İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və məşqçilərə mükafatların təqdim edilmə mərasimdə iştirak etmişdir

27 dekabr 2010, 20:27
İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və məşqçilərə mükafatların təqdim edilmə mərasimdə iştirak etmişdir

Milli Olimpiya Komitəsində (MOK) 2010-cu ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlət başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirakına, qazandıqları qələbələrə həsr olunmuş fotosərgiyə baxdı.

Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlət başçısı mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Əziz dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, bütün idmançıları, idman mütəxəssislərini 2010-cu ildə qazanılmış qələbələr münasibətilə ürəkdən təbrik edirəm.

İlin sonunda görüşlərimiz gözəl ənənəyə çevrilibdir. Hər il biz görüşürük və ilin yekunlarını müzakirə edirik, idmançıları, idman ictimaiyyətinin nümayəndələrini mükafatlarla, mənzillərlə təltif edirik. Hesab edirəm ki, bu gözəl ənənə bundan sonra da yaşamalıdır və biz hər il idmançıların uğurlarını qeyd etməliyik.

Əlbəttə ki, idmançılarla il ərzində də vaxtaşırı görüşlərim olur, xüsusilə beynəlxalq, mötəbər yarışlarda qələbə qazanmış idmançılarla, gənc idmançılarla. Mən çalışıram ki, idmanın inkişafına diqqət yetirim. İdmanın inkişafı Azərbaycanda artıq reallıqdır və çox sevindirici hal ondan ibarətdir ki, bu uğurlar ildən-ilə artır. Gənc nəsil yetişir, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Bu onu göstərir ki, uğurlarımız təsadüfi xarakter daşımır, məqsədyönlü, düşünülmüş siyasətin və idmanla məşğul olan bütün qurumların birgə fəaliyyəti nəticəsində biz bu uğurlardan danışa bilərik.

Azərbaycan dünyada idman dövləti kimi tanınır, artıq bir neçə ildir ki, uğurlarımız qeyd edilir. Azərbaycan Beynəlxalq Olimpiya hərəkatında çox fəal iştirak edir və biz böyük hörmətə malik olan ölkəyik. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilibdir. İl ərzində Bakıda dəfələrlə dünya, Avropa çempionatları, digər beynəlxalq yarışlar keçirilir və bizdə olan imkanlar bu yarışların yüksək səviyyədə təşkili üçün gözəl şərait yaradır.

İdmanın inkişafı özünü müxtəlif istiqamətlərdə büruzə verir. Ancaq onların arasında ən vacib amil əlbəttə ki, medalların sayıdır. 2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanmışlar. Onlardan 206-sı Olimpiya idman növləri üzrə qazanılmış medallardır. İdmançılarımız müxtəlif yarışlarda Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə ölkəmizi şərəflə təmsil ediblər və Azərbaycanın idman şöhrətini qaldırıblar.

Mən çox şadam ki, gənc idmançılarımız yeniyetmələrin birinci Yay Olimpiya Oyunlarında çox böyük uğura nail olublar. 204 ölkə içində idmançılarımız 11-ci yeri tutmuşlar və İslam ölkələri arasında birinci sıradadırlar. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idmanın inkişafı sistemli xarakter daşıyır. Gənc idmançıların uğurlu çıxışı bizə əsaslı ümid verir ki, bir neçə ildən sonra gənclərimiz ölkəmizi dünya çempionatlarında, Olimpiya Oyunlarında təmsil edəcəklər. Olimpiya Oyunlarında Azərbaycanın əldə etdiyi uğurlar bizim üçün idmanda, idman yarışlarında əsas vəzifədir. Gənc nəslin yetişdirilməsi üçün ölkəmizdə aparılan siyasət çoxşaxəlidir. Burada biz fəaliyyətimizi təkcə idman sahəsi ilə məhdudlaşdırmırıq. Uğurları təmin etmək üçün ümumiyyətlə gənclərdə, o cümlədən idmançılarda möhkəm iradə olmalıdır, vətənpərvərlik ruhu yüksək səviyyədə olmalıdır, vətən sevgisi olmalıdır. Biz gənclərimizə bu nəcib əlamətləri aşılayırıq. Azərbaycanda bu sahədə işləri yüksək qiymətləndirirəm.

