Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

25 iyul 2014, 18:20

Əziz həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram.

Hikmətlər hikməti olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu, düşüncəsini saflaşdıran əziz bir aydır.

Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Ölkəmizdəki dövlət-din münasibətləri, vətəndaşların dini etiqad azadlığı milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir. Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusi vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir. 

Bu günlər cəmiyyətimiz əsl bayram sevinci ilə yaşayır. Orucluğun sınağından könül xoşluğu və fərəhlə çıxanlar dünyanın və ölkəmizin əmin-amanlığı naminə və Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları üçün dualar edirlər.

Mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında inanclı vətəndaşlarımızın tutduğu orucun, etdiyi dua və niyyətlərin Allah dərgahında qəbul olunmasını diləyir, bir daha hər birinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Allah orucunuzu qəbul etsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2014-cü il.

SƏNƏDLƏR Sərəncamlar 25 fevral 2025
13:11
“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan...

25 fevral 2025, 13:11
SƏNƏDLƏR Fərmanlar 25 fevral 2025
13:07
“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının...

25 fevral 2025, 13:07