Azərbaycan və Fransa prezidentlərinin mətbuat konfransı olmuşdur

12 may 2014, 12:45
Azərbaycan və Fransa prezidentlərinin mətbuat konfransı olmuşdur

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın mətbuat konfransı olmuşdur.

Dövlət başçıları əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Hörmətli cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcəkdir.

Bu gün imzalanan sənədlər bizim bir çox sahələr üzrə gələcək əməkdaşlığımızı müəyyən edir. Bu sənədlərin arasında əlbəttə ki, Birgə Bəyanat xüsusi yer tutur. Çünki bu sənəddə bizim gələcək siyasi əlaqələrimizin əsas konturları əks olunur.

Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri bunu bir daha təsdiqləyir. Mən dəfələrlə Fransada olmuşam və mütəmadi olaraq məsləhətləşmələr aparılır. Bir çox beynəlxalq məsələlər üzrə danışıqlar, məsləhətləşmələr, əlbəttə ki, bizim siyasi əlaqələrimizi daha da gücləndirir.

Son 2 il ərzində biz Fransa ilə bərabər BMT Təhlükəsizlik Şurasında iştirak etmişik və dünyanın ən mötəbər qurumunda çox uğurlu əməkdaşlıq qurmuşuq. Yəni, beynəlxalq məsələlərlə əlaqədar bizim mövqeyimiz bir çox hallarda üst-üstə düşür. Əlbəttə, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini göstərir. Bu gün təbii ki, bu məsələ ilə bağlı çox geniş fikir mübadiləsi aparılmışdır. Biz ümid edirik ki, bu münaqişə vasitəçilərin köməyi ilə tezliklə öz həllini tapacaq və bölgəyə sülh gələcəkdir.

Bildiyiniz kimi, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni işğalı altındadır və bu işğaldan 20 ildən çox vaxt keçir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqelərini bildirmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu məsələ öz həllini tapmır. İşğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam edilmişdir və onların məruzələrində göstərilir ki, hər şey dağıdılıb. Bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən yerlə yeksan edilibdir. Bu münaqişəyə tezliklə son qoyulmalıdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. O ki qaldı xalqların öz müqəddəratının təyinedilmə prinsipinə, bu prinsipə hörmətlə yanaşırıq, ancaq bu hüquq ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozmamalıdır. Erməni xalqı isə artıq bir dəfə öz müqəddəratını təyin edib – müstəqil Ermənistan dövləti vardır. Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.

Bu münaqişənin həlli bölgənin hər bir ölkəsi üçün faydalı ola bilər. Ümid edirəm ki, Fransa və digər həmsədrlər bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər və biz işğal edilmiş torpaqlara tezliklə öz vətəndaşlarımızı yerləşdirə biləcəyik.

Bizim aramızda iqtisadi sahədə çox uğurlu əməkdaşlıq aparılır. Bu gün keçiriləcək biznes forumda sənədlər imzalanacaqdır. Ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Azərbaycanda 50-dən artıq Fransa şirkəti fəaliyyət göstərir. İmzalanacaq kontraktların həcmi də təxminən 2-2,5 milyard dollar səviyyəsindədir. Əminəm ki, səfərdən sonra bu istiqamətdə yeni layihələr icra ediləcəkdir. Nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, turizm, inşaat və digər sahələrdə gözəl perspektivlər, imkanlar vardır.

Dünən Fransız Liseyinin açılışı özlüyündə böyük bir hadisə idi. Bu, onu göstərir ki, hər iki ölkə təhsil məsələlərinə böyük diqqət göstərir. İlin sonuna qədər Bakıda Fransız Liseyi yeni, gözəl binada öz fəaliyyətini davam etdirəcəkdir.

Əlbəttə ki, bu gün, eyni zamanda, biz enerji təhlükəsizliyi barədə də fikir mübadiləsi apardıq. Biz bu sahədə də Fransa ilə sıx əməkdaşlıq edirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün öz səylərini göstərir. Keçən ilin sonlarında imzalanan sənədlər Azərbaycan qazını Avropa məkanına çatdıracaq və əminəm ki, bu layihənin icrasından sonra Avropa ilə əlaqələrimiz daha da sıx olacaqdır. “Şahdəniz”, Trans-Anadolu və Trans-Adriatik layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Nəzərdə tutulan investisiyaların həcmi təxminən 45 milyard dollar səviyyəsindədir. Bu layihənin icrası nəticəsində bütün tərəflər - həm Azərbaycan, həm tranzit ölkələri və həm də Avropa istehlakçıları ancaq fayda görəcəklər. Çünki bu, hər bir tərəfin marağına xidmət göstərən bir layihədir.

Azərbaycan Xəzər hövzəsində enerji resurslarının dünya bazarlarına, o cümlədən Avropaya çıxarılmasında öz liderlik funksiyasını davam etdirir. Əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizlik məsələlərinə çevrilmişdir və Azərbaycanın zəngin neft-qaz resursları, mövcud və yaranmaqda olan nəqliyyat infrastrukturu Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir.

Bizim gündəliyimiz çox genişdir. Sadəcə olaraq bir mətbuat konfransı zamanı bütün məsələləri əhatə etmək mümkün deyildir. Ancaq hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı əlaqələri davam etdirmək üçün hər iki tərəfdə çox güclü siyasi iradə, qarşılıqlı maraq vardır. Xalqlararası əlaqələr də inkişafdadır, yüksək səviyyədədir. Əminəm ki, bu səfər münasibətlərimizə yeni güclü təkan verəcəkdir.

Bir daha cənab Prezident, Azərbaycana xoş gəlmisiniz.

X X X

Prezident Fransua Ollandın bəyanatı

- Cənab Prezident.

Mən ölkənizə - Azərbaycana səfər etməyi arzulayırdım. Səfəri bu an belə bir xüsusi kontekst çərçivəsində arzulayırdım. Siz ölkəmizə 2012-ci ilin sentyabr ayında gəlmişdiniz. Bu, bizim üçün böyük fürsət oldu. Çünki Parisdə Siz Luvr Muzeyində İslam incəsənəti bölməsinin açılışında iştirak etdiniz. Bununla həm iqtisadi, həm mədəni sahələrdə bizimlə əməkdaşlıq etmək iradənizi ifadə etdiniz.

Mən xüsusi bir çərçivədə bu səfəri həyata keçirirəm. Həmin mövzuya Siz elə indicə toxundunuz. İlk öncə Ukraynadakı vəziyyəti nəzərdə tuturam. Biz bu haqda söhbət apardıq ki, Siz də Fransanın, Avropanın bu məsələ ilə bağlı mövqeyinə əmin olasınız, ölkələrin ərazi bütövlüyünə sadiq olduğumuzu görəsiniz. Beləliklə, uzun müddət çəkən münaqişələrin həllinə nail olmaq üçün dialoqa açıqlığın vacibliyini qeyd edirik. Mənim Qafqaza, bu gün Azərbaycana səfərimin də məqsədi məhz bundan ibarətdir.

Əslində səfərimi dünən başlamışam, bu axşam isə Ermənistanda olacağam. Niyə? Çünki atəşkəsdən artıq 20 ildir keçir. Bu gün atəşkəsin ildönümüdür. Elə münaqişənin özü də 20 ildən artıqdır ki, davam edir. Biz hələ də onun həll variantlarını tapmamışıq. Minsk qrupunda həmsədr olan Fransa məsuliyyət daşıyır. Bu məsuliyyət gərginliyin aradan qaldırılması, etimadın yaradılmasını nəzərdə tutur. Bu gün bu məqsədlə biz Prezident Əliyevlə dialoq apardıq. Bu gün günün ikinci yarısında həmin dialoq Ermənistanda davam etdiriləcəkdir.

Fransa münaqişənin mərhələli şəkildə həllinin tapılmasında yardım etməyə hazırdır. Siz burada müəyyən elementləri təsvir etdiniz. Hər iki tərəfdən etimad doğuran tədbirlərin görülməsi vacibdir. Sonra isə uyğun statusun tapılması üçün müvafiq vaxt ayrılmalıdır. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” adlandırılan konsepsiyası üzərində də Azərbaycan ilə Fransa ümumi mövqedən çıxış edir. Bu tərəfdaşlıq heç kimə qarşı deyil, o, daha sürətli inkişafa, mübadilələrə, sərmayələrə və nəhayət, sabitliyə xidmət etməlidir.

Fransa üçün Azərbaycan mühüm tərəfdaşdır. Bu, xüsusən də enerji sahəsinə aiddir. Bu baxımdan mən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün görəcəyimiz işləri çox yaxşı anlayıram. Mən məsələ ilə əlaqədar öz iradəmi bildirmişəm və Avropadakı əsas tərəfdaşlarımızla açıq söhbət aparmışam ki, gələn illərdə biz enerji mənbələrimizi şaxələndirməliyik. Bununla da Avropanın enerji təhlükəsizliyi təmin ediləcəkdir.

Beləliklə, Azərbaycan ilə həyata keçirdiyimiz bir çox layihələri nəzərdən keçirdik. Çünki Azərbaycan böyük qaz hasilatçısıdır, gələcəkdə isə daha böyük neft və qaz hasilatçısına çevrilə bilər. Fransız şirkətləri böyük layihələrinizdə tam şəkildə iştirak edirlər və onlar növbəti illərdə işlənəcək yataqların kəşf olunmasında da iştirak ediblər.

Lakin münasibətlərimiz enerji məsələləri ilə məhdudlaşmır. Prezident Əliyevlə söhbətimiz zamanı bildirdik ki, fransız şirkətlərinə daha geniş imkanlar yaradılmalıdır. Bu haqda biz bir azdan biznes forumda danışacağıq. İstərdik ki, fransız şirkətləri şəhərsalma layihələrində geniş şəkildə iştirak etsinlər. Bu, Azərbaycan üçün prioritetdir. Tullantıların işlənilməsi, aqroərzaq, nəqliyyat sahələrini qeyd etmək olar. Yeri gəlmişkən, nəqliyyat sahəsində müqavilələr imzalanacaqdır. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan dünyada ən müasir nəqliyyat sistemini tətbiq etmək arzusundadır. O cümlədən rəqəmsal, yüksək texnologiyaları tətbiq etmək istəyir. Bu sahələrdə isə fransız şirkətləri liderdir.

Biz, həmçinin mədəniyyət və təhsil sahəsində yüksək səviyyəli əlaqələrə malikik. Bu isə səfərin məhz Bakıdakı Fransız Liseyindən başlamasını bir daha izah edir. Həqiqətən bu, Azərbaycanın iqtisadi inkişafına töhfə verən fransız ailələrdən olan şagirdləri, o cümlədən ayıracağımız təqaüdlər hesabına Fransanın universitetlərinə tələbə kimi qəbul olunacaq Azərbaycan şagirdlərini qəbul edəcək müasir təhsil ocağına çevriləcəkdir. Bundan əlavə, Azərbaycan tədbirləri, məsələn, idman oyunlarını təşkil etmək arzusundadır. 2015-ci ildə Avropa Oyunları keçiriləcək, digər tədbirlər də sizi gözləyir. Bakı şəhərində “Formula-1” yarışı keçiriləcəkdir. Biz sizi həmin tədbirlərdə müşayiət etmək üçün ölkənizə gəlməliyik.

Eyni zamanda, regionlarımız arasında da əməkdaşlığımız genişlənməlidir. Bilirəm, burada bölgələrimizin bəzi nümayəndələri əyləşib ki, rayonlarımız və departamentlərimiz arasında əlaqələr qurulsun. Biz elə etməliyik ki, bölgələrimiz də Azərbaycanın inkişafında tam şəkildə iştirak etsin. Səfərin mənası bundan ibarətdir, onun məqsədi uzun perspektivlidir. Çünki hesab edirik ki, biz uzaq gələcəkdə daha böyük nəticələri, sərmayələri əldə edə bilərik. Bütün bunlar regionunuzun - Qafqazın gələcəyi ilə, Avropa və Fransa ilə bağlı olan gələcəklə əlaqəlidir və siz bununla daha yaxşı əlaqələrə nail olacaqsınız.

Cənab Prezident, göstərdiyiniz olduqca səmimi qonaqpərvərliyə görə bir daha minnətdaram. Sağ olun.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Frans Press Agentliyinin müxbiri Ervi Askin: Cənab Prezident, əvvəlcə səfərin ümumi məqsədinə dair sual vermək istərdim.

Cənab Olland, indiki vaxtda etdiyiniz səfər Rusiya ilə olan gərginliyi daha da artırmayacaqmı? Digər sualım cənab Əliyevədir: Ukraynadakı böhran Sizin Avropa İttifaqı ilə yaxınlaşmağınıza mane ola bilərmi? İcazə versəniz, ikinci sualımı da verim. Sualım insan hüquqları ilə bağlıdır. Cənab Olland, azərbaycanlı həmkarınızla bu məsələni, xüsusən də Leyla Yunus və jurnalist Rauf Mirqədirovun məsələsini müzakirə etdinizmi? Cənab Əliyev, Prezidentin bu səfəri hər iki şəxsə münasibətdə mərhəmət jestinə səbəb ola bilərmi?

Prezident Fransua OLLAND: Fransa mətbuatı hər zaman bir sualla bir neçə sual verir. Bu isə mənə bir neçə cavab vermək imkanı yaradır. Beləliklə, “Şərq tərəfdaşlığı” və bu gün həyata keçirdiyim səfərlə bağlı suala gəldikdə, deməliyəm ki, bu cür təşəbbüs və addımlar heç kimə qarşı yönəlməyib. Onun məqsədi Avropa, Fransa ilə bu gün müstəqil olan tərəfdaşlar arasında münasibətlərin möhkəmləndirilməsidir. Bu tərəfdaşlar öz inkişafında maraqlıdırlar. Biz ölkəni hər hansı digər əməkdaşlıqdan qoparmaq istəmirik. Biz elə edirik ki, ölkələr öz gələcəyini azad şəkildə təyin etsin və qonşuları ilə də yaxşı münasibətlər saxlasın. Mən bu sözləri həm Azərbaycana, həm Ermənistana, həm də Gürcüstana aid etmək istəyirəm. Çünki mən hər üç ölkəyə səfər edirəm. Biz, həmçinin elə etməliyik ki, bəzən çox qıcıqlandırıcı olan problemlər belə öz həllini tapsın. Burada isə bu, Dağlıq Qarabağ problemidir. Bunu isə mütləq qeyd etmək lazımdır. Bu haqda biz elə indicə Prezident Əliyevlə danışdıq, bir azdan sonra prezident Sarkisyanla söhbət aparılacaqdır. Çünki bu münaqişənin çözülməsində Fransanın da məsuliyyəti vardır. Eyni məsələni mən Gürcüstanda da qaldıracağam. Bu, ərazi ilə bağlı olan məsələlərdir və uzun illərdir ki, davam edir.

İnsan hüquqları ilə bağlı verdiyiniz ikinci suala gəldikdə, mən etdiyim səfərlər çərçivəsində Fransanı maraqlandıran məsələləri təbii ki, qaldırıram. Bu, onunla bağlı deyil ki, biz daxili işlərə müdaxilə edirik, onlar sadəcə olaraq, dəyərlər və prinsiplərlə bağlı olan məsələlərdir. Yaxşı münasibətlərə nail olmaq üçün biz gərək bütün məsələləri birgə müzakirə edək.

X X X


Prezident İlham ƏLİYEV: Bizim Avropa İttifaqı ilə əlaqələrimizin gözəl tarixi vardır və bu əlaqələr gündən-günə möhkəmlənir. Gündəliyimiz də çox genişdir, bütün məsələləri əhatə edir. Siyasi dialoq, Azərbaycanda aparılan siyasi islahatlar danışıqlar mövzusudur. Əlbəttə ki, Avropa ilə iqtisadi əlaqələr də diqqət mərkəzindədir. Çünki Avropa ölkələri bizim birinci ticarət tərəfdaşlarımızdır.

Əlbəttə ki, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər Avropa qurumları tərəfindən dəstəklənir.

Biz çox səmərəli və gözəl əməkdaşlıq yaratmışıq. Yəni, sizin sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, bizim, ümumiyyətlə, xarici, yaxud da ki, daxili siyasətlə bağlı olan addımlarımıza heç bir kənar tərəf təsir edə bilməz. Azərbaycan müstəqil dövlətdir, müstəqilliyi hər şeydən üstün tutur və müstəqillik imkanlarından çox səmərəli şəkildə istifadə edir. Biz iqtisadi və siyasi sahələrdə islahatlar aparırıq. Siyasi islahatlar bizim üçün iqtisadi islahatlar qədər önəmlidir.

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət müsbətdir. Bütün fundamental azadlıqlar təmin edilir - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı. Azərbaycanda heç kim siyasi baxışlara görə təqib edilmir.

Azərbaycanda internet azaddır, heç bir məhdudiyyət yoxdur. Əhalimizin 70 faizi internetdən istifadə edir. Yəni, bizim üçün siyasi islahatlar çox vacibdir. Çünki biz ölkəmizi müasirləşdiririk. Müasir güclü Azərbaycan qururuq və demokratiyanın böyük ənənələri olan Fransa kimi ölkə ilə bu məsələlərdə biz daim bir yerdəyik, müzakirələr aparılır. Fransa-Azərbaycan əlaqələri çoxşaxəlidir, bütün sahələri əhatə edir. Əminəm ki, gələcəkdə bu belə də olacaqdır.

X X X

Azad Azərbaycan televiziyasının müxbiri Ceyhun Səfərov:

Mənim sualım Fransa Prezidenti cənab Fransua Ollandadır.

Cənab Prezident, belə bir sual səsləndirəcəyəm. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. O vaxtdan 20 ildən artıq vaxt keçir. Siz özünüz də bunu qeyd etdiniz. Bu münaqişə regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Sizcə qəbul olunmuş bu qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün nə etmək lazımdır? Təşəkkür edirəm.

Prezident Fransua OLLAND: Siz Fransanın xüsusi mövqeyini, məsuliyyətini xatırlatdınız. Bir sözlə, haqlısınız. Fransa Təhlükəsizlik Şurasının daimi üzvdür, Fransa Minsk qrupunun həmsədridir. Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı, birmənalı həlli üçün uzun müddətdir ki, səylər göstərir. Mən atəşkəsin 20-ci ildönümünü qeyd etdim.

Xatırladıram ki, bu müharibədə minlərlə insan həlak olub. İnsidentlər bu gün də davam edir. Beləliklə, biz bu məsələ ilə əlaqədar səfərbər olmuşuq. Bir halda ki, mən bu səfəri Azərbaycana və Ermənistana həyata keçirirəm, bu, o deməkdir ki, həll variantının tapılmasında mövcud olan prinsipləri xatırlatmağa çalışıram. Əvvəlcə söhbət etimad tədbirlərindən gedir.

Onlar hər iki tərəfdən görülməlidir. Məsələ burasındadır ki, Fransanın həm Azərbaycan, həm də Ermənistan ilə yaxşı münasibətləri, dostluq əlaqələri vardır və biz onları bir-birinə qarşı qoymaq fikrində deyilik. İradəmiz ondan ibarətdir ki, biz faydalı olmalıyıq. Əgər bu, mümkündürsə, mən bu haqda Prezident Əliyevə dedim, bunu, həmçinin prezident Sarkisyana da deyəcəyəm, biz iki prezidentin görüşünü təşkil etmək istərdik və birinci etimad tədbirinin bir yerdə tapılmasına çalışa bilərik. Beləliklə, ilk etimad tədbiri məsələnin həllinə zəmin yarada bilər. Bu münaqişə regionun inkişafı, insanların hərəkət etməsi üçün əsl maneədir. Bu, bizim borcumuzdur. Fikrimi yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, Fransa hər zaman fəaldır, məsələnin həll yolunun tapılmasına çalışır. Fransa təşəbbüslərlə çıxış edir. Mən burada Qafqazdakı vəziyyəti nəzərdə tuturam. Digər məsələlərə baxaq: götürün Ukraynadakı vəziyyəti. Təşəbbüsümüz ondan ibarətdir ki, bir tərəfdən prinsiplərə gəldikdə çox qətiyyətli olmalıyıq, digər tərəfdən isə dialoq amilini yaratmalıyıq. Dialoqu xüsusilə xatırlatmaq lazımdır. Mən Ukraynanı nəzərdə tuturam. Gələn günlər ərzində bu meyar həlledici olacaqdır. Qeyd etmək istəyirəm ki, xeyirxahlıq naminə məsləhətləşmələr aparılmalıdır. Bu məsləhətləşmələr dünən aparıldı, əsas olmadan, seçicilər siyahısı olmadan nəticələr mümkün deyildir. İndi isə dialoq aparılır, çünki Ukraynada azlıqlara da hörmətlə yanaşmaq lazımdır. Mən bu sözləri, həmçinin Avropanın şərqinə də aid etmək istərdim. Mən, həmçinin bəyan etdim ki, Fransa Afrika üçün də bir sıra təşəbbüsləri irəli sürməyə hazırdır. 220-yə yaxın nigeriyalı gənc qızın oğurlanması ilə bağlı baş verən faciə. Onların aparıldığı yer bilinmir. Onlar quldarlıq məqsədi üçün oğurlanıblar. Bu halda mən Nigeriya Prezidenti Qudlak Conatana bəyan etdim ki, biz öz təşəbbüsümüzlə çıxış edəcəyik və şənbə günü Nigeriyanın qonşu ölkələri ilə birgə görüş keçirəcəyik.

Bir sözlə, hər zaman Fransa fəaldır, buna görə də etdiyim üçgünlük səfər faydalı ola bilər. Bu, sırf yaxşı iqtisadi münasibətlər mövzusu, müqavilələrin imzalanması ilə bağlı deyildir. Baxmayaraq ki, bu da vacibdir. Bu, həmçinin onunla bağlıdır ki, Fransa Təhlükəsizlik Şurasının daimi üzvü kimi, bütün dünya üçün faydalı ola bilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo