Bakı Sərgi Mərkəzində “BakuTel-2010” XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, XVI sərgidə dünyanın 15 ölkəsindən 115 şirkət iştirak edir. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutur. Builki sərginin sahəsi ötənilki sərginin sahəsindən təxminən 30 faiz çoxdur. Sərginin daimi iştirakçılarının sayının 70 faizdən çox olması bu tədbirə marağın ilbəil artmasının göstəricisidir.
Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda “Ekologiya ili” ilə əlaqədar olaraq builki sərgi “İKT və qlobal iqlim dəyişikliyi” devizi altında keçirilir.
Qeyd olundu ki, sərgi çərçivəsində konfrans, forum, seminar və təqdimatlar keçirilir. Builki sərgini fərqləndirən mühüm cəhətlərdən biri təqdim olunan yeni məhsul və xidmətlərin sayı ilə bağlıdır. Bununla əlaqədar ən yeni xarici və yerli informasiya avadanlığı, texnologiya və həll variantları nümunələri ilə tanış olmağa imkan verən “İnnovasiyalar ərazisi” layihəsi həyata keçirilir. Sərgidə proqram təminatı, naviqasiya sistemləri, simsiz texnologiyalar, intellektual sistemlər, müasir texnika və avadanlıq, digər yüksək texnologiyalı məhsullar nümayiş etdirilir.
Prezident İlham Əliyevə əvvəlcə “Aztelekom” və “Bakı Teleradio” İstehsalat birliklərinin pavilyonları təqdim olundu.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevə “Regional innovasiya zonası” layihəsi barədə məlumat verdi. Qeyd edildi ki, bu layihənin yaradılmasından məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, İKT sahəsində insan resurslarını inkişaf etdirmək, xarici investisiyaları və qabaqcıl texnologiyaları cəlb etmək, İKT sahəsində ixrac potensialını gücləndirməkdir. Nazir bu layihə ilə bağlı görüləcək işlər barədə də dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, kompyuteri səslə idarəetmə sistemi olan “Dilmanc” ən son elmi-texniki yeniliklərə əsaslanır. “Dilmanc” layihəsi çərçivəsində nitqin tanınması, mətnlərin səsləndirilməsi və kompyuterin səslə idarə edilməsi sistemlərinin yaradılması üzrə işlər davam etdirilir. “Dilmanc”ın xüsusi cəhətlərindən biri də onun əlil insanlara kompyuterdən istifadə etmək imkanı yaratmasıdır.
Sonra Prezident İlham Əliyevə “Azərfon” şirkətinin yenilikləri təqdim olundu. 3G mobil televizor, kamera və sair avadanlıqların üstünlükləri dövlətimizin başçısının diqqətinə çatdırıldı.
Prezident İlham Əliyevə Sloveniyanın “Iskratel” şirkətinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verildi. Qeyd olundu ki, Azərbaycanda beş ildir fəaliyyət göstərən bu şirkət 2009-cu ildə ölkəmizdə nümayəndəliyini açmış və texnoloji servis mərkəzi yaratmışdır.
Çinin “Huawei” şirkətinin pavilyonu da zənginliyi ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevə məlumat verildi ki, bu iqtisadi qurum da Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları bazarının inkişafında yaxından iştirak edir. Qeyd olundu ki, bu şirkət sərginin baş sponsorudur.
Dövlət başçısı Estoniyanın “BEST Solutions” şirkətinin fəaliyyəti ilə də tanış oldu. Bildirildi ki, bu şirkət Azərbaycanda “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminin yaradılmasında yaxından iştirak edir. Bu sistem dövlət qurumlarının elektron bazalarına tez və təhlükəsiz çıxışı təmin edir, kağız sənədlərinin həcmini azaldır, dövlət informasiya sistemində inteqrasiya imkanlarını genişləndirir, rəsmi orqanlarda qərarların qəbul edilməsi prosesinin sürətləndirilməsinə imkan yaradır.
Sonra Prezident İlham Əliyevə “Azedunet” Azərbaycan Təhsil Şəbəkəsi barədə məlumat verildi. Bildirildi ki, bu layihə “2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılır. Dövlətimizin başçısına “Təhsil” videoportalı barədə də məlumat verildi və internet vasitəsilə yayımlanan bir nümunəvi dərs təqdim olundu.
Prezident İlham Əliyev “Azercell” şirkətinin ölkəmizdəki yenilikləri ilə də tanış oldu. Dövlətimizin başçısına mobil telefonla ödəmə imkanları nümayiş etdirildi. Qeyd edildi ki, mobil telefonlar tezliklə operativ ödəmə imkanlarını daha da genişləndirəcəkdir. Prezident İlham Əliyevi 3.75G və 4G texnologiyalarının müqayisəli təhlili ilə tanış etdilər. Dövlətimizin başçısına “Azercell”in digər yenilikləri də təqdim olundu.
“Türk Telekom” da Azərbaycanın informasiya-kommunikasiya bazarının daha da inkişafı üçün dəstəyini əsirgəmir. Qeyd olundu ki, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Malayziyanın “Measat” və ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital” şirkətləri arasında müvafiq olaraq Malayziyaya məxsus orbital mövqedən birgə istifadəni və peykin istehsalını nəzərdə tutan əsas müqavilə imzalanmışdır. Prezident İlham Əliyevə bu istiqamətdə görüləcək işlər barədə də ətraflı məlumat verildi.
“Softline” şirkəti də 2006-cı ildən bəri Azərbaycanda fəaliyyətini genişləndirir. Dörd il ərzində iki min nəfər bu şirkətin hazırlıq kurslarında yüksək biliklərə yiyələnmişdir. Bu təlim kurslarına dövlət idarələri, kommersiya və digər qurumların əməkdaşları cəlb olunurlar.
“Delta Telekom” şirkəti də Azərbaycanda çoxşaxəli fəaliyyəti ilə fərqlənən iqtisadi qurumlardandır. Bildirildi ki, bu şirkət Azərbaycanda regionun ən böyük DATA mərkəzini tikmişdir. Respublikamızın əksər saytlarının internet resurslarının bu DATA mərkəzinə köçürülməsi işi daha da sürətləndirilir. Bildirildi ki, şirkət yeni internet kontent resurslarının yaradılması üzrə də konkret iş aparır. Ümumilikdə, “Delta Telekom” Azərbaycanın İKT sahəsində tranzit ölkəyə çevrilməsi üçün səyini əsirgəmir.
Sərgi ilə yaxından tanış olan Prezident İlham Əliyev “Evronyus” televiziyasına müsahibə verdi. Dövlətimizin başçısı ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı və sərgi barədə sualları cavablandırdı.
Daha sonra Prezident İlham Əliyevə Misirin məşhur İsgəndəriyyə kitabxanasının “Cultnat” strukturunun “Culturama” layihəsi təqdim edildi. Layihə çərçivəsində 9 interaktiv ekran vasitəsilə Misirin tarixi barədə xronoloji ardıcıllıqla materiallar nümayiş etdirildi. Qeyd olundu ki, bu layihə xarici ölkələrdə 16-cı dəfədir təqdim edilir.
Prezident İlham Əliyev Azərbaycanın rabitə və informasiya-kommunikasiya texnologiyaları bazarının daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.