Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunun iştirakçılarına

05 sentyabr 2014, 15:40

Əziz gənclər!

Sizi və sizin simanızda ASAİF-in bütün üzvlərini növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

Müasir dünyada baş verən proseslərin təhlili göstərir ki, qabaqcıl ölkələrin qazandığı uğurların təməlində, ilk növbədə, elm və təhsil, intellektual potensial və texnoloji tərəqqi dayanır. Məhz buna görə də biz Azərbaycan gənclərinin mükəmməl təhsil almaları, öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər görürük. Bu məqsədlə paytaxt və regionlarda fəaliyyət göstərən tədris müəssisələrinin binaları yenilənərək müasir avadanlıqlarla təchiz edilir, ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, dövrün tələblərinə uyğun dərsliklər və dərs vəsaitləri hazırlanır.

Təhsil sahəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri də 2007-ci ildə təsdiq edilmiş Dövlət Proqramı əsasında minlərlə gəncin inkişaf etmiş ölkələrin qabaqcıl ali məktəblərinə göndərilməsidir. Biz onların Azərbaycana yüksək ixtisaslı mütəxəssis və bacarıqlı menecerlər kimi qayıtmasını arzulayırıq. Təqdirəlayiq haldır ki, xaricdə oxuyan tələbələrimiz elmin əsaslarına dərindən yiyələnmək üçün inadla çalışır, məzun olub Vətənə döndükdən sonra öz biliklərini ölkə həyatının müxtəlif sahələrində uğurla tətbiq edə bilirlər.

Biz həmin gəncləri həm də Azərbaycanın xaricdəki qeyri-formal elçiləri kimi görmək istəyirik. Hesab edirik ki, onlar yaşadıqları cəmiyyətlərin ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiya olunmalı, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı ilə bağlı məlumatları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri tələbə yoldaşlarına, yerli əhaliyə və dünya ictimaiyyətinə çatdırmaq istiqamətində məqsədyönlü iş aparmalıdırlar.

Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhər və ölkələrdə təşkilatlanmalı, səfirliklərimiz və diaspor qurumları ilə yaxından əməkdaşlıq etməlidirlər. Onların fəaliyyətini koordinasiya etmək üçün yaradılmış ASAİF də yalnız Azərbaycanda və Avropanın müxtəlif ölkələrində tədbirlər keçirməklə kifayətlənməməli, hazırda təhsil alan və məzun olmuş gənclərlə davamlı iş mexanizmi qurmalıdır.

Hesab edirəm ki, Forum iştirakçıları yuxarıda qeyd olunan məsələlər və xaricdə təhsillə bağlı digər problemlər ətrafında səmərəli müzakirələr aparacaq, əməli təklif və tövsiyələr hazırlayacaqlar. Toplantının işinə uğurlar, hər birinizə təhsilinizdə, ictimai və əmək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2014-cü il.

SƏNƏDLƏR Sərəncamlar 03 mart 2025
16:04
Ş.T.Babayevin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                         

Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru...

03 mart 2025, 16:04
SƏNƏDLƏR Sərəncamlar 28 fevral 2025
14:45
Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi...

28 fevral 2025, 14:45
SƏNƏDLƏR Fərmanlar 28 fevral 2025
13:13
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

28 fevral 2025, 13:13