İlham Əliyevin və Türkiyənin Baş naziri Əhməd Davudoğlunun mətbuat üçün bəyanatları

19 sentyabr 2014, 13:15

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir, əziz qardaşım.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Hörmətli cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Türkiyənin Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm. Əminəm ki, Siz bu məsul vəzifədə fəal işləyəcəksiniz, həm Türkiyə, həm də Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük işlər görəcəksiniz.

Bu gün biz təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə, ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Çünki bizim xalqlarımız qardaş xalqlardır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün iki müstəqil dövlət kimi əlbəttə ki, öz gələcəyimizi birgə qururuq.

Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlində hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə idi. İndi hörmətli Baş nazir rəsmi səfərdədir. Mən də seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqələrimizin səviyyəsini əyani şəkildə göstərir.

Bu gün biz, eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edirik. Sərmayə qoyuluşu baxımından Türkiyə və Azərbaycan burada qarşılıqlı sərmayə yatırmaqla həm öz maraqlarını təmin edir, eyni zamanda, biz bir-birimizi daha da gücləndiririk. Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin həcmi təxminən 20 milyard dollara yaxındır. Eyni zamanda, Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz çox böyük məmnuniyyət hissi ilə Türkiyənin “Şahdəniz”dəki və TANAP-dakı payının artırılmasını qəbul edirik. Çünki burada artıq türk şirkətləri daha da böyük paya malik olacaqlar. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Bu layihəyə cəmi iki il bundan əvvəl start verildi və bu gün artıq bu layihə reallaşır.

Təbii ki, enerji sahəsində əlaqələrimiz nəinki iki ölkə, bölgə, dünya üçün də böyük önəm daşıyır. Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək – “Cənub” qaz dəhlizinin tikintisi sabah başlayır. İyirmi sentyabr bizim üçün tarixi bir gündür. Çünki 20 il bundan öncə məhz sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. İyirmi ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk. Əlbəttə, bu layihənin uğurla həyata keçirilməsində Türkiyə və Azərbaycan tərəfinin rolu xüsusi əhəmiyyət daşıyır.

Enerji sahəsində digər layihələr də icra edilir. Əminəm ki, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” layihələrinin uğurla icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni şərait yaradılacaq. Bu layihələr həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcəkdir.

Şübhəsiz ki, bu gün biz hörmətli Baş nazirlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən hörmətli Baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar olsun ki, bu münaqişə Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə öz həllini tapmır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Bu münaqişənin postsovet məkanındakı digər münaqişələrdən fərqi ondadır ki, bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur və bu qurum dörd qətnamə qəbul etmişdir. Ermənistan tərəfi sadəcə olaraq buna məhəl qoymur və onları icra etmir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar olsun ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə vermir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur. Dediyim kimi, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bu münaqişə məhz bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, gün gələcək və Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəkdir.

Fürsət düşmüşkən, Türkiyə hökumətinə, dövlətinə həmişə bizim yanımızda olduğuna görə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə həmişə ədalətli mövqe nümayiş etdirmişdir – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir mövqe. Əlbəttə ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli gələcəkdə bölgəyə sülh, barış, genişmiqyaslı əməkdaşlıq gətirəcək. Bu gün bu əməkdaşlıq var. Ancaq Ermənistan öz işğalçılıq siyasətinə görə bütün bu əməkdaşlıq layihələrindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənubi Qafqaz” qaz kəməri, digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha da gözəl imkanlar yaranacaqdır. Hər halda biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və var gücümüzlə çalışacağıq ki, münaqişə tezliklə həllini tapsın.

Burada digər məsələlər də müzakirə edildi. Biz bir daha əmin oluruq ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq, müttəfiqlik əlaqələridir. Bu əlaqələrin gələcəkdə də inkişafı üçün hər iki tərəf fəal çalışacaqdır.

Hörmətli cənab Baş nazir, bir daha xoş gəlmisiniz.

Baş nazir Əhməd Davudoğlunun bəyanatı

- Hörmətli Prezident, dəyərli dostum.

Yenidən öz Vətənimdə, evimdə olmaqdan böyük məmnunluq duyuram. Biz hansı mövqedə olsaq da, hansı vəzifəni təmsil etsək də bu vəzifələri yerinə yetirərkən Türkiyə ilə Azərbaycan arasında hər hansı fərq qoymuruq. Bizim üçün Türkiyəyə xidmət Azərbaycana xidmətdir, Azərbaycana xidmət etmək Türkiyəyə xidmət etməkdir.

Mən bundan əvvəl xarici işlər naziri, indi isə Baş nazir olaraq həmişə Azərbaycanı öz Vətənim bildim və indi də, qarşıdakı dövrdə də, - dəyərli dostum hörmətli İlham Əliyevlə təkbətək görüşdə vurğuladığım kimi, - bundan sonra da həmişə Türkiyə üçün çalışdığımız qədər Azərbaycan üçün də çalışacağıq. Bizim olduğumuz yerdə Azərbaycan vardır, hörmətli İlham Əliyevin olduğu yerdə də Türkiyə vardır. Bunu olmadığımız yerlərdə bir-birimizi necə müdafiə etdiyimizi dünya bilir. Azərbaycan bizim üçün bir eşqdir, sevdadır, məhəbbətdir. Bu mənəvi bağlılığı Baş nazir kimi inkişaf etdirmək, dərinləşdirmək mənim boynuma düşən borcdur. Bu hisslərlə 77 milyon qardaşından hörmətli Əliyevə, dəyərli dostumuza salam gətirdim.

Türkiyədə və Azərbaycanda gözəl bir ənənə vardır. İlk səfərlər qarşılıqlı olaraq həyata keçirilir. Bu ənənəni davam etdirmək də mənim üçün bu gün bir fəxrdir.

Bundan başqa, Türkiyə ilə Azərbaycanın ikitərəfli əlaqələrində qeyri-adi bir inkişaf əldə etdik. Son 10-12 il ərzində bir çox layihə həyata keçirdik. Ətraf bölgələrə baxarkən, hətta dünyaya baxarkən, əgər, Yaxın Şərqdə, Balkanda, Qafqazda, bütün Avrasiyada iki uğur hekayəsindən söhbət açılsa, Türkiyə və Azərbaycan iki uğur hekayəsidir. Çiyin-çiyinə yeriyən iki qardaşın uğur hekayəsidir. Bir çox yerdə qeyri-sabitlik, daxili münaqişələr olduğu, təəssüf ki, çox ciddi iqtisadi böhranlar yaşandığı halda, son 10-12 il ərzində Türkiyə və Azərbaycan böyük bir inkişaf əldə etdilər, iqtisadi baxımdan nəhəng layihələrə imza atdılar.

Biz hər zaman bunu düşündük. Cənab Prezidentlə, hörmətli dostumla bir qədər əvvəl də bunu çox ətraflı olaraq müzakirə etdik ki, əgər Türkiyə müvəffəqiyyət qazanırsa Azərbaycanın uğurları, Azərbaycan uğur qazanırsa Türkiyənin nailiyyətləri güclənir.

İndi maraqlandığımız layihələrə baxarkən görürük ki, bu layihələr sadəcə Türkiyə ilə Azərbaycana deyil, bütün ətraf bölgələrə sülh gətirən layihələrdir. Bakı-Tbilisi-Ceyhan – Qafqazı Aralıq dənizinə bağladıq. Bakı-Tbilisi-Ərzurum – Qafqazı Anadoluya bağladıq. Bakı-Tbilisi-Qars – bu dəfə dəmir yolu ilə bağladıq. Marmaray da açılınca bütün bu xətlər ilə Pekini Londona bağlayacağıq. İndi TANAP layihəsi və həqiqətən sabah bu mərasimə qatılmaqdan böyük fəxr duyduğum “Cənub” qaz dəhlizi ilə Qafqazı Anadolu üzərindən Balkana bağlayacağıq.

Balkan və Qafqaz 1990-cı illərdə daim gərginliklərlə, mənfi xəbərlərlə yadda qalmışdı. İndi Azərbaycan ilə Türkiyənin bu uğur hekayələri bu iki bölgəni sülh bölgələri olaraq bir-birinə bağlayacaq. Anadolu coğrafiyası Xəzər ilə Adriatik arasında bir keçid coğrafiyası olacaq.

Əgər Azərbaycanda bu qüdrət olmasa idi, Azərbaycanda Azərbaycan xalqının gələcəyini düşünən lider olmasa idi, Allah rəhmət etsin, öndərimiz Heydər Əliyevin də söylədiyi kimi, “Bir millət, iki dövlət” kəlamı ilə Azərbaycanın bu qüdrəti böyüməsə, Türkiyə qüdrətli olmasa idi, “Bir millət, iki dövlət” kəlamı kağız üzərində, hər zaman söhbətlərimizdə qalardı. Amma indi, sözün həqiqi mənasında, qüdrətli bir Azərbaycan qüdrətli bir Türkiyə ilə birləşdikdə, bütünləşdikdə, əl-ələ, çiyin-çiyinə verdikdə qazanan sadəcə Türkiyə və Azərbaycan olmur, bütün Qafqaz, bütün Balkan, hətta Avropa və Asiya qazanır. O baxımdan bu layihə həqiqətən əsrin layihəsidir. Sabah bu layihəyə töhfə vermək, bu layihənin təməlqoyma mərasimində, bundan sonrakı mərhələlərdə birgə olmaq bizə böyük fəxr verir. İnşallah, cənab Prezidentlə gələn il martın 17-18-də Çanaqqala savaşının ildönümündə, - bu günlər, eyni zamanda, Qafqaz şəhidlərimizin də ildönümüdür, - hamısını rəhmətlə anırıq, - orada da TANAP-ın Anadolu hissəsinin təməlqoyma mərasimində birlikdə olacağıq.

Beləliklə, böyük bir sülh layihəsi gerçəkləşəcək.

