Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində İlham Əliyevin nitqi

11 noyabr 2010, 19:21
Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində İlham Əliyevin nitqi

Əziz dostlar, əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu yeni, gözəl qəsəbənin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl qəsəbədə müvəqqəti olaraq əziz soydaşlarımız yaşayacaqlar. Burada bütün şərait yaradılıb, 700-ə qədər yeni, gözəl ev tikilib.

Bu gözəl məktəb, tibb məntəqəsi, icma mərkəzi, bir sözlə, yaşamaq üçün burada bütün şərait yaradılıb. Bu, birinci belə qəsəbə deyildir, artıq 17-ci qəsəbədir. Mən çox şadam ki, Ağdam əhalisinin əksəriyyəti artıq Ağdam rayonunun ərazisində məskunlaşıbdır və yaşayır. Əminəm ki, burada növbəti illərdə yaradılacaq şəraitin hesabına daha da böyük sayda ağdamlılar doğma rayonuna gələcəklər. İndi rayonda abadlıq-quruculuq işləri aparılır. Böyük qazlaşdırma proqramı icra edilir, infrastruktur yaradılır. Bu gün Ağdam rayon xəstəxanasında oldum. Əvvəlki səfərlərdə Olimpiya Kompleksinin, stadionun açılışını qeyd etmişdik. Yəni, biz çalışırıq ki, Ağdam rayonunun bu ərazisində ən müasir şərait yaradılsın.

Məcburi köçkünlərin və qaçqınların yaşayış problemlərinin həlli üçün Azərbaycan dövləti çox işlər görür, böyük vəsait ayrılıbdır.

Bütün bu işləri Azərbaycan Dövlət Neft Fondunun hesabına görə bilmişik. Təkcə Ağdamda deyil, bütün başqa bölgələrdə müasir qəsəbələr salınır, hündürmərtəbəli evlər tikilir. Dünən Yevlax rayonunda beşmərtəbəli 10 evin açılışında iştirak etmişəm.

Yəni, iki gündə 1300 ailə müasir evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan əvvəlki dövrdə də bu işləri görmüşük. Görülən bu işlərin hesabına 90 minə qədər məcburi köçkün yeni evlə təmin olunubdur. Artıq üç ildir ki, Azərbaycanda çadır şəhərcikləri yoxdur. Biz onları aradan qaldırdıq. Onların əvəzinə belə gözəl, yaraşıqlı evlər tikdik.

Bizim proqramımızda növbəti illərdə daha da böyük işlərin görülməsi nəzərdə tutulur. Hələ ki, fin evlərdə, məktəblərdə, hərbi hissələrin ərazilərində, yataqxanalarda məskunlaşan vətəndaşlarımızı da belə gözəl şəraitlə təmin edəcəyik. Ancaq mən həmişə vurğulayıram, bu gün də demək istəyirəm ki, bu, müvəqqəti yaşayış məskənidir. Ağdam şəhəri, başqa kəndlər, bu gün işğal altında qalan kəndlər azad olunandan sonra biz orada da böyük işlər görəcəyik. Ağdam şəhərini yenidən quracağıq.
Orada daha da gözəl, yaraşıqlı binalar tikəcəyik.

Burada - Ağdam, Füzuli rayonlarında, Horadiz şəhərində, - hansı ki, vaxtilə ermənilər tərəfindən işğal edilmişdir və Azərbaycan Ordusu tərəfindən 1994-cü ildə azad olunmuşdur, - görülən bərpa-yenidənqurma işləri açıq-aydın göstərir ki, biz istənilən məsələnin həlli üçün bütün gücümüzü səfərbər edəcəyik. Necə ki, biz Horadizi bərpa etdik və orada gözəl şərait yaratdıq, eləcə də bu gün hələ də işğal altında qalan bütün başqa ərazilərdə yenidənqurma, bərpa işlərini aparacağıq. O cümlədən Ağdam şəhərini yenidən quracağıq. Çünki hələ 2005-ci ildə bizim təşəbbüsümüzlə ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş bölgələrə ezam olunarkən orada gördüklərini sonra öz hesabatında əks etdirdi və o fotoşəkillər, videomateriallar göstərir ki, ermənilər Ağdamı nə günə salıblar.

Bu yaxınlarda yenə də bizim təşəbbüsümüzlə ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş bölgələrdə, o cümlədən Ağdam şəhərində olmuş, ermənilərin vəhşiliklərini bir daha öz gözləri ilə görmüşdür. Ağdamda bir dənə də salamat bina qalmamışdır.

Bütün binalar dağıdılıb, sökülüb. Binalardan bütün əşyalar erməni talançıları, erməni oğruları tərəfindən aparılıb, talan edilibdir.

Ona görə biz o bölgələrə, Ağdama qayıdandan sonra yenidən o gözəl tarixi şəhərimizi bərpa edəcəyik. Bizim buna gücümüz, iradəmiz çatacaqdır. Mən ümid edirəm ki, biz Ağdamı və bu gün işğal altında qalan başqa şəhərlərimizi qısa müddət ərzində tam bərpa edəcəyik.

Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır.

Azərbaycan müstəqilliyə qovuşanda, Birləşmiş Millətlər Təşkilatına üzv olanda ölkəmizin ərazi bütövlüyü hələ o vaxt tanınmışdır.
Bu gün dünyada elə ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Bu, çox vacib məsələdir. Bəzən bizə belə gələ bilər ki, beynəlxalq hüquq normaları tərəfimizdə olduğu halda, məsələ həllini tapmır. Bu, həqiqətdir. Bu, bizi çox üzür və incidir.

Ancaq beynəlxalq hüquq hər bir məsələnin ədalətli və qanun çərçivəsində həll olunması üçün başlıca şərtdir. Dünya birliyi beynəlxalq hüququn əsasında yaşayır. Ona görə beynəxalq təşkilatların qərarları, qətnamələri, mövqeyimizi gücləndirən bu qərarlar bu gün reallığa çevrilməsə də, öz əhəmiyyətini itirmir. Biz çalışırıq ki, Qarabağ məsələsinə beynəlxalq diqqət daha da güclənsin. Yəni, bu məsələ dünya gündəliyindən düşməsin, yaddaşdan silinməsin, beynəlxalq təşkilatlar daim bu məsələni öz gündəliyində saxlasınlar. Diplomatik və siyasi səylərimiz buna yönəldilib və buna nail ola bilmişik.

Bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini öz qərarları, qətnamələri ilə təsdiqləyirlər. Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT, Avropa Parlamenti – yəni bunlar dünyanın aparıcı təşkilatlarıdır və Azərbaycanın mövqeyi bu təşkilatların qətnamələrində əks olunur və beynəlxalq hüquqa istinad edilir.

Biz bu səylərimizi davam etdirəcəyik ki, siyasi-hüquqi və diplomatik əsaslar daha da möhkəm olsun. Bununla bərabər, biz Azərbaycanda aparılan uğurlu siyasəti davam etdirəcəyik, iqtisadi gücümüzü artıracağıq. İqtisadi güc olmasa, bu qəsəbələrin tikilməsi mümkün olmazdı. Biz müharibədən sonra ilkin mərhələdə bəzi işləri xarici yardımın hesabına görə bilmişik. Ancaq sonra o yardım dayandı. Beynəlxalq təşkilatların, donor təşkilatlarının da fəaliyyətində müəyyən çərçivələr vardır. Onlar tərəfindən uzunmüddətli yardım göstərmək mümkün deyildir. Əgər bizdə güclü iqtisadi potensial yaradılmasaydı, qısa müddət ərzində bu işləri görə bilməzdik. Nəinki bu işləri görməklə, həm də Azərbaycanı gücləndirməklə artıq həm danışıqlar prosesində, həm bölgədə gedən proseslərdə vəziyyəti köklü şəkildə öz xeyrimizə dəyişdirə bilmişik.

Bu gün Azərbaycan böyük hörmətə malik olan, öz siyasətini özü müəyyən edən, iqtisadi, siyasi cəhətdən tam müstəqil ölkədir.

Heç kimdən asılı deyildir. Belə olan halda biz daha da çevik və sərbəst siyasət aparmağa qadirik. Bu reallıqları biz yaratmışıq.

Bu gün özünü guya qalib kimi təqdim etməyə çalışan Ermənistan Azərbaycandan bütün parametrlər üzrə 5-10 dəfə geridə qalıbdır. Nədir bu dırnaqarası qələbənin mənası?! Əgər erməni xalqı səfalət içində yaşayır, orada heç bir iqtisadi perspektivlər yoxdur. Xarici ianələr, xarici dəstək, kreditlər,- onlar yalvara-yalvara gətirirlər ölkələrinə, - olmasaydı, bu gün ümumiyyətlə Ermənistan çox acınacaqlı vəziyyətə düşə bilərdi. Ancaq Azərbaycan öz hesabına yaşayır. Ermənistandan fərqli olaraq, bizdə əhali, iqtisadiyyat, hərbi güc artır. Bu gün Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat üstündür. Bunu biz bilirik.

Ermənilər nə qədər deyirlər desinlər, onun mənası yoxdur. Əgər 1992-1993-cü illərdə xarici dəstək olmasaydı, onlar torpaqlarımızı işğal edə bilərdimi? Əlbəttə ki, yox. Biz bu tarixi yaxşı bilirik. Siz – işğaldan əziyyət çəkən insanlar yaxşı bilirsiniz ki, torpaqlarımız necə işğal olunubdur. Bir tərəfdən Azərbaycanın yarıtmaz rəhbərliyi, hakimiyyət uğrunda gedən mübarizə, daxili çəkişmələr, digər tərəfdən ermənilərə xaricdən verilən maddi və hərbi dəstək nəticəsində torpaqlarımız işğal altına düşübdür. Bugünkü Azərbaycanın torpağını kimsə işğal edə bilərmi? Heç vaxt! Əgər o vaxt Azərbaycanın başında ulu öndər Heydər Əliyev olsaydı, Azərbaycan torpaqları heç vaxt işğal altına düşə bilməzdi. O tarixi vaxt itirilmişdir. Azərbaycanda hərc-mərclik, xaos, anarxiya, böhran, xaricdən olan müdaxilələr, yerli icra orqanlarının iflic vəziyyətə düşməsi, siyasi hakimiyyətin xəyanəti, qorxaqlığı – yəni, bütün bunlar bu vəziyyətə gətirib çıxarmışdır.

Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün Azərbaycan bölgədə istənilən məsələni həll edə bilər. Bizim razılığımız olmadan bölgədə heç bir ciddi məsələ öz həllini tapa bilməz.

O ki qaldı hərbi potensiala, mən bunu heç vaxt danmamışam. Bu gün də açıq demək istəyirəm ki, biz ordu quruculuğu işlərimizi davam etdirəcəyik. Biz artıq peşəkar, mübariz ordu yaratmışıq, böyük sayda silah-sursat almışıq. İstənilən anda ordumuz öz sözünü deyəcəkdir. Biz istəmirik ki, müharibə olsun. Heç kim istəmir ki, müharibə olsun. Ancaq biz bu vəziyyətlə də heç vaxt barışmayacağıq. Ermənistan bilir və bilməlidir ki, səbrimizin də hüdudları vardır. Səbrimiz tükənməz deyildir.

Ancaq Ermənistanın hərəkətləri onu göstərir ki, bu ölkə sülh istəmir. Sülh istəyən ölkə bəyan etməz ki, onlar Ağdamın adını dəyişdirirlər. Birincisi, bu, tamamilə mənasızdır. Ağdamın adını heç kim dəyişdirə bilməz. Bugünkü Ermənistan şəhərlərinin hamısı vaxtilə Azərbaycan adlarını daşıyıblar. Sonra onların adları dəyişdirildi, erməniləşdirildi. İrəvandan tutmuş Göyçə gölünə qədər, Zəngəzur, Cəlaloğlu - bütün bu şəhərlərin adları Azərbaycan xalqı ilə bağlıdır. Ermənilər bizim ərazimizə köçürülmüşlər, bunu biz yaxşı bilirik. Ondan sonra o bölgələr erməniləşdirildi və bu gün Ağdamın adını dəyişdirmək istəyirlər. Bir daha demək istəyirəm ki, sülh istəyən tərəf belə çirkin işlərlə heç vaxt məşğul olmaz. Bir də ki, bu, tamamilə mənasız işlərdir. Vaxtilə onlar Laçın, Kəlbəcər rayonlarının adlarını dəyişdirməyə cəhd etmişdilər. Kim onu qəbul etdi? Özlərindən başqa heç kim. Özləri də heç vaxt nə Laçını, nə Kəlbəcəri o qondarma adlarla çağırmırlar. Bizim danışıqlar prosesində o qondarma adlar yoxdur.

Müzakirə olunan sənədlərdə, ermənilərin müzakirə etdiyi sənədlərdə Kəlbəcər, Laçın rayonları öz adları ilə göstərilir. Sadəcə olaraq bu çirkin əməllər ermənilərin xislətini bir daha göstərir. Onu göstərir ki, onlar burada, Cənubi Qafqazda öz qonşuları ilə normal münasibətlərdə yaşamaq istəmirlər. Onlar işğalçı siyasətini davam etdirmək, indiki vəziyyəti saxlamaq istəyirlər. Ancaq onlar özlərinə sual verməlidirlər ki, buna onların gücü çatacaqmı? Çatmayacaq! Azərbaycan artıq 1990-cı illərin əvvəlindəki Azərbaycan deyildir, nə əhali, nə güc və nə də iradə baxımından.

Mən heç şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, vətəndaşlarımızı doğma dədə-baba torpaqlarına qaytaracağıq. O torpaqlarda yeni həyat başlanacaq, şəhərlər bərpa olunacaqdır. O bölgələr, bu gün işğal altında qalan torpaqlar, bax, ölkəmizin başqa bölgələri kimi çiçəklənəcəkdir. Mən buna əminəm, buna şübhə etmirəm və hamımız işimizlə o günü yaxınlaşdırmalıyıq. Ancaq biz hələ ki, köçkün həyatını yaşayan insanların vəziyyətini yaxşılaşdırırıq, yaxşılaşdıracağıq. Bu qəsəbə bu siyasətin nəticəsidir, onun əlamətidir. Bir daha sizi ürəkdən salamlayıram. Doğma Qarabağ torpağında olmağımdan çox məmnunam, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44