Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası İlham Əliyevin yekun nitqi

08 oktyabr 2014, 16:35
Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası İlham Əliyevin yekun nitqi

İlin sonunadək nəzərdə tutulmuş bütün məsələlər axıra qədər həllini tapmalıdır. Büdcədə kifayət qədər vəsait vardır. İnfrastruktur layihələri başa çatdırılmalıdır. Bir sözlə, 2014-cü ildə də biz qarşımıza qoyduğumuz bütün məsələləri həll etməliyik və edəcəyik.

Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Əminəm ki, belə də olacaq. İnfrastruktur layihələrinin icrası davam etdirilir. Bir sözlə, bu məsələlərlə bağlı heç bir narahatlıq yoxdur.

İlin sonuna qədər böyük layihə - Şəmkirçay Su Anbarı istifadəyə verilməlidir. Bu, son illər ərzində icra edilən ən böyük layihələrdən biridir. Böyük investisiyalar qoyulubdur. Şəmkirçayda böyük su anbarı, elektrik stansiyası, kanallar tikilir. Bu, bizə imkan verəcək ki, əkin sahələrini genişləndirək və fermerlər üçün yeni imkanlar yaranacaqdır. İlin sonuna qədər açılışı nəzərdə tutulan bu böyük layihə demək olar ki, hazırdır, tamamlanma işləri aparılır. Yaxın vaxtlarda açılışını qeyd edəcəyik.

Gələn ilin büdcəsi demək olar ki, hazırdır. İndi müzakirələr aparılır. Milli Məclisə təqdim ediləcəkdir. Əsas prioritetlər bəllidir.

Biz bu barədə dəfələrlə öz fikirlərimizi bildirmişik. Sosial layihələr tam icra edilməlidir. Əlbəttə ki, ölkəmizin inkişafını təmin edən böyük infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri nəzərdə tutulur. Məktəblərin tikintisi. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilib. Hələ ki, qəzalı, yararsız vəziyyətdə məktəblər vardır. Əlbəttə ki, sosial infrastruktur layihələri arasında bu məsələyə üstünlük veriləcək.

Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılır. Ya tikilir, ya da ki, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-dörd şəhər qalıb ki, orada, hələ xəstəxanalar lazımi səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq.

Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə son illərdə böyük irəliləyiş olub. Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir. Vaxtilə tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətə düşmüşdür, ya da əfsuslar olsun ki, özəlləşdirilmişdir və onların yerində başqa obyektlər tikilmişdir.

Uşaq bağçalarının bir hissəsində məcburi köçkünlər yerləşir. Bir sözlə, bu, çox ciddi problem idi, bu gün də hələ ki, ciddi problem olaraq qalır. Ancaq, deyə bilərəm ki, son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə qalxmışdır.

Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib.

Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun. Çünki Azərbaycanda sosial məsələlər uğurla icra edilir. Eyni zamanda, işsizlik kəskin şəkildə aşağı düşmüşdür. İndi bölgələrdə yeni açılan sənaye müəssisələrində, tikiş fabriklərində işləyənlərin demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Ona görə uşaq bağçalarının qıtlığı böyük problemlərə gətirib çıxarır. İşsizliklə bağlı əlavə addımlar atılacaqdır və biz çalışmalıyıq ki, ümumiyyətlə, Azərbaycanda işsizlik olmasın. Əlbəttə ki, hər bir ailədə valideynlərin hər ikisi işləyir. Belə olan halda uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Bir sözlə, biz bu sahəyə dövlət büdcəsində diqqət yetirməliyik. Yerlərdə də həm özəl sektor, həm də yerli icra orqanları bu işlərlə məşğuldurlar. Hesab edirəm ki, bu işi daha da sürətləndirmək lazımdır.

Gələn ilin büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik.

Bununla bərabər, Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilmişdir. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir. Bu sərgiyə böyük maraq göstərilmişdir. Həm Azərbaycan öz hərbi məhsullarını təqdim etmişdir, həm də ki, dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və texnikalarını nümayiş etdirmişlər. Demək istəyirəm ki, dövlət büdcəmizdə əlbəttə, yerli hərbi istehsala diqqət göstərilməlidir.

Əlbəttə ki, dövlət investisiya layihələri, investisiya proqramı təsdiq ediləcək. Hesab edirəm biz bu ilin sonuna qədər bu proqramı təsdiq etməliyik ki, gələn il vaxt itirmədən investisiya layihələrini icra edək.

Onu da bilməliyik ki, bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşmüşdür və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin.

Ancaq hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq. Yenə də qeyd etmək istəyirəm ki, artıq müvafiq göstərişlər verilmişdir. İlk növbədə sosial məsələlər - sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq.
Əminəm ki, gələn il inflyasiyanın səviyyəsi birrəqəmli olacaq, aşağı səviyyədə olacaq. Bu, imkan verəcək ki, insanların rifah halı daim artsın. Çünki inflyasiyanın qalxması və manatın məzənnəsinin düşməsi əlbəttə, insanların həyatına mənfi təsir göstərə bilər. Ona görə həm manatın məzənnəsi sabitdir, həm də inflyasiya çox aşağı səviyyədədir. Bu amillər bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.

Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görülübdür. Yeni imkanlar açılır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranmışdır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik.

Əvvəlki dövrdə və hazırda bu sahədə görülən işlər deməyə əsas verir ki, biz buna nail olacağıq. Çünki ilk növbədə islahatlar aparılır və kənd təsərrüfatının inkişafı üçün müasir yanaşma tətbiq edilməlidir. Biz texnika ilə təmin edirik. Həm dövlət büdcəsi, həm də Prezidentin ehtiyat fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınıb gətirilir. Müasir elmin nəticələri Azərbaycanda tətbiq olunmalıdır.

Hesab edirəm ki, eyni zamanda, meliorasiya ilə bağlı olan layihələr – Taxtakörpü və açılışı nəzərdə tutulan Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir. Əlbəttə ki, biz o torpaqlarda görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki bu sahələrdə hansı məhsullar yetişdiriləcək, dövlət hansı addımlar atacaq – əlbəttə ki, biz bu barədə düşünürük və bu yeni imkanlardan maksimum səmərə ilə istifadə etməliyik. Çünki on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir göstərəcəkdir.

Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya bazarlarına emal edilmiş şəkildə çıxarılır. Bir daha demək istəyirəm ki, hazırda ixrac potensialımızın artırılması üçün çox gözəl imkanlar var. Biz, sadəcə olaraq, gərək əlavə investisiyalarla, sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərlə ixrac imkanlarımızı daha da artıraq. Təbii ki, biz daxili bazarımızı Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə də böyük irəliləyiş var.

Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əlbəttə ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Biz əlbəttə ki, bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq.

Giriş sözümdə dediyim kimi, qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq. Hesab edirəm ki, bu sahədə xidmət sektoru Azərbaycanda indi xüsusi yer tutur. Turizmin inkişafı sürətlə gedir, bu ilin təcrübəsi onu göstərir. Bu il bir neçə gözəl müasir otel istifadəyə verilmişdir. Bölgələrdə turizm imkanları genişlənir. İndi bölgələrdə beşulduzlu otellər açılır. Mən o açılışların hamısında şəxsən iştirak edirəm və hesab edirəm ki, burada böyük potensial var. Biz xarici turistlərin cəlb edilməsi üçün daha da fəal işləməliyik. İndi Azərbaycan haqqında məlumatlar dünya ictimaiyyətinə kifayət qədər çatdırılır.

Müxtəlif təqdimatlar, sərgilər, mədəni proqramlar, xüsusilə birinci Avropa Oyunları ilə bağlı olan tədbirlər, prezentasiyalar mütəmadi qaydada keçirilir. Biz ölkəmizin turizm imkanlarını daha da geniş şəkildə təbliğ etməliyik. Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur. Gözəl sahillər, Xəzər dənizi, dağlar, meşələr, xizək turizmi.

Artıq infrastruktur da var. Aeroportlar, magistral yollar və bütün bölgələrdə beşulduzlu, dördulduzlu, üçulduzlu gözəl otellər yaradılır.

Bu il “Sənaye ili”dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Mən əvvəlki müşavirələrdə də qeyd etmişdim ki, biz ərzaq təhlükəsizliyini təmin etməliyik.

Özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. İndi biz eyni yanaşmanı inşaat materiallarına da tətbiq etməliyik. Hesab edirəm ki, bu sahədə çox gözəl inkişaf var. Yəni, biz özümüzü sementlə artıq tam şəkildə təmin etmişik. Bu il istifadəyə verilən ən böyük yeni sement zavodu bu problemi də aradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmlər var və ixrac imkanlarımız da artacaq. Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq, biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları idxal edilir və o sahəyə daha da böyük üstünlük verməliyik. Necə ki, biz vaxtilə ərzaq məhsulları ilə bağlı eyni yanaşmanı tətbiq etmişik. Baxmışıq ki, Azərbaycana hansı ərzaq məhsulları və nə qədər idxal edilir? Onların daxili istehlakda çəkisi nə qədərdir? Biz məhz o sahələrə üstünlük verdik, kreditlər ayırdıq, fermerləri, sahibkarları səfərbər etdik və dövlət dəstəyi verildi. Biz indi məhz o sahələr, o məhsullar üzrə özümüzü təmin edirik. İnşaat materialları ilə də eyni yanaşma olmalıdır. Çünki Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur və inkişaf etdirilir. Burada da böyük potensial var.

Dediyim kimi, biz artıq özümüzü sement istehsalı ilə 100 faiz təmin etmişik.

Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir. Mən texnoparklar barədə dəfələrlə danışmışam, təkrar etmək istəmirəm. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq.

Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Əminəm ki, ticarət limanı yaxın iki il ərzində tam şəkildə istifadəyə veriləcək. Beləliklə, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradılacaq. Onun illik yükaşırma imkanı 25 milyon ton yük və bir milyon konteynerdir. Bu, Xəzərdə ən böyük liman olacaqdır və Xəzərdə yük daşımalarının həcminin artırılması gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatır. Liman hazırdır. Gəmiqayırma zavodu keçən ilin sentyabr ayında istifadəyə verilmişdir.

Bu yaxınlarda Həştərxanda keçirilən Xəzər Zirvəsində mən öz həmkarlarıma bu barədə məlumat vermişəm və demişəm ki, onlar da bu imkanlardan istifadə edə bilərlər. Xaricdən gəmi almağa daha ehtiyac yoxdur. Bizim gəmiqayırma zavodumuz istənilən gəmini istehsal edə bilər. Burada biz Xəzəryanı ölkələr arasında əlaqələndirmə işlərini daha da yüksək səviyyədə qurmalıyıq, o cümlədən limanlar arasındakı əlaqələndirmə məsələlərinə də böyük ehtiyac var.

Hava nəqliyyatı inkişaf edir. Yeni təyyarələr alınır və keçən rübdə bir önəmli hadisə də baş vermişdir. İlk dəfə olaraq “Azərbaycan Hava Yolları – AZAL” Nyu-Yorka birbaşa uçuşları təşkil etmişdir. Bu, böyük nailiyyətdir. Bu, bir keyfiyyət nişanıdır. Çünki Amerika şəhərlərinə uçuşları təşkil etmək üçün icazə almaq prosesi kifayət qədər mürəkkəbdir. Çox böyük standartlar tələb edilir. Hazırda Bakı-Nyu-York reysi artıq həyata keçirilir. Bu da böyük nailiyyətdir. Ona görə ki, bizim vətəndaşlarımız və xarici qonaqlar birbaşa uçuşlar əldə edəcəklər. Eyni zamanda, bir daha demək istəyirəm ki, bu, artıq bizim hava yollarımızın yüksək səviyyəsini göstərir.

Gələn il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan vəsait nəzərdə tutulur. Biz hər il təkcə tikinti işlərinə 300 milyon manat ayırırıq və minlərlə soydaşımız bu məbləğ hesabına yeni evlərlə təmin edilir. Hər il dörd min, beş min ailə - yəni, ən azı 20 min nəfər yeni evlərə köçürülür. Əlbəttə, bu işlər davam etdiriləcəkdir.

Qeyd etdiyim kimi, sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlini qoyduq. Onun da böyük rəmzi mənası var. Biz təməlqoyma mərasimini başqa gündə də keçirə bilərdik. Sadəcə fikirləşdim ki, 20 il bundan əvvəl sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır və bu, Azərbaycanın inkişafını müəyyən etmişdir. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyevin qətiyyətli yanaşması olmasaydı, o müdrik addım atılmasaydı bu gün Azərbaycan necə inkişaf edəcəkdi, - bu, böyük sualdır, - nəyin hesabına inkişaf edəcəkdi? “Əsrin kontraktı”nın imzalanması və onun uğurla icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi nailiyyətlərdir. Bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq. Mən hesab etdim ki, XXI əsrin layihəsi də “Cənub” qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək. Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi başlamışdır. Bu, böyük və tarixi hadisədir.

Bir daha demək istəyirəm ki, bu, növbəti onilliklər ərzində, ən azı yüz il ərzində Azərbaycana böyük xeyir gətirəcək bir layihədir. Bəlkə də bu gün o faydanın tam həcmi hələ ki, bizim üçün o qədər də aydın deyil. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayanda da əlbəttə, buna bir layihə kimi baxırdıq. Amma görün bu layihə nə qədər böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bizim beynəlxalq əməkdaşlığımız genişləndi, maliyyə imkanlarımız artdı.

Biz xarici ölkələrə investisiya qoymağa başlamışıq. Daxildə iqtisadi və enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik.

Ona görə “Cənub” qaz dəhlizinin inşası zamanı və inşası nəticəsində hələ bəlkə də təsəvvür edə bilmədiyimiz məsələlər də ortaya çıxacaq ki, onların hamısı Azərbaycana xeyir gətirəcək. Çünki bizim qaz resurslarımız kifayət qədər böyükdür. Bu barədə hamı bilir, məlumatlar verilmişdir. Bu layihə bizə imkan verəcək ki, öz resurslarımızı dünya bazarlarına maksimum dərəcədə çıxaraq və əhatə dairəmiz də artacaq. Çünki hazırda bir neçə ölkə bizim tərəfdaşımızdır. Ancaq o ölkələrin sayı arta bilər. Yəni, bu layihə çox böyük imkanlar açır və əlbəttə ki, Azərbaycanı çox önəmli ölkə kimi bir daha təsdiqləyir.

Mən dəfələrlə demişəm ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Eyni zamanda, demişəm, Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, bizim maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu layihə bizim önəmimizi daha da artıracaq və Azərbaycan güclənəcək, öz təsir imkanlarını genişləndirəcəkdir. Əlbəttə ki, bu layihənin icrası zamanı tərəfdaş ölkələrlə əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Mən artıq öz həmkarlarımla bu barədə danışmışam. Yəqin ki, gələcək aylarda bir əlaqələndirmə şurası, yaxud da, işçi qrupu yaradılmalıdır ki, bu məsələlər bütün ölkələrlə - tranzit və istehlakçı ölkələrlə müzakirə edilsin. Bu layihənin icrası yüksək ekoloji standartlar əsasında təşkil edilməlidir.

Əlbəttə ki, beynəlxalq səviyyəli standartlar tətbiq ediləcək. Çünki biz ekologiya məsələlərinə çox böyük diqqət göstəririk.

Çirklənmiş ərazilərin təmizlənməsi, ağacların əkilməsi, məişət tullantıları zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişmişdir. Xəzər dənizinə axıdılan çirkab sularının qarşısı indi yeni kanalizasiya layihələrinin icrası nəticəsində alınır. Çirkab suları təmizləyici qurğulara istiqamətləndirilir. İndi Bibiheybət zonasında böyük ekoloji layihə icra edilmişdir. Bura vaxtilə neftlə çirklənmiş qara bir ərazi idi. İndi orada idman şəhərciyi tikilir və birinci Avropa Oyunlarının bir hissəsi orada keçiriləcək. İndi ora abad bir ərazi olubdur. Hətta indi orada buruqlar da vardır və hasilat davam edir. İndi biz buruqların ətrafını da abadlaşdırırıq, abadlaşdıracağıq. Əlbəttə ki, hazırda böyük ekologiya layihəsi icra edilir. Böyükşor gölünün təmizlənməsi də tarixi nailiyyətdir. Çünki onilliklərlə o gölə çirkab suları, lay suları axıdılırdı. Bu, şəhərimizin ortasında böyük bir ekoloji fəlakət idi. İndi gölün təmizlənməsi prosesi gedir.

Birinci hissə gələn ilin yayına hazır olacaqdır.

Yəni, ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməlidir. Çünki bu, həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək.

Mən burada “Ağ Şəhər” layihəsini də qeyd edə bilərəm. “Ağ Şəhər” Qara şəhərin ərazisində yaradılır. Burada da çox böyük rəmzi məna var. Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləmişlər, böyük qazanc, milyardlarla vəsait əldə etmişlər. Ancaq bizim üçün nə qoyub getmişlər? Qara şəhəri qoyub getmişlər. Bu ekoloji fəlakəti qoyub getmişlər. O xarici neft baronlarının qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır. Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlmişlər, böyük pullar əldə etmişlər. Ancaq bizə nə qoyub getmişlər? Qara şəhəri.

İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, Qara şəhər əvəzinə “Ağ Şəhər” olacaq. “Ağ Şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir. Artıq “Ağ Şəhər”in konturları görünür.

Bax, biz bu yolla başqa layihələri də icra etməliyik. Biz buraya da iş adamlarını cəlb etməliyik. Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Orada da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyir şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər.

Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilibdir. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik.

İndi “Ağ Şəhər” bulvarı tikilir. Yəqin ki, bir neçə aydan sonra artıq ictimaiyyət üçün açıq olacaq. Beləliklə, Bibiheybət istiqamətindən, – Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, - idman şəhərciyindən ta “Ağ Şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir gəzinti zolağı – bulvar olacaqdır.

Çıxışımın sonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı bir-iki kəlmə demək istəyirəm. İşlər qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, tikilir. Əlbəttə ki, burada nəqliyyat məsələlərinə çox böyük diqqət göstərilir. Bu işlər də uğurla gedir. Təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Əminəm ki, belə də olacaq.

Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə “Formula 1” yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi.

Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq. Sağ olun.