İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

10 oktyabr 2014, 14:15
İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra Prezident Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa gələn digər dövlət başçılarını da qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

İclasın iştirakçılarını salamlayan Belarus Prezidenti bu tədbirdə MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə ediləcəyini deyib. Birlik daxilində ticari-iqtisadi əlaqələrin yeni impuls aldığını bildirən Aleksandr Lukaşenko vurğulayıb ki, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq və dialoq yaradılıb.

Dövlətimizin başçısı iclasda çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli həmkarlar.

Əvvələn, MDB Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi üçün yaradılmış gözəl şəraitə görə Aleksandr Qriqoryeviç Lukaşenkoya təşəkkür etmək istərdim. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, iş belə gətirib ki, bu iclas dalbadal ikinci il Minskdə keçirilir.

Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi və bütün Belarus xalqını mənim əvvəlki dəfə burada olmağımdan keçən dövr ərzində Belarusun qazandığı nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bu bir il ərzində ölkənizin neçə fəal inkişaf etməsi göz qabağındadır. Minsk gözəl, təmiz, müasir şəhərdir. Buna görə biz Sizin dostlarınız kimi, uğurlarınıza sevinirik və əlbəttə, dost Belarus xalqına ən xoş arzularımızı bildiririk.

Bu fikrə mən də şərikəm ki, MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanıdır. Əlbəttə, uzun illər boyu ünsiyyət saxlayan və mühüm məsələləri birlikdə həll edən həmkarlar kimi, bizi narahat edən bütün məsələləri bu cür açıq, səmimi şəraitdə müzakirə etməliyik.

Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq.

İqtisadi sahədə, investisiyalar sahəsində yaxşı təcrübəmiz var və bu gün biz, əlbəttə, narahatlıq doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiririk. Əlbəttə, sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropanın bir hissəsində vəziyyət əlbəttə, adekvat qiymət verilməsini tələb edir. Yəqin ki, hər bir ölkə öz əməli fəaliyyəti ilə etimad tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə çalışmalıdır.

Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə təsəvvür edirik. Hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib. Əlbəttə, siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm rol oynayır. Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu fəal əməkdaşlığı nəqliyyat sahəsində də müşahidə edirik. Bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində biz Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik.

Zənnimcə, MDB məkanında çox yaxşı imkanlar var. Onların bir hissəsi artıq reallaşıb. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır.

Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onun təşəbbüsü ilə başlanmış layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Bu sahədə investisiya layihələri, qüvvələrin bu istiqamətdə daha artıq əlaqələndirilməsi üçün yaxşı imkanlar var. Ona görə ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizliyi məsələləri ilə birbaşa bağlıdır. Əlbəttə, kifayət qədər enerji ehtiyatları olan ölkələrin üzərinə öz tərəfdaşlarının və qonşularının enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində daha böyük məsuliyyət düşür.

Biz humanitar əməkdaşlığa böyük əhəmiyyət veririk. Fikrimcə, bu, hər halda bizim təşkilatın həyat fəaliyyətinin əsasıdır. Bir neçə gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumu keçirildi. Həmin Forumda bizim ölkələrin nümayəndələri ilə yanaşı, 60-dan çox ölkənin təmsilçiləri iştirak edirdi. Dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq məsələləri çox aktualdır.

Zənnimcə, ölkələrimizin müsbət təcrübəsi göstərir ki, multikultural cəmiyyət inkişafın yeganə yoludur. Dünya ölkələrinin mütləq əksəriyyəti çoxkonfessiyalı, çoxlu millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir. Monoetnik ölkələr istisnadır. Odur ki, humanitar əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkə, hər bir ölkənin milli həmrəyliyi, habelə bizim əməkdaşlığımız üçün vacibdir. Çünki bizim təşkilat çərçivəsində tarixləri, mədəniyyətləri, dinləri müxtəlif olan ölkələr təmsil olunub və bizi ümumi maraqlar, ümumi əməkdaşlıq birləşdirir.

Digər tərəfdən MDB-nin bir təşkilat kimi topladığı müsbət təcrübə bütövlükdə mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı problemlərin həlli üçün də faydalı ola bilər. Başqa sözlə, demək istərdim ki, biz bundan sonra da MDB-nin işində fəal iştirakımızı davam etdirəcəyik.

Gözəl şərait üçün Aleksandr Qriqoryeviçə bir daha təşəkkür etmək və ümidvar olduğumu bildirmək istərdim ki, həll edəcəyimiz bugünkü məsələlər sıralarımızın daha sıx birləşməsinə gətirib çıxaracaq. Sağ olun.

X X X

Tədbirdə dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin birgə qeyd olunması istiqamətində işlərin davam etdirildiyini, MDB çərçivəsində əməkdaşlığın və dostluq əlaqələrinin gücləndirilməsinin və bundan sonra daha da inkişaf etdirilməsinin tərəfdarı olduqlarını deyiblər. Bildirilib ki, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir və iclasda müzakirə olunan məsələlər Birlik ölkələri arasında əlaqələrin möhkəmlənməsinə təkan verəcək.

Dövlət başçıları iclasda elm, təhsil, turizm, təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi, Ukraynada vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

X X X

Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. İclasda bildirilib ki, dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət qəbul ediblər. Diqqətə çatdırılıb ki, iclas iştirakçıları MDB ölkələrinin elmi təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, 2016-cı ilin Birlik çərçivəsində “Təhsil ili” elan olunması, qanunsuz miqrasiya, insan alveri ilə mübarizə sahələrində əməkdaşlıq məsələlərinə dair razılığa gəliblər.

İclasda 2015-ci ildə MDB-yə sədrliyin Qazaxıstana keçməsi və MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il Astanada keçirilməsi qərara alınıb.

Sonra sənədlər imzalanıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından MDB dövlət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib.

X X X

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası işini yekunlaşdırıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfəri həmin gün başa çatıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50