Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər

29 sentyabr 2014, 18:00
Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər

Sənədlərin imzalanması mərasimindən sonra Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər.

Rusiya Prezidenti Vladimir PUTİN Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin yekunlarını və imzalanan sənədləri yüksək qiymətləndirdiyini vurğuladı. O, əksər məsələlərdə Xəzəryanı ölkələrin irəliyə doğru böyük addımlar atdıqlarını bildirdi. Rusiyanın Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranla ticarət dövriyyəsinin hazırda 33 milyard dollar olduğunu deyən prezident Vladimir Putin qarşılıqlı əmtəə dövriyyəsinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğuladı. Rusiya dövlətinin başçısı Xəzəryanı ölkələrin investisiya qoyuluşunun genişləndirilməsi, böyük iqtisadi layihələrin reallaşdırılmasında da yaxşı imkanların olduğunu vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Prezidentlər.

Hörmətli xanımlar və cənablar.

Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə Sammitin təşkilinə, qonaqpərvərliyə, həm məhdud, həm də geniş tərkiblərdə məsələlərin müzakirəsi çərçivəsində yaratdığınız şəraitə görə Sizə bir daha təşəkkür etmək istərdim.

Bu gün biz həqiqətən çox səmərəli işlədik, Xəzər dənizində qarşılıqlı fəaliyyətimizin gələcəyi ilə bağlı mühüm məsələlərə dair açıq, çox səmimi dialoq apardıq. Bizim bu gün müzakirə və həll etdiyimiz əsas məsələləri Vladimir Vladimiroviç artıq qeyd etdi. Təkrarlamaq istəmirəm. Onu demək istərdim ki, mənim fikrimcə, bizim uğurlu addımlarımızın başlıca əsası xalqlarımız arasında tarixən yaranmış sıx qarşılıqlı əlaqələrdir. Azərbaycanın bütün Xəzəryanı dövlətlərlə münasibətləri çox sıx, qarşılıqlı faydalı, dostcasına tərəfdaşlıq münasibətləridir. Xalqlarımız tarixən bir-birinə bağlıdır. Bizim qoruyub saxlaya bildiyimiz, indi isə zənginləşdirdiyimiz qarşılıqlı fəaliyyət, qarşılıqlı dəstək və mehriban qonşuluq ənənələri böyük sərvətdir. 2010-cu ildə Bakıda keçirilmiş axırıncı Sammitdən sonra ötən illər işimizin xeyrinə olub. Ona görə ki, bizim bugünkü nailiyyətlərimiz, bu gün bağladığımız sazişlər çox ciddi işin, deyərdim ki, səmimi işin nəticəsidir. Çünki əgər biz ümumi siyasi əzmkarlıq göstərməsəydik, bu nəticələrə nail olmaq, yəqin ki, çətin olardı. Bu gün isə biz bəzi istiqamətlər üzrə irəliyə doğru atılmış mühüm addım hesab oluna biləcək qərarlar qəbul etdik. Bu qərarlar bizdə Xəzərdə qarşılıqlı fəaliyyətimizlə bağlı bütün məsələləri həll edəcəyimizə daha artıq inam yaradır. Qarşılıqlı fəaliyyətimizin müxtəlif mərhələlərində bu əməkdaşlığın əsas məsələlərinin tənzimlənməsinə dair konsensusa nail olmağın reallıq dərəcəsi barədə fikirlər fərqli idi. Bugünkü müzakirə və qərarlar, imzalanmış sənədlər, zənnimcə, hamıya aşkar göstərir ki, siyasi iradə olduqda biz qarşılıqlı fəaliyyətimizin bütün məsələlərini həll edə bilərik.

Bizim həm ikitərəfli, həm də çoxtərəfli formatda tərəfdaşlığımız Xəzərdə təhlükəsizliyin rəhnidir. Xəzər üzrə qonşularımızın öz aralarında mehriban tərəfdaşlar olmaları da Azərbaycanda bizə çox xoşdur. Biz beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyir, fəal qarşılıqlı əlaqə saxlayırıq. Fikrimcə, bu müsbət meyillər davam etdirilməlidir və hökmən davam etdiriləcəkdir. Ona görə ki, biz bu regionda yaşayırıq. Xəzər bizim ümumi sərvətimizdir. Biz onu qoruyuruq, onu daha yaxşı qorumalıyıq və konkret işlərimizlə, o cümlədən infrastruktur layihələri ilə, investisiyalarla ölkələrimiz üçün yeni imkanlar yaratmalıyıq. Bizim ölkələrin üstünlüyü təkcə öz aramızda dostluq etməyimiz və bir-birimizə səmimi münasibət bəsləməyimiz deyil, həm də iqtisadi baxımdan özünü təmin edən dövlətlər olmağımızdır. Bizim ölkələrdə ciddi maliyyə problemləri yoxdur. Biz infrastruktura çox böyük investisiyalar qoya bilərik və bunu edirik.

Vladimir Vladimiroviç nəqliyyat infrastrukturunu daha da inkişaf etdirməyin zəruri olmasını qeyd etdi, mən də öz çıxışımda Azərbaycanda bu sahədə nə işlər görüldüyünü vurğuladım. Fikrimcə, bütün istiqamətlər üzrə – həm çox perspektivli olan Şimal-Cənub istiqamətində, həm də Şərq-Qərb istiqamətində fasiləsiz daşımaları tənzimləmək üçün növbəti mərhələdə bizim nəqliyyat işçilərinin fəaliyyətinin, o cümlədən yaradılmaqda olan və artıq yaradılmış limanların fəaliyyətinin əlaqələndirilməsi məsələsini nəzərdən keçirməliyik. Azərbaycan hər iki layihədə iştirak edir və biz bu cür qarşılıqlı fəaliyyətdə yalnız səmərə, fayda görürük.

Xəzərdə təhlükəsizlik məsələləri, əlbəttə, xüsusi diqqət tələb edir. Lakin qeyd etməliyəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin və etimadın səviyyəsi nəzərə alınmaqla hər bir Xəzəryanı ölkə, eyni zamanda, həm özünün, həm də qonşusunun təhlükəsizliyini təmin edir.

Sonda demək istərdim ki, Azərbaycan bugünkü nəticələrdən, sənədlərdən, razılaşmalardan çox məmnundur. Ümid edirəm ki, növbəti Sammitdə biz hələ həll olunmamış məsələləri həll edəcək və uğurla irəliyə doğru gedəcəyik.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

X X X

İran Prezidenti Həsən RUHANİ Sammitin uğurla keçdiyini, mühüm sənədlərin imzalanması üçün Xəzəryanı ölkələrin dövlət başçılarının qətiyyətli siyasi iradə nümayiş etdirdiklərini söylədi. O, Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın sağlam rəqabət əsasında iqtisadi və ticarət əlaqələrini möhkəmləndirmələri üçün münbit zəminin yarandığını əsaslandırdı. İran Prezidenti bu baxımdan yüksək səviyyədə məsləhətləşmələrin, danışıqların öz bəhrəsini verdiyini və bu prosesin davam etdiriləcəyini vurğuladı.

X X X

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Xəzərin dostluq və sıx əməkdaşlıq dənizinə çevrilməsi üçün Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində mühüm irəliləyişə nail olunduğunu bildirdi. Nursultan Nazarbayev nəqliyyat, dəmir yolu və digər sahələrdə birgə layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırdı. Qazaxıstan Prezidenti Xəzəryanı ölkələrin azad ticarət zonasının yaradılması təklifini verdi. O, Xəzərin sülh, təhlükəsizlik və dostluq dənizinə çevrilməsi üçün bundan sonra da ardıcıl iş aparılacağını qeyd etdi.

X X X

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV Sammitin yüksək səviyyədə təşkilinə görə Rusiya tərəfinə minnətdarlığını bildirdi. O, Xəzərdə nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, burada regional logistika mərkəzinin yaradılması üçün əlverişli imkanların olduğunu diqqətə çatdırdı. Qurbanqulu Berdiməhəmmədov energetika sahəsində istər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlığın da böyük perspektivə malik olduğunu dedi.

X X X

Rusiya Prezidenti Vladimir PUTİN həmkarlarının fikirləri ilə tam şərik olduğunu, Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin yüksək səviyyədə keçdiyini bir daha vurğuladı və bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34