Azərbaycan cəmiyyəti və onun vacib hissəsi olan gənclər bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. İdman isə o sahədir ki, burada nəticələr bəlkə də özünü daha da qabarıq və açıq şəkildə büruzə verir. İdmanda qazanılmış qələbə ölkənin qələbəsi sayılır. Təsadüfi deyil ki, Olimpiya Oyunlarında və başqa yarışlarda ölkələr bir-biri ilə rəqabət aparırlar. Ona görə yeniyetmələrimizin dünya miqyasında böyük idman dövlətlərini geridə qoyub 11-ci yeri tutması tarixi hadisədir. Mən çox şadam ki, dünya idman ictimaiyyəti də bizdə idmanla bağlı gedən bu proseslərə çox böyük maraqla yanaşır, uğurlarımız artıq tanınır və qiymətləndirilir.

2010-cu ildə bu uğurlarla bərabər, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ənənəvi olaraq vacib addımlar atılmışdır. Bu il dörd olimpiya idman kompleksi istismara verilmişdir. Göyçay, Ağdaş, Balakən və Horadiz şəhərlərində müasir idman kompleksləri istifadəyə verilmişdir. Müşfiqabad qəsəbəsində idman-təlim mərkəzi istismara verilmişdir. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi fəaliyyətini demək olar ki, daha da müasir keyfiyyətdə bərpa etmişdir. Bildiyiniz kimi, Mingəçevir Olimpiya avarçəkmə bazası Sovet İttifaqında yaşamış idmançılara xidmət göstərirdi və o bazanın nadir iqlim şəraiti avarçəkmə ilə məşğul olanların hamısını ora cəlb edirdi. Uzun illər ərzində baza yararsız vəziyyətdə qalırdı və biz onun bərpası üçün müxtəlif imkanlar axtarırdıq, o cümlədən xarici maliyyə dəstəyini cəlb etməyə çalışırdıq. Ancaq nəticədə Azərbaycan dövləti avarçəkmə bazasını dövlət büdcəsi hesabına ən müasir səviyyədə təmir etdi, onu demək olar ki, yenidən qurdu. Orada çox gözəl mehmanxana, idman qurğuları, üzgüçülük hovuzu, trenajor zalları yaradılıb, gözəl park salınıbdır. Bu, nəinki avarçəkmə idman növünün inkişafı üçün, eyni zamanda, turizm obyekti kimi öz gözəlliyi və funksional tərəfi ilə fərqlənən beynəlxalq avarçəkmə bazasıdır. Əlbəttə ki, ilk növbədə idmançılarımız bu imkanlardan istifadə edirlər və etməlidirlər. Qeyd etməliyəm ki, bizim üçün ənənəvi olmayan bu idman növü üzrə də böyük uğurlarımız vardır. Bu baza başqa ölkələrin idmançıları üçün də öz imkanlarını təqdim edir. Bu, həm Mingəçevirin inkişafına böyük dəstək olacaq və investisiyaların cəlb olunmasına xidmət göstərəcək, həm də ki, regional beynəlxalq avarçəkmə bazasının tikintisi doğrudan da böyük hadisədir.

2011-ci ildə bu tikinti-quraşdırma işləri davam etdiriləcəkdir. On bir olimpiya mərkəzinin tikintisi nəzərdə tutulur. Onların bir hissəsinin açılışı gələn il olacaqdır. Bu proqram ardıcıl şəkildə icra edilir. Qeyd etmək istəyirəm ki, idmanla məşğul olan qurumlar - həm Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bu il fəal işləmişlər, birgə işləmişlər. Biz hamımız vahid məqsədə xidmət edirik. Bu da ondan ibarətdir ki, Azərbaycanda idman sürətlə inkişaf etsin, idman uğurlarımız daha da artsın, idmançılara dövlət tərəfindən qayğı artsın, idman veteranları da yaddan çıxmasın. Son illər ərzində bütün bu istiqamətlərdə aparılan işlər, tədbirlər bugünkü reallıqları mümkün edibdir.

