Azərbaycan və İsveçrə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

02 iyun 2014, 12:05
Azərbaycan və İsveçrə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməkdən şadam. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətləri gücləndirəcəkdir. Qeyd etmək istəyirəm ki, bu, İsveçrə Prezidentinin Azərbaycana son 6 ildə üçüncü rəsmi səfəridir. Mən də İsveçrəyə rəsmi səfər etmişəm. Bu da bizim əlaqələrimizin yüksək səviyyədə olmasını göstərir.

Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Bu da müxtəlif sahələrdə olan əlaqələrimizə müsbət təsir göstərir. Bu yaxınlarda Bern şəhərində birgə iqtisadi komissiyanın iclası, İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Beləliklə, ölkələrimizin biznes qruplarının işbirliyi qurmaq üçün marağı vardır.

Bizim iqtisadi münasibətlərimiz də uğurla inkişaf edir. Əminəm ki, yaxın illərdə biz daha güclü tərəfdaşlıq quracağıq. Biz, həmçinin çox şadıq ki, İsveçrədən Azərbaycana və Azərbaycandan İsveçrəyə yatırılan investisiyalar əlaqələrimizi gücləndirir və bunlar bizim yüksək qiymətləndirdiyimiz iqtisadiyyat sahələrinə yatırılan sərmayələrdir. Beləliklə, İsveçrə sənayenin inkişafına, xüsusilə tikinti sektoruna sərmayə yatırır, Azərbaycan isə enerji sektoruna sərmayə qoyur. Əminəm ki, yaxın illərdə ölkələrimizə, ola bilsin regiona, yəni, üçüncü ölkələrə müştərək investisiyaların yatırılmasının əlavə formaları haqqında düşünə bilərik.

Enerji təhlükəsizliyi bizim münasibətlərimizin bir hissədir. Deyə bilərəm ki, bu sahədə biz çox yüksək səviyyədə əməkdaşlıq aparırıq. Azərbaycan İsveçrənin enerji bazarında təmsil olunur, orada pay sahibidir. Qaz nəqli sahəsində son zamanlarda baş verən proseslər ikitərəfli münasibətlərimizi gücləndirəcəkdir. Bildiyiniz kimi, ötən ilin sonunda “Şahdəniz-2”, o cümlədən Trans-Anadolu və Trans-Adriatik boru kəməri kimi nəhəng layihələrə imza atdıq. Bunlar birlikdə Avropada ən böyük infrastruktur layihəsidir. Bu da Azərbaycana öz enerji ehtiyatlarını müxtəlif bazarlarda tam realizə etmək imkanı verəcəkdir.

Mən şadam ki, İsveçrə bizim tərəfdaşımızdır. Əlbəttə ki, gələcəkdə uzunmüddətli enerji tərəfdaşlığı bizim münasibətləri daha da gücləndirəcəkdir. Ona görə də ikitərəfli çərçivəyə gəldikdə, biz əməkdaşlığın hazırkı səviyyəsindən razıyıq və onu davam etdirəcəyik.

Eyni zamanda, biz bu gün regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Çünki İsveçrə ATƏT-in sədridir. Sözsüz ki, müzakirəmizdə əsas diqqəti regional təhlükəsizlik üçün ən vacib olan məsələyə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdik. Mən danışıqların hazırkı vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab Prezidentə məlumat verdim. Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaqdır. Tarixi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub, hüquqi nöqteyi-nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İyirmi ildən artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edilib və xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasətinin qurbanı olub. Bu sıraya 600-dən çox adamın, o cümlədən 100-dən artıq qadın, 60-dan çox uşağın ölümü ilə nəticələnən Xocalı soyqırımı da daxildir. Bu, Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayətdir. Münaqişənin həll olunması ilə bağlı ATƏT qərar və qətnamələr qəbul edib. İki dəfə ATƏT işğal olunmuş ərazilərə faktaraşdırma və qiymətləndirmə missiyaları göndərib. Hesabatda hər şey açıq-aydın göstərilib, hər bir şey məhv edilib, bizim tarixi binalarımız, məscidlərimiz, abidələrimiz, əcdadlarımızın məzarları, hər şey dağıdılıb. Ona görə də münaqişənin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Çünki bu, regional təhlükəsizlik üçün ən böyük təhlükədir. Bunu etmək üçün beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizik Şurasının qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına əməl olunmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və danışıqlar prosesinin süni yolla uzadılması siyasətini davam etdirir. Çünki onlar münaqişənin həllini, sülhü istəmirlər və vəziyyətin olduğu kimi qalmasını istəyirlər.

ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentlərinin dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan etməsinə baxmayaraq, onlar status-kvonun saxlanılmasını istəyirlər. Status-kvonu dəyişmək üçün Ermənistan öz ordusunun geri çəkilməsi prosesinə başlamalıdır. Ümid edirəm, beynəlxalq ictimaiyyət, ATƏT bu məsələdə daha fəal olacaq ki, beynəlxalq hüquq normaları və tarixi ədalət bərpa olunsun və Azərbaycan işğal altındakı ərazilər azad edildikdən sonra yenidənqurma işlərinə başlaya bilsin.

Cənab Prezident, bizə təşrif buyurduğunuz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Biz bu gün regional, münaqişələrin həlli məsələləri, ikitərəfli münasibətlər üzrə geniş müzakirələr apardıq. Əminəm ki, səfəriniz bizim gələcək münasibətlərə yaxşı töhfə verəcəkdir.

Prezident Didye Burkhalterin bəyanatı

- Cənab Prezident.

Bakıda, Azərbaycanda səmimi qəbulunuz üçün Sizə təşəkkürümü bildirirəm. Qeyd etməliyəm ki, bu, mənim ölkənizə ilk səfərimdir. Siz isə İsveçrədə keçirilən Davos Forumunda dəfələrlə iştirak etmisiniz və mən Sizə çatmaq üçün ölkənizə yenidən səfər etməliyəm, ölkənizi və regionu daha dərindən tanımalıyam.

Sizin də dediyiniz kimi, bir çox çağırışlar mövcuddur. Mən buraya İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri qismində gəlmişəm. Ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq xarakteri daşıyır, intensivdir və gələcəkdə daha da dinamik ola bilər. Siz əlavə əməkdaşlıq formaları üçün potensial gördüyünüzü qeyd etdiniz. Mən bunun həqiqət olduğunu təsdiqləyə bilərəm. İqtisadi sahədə əməkdaşlığın aparılması üçün böyük potensial vardır. İsveçrə şirkətləri tərəfindən bir çox investisiyalar yatırıla bilər. Biz ölkələrimiz arasında münasibətlərin gücləndirilməsinə və intensivləşdirilməsinə açığıq. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə İsveçrənin yaxşı əməkdaşlığı vardır. Keçən il bizim ciddi əlaqələrimiz oldu və bu, göstərdi ki, Azərbaycan ilə İsveçrə arasında əlaqələr möhkəmdir. Eyni zamanda, İsveçrə bu il ATƏT-in fəaliyyətdə olan sədridir. Biz bilirik ki, bir neçə aya hər bir şeyi dəyişmək, bütün problemləri həll etmək mümkün deyildir. Buraya bu gün səhər üzərində çoxlu müzakirələr apardığımız və aparacağımız Dağlıq Qarabağ problemi də daxildir ki, bu münaqişənin həlli vaxt tələb edir. Mən, həmçinin müxtəlif fikirləri dinləmək, anlamaq və ola bilsin ki, danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə yol tapmaq üçün buraya gəlmişəm. Mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi yanaşmam çox aydındır. Biz əminik ki, sülhə doğru addım-addım irəliləməliyik. Bu isə o deməkdir ki, biz iki əsas məsələni təbliğ edirik. Birincisi, biz dialoqun intensivləşdirilməsini təbliğ edirik, dialoq artıq olub. Lakin Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır.

Bizim təbliğ etdiyimiz ikinci əsas məsələ atəşkəs rejiminin gücləndirilməsidir. Başlıca olaraq keçmişdə bütün tərəflərin razılaşdırdığı, lakin heç vaxt icra olunmayan insidentlərin araşdırılması mexanizmidir. İcazə verin ATƏT-in fəaliyyətdə olan sədri kimi və sədrlikdən sonra bir dövlət kimi İsveçrənin danışıqlar prosesini görüşlərə ev sahibliyi etməklə, təcrübəsini təklif etməklə, sülh sazişinin icrası üçün maliyyə və siyasi yardımı səfərbər etməklə dəstəkləməyə hazır olduğunu bildirim.

Biz, həmçinin sülh naminə mühiti yaxşılaşdırmaq üçün tərəflərə tələb olunan mümkün hər şeyi icra etməyə hazırıq. İcazə verin qeyd edim ki, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri olduğu və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda biz əlaqələrimizdən istifadə edərək beynəlxalq öhdəliklərimizlə münasibətlərimizi beynəlxalq səviyyədə eyni vaxtda intensivləşdirmək istəyirik. Bu isə o deməkdir ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri və İsveçrə ATƏT-in fəaliyyətdə olan sədri qismində bəzi məsələlərdə əməkdaşlıq edə bilər.

Biz Azərbaycanın gənclərin təhsilinə və insan haqlarına prioritet sahə kimi baxdığının şahidi olmuşuq. Bu məsələlərdə Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Eyni zamanda, ATƏT-in Azərbaycandakı nümayəndəliyinin statusu layihə koordinatoru ofisi ilə əvəz olunub. Bu layihə çox yaxşı başladı və biz əminik ki, bu ofis hər iki prezidentin tam dəstəyini almağa layiqdir. Əminik ki, yaxın gələcəkdə biz hər bir kəsin marağına, o cümlədən Azərbaycanın marağına xidmət edən layihələri həyata keçirə bilərik.

Açıq dialoq üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu il beynəlxalq təşkilatlara sədr qismində ölkələrimiz yaxşı irəliləyişə nail ola bilər.Çox sağ olun, cənab Prezident.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo