İlham Əliyev Elmi Cərrahiyyə Mərkəzinin binasında aparılan bərpa işləri ilə tanış olmuşdur
24 dekabr 2010, 15:20
Səhiyyə Nazirliyinin Akademik Mustafa Bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan bu Mərkəzin keçdiyi yol səhiyyəmizin mühüm inkişaf mərhələlərindən biridir. 1971-ci ildə inşa edilən Klinik Eksperimental Təbabət İnstitutunun - indiki Elmi Cərrahiyyə Mərkəzinin binası uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdü. Mərkəzin Bakı şəhəri və bütünlükdə respublika üçün əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq bu səhiyyə ocağı əsaslı təmir edilərək yenidən qurulmuşdur. İndi Elmi Cərrahiyyə Mərkəzi ən müasir standartlara cavab verən tibb ocağına çevrilmişdir. Bu işlər bir il yarım ərzində başa çatdırılmışdır. Mərkəzin binasının bir hissəsi 6, digər hissələri isə 5 mərtəbəlidir. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımı tədbirlər görüləcəkdir” kəlamı yazılmışdır.
Bildirildi ki, dünya standartlarına cavab verən Cərrahiyyə Mərkəzi 240 çarpayılıqdır. Hər mərtəbədə manipulyasiya, həkim otaqları, palatalar, laboratoriya və aptek vardır. Burada 3 lift quraşdırılmışdır. Hazırda Mərkəzin zəruri avadanlıq və ən müasir texnika ilə təchiz edilən poliklinikası, reanimasiya zalı, ümumi cərrahiyyə, qaraciyər-öd yolları cərrahiyyəsi bölməsi, damar cərrahiyyəsi şöbəsi, mədə-bağırsaq cərrahiyyə bölməsi, endokrin cərrahiyyə şöbəsi, ürək cərrahiyyəsi, uşaq ürək cərrahiyyəsi, kardiocərrahiyyə əməliyyat blokunda və digər əməliyyat otaqlarında hər bir zəruri cərrahi müdaxiləni həyata keçirmək mümkündür. Tibb ocağının həyətyanı sahəsi abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada Akademik Mustafa Bəy Topçubaşovun abidəsi qoyulmuşdur.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Mərkəzin birinci mərtəbəsində qəbul və poliklinika şöbələri ilə tanış oldular. Bildirildi ki, bu mərtəbədə endoskopiya və kompyuter tomoqrafiyası kabinetləri fəaliyyət göstərir. Burada quraşdırılan tibbi avadanlıq Almaniyadan gətirilmiş və texnologiyanın ən müasir standartlarına cavab verir. Bu mərtəbədə, həmçinin rentgen kabineti, ultrasəs müayinəsi, elektrokardioqram və exokardioqram, qanalma və qanköçürmə otaqları fəaliyyət göstərir.
Prezident İlham Əliyev Mərkəzin altıncı mərtəbəsindəki kardiocərrahiyyə əməliyyat bloku ilə də yaxından tanış oldu. Bu mərtəbədəki angioqrafiya otağında dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens”in istehsalı olan tez və dəqiq diaqnoz qoymağa imkan verəcək aparat quraşdırılmışdır. Almaniya və İsveçrədən gətirilən avadanlıqla təchiz olunmuş üç əməliyyat otağında həm böyüklər, həm də uşaqlar üzərində ürək cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Bu mərtəbədə, həmçinin 7 çarpayılıq kardioreanimasiya palatası da vardır. Burada uşaqlara və böyüklərə ən müasir tibbi xidmət göstəriləcəkdir. Laboratoriya və aptekin də kardiocərrahiyyə əməliyyat blokunda olması isə vaxta qənaət etməyə imkan verəcəkdir.
Beşinci mərtəbə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada respublikada ilk dəfə uşaq ürək cərrahiyyə mərkəzi yaradılmışdır. Palatalar uşaqların zövqünə uyğun tərtib olunmuşdur. Balacaların müayinə və müalicəsi zamanı onların əyləncəsi və rahat qidalanmaları da nəzərə alınmışdır. Artıq bundan sonra ürəklərində qüsur olan uşaqların xarici ölkələrdə müalicəsinə və cərrahiyyə əməliyyatına ehtiyac olmayacaqdır. Bu mərtəbədə, həmçinin ürək cərrahiyyə şöbəsi və 13 çarpayılıq reanimasiya zalı da yaradılmışdır.
Elmi Cərrahiyyə Mərkəzinin dördüncü mərtəbəsində mədə-bağırsaq cərrahiyyəsi bölməsi, endokrin cərrahiyyə şöbəsi və əməliyyat bloku yerləşir. Məlumat verildi ki, buradakı 6 əməliyyat otağının hər biri ən müasir avadanlıqla təchiz olunmuşdur. Üçüncü mərtəbədə qaraciyər-öd yolları və damar cərrahiyyəsi bölmələri, kliniki-diaqnostika laboratoriyası yerləşir. İnzibati otaqlar isə Elmi Cərrahiyyə Mərkəzinin ikinci mərtəbəsindədir. Burada Azərbaycan Milli Elmlər Akademiyasının təbabət üzrə həqiqi üzvlərinin - akademiklərin fotolarından ibarət stend də yaradılmışdır.
Yetmiş nəfərlik konfrans zalında isə müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Bu mərtəbədə, həmçinin ikinəfərlik palatalar və 10 çarpayılıq dializ otağı vardır. Mərkəzin inzibati otaqları da bütün lazımi avadanlıqla təchiz olunmuşdur.
Mərkəzin kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:
- Bir daha sizi ürəkdən təbrik edirəm. Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən sonra açılışı çox gözəl hadisədir. Mən indi Mərkəzlə tanış oldum, görürəm ki, bütün işlər yüksək səviyyədə görülüb. Həm təmir işləri və ən əsası odur ki, burada ən müasir avadanlıq quraşdırılıb. O avadanlıq ki, indi dünyanın aparıcı elmi mərkəzlərində mövcuddur. Bu onu göstərir ki, Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik. Çünki indi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və deyə bilərəm ki, bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq. Bu gün bu mərkəzdə quraşdırılmış avadanlıq ən son texnologiyadır. Biz çalışmalıyıq ki, vaxtaşırı bu avadanlıqları yenidən əldə edək, yenidən alaq. Çünki texnologiya yerində durmur, texnoloji tərəqqi sürətlə gedir və bir neçə ildən sonra yeni müasir avadanlıqlar icad olunacaq, yaradılacaq və biz əlbəttə ki, onlardan da bəhrələnməliyik.
Bütövlükdə Azərbaycanda səhiyyə sahəsində görülən işlər məni çox sevindirir. Biz bir neçə il ərzində bu sahədə ciddi dönüşə nail ola bildik. Bakıda, bölgələrdə yaradılmış tibbi müəssisələr ən yüksək səviyyədə tikilibdir, insanlara yüksək xidmət göstərir. Biz, deyə bilərəm ki, səhiyyə sisteminin maddi-texniki bazasını qısa müddət ərzində yeniləşdirdik, müasirləşdirdik və artıq dünyanın ən qabaqcıl elmi mərkəzlərində olan şərait burada da vardır. Bununla bərabər, biz həkimlərin təkmilləşməsinə də diqqət göstəririk və Səhiyyə Nazirliyi bu sahədə böyük işlər görür. Həm Azərbaycanda təşkil edilmiş təlim kursları keçirilir, həm də həkimlərimiz, mütəxəssislərimiz xaricə göndərilir, ezam edilir. Bu proses daim aparılmalıdır. Çünki bir daha demək istəyirəm ki, dünya səviyyəsində səhiyyə sistemində tərəqqi çox sürətlə gedir. Biz çalışmalıyıq ki, Azərbaycanda ən qabaqcıl texnologiyalar tətbiq olunsun, xüsusilə nəzərə alsaq ki, bu gün Azərbaycanda bu məsələlərin həlli üçün maliyyə problemləri yoxdur.
Təbiidir ki, əvvəlki illərdə, Sovet İttifaqı dağılandan sonra maliyyə vəziyyətimiz çox ağır idi. Müstəqilliyimizin ilk illərində bu sahəyə istədiyimiz qədər vəsait ayıra bilmirdik. Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün Azərbaycan qüdrətli, zəngin ölkəyə çevrilib və dövlətimizin əsas məqsədi sosial məsələlərin lazımi səviyyədə həll olunmasıdır. Sosial məsələlərin sırasında səhiyyə sisteminin inkişafı prioritet məna daşıyır. Bu gün ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilməlidir, həkimlərimiz vaxtaşırı peşəkarlığını artırmalıdırlar və ölkəmizdə qurulan bütün səhiyyə müəssisələri dünya səviyyəsində olmalıdır, həm Bakıda, həm bölgələrdə. Mən çox şadam ki, bölgələrdə də müasir elmi mərkəzlər, tibbi mərkəzlər, diaqnostika-müalicə mərkəzləri qurulub. Biz bunun gözəl nəticələrini bu gün görürük, gələcəkdə daha da çox görəcəyik.
Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu mərkəzdə işləmək xoşdur, həkimlər üçün gözəl şərait yaradılıb. Əminəm ki, siz də xəstələrə yaxşı baxacaqsınız və beləliklə, vətəndaşlarımız sağlam olacaqlar. Sağlamlıq insan üçün hər şeydən üstündür. Mən istəyirəm ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, xəstələnməsinlər, vaxtında müayinədən keçsinlər, xalqımız sağlam və yaxşı yaşasın. Bir daha təbrik edirəm.
X X X
Elmi Cərrahiyyə Mərkəzinin həkimi Sevil TƏRLANOVA səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
- Möhtərəm cənab Prezident, çox hörmətli Mehriban xanım, bu gün Sizi bizim üçün doğrudan da müqəddəs, doğma olan bu səhiyyə ocağında salamlayır, Sizə “Xoş gəlmisiniz” deyirik. Bu gün bizim üçün, bütün səhiyyə işçiləri, Azərbaycan xalqı üçün çox fərəhli, sevincli bir gündür. Bu gün Prezidentimizin ad günüdür. Cənab Prezident, biz Sizi bu münasibətlə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik arzulayırıq. Artıq hər il Siz bu günü də bizə həsr edirsiniz, xalqın arasındasınız. Səhiyyə işçiləri üçün belə müasir mərkəzlər açaraq onlara çox yaxşı iş şəraiti yaradırsınız. Bu gün də Azərbaycanda ilk dəfə olaraq Sizin təşəbbüsünüzlə yaradılan yüksək Avropa standartlarına uyğun uşaq kardiocərrahiyyə mərkəzini açaraq bizim kollektivə, Azərbaycan səhiyyəsinə, bu xəstəlikdən əziyyət çəkən uşaqlara, onların valideynlərinə hədiyyə edirsiniz. Bu bayramı bizə yaşatdığınıza görə Sizə “çox sağ olun” deyirik.
Cənab Prezident, həkimlərin təkmilləşdirilməsinə göstərdiyiniz qayğı sayəsində biz hər il dünyanın qabaqcıl klinikalarında olurduq və həmişə qibtə hissi keçirir, arzulayırdıq ki, kaş biz də belə bir mərkəzlərdə işləyək. Bu gün bu reallıqdır. Bu gün dünya elminin son nailiyyətlərini işləyəcəyimiz Mərkəzdə görmək bizə sözlə ifadə olunmayan bir qürur hissi verir. Sevinirik, şad oluruq və bununla belə, özümüzdə ikiqat məsuliyyət hiss edirik. Bu gün Sizin qarşınızda deyirik, cənab Prezident, bizə göstərdiyiniz bu etimada görə çox sağ olun. Biz var qüvvəmizlə çalışacağıq ki, bu etimadı doğruldaq.
Bu gün bu fürsətdən istifadə edib bütün əməkdaşlarımız adından Sizə demək istəyirik ki, səhiyyəmizin təşkili, onun inkişaf etdirilməsi, asayişimizin qorunması və bütün bunların hamısından da önəmli olan əmin-amanlığımız yolunda çəkdiyiniz bütün zəhmətlərə görə Sizə dönə-dönə “çox sağ olun” deyirik. Qarşıdan yeni il gəlir. Bu yeni ildə Sizə ailə səadəti, xoşbəxtlik arzulayırıq. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Çox sağ olun.
X X X
Prezident İlham Əliyev Mərkəzin tibb işçiləri ilə xatirə şəkli çəkdirdi.