Biz özümüzü bu bölgədə və Avropa qitəsində, hətta dünya miqyasında idman sahəsində artıq sözün əsl mənasında təsdiq etmişik. Bu, ölkəmizi daha da gücləndirir, ölkəmiz haqqında dolğun məlumatın dünya ictimaiyyətinə çatdırılması üçün çox müsbət rol oynayır. Çünki Azərbaycanın bugünkü inkişafı, Azərbaycan həqiqətləri və ölkəmizdə gedən quruculuq işləri bəzi hallarda dünya ictimaiyyəti üçün sirr kimi qalır. Bəzi hallarda Azərbaycanla bağlı məlumatlar dünya mətbuatında ya həqiqəti əks etdirmir, ya da ki, qərəzli olur, təhrif edilmiş məlumatlar dərc edilir. Yəqin ki, ona görə də birinci dəfə Azərbaycana, Bakıya gələn hər bir qonaq Bakının gözəlliyini, şəhərimizdə, ölkəmizdə olan quruculuq işlərini görərkən təəccüb edir və bu təəccübü gizlədə bilmir. Bəzi qonaqlar Bakıya tam başqa fikirlərlə gəlirlər. Ancaq burada gedən prosesləri, gözəlliyi görərkən əlbəttə ki, bu, onlara çox güclü təsir göstərir. Biz də çalışmalıyıq ki, haqqımızda məlumat həqiqəti əks etdirsin. Bunun üçün ən gözəl vasitə qonaqları dəvət etməkdir. Bu gün ölkəmizdə qurulan infrastruktur – gözəl mehmanxanalar, istirahət kompleksləri, aeroportlar turizmin inkişafı üçün müsbət təsirini göstərir. Azərbaycana nə qədər çox qonaq gəlsə, ölkəmiz haqqında dünyada o qədər də dəqiq məlumat mövcud olacaqdır. İdman yarışlarının keçirilməsi, əlbəttə ki, bu məqsədi də güdür. Digər tərəfdən, idmançılar, gənclər bir-biri ilə təmasda olurlar, görüşürlər. Bu, millətlərarası, sivilizasiyalararası münasibətlərə də müsbət təsir göstərir. Azərbaycan bu sahədə də dünya birliyinə öz dəyərli töhfəsini verir. Azərbaycanda yüksək dərəcəli dini və milli dözümlülük artıq dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, ölkəmizdə bu məsələ ilə bağlı çoxsaylı beynəlxalq tədbirlər keçirilir. İdman bütün bu işlərin aparılmasında mühüm rol oynayır və biz bunu Azərbaycanda çoxdan dərk etmişik. İdman sadəcə olaraq qazanılmış medalların sayı ilə ölçülməməlidir. İdman ictimai-siyasi həyatda mühüm amildir. Beynəlxalq münasibətlərdə idmanın rolu getdikcə artmaqdadır və biz bunu artıq gündəlik həyatda görürük.

Bu gün Azərbaycan idmanı ölkədə gedən quruculuq proseslərinə tam uyğundur. Deyə bilərəm ki, bir neçə il ərzində Azərbaycanda idmanın inkişafı digər sahələrdə olan inkişafı qabaqlayırdı. Ancaq bu gün Azərbaycanın iqtisadi inkişafı, sosial məsələlərin həlli, böyük quruculuq işləri, ölkəmizin müasirləşməsi və güclü regional dövlətə çevrilməsi prosesləri idmanda əldə edilmiş uğurlarla tam şəkildə üst-üstə düşür. Biz istəyirik ki, Azərbaycan daha da güclənsin. Biz istəyirik ki, dünyada mövcud olan və xalqımıza, adət-ənənələrimizə uyğun olan ən qabaqcıl, mütərəqqi meyarlar Azərbaycanda öz təsdiqini tapsın. Biz istəyirik ki, Azərbaycan müasir dövlət kimi öz imkanlarını genişləndirsin, dünyadakı mövqelərimiz daha da möhkəm olsun, ölkədə iqtisadi, siyasi, sosial islahatlar daha da sürətlə getsin və biz bunu görürük. Bütün beynəlxalq iqtisadi qurumlar Azərbaycanda gedən prosesləri böyük maraqla izləyirlər. Bütün qabaqcıl və nüfuzlu beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən birinci sıralardadır - istər ölkələrin iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə, istər informasiya-kommunikasiya texnologiyalarının inkişafına, istər insan indeksinin meyarlarına görə, istərsə də idman sahəsində. Bütün bu sahələrdə biz uğurla və inamla irəliyə gedirik.

Mən inanıram ki, 2011-ci il bu gözəl ənənələrin davam etdirilməsi üçün uğurlu il olacaq, o cümlədən idman sahəsində. 2011-ci il 2012-ci ilin Yay Olimpiya Oyunlarının hazırlanması üçün həlledici il olacaqdır. Çoxsaylı lisenziya turnirləri keçiriləcəkdir və Olimpiadaya hazırlıq dövrünün sonuncu ilidir. Əlbəttə, biz bu amili nəzərə almalıyıq. 2011-ci ildə səylərimizi daha da gücləndirməliyik. Halbuki 2009-cu il - Olimpiadadan sonrakı bir il bizim üçün nə qədər vacib idisə, 2011-ci il də o qədər vacibdir. Əlbəttə Olimpiya oyunları idman sahəsində müəyyən dövrün ən əsas hadisəsidir. Ancaq bununla bərabər, bütün idman qurumları gündəlik fəaliyyətlərində çalışırlar ki, biz qarşıya qoyulan məqsədə çataq.

Mən əminəm ki, gələn il də idmanımız üçün uğurlu il olacaqdır. İdmançılarımız, yeniyetmələrimiz, gənclərimiz ölkəmizi dünyada ləyaqətlə təmsil edəcəklər və biz idmançılarla görüşəcəyik, idmançıların qələbələrinə sevinəcəyik. Əminəm ki, biz 2011-ci ili də uğurla başa vuracağıq.

Əziz dostlar, əziz idmançılar, 2010-cu ildə qazanılmış qələbələr münasibətilə mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmizdə, o cümlədən idmanda gedən bütün proseslər diqqət mərkəzimdədir. Bildiyiniz kimi, mənim idmana xüsusi münasibətim vardır. On üç ildir ki, mən Olimpiya Komitəsinin prezidentiyəm. Çalışıram və bundan sonra da çalışacağam ki, biz idmançıların problemlərini uğurla həll edək, idmanın inkişafı üçün əlavə tədbirlər görək, idman infrastrukturunun yaradılması üçün lazımi addımları ataq. 2011-ci il bu sahədə çox əlamətdar bir il olacaqdır. Çünki 2011-ci ildə Bakıda yeni, möhtəşəm, gözəl Olimpiya stadionunun təməl daşı qoyulmalıdır. Artıq layihə hazırdır, stadion üçün yer müəyyən edilib. Mən hesab edirəm ki, Azərbaycan kimi idman dövlətinin paytaxtı Bakı şəhəri üçün ən müasir texnoloji imkanlara malik olan yeni Olimpiya stadionu tikilməlidir.

Mən sizi bir daha həm qələbələr münasibətilə, həm qarşıdan gələn bayramlar – Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm və sizə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dövlətimizin başçısına idmançılara göstərdiyi diqqət və qayğıya, həmçinin xoş sözlərə görə minnətdarlıq etdi.

Beynəlxalq Hərbi İdman Şurasının üzvü polkovnik Natiq Əliyev şuranın mükafatını Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə müxtəlif fəxri adlarla təltif olunan şəxslərə mükafatlar təqdim edildi.

Dövlət başçısı Elçin Cəfərova və Ağayar Axundzadəyə MOK-un “Olimpiya” ordenini təqdim etdi.

İdmançılardan bir qrupu Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanlarını ilə təltif olundu.

Daha sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən idmançıların bir qrupuna və məşqçilərə yeni mənzillərin orderlərini təqdim etdi.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova idman ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və “Heydər Əliyevin neft strategiyası” miniatür kitabını dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev bir daha idmançıları təbrik etdi, onlara işlərində uğurlar arzuladı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo