Vyetnam Prezidenti Truonq Tan Sanq tərəfindən İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilmişdir

19 may 2014, 19:20
Vyetnam Prezidenti Truonq Tan Sanq tərəfindən İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilmişdir

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilmişdir.

Mərasim Azərbaycanın və Vyetnamın dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Sonra Vyetnam Prezidenti Truonq Tan Sanq və Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdilər.

Prezident Truonq Tan Sanqın çıxışı

- Hörmətli cənab Prezident İlham Əliyev,

hörmətli birinci xanım Mehriban Əliyeva,

hörmətli qonaqlar və dostlar.

Vyetnama dövlət səfərinə gələn cənab Prezidenti və Azərbaycandan olan fəxri qonaqları Vyetnam dövləti və xalqı adından bir daha ürəkdən salamlayır, Azərbaycan xalqına ən səmimi və mehriban hisslərimi, Vyetnam ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin inkişafı perspektivlərinə inamımı bildirirəm.

Hörmətli cənab Prezident, biz, Vyetnam xalqı Azərbaycanı həmişə zəngin və qədim mədəniyyəti, qonaqpərvər və dost xalqı olan gözəl bir ölkə kimi tanıyırıq.

Vyetnam ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, bizi dostluq, qardaşlıq münasibətləri birləşdirir. Vyetnam xalqı müstəqillik uğrunda mübarizənin və yeni dövlət quruculuğunun çətin illərində Azərbaycan xalqının göstərdiyi böyük və qiymətli köməyi heç vaxt unutmayacaqdır. Bizim sabiq Prezident Ho Şi Min 1959-cu ildə Bakının neft sənayesi zonasına səfərdən sonra demişdi: “Vyetnam bu müqavimət müharibəsində qalib gələndən sonra bütün SSRİ, o cümlədən Azərbaycan neft və qaz hasilatı və emalında, Bakıdakı kimi güclü neft sənayesi zonaları yaradılmasında Vyetnama kömək etməlidir”. Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev hələ 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etmiş, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqını dəstəkləmişdi.

Biz fəxr edirik ki, çoxsaylı yüksəliş və enişlərdən, tarixi hadisələrdən sonra ölkələrimiz arasında yaxşı münasibətlər qorunub saxlanmışdır. Bu münasibətlər möhkəmləndirilir və inkişaf etdirilir. Vyetnam ölkələrimizin xalqları arasında dostluq münasibətlərinə həmişə hörmətlə yanaşır, onları qoruyub saxlayır və sonrakı nəsillərə ötürür. Bu gün bizdə Vyetnam ilə Azərbaycan arasında çoxtərəfli, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üçün hər cür əlverişli şərait vardır. Cənab Prezidentin və Azərbaycanın yüksək vəzifəli nümayəndə heyətinin Vyetnama bugünkü səfəri buna sübutdur.

Hörmətli cənab Prezident, mən bizim bugünkü danışıqlarımızın nəticələrini və Azərbaycan Prezidentinin Vyetnamın yüksək vəzifəli rəhbərləri ilə görüşlərinin nəticələrini yüksək qiymətləndirirəm. Biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlərə dair əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda fikir mübadiləsi apardıq, yaxın gələcəkdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusən ticari-iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri və bununla əlaqədar tədbirlər haqqında yekdil qərar qəbul etdik. Səfər çərçivəsində əldə edilmiş nəticələr bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə güclü təkan verəcək, Vyetnam ilə Azərbaycan arasında münasibətlərin inkişafını yeni səviyyəyə çatdıracaqdır. Hesab edirəm ki, iki ölkənin rəhbərlərinin və xalqlarının yaxın, ənənəvi dostluq münasibətləri, əzmkarlığı və qətiyyəti yeni dövrdə ölkələrimizin xalqlarının mənafeləri və firavanlığı naminə, regionda və dünyada sülh və sabitlik naminə sıx əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün möhkəm zəmindir.

Cənab Prezident, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi şərəfinə! Vyetnam və Azərbaycan xalqlarının əmin-amanlığı, firavanlığı şərəfinə! Cənab Prezidentin və xanımının şərəfinə!

Bu gün burada iştirak edən bütün azərbaycanlıların və vyetnamlıların şərəfinə!

X X X

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Hörmətli xanım Mai Thi Hanh.

Əziz dostlar.

Cənab Prezident, ilk növbədə mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək, Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Bildiyiniz kimi, mənim səfərim iki ölkə arasındakı münasibətlərdə ilk dövlət səfəridir. Səfər artıq başa çatır. Deyə bilərəm ki, səfərin nəticələri çox uğurlu olmuşdur. Biz bu gün iki ölkə arasındakı əlaqələrin bütün aspektlərini geniş müzakirə etdik. Görülən işlərə qiymət verildi və görüləcək işlər haqqında konkret istiqamətlər müəyyən edildi.

Siz, cənab Prezident, qeyd etdiyiniz kimi, bizim əlaqələrimizin təməlini Vyetnam xalqının böyük oğlu, Prezident Ho Şi Min 1959-cu ildə qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri də bizim yadımızdadır. Çox şadam ki, Vyetnamda da o səfəri xatırlayırlar və o səfərə çox yüksək qiymət verirlər.

Bu gün Azərbaycanda təhsil almış vyetnamlı keçmiş tələbələrlə mənim görüşüm olmuşdur. Bu görüş xüsusi bir dostluq və mehribanlıq atmosferində keçmişdir. Çox gözəl sözlər deyildi, yaxşı xatirələr ifadə edildi. Hətta vyetnamlı dostlarımız Azərbaycan mahnısı da ifa etdilər. Budur, bizim ikitərəfli münasibətlərimizin əsas təməl daşı. Bu gün Vyetnam-Azərbaycan ikitərəfli əlaqələri bu möhkəm təməl üzərində qurulur və uğurla inkişaf edir.

Biz bu gün ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, humanitar aspektlərini geniş müzakirə etdik. Deyə bilərəm ki, bütün mövzularla bağlı bizim fikrimiz birdir. Biz siyasi əlaqələri inkişaf etdirəcəyik, ticarət dövriyyəsini ən azı iki dəfə artırmaq fikrimiz vardır. Təhsil sahəsində o gözəl ənənələri bərpa etməliyik. Vyetnamlı tələbələr Azərbaycanda, azərbaycanlı tələbələr Vyetnamda təhsil almalıdırlar. Neft-qaz sektorunda, investisiya qoyuluşu, mədəniyyət, turizm sahələrində gələcək əməkdaşlıqla bağlı konkret tapşırıqlar verilmişdir. Əminəm ki, növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə daha da möhkəmlənəcəkdir.

Azərbaycanda Vyetnam xalqına çox böyük rəğbət vardır. Müstəqillik uğrunda mübarizədə azərbaycanlılar vyetnamlılarla həmrəy olmuşlar. Biz bu ənənələri qoruyacağıq, dostluğumuzu daha da möhkəmləndirəcəyik.

X X X

Mərasimdə Vyetnam incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.

Dövlət başçıları və xanımları incəsənət ustaları ilə görüşdülər.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34