdır. Bu gün bizdə bu səviyyə 10 min dollardır. Bunun üçün ölkə iqtisadiyyatının yaxın 10 ildə yenidən ikiqat artması deməkdir. Hesab edirik ki, bu çox real bir vəzifədir. Bunun üçün ölkə iqtisadiyyatının ildə təxminən 7-8 faiz artması təmin olunmalıdır. Bundan əvvəl əldə etdiyimiz nəticələr onu göstərir ki, bu, olduqca real bir vəzifədir.

BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olmuşdur. Azərbaycanın tam imkanı vardır ki, 14-cü dövlət olsun və iqtisadiyyatın şaxələndirilməsinə nail olsun, bu kursu davam etdirsin. Cənab Prezident, bunun üçün ölkədə hər bir şərait var: ilk növbədə, son 10 ildə görülmüş işlər, yaranmış potensial və təcrübə, ən başlıcası ölkədə uzunmüddətli siyasi sabitlik, siyasi inkişaf və Sizin simanızda müasir və güclü liderin olması. Biz gələcəyə tam nikbin baxırıq. Əminik ki, sizin başçılığınız altında qarşıda duran strateji vəzifələr də müvəffəqiyyətlə yerinə yetiriləcəkdir. 

X X X

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, hesabat dövründə ölkə daxilində və onun hüdudlarından kənarda 150-dən artıq dövlət əhəmiyyətli tədbir keçirilmişdir. Bu rəqəmləri Sizə məruzə edərək, ölkəmizin mədəni həyatı üçün əlamətdar olan bir amili xüsusilə qeyd etmək istərdim. Bu amil Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizin sosial-mədəni həyatının bütün sahələrinə böyük dəstək verməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi illər ərzində keçirilən bütün irimiqyaslı beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərinin əsas təşəbbüskarı və təşkilatçısı Mehriban xanım Əliyeva olmuşdur. Bu ənənə 2010-cu ildə də davam etmişdir. İl ərzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi və IV Beynəlxalq Rostropoviç Festivalının keçirilməsi yaradıcı kollektivlər tərəfindən çox yüksək qarşılanmışdır. Nəticədə bu tədbirlər ilin ən yaddaqalan beynəlxalq səviyyəli mədəniyyət hadisələrinə çevrilmişdir. Əlamətdar haldır ki, Euronews telekanalının 2010-cu ilin yekununa həsr olunmuş verilişində Avropanın ən nüfuzlu mədəniyyət hadisələrinin sırasında Bakı Caz Festivalının keçirilməsi xüsusilə qeyd edilmişdir.

Hesabat ilində Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatının Mədəniyyət Nazirləri Konfransına sədrlik etməsi nəticəsində ölkəmizin uğurla əməkdaşlıq etdiyi bir sıra İslam ölkələrində – Misir Ərəb Respublikasında, İordaniya Krallığında, İran İslam Respublikasında, Qətər Dövlətində, Mərakeşdə, eləcə də Kuba Respublikası və Meksikada yüksək səviyyədə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dünya ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Bu mənada hesabat ilində Sizin sərəncamınıza əsasən dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsi xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, Sizin təsdiq etdiyiniz “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ölkənin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Proqram çərçivəsində 2010-cu ilin noyabrında Bakıda ilk dəfə keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı Beynəlxalq teatr konfransında 30 ölkənin nümayəndələri iştirak etmişlər.

İl ərzində ölkə teatrlarında dövlət sifarişi ilə 20-dən artıq tamaşa hazırlanıb təhvil verilmiş, Azərbaycan rəssamlarının 40-dan artıq sərgisi keçirilmişdir. Hesabat dövründə respublikanın kitabxana, muzey, digər mədəniyyət mərkəzlərinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, xalq yaradıcılığının inkişafı və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

“Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamınıza əsasən, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət irəliləyişlər əldə edilmiş, respublikada 38 kitabxananın veb-saytı yaradılmış, 17 kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılmış, elektron kataloq və elektron kitabxanaların yaradılmasına başlanılmışdır.

“Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Sərəncamınıza əsasən regionlarda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair tədbirlər görülmüşdür. Azərbaycanda ilk dəfə olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyində kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi - KAMİS proqramı tətbiq edilmişdir.

Respublikanın bölgələrində yaradılmış Heydər Əliyev muzeyləri və mərkəzləri öz zəngin maddi-texniki bazası ilə seçilir, ümummilli lider Heydər Əliyevin həyat yolunu geniş işıqlandırmaqla yanaşı, əhalinin, xüsusən gənclərin mədəni həyatının təşkilində mühüm rol oynayır.

Əbülfəs Qarayev onu da dedi ki, ötən il ölkədə tarixi abidələrin bərpası istiqamətində işlər davam etdirilmişdir.

Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət proqramının icrası uğurla yerinə yetirilmiş, yeni filmlər çəkilmiş və onlar beynəlxalq festivallarda nümayiş etdirilmişdir. Azərbaycan beynəlxalq kitab sərgilərində də uğurla təmsil olunmuş, teatrlar, muzey və digər mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri görülmüş və bu, indi də davam edir.

Nazir turizm sahəsində görülən işlərdən də danışdı:

- Möhtərəm cənab Prezident, 2010-cu il Azərbaycanda turizm sənayesinin inkişafı üçün xüsusilə əlamətdar olmuşdur. Hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin turizm potensialının iqtisadi-sosial inkişafdakı rolunu düzgün dəyərləndirərək bu sahədə əhəmiyyətli qərarlar vermişdir. Ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilmişdir. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamınız bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. İnanırıq ki, bu Sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcəkdir. Sizin IX Beynəlxalq Turizm Sərgisi və I Ümumrespublika Daxili Turizm Sərgisində iştirakınız, sahənin inkişafı ilə dərindən maraqlanmağınız, dəyərli tövsiyələriniz bu sahədə mövcud olan bütün qüvvələri səfərbərliyə almış, ölkənin iqtisadi qüdrətinin artmasında müstəsna imkanlara malik olan turizmin tərəqqisi yolunda geniş üfüqlər açmışdır.

Sizin tapşırığınız və şəxsən rəhbərliyiniz altında yaradılan turizm incilərindən biri – Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda burada işlərin birinci fazası 50 faizə qədər icra olunmuş, gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilmişdir. Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulmuşdur.

Turizmin inkişafına yönəlmiş çoxsaylı tədbirlər sırasında Bakı şəhərində məşhur özəl şirkətlər tərəfindən inşa olunan mehmanxana kompleksləri, Qəbələdə inkişafda olan turizm potensialı da diqqəti cəlb edir. Beynəlxalq standartlara uyğun mehmanxana şəbəkəsinin inkişafı bu sahədə çalışan kadrların hazırlanması zərurətini meydana çıxarır.

Cənab prezident, Sizin 2006-cı il 25 avqust tarixli Fərmanınıza əsasən yaradılmış Azərbaycan Turizm İnstitutunun 2010-cu ilin mayında ilk buraxılışı olmuşdur.

2010-cu ildə nazirlik respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən mühüm beynəlxalq turizm sərgilərinə qatılmışdır. Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında - CNN, Euronews, Travel Channel, BBC, CNBC, “National Geographic”də reklam çarxları yayımlanır. Doqquz dildə müxtəlif nəşr, poliqrafiya məhsulları buraxılır.

Sizin tərəfinizdən aparılan uğurlu beynəlxalq siyasət müasir dünyada Azərbaycanın mövqelərini möhkəmləndirmişdir. Bu, təbii olaraq milli mədəniyyətimizin dünyada tanıdılmasına böyük imkanlar yaradır. Xalqımıza məxsus aşıq-ozan sənəti, muğam və xanəndəlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu o deməkdir ki, artıq saz və muğam sənəti milli çərçivələri aşaraq ümumdünya dəyəri qazanmışdır. 2010-cu ildə Azərbaycan Respublikası YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilmişdir. Keniyada keçirilən sessiyada Azərbaycan xalçaçılıq sənətinin də Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərara alınmışdır. Bu qərar xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu qələbənin qazanılmasında da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsl fədakarlıq göstərmişdir.

Əbülfəs Qarayev 2011-ci ildə qarşıda duran vəzifələrdən də danışdı. 

X X X

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirdi ki, 2010-cu il bütün sahələrdə olduğu kimi gənclər və idman sahəsində də uğurlu olmuşdur. Dövlət gənclər siyasəti çərçivəsində ölkədə bir çox mühüm tədbirlərin keçirildiyini, gənclərimizin Azərbaycanı xaricdə layiqincə təmsil etdiyini bildirən A.Rəhimov dedi: - Hesabat dövründə Gənclər və İdman Nazirliyinin mərkəzi aparatı tərəfindən dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə 100-ə qədər tədbir keçirilmişdir ki, onlardan da 19-u beynəlxalq səviyyəli olmuşdur. Avropa Gənclər Fondunun rəsmi məlumatına görə son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsinə fond tərəfindən 1,4 milyon avro dəyərində maliyyə vəsaiti ayrılmışdır ki, bu da Avropa məkanında ən yüksək göstəricidir. Fərəhli haldır ki, Azərbaycan gəncləri bu gün Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatlarında təmsil olunurlar.

Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası ilə əlaqədar Beynəlxalq Münasibətlər üzrə Alimlərin Birinci İllik Simpoziumu, Gənc Alimlərin Birinci Respublika İnnovativ İdeya Yarmarkası, “Ekologiya ili” çərçivəsində “Gənclər ekoloji inkişaf uğrunda” Beynəlxalq Elmi-Praktiki konfrans və digər tədbirlər təşkil edilmiş, gənc alimlərin elmi əsərlərindən ibarət toplular nəşr olunmuşdur. Ötən dövrdə nazirlik tərəfindən yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə respublikanın 67 rayon və şəhərlərini əhatə edən Gənclərin Vətənpərvərlik Tərbiyəsi Klublarının şəbəkəsi yaradılmış, “Vətən sağ olsun” telelayihəsi həyata keçirilmişdir. Bu istiqamətdə işlər davam etdirilərək “Mən azərbaycanlıyam” və “Xəmsə” yeni intellektual televiziya layihələri həyata keçirilməyə başlamışdır. Qeyd olunan layihələr gənclərimiz arasında böyük marağa səbəb olmuş və hazırda ölkənin təhsil ocaqlarında, şəhər və rayonlarımızda eyniadlı klubların yaradılması geniş vüsət almışdır. Xüsusilə “Mən azərbaycanlıyam” telelayihəsini qeyd etmək istəyirəm. Ulu öndərimiz Heydər Əliyevin məşhur fikrindən yaranmış layihənin məqsədi Azərbaycanın zəngin tarixini və milli-mədəni irsimizi gənclərə tanıtdırmaq, Azərbaycanda yaşayan xalqların və etnik qrupların azərbaycançılıq fəlsəfəsi əsasında birliyini nümayiş etdirmək, regionlarımızın sosial-iqtisadi inkişafını geniş ictimaiyyətə çatdırmaqdır.

Hesabat dövründə gənc liderlər üçün müxtəlif mövzularda seminarlar, konfranslar, təlim kursları, diskussiyalar keçirilmiş, yay aylarında mindən artıq gəncin iştirakı ilə respublikamızın müxtəlif bölgələrində istirahət və təlim düşərgələri təşkil edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Bakıda 46 ölkədən 600-dən artıq nümayəndənin iştirakı ilə Yeniyetmələrin 6-cı Beynəlxalq Elm Olimpiadası yüksək səviyyədə keçirilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı azərbaycanlı gənclərin vahid bir təşkilatda birləşməsinin əsasını qoymuşdur. Keçən müddət ərzində təşkilat tərəfindən Rusiya Federasiyasında, onun ayrı-ayrı vilayətlərində fəal gənclərin təşkilatlanması, onların problemlərinin müəyyən edilməsi və həlli, Azərbaycan tarixinin və mədəni irsinin Rusiyanın ali təhsil ocaqlarında təbliğ edilməsi istiqamətində bir sıra maraqlı layihə və tədbirlər həyata keçirilmişdir.

Bununla yanaşı, Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresi, Bakıda Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Forumu, London və Paris şəhərlərində xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşlər və ilk dəfə olaraq Dağıstanda Azərbaycan Gəncləri Günləri keçirilmişdir.

Azad Rəhimov ölkədə idmanın inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən də danışdı:

- Möhtərəm cənab Prezident, Azərbaycan dünyada idman dövləti kimi tanınır. Belə ki, il ərzində ölkəmizdə qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi, sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatı, boks üzrə gənclər arasında dünya birinciliyi, bodibildinq üzrə dünya çempionatı, kikboksinq üzrə Avropa çempionatı, Beynəlxalq Mingəçevir Reqatası yarışı, atçılığın konkur növü üzrə dünya kubokunun təsnifat mərhələsi və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir. Ümumilikdə, ölkəmizdə 84 idman növü üzrə 457 idman yarışı keçirilmişdir ki, onlardan da 49-u beynəlxalq səviyyəli olmuşdur. Bundan başqa, 4000 nəfərdən artıq idmançımız 352 beynəlxalq yarışlara ezam olunmuşdur.

