Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti keçirilmişdir

06 may 2014, 12:30
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti keçirilmişdir

İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Türkiyə Prezidenti Abdullah Gül əvvəlcə rəsmi foto çəkdirdilər.

Sammiti Gürcüstan Prezidenti Giorgi MARQVELAŞVİLİ açaraq dedi:

- Mən istəyirəm həmkarlarımı, yüksək səviyyəli qonaqları, Azərbaycan və Türkiyə prezidentlərini, gələn qonaqlarımızı, onların nümayəndə heyətlərini salamlayım.

Artıq bizim görüşlərimiz və əməkdaşlığımız intensiv xarakter daşıyır. Mənim ilk səfərim Türkiyəyə olub. Vurğulamaq istəyirəm ki, səfər zamanı mənə çox isti və mehriban münasibət göstərildi.

Biz bir həftə öncə cənab İlham Əliyevlə Praqada görüşdük, ondan əvvəl isə Bakıda bizim çox yaxşı görüşümüz oldu. Artıq çox illərdir ki, əməkdaşlıq edirik. Əməkdaşlığımız çox müsbətdir, ölkələrimiz və region üçün əlverişli və səmərəlidir.

Biz bugünkü görüşümüzlə birgə başladığımız işlərin əhəmiyyətini daha da artırırıq. Bu təşəbbüsə görə Abdullah Gülə xüsusi təşəkkürümü çatdırıram. Sammitə verdiyi məna və əhəmiyyətə görə İlham Əliyevə də xüsusi təşəkkürümü bildirirəm.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli Gürcüstan Prezidenti, hörmətli Türkiyə Prezidenti!

İlk növbədə, cənab Prezident, bu təşəbbüs üçün Sizə minnətdaram. Qardaş Gürcüstan torpağında yenidən olmağımdan çox məmnunam. Əminəm ki, bu təşəbbüsün çox gözəl nəticələri olacaqdır. İlk dəfədir ki, üç ölkənin prezidentləri rəsmi qaydada Sammitdə toplaşmışlar. Əminəm ki, Sammitin çox gözəl nəticələri olacaqdır.

Ölkələrimiz arasındakı əlaqələr böyük tarixə malikdir. Həm ikitərəfli əlaqələr çox yüksək səviyyədədir, həm də biz üçtərəfli formatda birgə səylər göstəririk, birgə təşəbbüslər irəli sürürük. Bu gün Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz, eyni zamanda, bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda, bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivələrdən çıxıb qlobal məna daşımaqdadır.

Ona görə, Sammitin keçirilməsi özlüyündə çox əlamətdar bir hadisədir, beynəlxalq hadisədir. Əlbəttə ki, bu gün müzakirə olunacaq məsələlər mahiyyət etibarı ilə də çox böyük məna daşıyır. Əminəm ki, biz bu gün həm beynəlxalq məsələlər, həm regional təhlükəsizlik və enerji təhlükəsizliyi məsələləri, eyni zamanda, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq ilə əlaqədar fikir mübadiləsi aparacağıq və növbəti dövr üçün birgə fəaliyyət planı haqqında da danışacağıq. Bir daha Sizə bu təşəbbüsə və göstərdiyiniz qonaqpərvərliyə görə minnətdaram.

Sonra Türkiyə Prezidenti Abdullah GÜL çıxış edərək dedi:

- Hörmətli Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili.

Hörmətli Azərbaycan Prezidenti, dəyərli qardaşım İlham Əliyev.

Dəyərli media nümayəndələri.

Gürcüstanda üçtərəfli Sammitdə - Tbilisidə görüşməkdən məmnunluq hissi keçirirəm. Əsasən bu üç ölkə arasında genişmiqyaslı sıx əməkdaşlıq əlaqələri mövcuddur. O vaxt - 2007-ci ildə prezidentlər səviyyəsində də Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimində görüşmüşdük. İndi də yenə hamımız burada birlikdəyik.

Əvvəlcə xarici işlər və digər nazirlərimiz müxtəlif səviyyələrdə görüşürdülər. Bir az sonra geniş şəkildə müzakirələr aparacağıq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Transanadolu kimi regional və qlobal miqyasda mühüm layihələri bu üç ölkə həyata keçirmişdir. Bu üç ölkənin Cənubi Qafqazda sabitlik və rifaha töhfəsi artıq hamı tərəfindən təqdir edilməyə başlandı. Biz Qafqazın hündür dağlarını bir divar olmaqdan çıxardıq, bir qapı, bir əməkdaşlıq sahəsi vəziyyətinə gətirdik. Təbii ki, bundan böyük məmnunluq duyuruq. Həm siyasi sahədə xalqlarımız bir-birinin qardaşıdır, qonşularıdır, həm də aralarında yaxın dostluğa söykənən əməkdaşlıq əlaqələri iqtisadi sahədə də özünü büruzə verməkdədir.

Bunları prezidentlər olaraq ən yüksək səviyyədə yenidən nəzərdən keçirəcəyimizə və bu cür sammitlərin bundan sonra da davamlı olaraq baş tutacağına ümid edirəm. Bundan böyük məmnunluq hissi duyuram. Ev sahibliyinə görə bir daha Sizə təşəkkür edirəm.

X X X

Sammitdə dövlət başçıları son illərdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, həmçinin turizm sahələrində əməkdaşlığın yekunlarını nəzərdən keçirdilər.

Tədbirdə Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əhəmiyyəti qeyd edildi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olundu.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edildi. Prezidentlər bu formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi əzmində olduqlarını bildirərək belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğuladılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45