Bu səhər istər hörmətli Heydər Əliyevin mübarək məzarını, istərsə də Şəhidlər xiyabanını ziyarət edərkən Qarabağ, 20 Yanvar şəhidləri ilə Qafqaz şəhidlərini yan-yana gördüyümdə onlar necə çiyin-çiyinə, birlikdə müstəqil, azad, qürurlu bir Azərbaycan üçün bir yerdə olmuşdularsa, indi də bizlər sülh dönəmində sülhü gerçəkləşdirmək üçün bir aradayıq. Kaş ki, bizim bu mövqeyimizi hər kəs anlaya biləydi. Kaş ki, hər kəs bu mövqeyə qatıla biləydi.

Biz bu gün axşam da Yunanıstandan, Bolqarıstandan, Monteneqrodan gələn liderlərlə bir yerdə olacağıq. Bu gün və sabah. Balkan və Qafqaz belə bağlanacaq. Təəssüf ki, bəzi ölkələr hələ də bu əməkdaşlıq mühitini anlamırlar. Bir az əvvəl cənab Prezidentin, - içəridə də danışdıq, - burada da bildirdiyi kimi, Qarabağ problemi çözülmədikcə və Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirdikcə bu şəbəkə çərçivəsində bütün bu layihələrdən kənarda qalır. Halbuki Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsə, bu çərçivədə sülh əldə olunsa, bundan digər ölkələr kimi Ermənistan da faydalanar. Amma Türkiyə olaraq, Türkiyə Respublikasının Baş naziri olaraq, bir daha burada, Bakıda bütün Türkiyə xalqını da təmsil edərək söyləyirik ki, Azərbaycan torpaqlarının hər bir kvadratsantimetri azad olunanadək Türkiyə Azərbaycanın apardığı mübarizədə yanında olacaqdır. Bunu beynəlxalq hüquq belə söyləyir. Beynəlxalq hüququn tələbləri yerinə yetirilənə qədər Türkiyə ilə Azərbaycan bölgəni sülh bölgəsinə çevirmək üçün çiyin-çiyinə səy göstərəcəkdir. Azərbaycan əleyhinə ola biləcək hər cür mənfi münasibət Azərbaycanda olduğu qədər Türkiyədə də eyni etirazla qarşılanacaq. Bu baxımdan iyul ayında cəbhə xəttində şəhid olan qardaşlarımıza rəhmət diləyirəm. Onlar qürurlu Azərbaycan üçün şəhid oldular. Yaralananlara isə şəfa diləyirəm. Mən də bilavasitə xəstəxanaya gedərək Türkiyəyə apardığımız qardaşlarımızı ziyarət etdim, onlarla qucaqlaşdım. O qazilərimizə də şəfalar diləyirəm.

Azərbaycanın ürəyinə düşən ən kiçik atəş Türkiyənin ürəyinə düşmüş deməkdir. Bunu bir daha buradan bəyan etmək istəyirəm. Bundan başqa, beynəlxalq aləmdə də, regional məsələlərdə də çox yaxın bir əməkdaşlıq şəraitində bir-birimizi dəstəkləməyə davam edəcəyik. Çox gözəl bir haldır ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın üzvlüyü bitəndən sonra, inşallah, qarşıdakı oktyabr ayında Türkiyə üzv seçilər və ay-ulduzlu bir bayraq başqa ay-ulduzlu bir bayraqla əvəzlənər. Biz Azərbaycanın şanlı bayrağının harada yüksəldiyini görsək qürur duyuruq, iftixar hissi keçiririk. Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları da öz uğurlarımız kimi görürük.

Bunu bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın regional və beynəlxalq təşəbbüslərinin hamısına dəstək verməyə davam edəcəyik. Qarşıdakı dövrdə, inşallah, daha böyük uğurlara birlikdə imza atacağıq. Başlatdığımız hər layihə sona çatacaq. Sona çatdırdığımız hər bir layihə də yeni layihələrə yol açacaq. Beş milyard dollar məbləğindəki ticarət dövriyyəsini, inşallah, 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfini qətiyyətlə həyata keçirməkdə qərarlıyıq. Eyni qaydada, qarşılıqlı sərmayələrimizi də ən yüksək səviyyəyə çıxarmaq əzmindəyik. Bütün bu ortaq hissiyyat, ortaq iqtisadi və strateji məqsədlərdə də, enerji, nəqliyyat və müdafiə sənayesində də, - müdafiə sənayesinin üzərində görüşümüzdə xüsusilə dayandıq, müdafiə sənayesi bizim üçün mühüm strateji bir sektordur, - Türkiyə və Azərbaycan bir çox birgə layihələri həyata keçirməkdə qərarlıdır. Bu layihələrlə, inşallah, iki ölkənin bu ana qədər yazdığı uğur hekayəsi daha yüksək səviyyələrə çatacaq.

Mən bir daha öz Vətənimdə, ikinci demirəm, birinci evimdə olmaqdan, Azərbaycanda, Bakıda olmaqdan qürur duyuram. Türkiyə Respublikasının Baş naziri olaraq hər zaman Azərbaycanın və azərbaycanlı qardaşlarımın, can Azərbaycanın yanında olacağımızı bir daha ifadə etmək istəyirəm.

Qonaqpərvərliyiniz üçün də bir daha təşəkkür edirəm. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12