2010-cu ilin ən möhtəşəm idman nailiyyəti təbii ki, Sinqapurda keçirilmiş Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etmələri olmuşdur. Bu oyunlarda Azərbaycanın 12 nəfərdən ibarət komandası 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutmuşdur. Eyni zamanda, Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən ikinci ölkə olmuş, ümumi hesabda müsəlman ölkələri arasında birinci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutmuşdur.

Bakıda keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatında idmançılarımız 7 qızıl, 2 gümüş və 1 bürünc, boks üzrə gənclər arasında dünya birinciliyində 1 qızıl, 1 gümüş, 1 bürünc, bodibildinq üzrə dünya çempionatında 1 gümüş, 2 bürünc medal qazanmışlar. Türkiyədə keçirilən cüdo üzrə dünya çempionatında paralimpiyaçı cüdoçularımız 3 qızıl və 3 bürünc medal, İspaniyada təşkil olunmuş kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında idmançılarımız 1 qızıl, Moskvada keçirilmiş bədii gimnastika üzrə dünya çempionatında idmançımız Aliyə Qarayeva fərdi yarışlarda 3 bürünc, komanda hesabında isə yığmamız 1 bürünc medal qazanmışlar.

2010-cu ildə idmançılarımız ölkəmizi şərəflə təmsil edərək Azərbaycanın idman şöhrətini daha da yüksəklərə qaldırmış, müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edərək, ümumilikdə, 675 medal qazanmışlar ki, bunlardan da 206-sı Olimpiya idman növləri üzrədir. Eyni zamanda il ərzində 95 idmançımız dünya, 70 idmançımız isə Avropa çempionu adına layiq görülmüşdür.

Bu uğurlarla bərabər bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Belə ki, bu il London Olimpiya Oyunlarına hazırlığın son ilidir. Sizin XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında 2010-cu il 22 iyun tarixli Sərəncamınıza uyğun olaraq, hazırlıq işləri xüsusi konsepsiya üzrə həyata keçirilməkdədir. Bu il Bakıda cüdo, boks, taekvondo üzrə lisenziya xarakterli yarışlar keçiriləcəkdir.

“Gənc nəsil yetişir, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Bu onu göstərir ki, uğurlarımız təsadüfi xarakter daşımır, məqsədyönlü, düşünülmüş siyasətin və idmanla məşğul olan bütün qurumların birgə fəaliyyəti nəticəsində biz bu uğurlardan danışa bilərik”. Cənab Prezident, Sizin tərəfinizdən deyilən bu fikirlər bizim işimizə verilən ən yüksək qiymətdir.

2010-cu il ərzində daha 5 Olimpiya-İdman kompleksi istismara verilmiş, bununla da indiyədək tikilib istifadəyə verilmiş Olimpiya komplekslərinin sayı 28-ə çatmışdır. Hazırda daha 11 kompleksin tikintisi davam etdirilir. 2011-ci ildə isə 6 kompleksin istismara verilməsi planlaşdırılmışdır.

Cənab Prezident, bundan başqa, Sizin xüsusi tapşırığınızla Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzi tikilib istifadəyə verilmişdir. Mərkəzdə MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılmışdır. Bu baza nəinki idman bazası kimi, eyni zamanda, turizm obyekti kimi də yüksək səviyyəli xidmətlər göstərmək imkanına malikdir.

Son zamanlar idman komplekslərinin dünya və Olimpiya Oyunlarının keçirilməsi üçün ən müasir texnoloji imkanlara malik olmasına xüsusi diqqət yetirilir. Bu tələblərə cavab verən Gimnastika Kompleksinin tikintisi davam etdirilir, Respublika İdman Tibb Mərkəzinin tikintisinə başlanılmışdır, Bakı şəhərində hovuz kompleksinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işləri gedir, Şahmat Sarayının, Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi planlaşdırılır. Qeyd etmək istəyirəm ki, müvafiq federasiyalarla birlikdə boks, cüdo, güləş və karate idman mərkəzlərinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işlərinə başlanılmışdır. 

Möhtərəm cənab Prezident, Sizin daim ölkəmizdə gənclərə, idmançılara göstərdiyiniz diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibətiniz hər bir gənci, idmançı və məşqçini, hamımızı daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır. Sizi əmin etmək istərdim ki, Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. 
gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo