Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə İlham Əliyevin nitqi

10 may 2014, 21:00
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün biz ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edirik. Keçən il biz Ulu Öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdik. 2012-ci il mayın 10-da isə biz bu Mərkəzin açılışını qeyd etmişdik. Bu il Ulu Öndərin adını daşıyan Fondun 10 illiyidir. Bir qədər bundan əvvəl Fondun fəaliyyətinə həsr edilmiş film göstərilmişdir. Filmdə Fondun çoxşaxəli fəaliyyəti haqqında qısa bir məlumat verilmişdir.

Çünki Fondun 10 il ərzində gördüyü işlər o qədər böyükdür ki, əlbəttə, bir filmdə o işləri göstərmək mümkün deyildir.

Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda Fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir. Xüsusilə Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampaniyası da məhz Fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir.

Səhiyyə ilə bağlı təşəbbüslər geniş vüsət almışdır. Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması, dünyada təbliği işində Fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Əlbəttə ki, bütün bunlar filmdə öz əksini tapıbdır. Sadəcə olaraq mən bu gün Fondun fəaliyyətinə öz münasibətimi bildirmək istəyirəm. Deyə bilərəm ki, bu 10 il ərzində bu məsələ ilə bağlı mənim ilk çıxışımdır. Ona görə Azərbaycan dövləti adından Fonda, Fondun bütün işçilərinə minnətdarlığımı bildirmək istəyirəm.

Onu da qeyd etmək istəyirəm ki, Fondun işçilərinin sayı o qədər də çox deyildir. Fondun işçilərinin tərkibi çox məhdud saydadır. Ancaq buna baxmayaraq peşəkardırlar, enerjilidirlər, biliklidirlər və işçilərin mütləq əksəriyyəti gənclərdir.

Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır, Ulu Öndərin xatirəsinə layiq fəaliyyət göstərir. Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.

Birinci mərhələdə Azərbaycan müstəqil deyildi, başqa ölkənin tərkibində idi. Eyni zamanda, sistem də tam başqa idi. Demokratik sistem deyildi.

İkinci dövr isə müstəqillik, demokratiyanın inkişafı və sürətli inkişaf dövrü idi. 1969-cu ildə isə Azərbaycan müttəfiq respublikalar arasında deyə bilərəm ki, ən axırıncı yerdə idi. Bunu statistik göstəricilər də təsdiq edir. Bu illəri xatırlayan insanlar da deyə bilərlər ki, o vaxt sovet məkanında Azərbaycan ən geridə qalmış bir respublika idi.

Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işləri nəticəsində Azərbaycan 12 il ərzində SSRİ-də ən qabaqcıl yerlərə çıxa bilmişdir. Sovet İttifaqı dağılanda məlum olmuşdur ki, bu İttifaqda cəmi iki respublika özünü tam şəkildə təmin edirdi və donor kimi fəaliyyət göstərirdi. Onlardan biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda o vaxta uyğun olaraq müasir sənaye kompleksi yaradılmışdır. Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilmişdir. Xüsusilə neft-qaz sənayesi üçün çox vacib olan məsələlər məhz o illərdə öz həllini tapmışdır. O layihələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Sənaye potensialının, kənd təsərrüfatının inkişafı o vaxt Azərbaycan üçün böyük imkanlar açmışdır. İnsanların rifah halı yaxşılaşmışdır. Bir daha demək istəyirəm ki, Azərbaycan o illərdə imkanlardan maksimum istifadə edib öz inkişaf dövrünü yaşayıb.

Respublikamızın çox zəngin mədəni həyatı vardır. Bütün bunlar Ulu Öndərin şəxsiyyəti ilə bağlı olan məsələlər idi. Məhz o illərdə deyə bilərəm ki, sovet məkanında ilk dəfə olaraq korrupsiya və rüşvətxorluğa qarşı mübarizə başlamışdır və bu, sovet məkanında bir yenilik idi. Bu yeniliyin müəllifi Heydər Əliyev olmuşdur. 1982-ci ildə Moskva dövrü başlamışdır. O dövr də çox əhəmiyyətli idi. Çünki Heydər Əliyev böyük, super dövlətin rəhbərliyində təmsil olunurdu. Baş nazirin birinci müavini idi. Azərbaycana da əlbəttə ki, öz qayğısını göstərirdi.

Ancaq Azərbaycanda artıq 1982-ci ildən başlayaraq işlər yavaş-yavaş tənəzzülə uğramağa başlamışdır. İlk illərdə hələ inersiya gücü var idi. Ondan sonra isə durğunluq dövrü başlanmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən gedəndən sonra Azərbaycan çox böyük problemlərlə, fəlakətlərlə üzləşmişdir. O, siyasi hakimiyyətdən gedəndən sonra cəmi 2 həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməklə bağlı məsələ qaldırmışdır. Məhz Heydər Əliyevin siyasi hakimiyyətdə olmaması erməniləri ruhlandırırdı. Çünki Heydər Əliyev amili imkan vermirdi ki, onlar bu çirkin iddiaları irəli sürsünlər. Ondan sonra Azərbaycana qarşı elan olunmamış müharibə başlamışdır, Qanlı Yanvar faciəsi törədilmişdir. O ağır, faciəvi anlarda yenə də Heydər Əliyev öz haqq səsini ucaltdı. Moskvada Azərbaycanın daimi nümayəndəliyində sovet hakimiyyətinin hərəkətlərini pislədi, Sovet İttifaqının başında duran şəxsi pislədi. Bütün dünyaya bu faciə haqqında öz sözlərini bəyan etdi. Bu, böyük cəsarət tələb edən bir addım idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa Sovet İttifaqı dağıla bilər.

Heydər Əliyev sadəcə olaraq susa bilmirdi. O ağır anlarda öz xalqına mənəvi dəstək vermişdir. Ondan sonra təbii ki, totalitar maşın, totalitar dövlət ona qarşı hərəkətə keçdi. Onun həbs edilməsi ilə bağlı hazırlıq işləri aparılırdı. Moskvadan Bakıya gəlməyə məcbur olmuşdur. Burada da yaşamağa imkan vermədilər. Öz doğulduğu yerə - Naxçıvana üz tutdu.

Beləliklə, onun həyatında Naxçıvan dövrü başlayır. Bu dövr də həm Naxçıvan üçün, həm müstəqilliyimiz üçün həlledici dövrdür. Çünki Azərbaycanın dövlət müstəqilliyinin əsasları məhz Naxçıvanda qoyulmuş, məhz Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edilmişdir. Sovet İttifaqının saxlanması ilə bağlı referendum Naxçıvanda keçirilməmişdir. Naxçıvanı blokadadan çıxarmaq üçün böyük səylər göstərildi. Erməni işğalçılara böyük zərbə vuruldu. Naxçıvan qorundu, Naxçıvanın ərazi bütövlüyü qorundu və saxlanıldı.

Təsadüfi deyil ki, Azərbaycanda vətəndaş müharibəsi başlayanda və torpaqlarımızın bir hissəsi işğal altına düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə bağlamışdır. 1993-cü ildə qardaş qırğını başlamışdır. O vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti qardaş qanını axıtdı. Bir tərəfdən torpaqlarımız işğal altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi baş alıb gedirdi. Belə ağır vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas etdi.

O dövrü təhlil edərkən daim bir məsələ diqqət çəkir: Əgər Heydər Əliyev Azərbaycanda olsaydı, əgər müstəqilliyin lap əvvəlindən, Sovet İttifaqı dağılan zaman Azərbaycanda rəhbərlikdə olsaydı, heç vaxt Dağlıq Qarabağ və ətraf bölgələr işğal altına düşməzdi. Ancaq tarix tarixdir. 1993-cü ildə xalqın dəstəyi, etimadı və tələbi ilə Heydər Əliyev Azərbaycanın Prezidenti seçildi. Bundan sonra ölkəmiz üçün yeni bir dövr başlanmışdır - sabitlik, təhlükəsizlik və inkişaf dövrü. Köklü islahatlar başlanmışdır, dövlətçiliyin əsasları qurulmuşdur, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, cəmiyyətimizin ideoloji əsasları formalaşdırılmışdır, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edilmişdir, demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlar başlamışdır. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmuşdur, Azərbaycana qarşı aparılan təbliğat kampaniyasına tutarlı cavablar verilməyə başlamışdır. Biz informasiya blokadasını yara bilmişdik. Məhz o illərdə xarici siyasətimizin əsas prinsipləri müəyyən edilmişdir və biz bu gün də bu prinsiplərə sadiqik.

Bir sözlə, ölkəmiz üçün ən ağır, faciəvi bir dövrdə Heydər Əliyevin şəxsi keyfiyyətləri, biliyi, cəsarəti, uzaqgörənliyi və xalqa olan məhəbbəti öz həlledici sözünü demişdir. Azərbaycan bu ağır sınaqdan şərəflə çıxa bilmişdir.

1993-2003-cü illərdə ölkəmizin hərtərəfli inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edilmişdir, islahatlar aparılmışdır. Heydər Əliyev neft strategiyası müəyyən edilmişdir və bu gün hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında bu siyasətin əlamətlərini görür. Çünki bizim uğurlu iqtisadi inkişafımızın təməli məhz o illərdə qoyulmuşdur.

Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir.

2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir. Mən isə söz vermişdim ki, bu siyasətə sadiq qalacağam. Bizim verdiyimiz bütün vədlər həyatda öz əksini tapmışdır və 2008-ci ildə yenidən Azərbaycan xalqı öz etimadını göstərmişdir.

Ölkəmizin son on il ərzindəki dünya miqyasında iqtisadi sahədə analoqu olmayan inkişafı əlbəttə ki, 2013-cü ildə xalqın seçiminə təsir göstərmişdir.

Bu gün isə yeni dövr başlayır - yeni onillik dövr. Bu dövrdə biz əvvəlki illərdə əldə edilmiş möhkəm təməl üzərində möhkəm Azərbaycan dövlətini gücləndirəcəyik. Son on il ərzində biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atdıq.

Biz beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi özümüzü təsdiq etdik. Beynəlxalq ictimaiyyət bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti öz səsini Azərbaycana vermişdir. BMT Təhlükəsizlik Şurasına seçildikdə 155 ölkə bizə inandı, bizi dəstəklədi. Əminəm ki, öz seçimində haqlı olduğunu gözəl anlayır və bizim namizədliyimizə öz səsini verdiyinə görə peşman olmadı.

İqtisadi sahədə son on ildə dünya miqyasında Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu da bizim böyük nailiyyətimizdir, aparılan siyasətin nəticəsidir. Müstəqil siyasətin nəticəsidir. Azərbaycanda şaxələndirmə ilə bağlı işlər aparılır. Enerji təhlükəsizliyi məsələləri Azərbaycanda həll olunur və burada biz liderlik mövqelərimizi daha da möhkəmləndiririk. Nəzərdə tutulmuş bütün layihələr uğurla icra edilmişdir. Çox ağır şəraitdə həm iqtisadi, həm geosiyasi vəziyyəti nəzərə alaraq bu layihələrin icra edilməsi tarixi nailiyyətdir.

Azərbaycanda regionların inkişafı ilə bağlı qəbul edilmiş proqramlar artıqlaması ilə icra edilmişdir. On il ərzində bu proqramların icrası nəticəsində işsizlik demək olar ki, aradan götürülübdür. Yoxsulluq kimi bəla demək olar ki, aradan götürülübdür. Əldə edilmiş bu uğurlar və daha da artan gücümüz imkan verəcək ki, biz növbəti illərdə də nəzərdə tutulan bütün məsələləri həll edək.

Yeni dövr başlayıb. Bu, 10 illik dövrüdür. 2023-cü ilə qədər nəzərdə tutulan bütün işlər görüləcəkdir. Əminəm ki, o vaxta qədər Azərbaycan indikindən bir neçə dəfə güclü olacaqdır. Bunu deməyə əsas verən bizim 20 illik tariximizdir, ardıcıl inkişafdır, strateji baxışlarımızdır və konkret addımlarımızdır.

Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət aparır. Bu gün bizim iqtisadi gücümüz müstəqilliyimizin əsasını təşkil edir. Bu günə qədər görülən işlər və indi başlanan layihələr bizim gücümüzü bir neçə dəfə artıracaqdır. Bu, faktdır. Yəni, bu, bizim gördüyümüz və görüləcək işlərin nəticəsində olacaqdır.

Azərbaycan bölgədə möhkəm mövqelərə malikdir. Bu mövqelər ildən-ilə ancaq və ancaq möhkəmlənəcəkdir. Çünki artıq bizim iştirakımız olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməyəcəkdir. Bir sözlə, biz ölkəmizin inkişafı ilə bağlı uzunmüddətli strategiyamızı müəyyən etmişik.

Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir. Ancaq təbii ki, həyat yerində durmur, dünya dəyişir, prinsiplər dəyişir, beynəlxalq vəziyyət dəyişir. Biz görürük ki, öz yerimizi möhkəmləndirmək üçün daha da güclü olmalıyıq, daha da güclü iqtisadiyyata, sənaye potensialına, orduya malik olmalıyıq. Daha da güclü beynəlxalq mövqelərimiz olmalıdır. Bizim sözümüz bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdir.

Cəmiyyətdə səfərbərlik, həmrəylik də çox önəmlidir. Elə cəmiyyətlər vardır ki, onlar ideoloji məsələlər ətrafında bir-biri ilə mübahisə aparırlar. Elə cəmiyyətlər vardır ki, orada bölgü coğrafi xarakter daşıyır. Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir dövlət qururuq, azad cəmiyyət yaradırıq, demokratiyanın inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra daha da ciddi aparılacaqdır. Biz ancaq və ancaq öz gücümüzə güvənirik. Bu siyasət öz səmərəsini vermişdir. İqtisadi gücümüz artdıqca müstəqillik də möhkəmlənəcəkdir. Müstəqillik isə bizim ən böyük sərvətimizdir, ən böyük nailiyyətimizdir. Tarixə baxsaq, Azərbaycanda müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Amma Azərbaycan heç vaxt bugünkü qədər güclü və müstəqil olmamışdır.

Bu gün - Ulu Öndərin doğum günündə bir daha yaxın tarixə nəzər salırıq. Heydər Əliyevin Azərbaycan xalqı üçün nə qədər böyük və tarixi işlər gördüyünü bir daha görürük. Ona görə Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini öz qəlbində saxlayır, yaşadır. Biz - onun davamçıları isə bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizi irəliyə aparacağıq.

Sağ olun!

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15