“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Beynəlxalq Konfransın iştirakçılarına

30 iyun 2014, 18:30

Hörmətli Konfrans iştirakçıları!

Sizi Bakı şəhərində korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş konfransın açılışı münasibətilə səmimi qəlbdən salamlayıram.

Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan müasir ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli cəmiyyət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmışdır. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir. Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur.

Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmaqla qanunvericilik bazasını tam müasirləşdirmiş və institusional islahatlar həyata keçirmişdir.

Təəssüflər olsun ki, korrupsiya bütün dünya, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır.

Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bununla bağlı Azərbaycanda tətbiq edilən dövlət xidmətlərinin göstərilməsində korrupsiyanı tam istisna edən və şəffaflığı təmin edən təcrübə digər ölkələr üçün də müsbət nümunə ola bilər.

Avropa Şurasına üzv ölkələrlə Azərbaycan arasında əlaqələr daim inkişaf edir, müxtəlif sahələrdə genişlənir. Mayın 14-dən Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdığı problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir.

Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daha səmərəli təşkilinə və əməkdaşlığımızın möhkəmlənməsinə töhfə verəcəkdir.

Sizi bir daha təbrik edir, konfransın işinə uğurlar arzulayıram!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2014-cü il.

SƏNƏDLƏR Sərəncamlar 06 mart 2025
16:30
“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...

06 mart 2025, 16:30