İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

23 dekabr 2013, 13:30
İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Prezident İlham Əliyev əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin binasında 2011-2013-cü illərdə paytaxtda və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu. Fotostendlərdə Bakıda və ətraf qəsəbələrdə sosial inkişaf və infrastruktur layihələri, o cümlədən turizm, mədəniyyət, sahibkarlığın inkişafı, həmçinin ətraf mühitin qorunması sahələrində həyata keçirilən çoxsaylı tədbirlər barədə məlumatlar verilir.

Dövlət başçısı konfransı giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

- Bu gün biz Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Bu, ikinci proqramdır. Birinci proqram 2006-cı ildə qəbul olunmuşdu, iki ili əhatə edirdi. Bu proqram 2011-2013-cü illəri əhatə edir və proqram başa çatır.

Bütövlükdə 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafı təmin edilmişdir. İl ərzində qarşıda duran bütün vəzifələr icra edilmişdir, iqtisadiyyat artmışdır. Dünya miqyasında müqayisə etsək görərik ki, Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artır. Bu il ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektorumuz isə təxminən 10 faiz artmışdır.

Bu da əslində görülən işlərin təzahürüdür. Onu göstərir ki, bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır. Bu islahatlar nəticəsində biz bu uğurlara imza ata bilmişik. Qeyri-neft sektorumuz artır, indi ümumi daxili məhsulda qeyri-neft sektoru üstünlük təşkil edir. Əminəm ki, bu meyllər gələcək illərdə güclənəcəkdir. Ancaq buna nail olmaq üçün biz daha da fəal işləməliyik. Çünki neft-qaz sektorunun artması da gözlənilir. Xüsusilə, bu ayın 17-də Bakıda imzalanmış “Şahdəniz-2” layihəsi gələcəkdə neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Ona görə, biz qeyri-neft sektorunun inkişafına daha da böyük diqqət göstərməliyik. Biz bunu edəcəyik. Ölkəmizdə aparılan islahatlar, düşünülmüş iqtisadi və sosial siyasət imkan verəcəkdir ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin.

Bütövlükdə bu il 2003-2013-cü illəri əhatə edən bir dövr başa çatır. Bu dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Deyə bilərəm ki, son on il ərzində dünyada iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün statistik məlumatlar bunu təsdiqləyir. İqtisadiyyatımız 300 faizdən çox - 3,4 dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə azalmışdır. İndi Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən bir qədər çoxdur. Yəni, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Biz hətta inkişaf etmiş bir neçə ölkəni qabaqlayırıq. İşsizliklə bağlı məsələlər öz həllini tapır. İşsizlik çox aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir. Bakı şəhərində isə məncə, bütövlükdə bu məsələ öz həllini tapmışdır.

Bizim iqtisadi islahatlarımız dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən də təqdirlə qarşılanır. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət, Azərbaycanda 1990-cı illərin ortalarında başlamış islahatlar, ulu öndər Heydər Əliyevin siyasəti dayanır.

Son on il ərzində isə biz fəal işləyərək Azərbaycanın siyasi, iqtisadi maraqlarını tam şəkildə təmin edə bilmişik.

Azərbaycan bu gün beynəlxalq müstəvidə çox böyük hörmətə malik olan bir ölkə kimi tanınır. Biz bu il BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətimizi başa çatdırırıq. Hesab edirəm ki, bu da xalqımız, dövlətimiz üçün çox böyük nəticədir, tarixi bir qələbədir. Dünya birliyinin bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilmək ölkəmizin tarixi qələbəsidir.

Yəni, istənilən sahəyə baxsaq görərik ki, Azərbaycanın uğurlu inkişafı təmin edilir. Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf, demokratiya, milli həmrəylik yoludur.

Ölkəmizin hərtərəfli inkişafı, o cümlədən humanitar sahədə -millətlərarası, dinlərarası dialoqun aparılması sahəsində uğurlu təcrübəsi bu gün dünyada öyrənilir. Təsadüfi deyildir ki, Bakı şəhəri bölgənin və hətta deyə bilərəm ki, dünyanın mərkəzlərindən birinə çevrilmişdir. Bakıda yüksək səviyyəli tədbirlər artıq adi hala çevrilmişdir. Zirvə görüşləri, dünya liderlərinin görüşləri, iqtisadi forumlar, humanitar forumlar, - bütün bunlar reallıqdır və Bakı dünya xəritəsində artıq öz layiqli yerini tuta bilmişdir.

Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf, demokratiya, milli həmrəylik yoludur.

Növbəti illər üçün də bizim konkret proqramlarımız vardır. Biz gələcəkdə də bu proqramlar üzrə işləyəcəyik. Mən heç şübhə etmirəm ki, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcəkdir. Yəni, görülən işləri, - bu gün çıxışlarda onların bir hissəsi səslənəcək, - foyedə qoyulan stendlərdə əyani şəkildə görmək olar. Bunlar təkcə Bakı şəhərinə aid olan stendlərdir. Amma bütövlükdə ölkə üzrə gedən müsbət proseslər əminəm ki, gələcəkdə də davam etdiriləcəkdir.

2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunarkən biz bir neçə məqsədi qarşımıza qoymuşduq. İlk növbədə, qarşıya bölgələri inkişaf etdirmək, bölgələrdə iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına nail olmaq, idxaldan asılılığımızı azaltmaq, infrastruktur layihələri yaratmaq məqsədləri qoyulmuşdu ki, insanlar bölgələrdən böyük şəhərlərə miqrasiya etməsinlər. Nəticə etibarilə qarşıya məsələ qoyulmuşdur ki, bölgələrlə Bakı arasındakı fərqi azaltmaq lazım idi. Biz son on il ərzində, - artıq iki regional proqram icra edilibdir, - buna nail ola bilmişik.

Ancaq Bakı şəhərinin sürətli inkişafı əlbəttə ki, bu fərqi tam aradan qaldırmağa imkan vermir və bu da təbiidir. Çünki Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir və öz təəccübünü gizlədə bilmir. Mənim çoxsaylı təmaslarımda, xarici qonaqlarla görüşlərimdə, demək olar onların mütləq əksəriyyəti qeyd edir ki, Bakının bu dərəcədə gözəl olduğunu gözləmirdilər. Bakı gözəl şəhərdir, gözəl təbiəti, gözəl ab-havası vardır.

Bakının gözəlliyi təkcə binalarda deyildir. Bakının gözəlliyi şəhərimizdə olan tarixi ab-havadadır. Gözəl şəhərlər, gözəl binalarla dolu olan şəhərlər vardır. Ancaq şəhərin gözəlliyini bunlar müəyyən etmir. Bakının özünəməxsus, spesifik bir aurası, tarixi, tarixi siması vardır. Mən şadam ki, son illər ərzində biz Bakının tarixi simasını qoruya bilmişik. Eyni zamanda, hər bir şəhər kimi Bakının da inkişafı təmin edilməli idi. Hesab edirəm ki, biz burada həm tarixi saxlamaqla, memarlıq abidələrini bərpa etməklə, eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni binaların tikilməsi istiqamətində də çox düzgün siyasət aparmışıq ki, müasirliklə qədim tarix burada – Bakıda ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır.

Bakının bir neçə mərkəzi vardır. Bu da hər bir şəhərdə mövcud olan mənzərə deyildir. İçərişəhər, Azadlıq meydanı, “Azneft” meydanı tarixi mərkəzdir. Hazırda Bayraq Meydanı mərkəzə çevrilibdir, Bulvar, onun yenilənmiş variantı və Yeni Bulvar, “Ağ Şəhər” Bulvarı, Heydər Əliyev Mərkəzi, mərkəzi park - görün, Bakıda son illər ərzində nə qədər ictimai yerlər abadlaşıb, yaradılıb. Biz bu istiqamətdə siyasəti davam etdirəcəyik. Bu barədə bir qədər sonra danışacağıq.

Yəni, regional inkişaf proqramının qəbul olunması, ölkə iqtisadiyyatına qoyulan sərmayə, xarici sərmayə üçün yaradılan şərait bizim dinamik inkişafımızı təmin edib. Əgər fikir vermisinizsə, son vaxtlar biz neft-qaz sektorunun inkişafı ilə bağlı o qədər də geniş müşavirələr keçirmirik. Çünki burada hər şey yerinə oturubdur.

Azərbaycanın neft strategiyası 1990-cı illərdə müəyyən edilibdir. Bu strategiyanı icra edirik. Əlbəttə ki, son on il ərzində neft-qaz sektorunun inkişafı, maraqlarımızın təmin edilməsi üçün tarixi nailiyyətlər əldə edilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərləri, “Şahdəniz” layihəsinin icrası, “Şahdəniz-2” layihəsinə start verilməsi xalqımız üçün, gələcək üçün böyük bir nailiyyət olacaq və ölkəmizin müstəqil inkişafını təmin edəcəkdir.

Çünki biz 22 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Dünyaya, özümüzə sübut edə bilmişik ki, müstəqil ölkə kimi nəinki yaşaya, inkişaf da edə bilərik və dünya miqyasında ən sürətlə inkişaf edə bilərik. Bu, bizim böyük nailiyyətimizdir, uğurumuzdur, xalqımızın qələbəsidir. Biz çalışmalıyıq ki, Azərbaycan bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin.

Buna nail olmaq üçün əlbəttə ki, hamımız çox fəal işləməliyik. Deyə bilərəm ki, cəmiyyətdə də çox gözəl ab-hava vardır. Cəmiyyət bizim siyasətimizə öz səsini əlavə edir. Bu dəstək olmasa idi, biz bu nailiyyətlərə çata bilməzdik. Ona görə gələcək illərlə bağlı konkret proqramların icrası nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir. Qeyri-neft sektorunun inkişafı davam etdirilməlidir. Yüksək texnologiyaların inkişafı təmin ediləcəkdir.

Azərbaycan artıq kosmik dövlətdir. Kim bunu bir neçə il bundan əvvəl təsəvvür edə bilərdi?! Kim təsəvvür edə bilərdi ki, bu gün o qədər də sayca böyük olmayan kosmik kluba Azərbaycan da üzv olacaqdır?! Yəni, bu, mümkündür. İradə, düşünülmüş siyasət və dövlət maraqları ön yerdə olan halda bütün bu nailiyyətlərə çatmaq mümkündür.

Ona görə bizim müstəqillik illərindəki təcrübəmiz, bugünkü maliyyə vəziyyətimiz, hökm sürən sabitlik, ictimai-siyasi asayiş imkan verir ki, biz ölkəmizi uğurla inkişaf etdirək, inamla idarə edək. Dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, biz öz yolumuzla gedirik. Bu yoldan bizi heç kim döndərə bilməz. Bizim yolumuz müstəqillik yoludur, inkişaf yoludur. Bu yolda əminəm ki, biz yeni qələbələrə nail olacağıq.

Bakı şəhərinin və xüsusilə onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının da çox böyük əhəmiyyəti vardır. Çünki Bakıda hələ bir çox infrastruktur layihələri icra edilməli idi. Xüsusilə qəsəbələrdə böyük işlər görülməli idi. Bu Proqramın əsas mahiyyəti ondan ibarət idi ki, Bakı şəhərinin hər bir rayonunda ən müasir şərait yaradılsın. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyildir. Bakının mərkəzdən uzaq olan yerlərində də inkişaf getməlidir və gedir. Burada, foyedə nümayiş etdirilən stendlərdə son iki il ərzində görülən işlər haqqında məlumat verilir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı qısamüddətli proqram idi. Cəmi iki il yarımı əhatə edirdi. Mən başa düşürdüm ki, bu, çox az bir müddətdir. İki il yarım ərzində bütün məsələləri həll etmək mümkün deyildir. Ancaq qarşıya hədəf qoyulmuşdur ki, biz nə qədər mümkündürsə, Bakıda bütün problemlərin həllinə tez nail olaq.

Proqram qəbul olunandan sonra onun icrası başlamışdır. Əlbəttə ki, dövlət büdcəsində Bakı şəhərinin və onun qəsəbələrinin inkişafı məsələləri öz əksini tapmışdır. Qısa müddət ərzində böyük işlər görülmüşdür, infrastruktur layihəsi icra edilmişdir. Bu gün Bakıda elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, yoxdur. Yığımla bağlı problemlər yoxdur. Vaxtilə ən böyük problemlərdən biri də ödəməmələr idi. Dövlət qurumları bir-birinə olan borcları ödəyə bilmirdilər. Beləliklə, çox qeyri-sağlam vəziyyət yaranmışdı. Artıq bu, keçmişdə qaldı.

Qazlaşdırma ilə bağlı demək olar ki, problem öz həllini tapmışdır. Bakı şəhəri təxminən 100 faizə yaxın qazlaşdırılıbdır. Qazlaşdırılmayan yerlərə də qaz çəkiləcəkdir. Su-kanalizasiya layihələrinin icrası istiqamətində genişmiqyaslı işlər başlamışdır. Bu işlər davam etdiriləcəkdir. Biz bu barədə danışacağıq.

Bakının istilik sisteminin bərpa edilməsi məsələsi kəskin şəkildə dayanmışdır. Çünki sovet vaxtında quraşdırılan avadanlıq sıradan çıxmışdır. Ondan sonra bəzi hallarda vətəndaşlar batareyaları kəsib kənara atmışlar. Ona görə bəzi yerlərdə bu günə qədər də istiliyi bərpa etmək çətindir. Ancaq buna baxmayaraq, bu istiqamətdə də işlər gedir.

Bakının yolları bərpa olunur, təmir edilir, yeni yollar açılır. İctimai zonalar yaradılır. Qəsəbələrlə bağlı kompleks tədbirlər icra edilir. Qəsəbələrin problemlərini biz bilirik. Mən Bakı qəsəbələrində tez-tez oluram. Biz problemləri dərindən öyrənirik və son iki il ərzində onların bir hissəsi, deyə bilərəm ki, böyük hissəsi həll olunmuşdur. Qalan hissəni də biz yaxın illərdə həll edəcəyik. Qəsəbələrarası yolların tikintisi sürətlə gedir. Bu yollar təkcə qəsəbələrarası yollar deyil, bütövlükdə Bakı şəhərinə xidmət göstərir. Yeni yollar çəkilir, bərpa edilir, genişlənir. Yəni, Bakıda yaşayan vətəndaşlar bunların hamısını yaxşı bilir. Bəlkə də bu barədə çox danışmağa ehtiyac yoxdur.

Ancaq biz kompleks şəkildə yanaşmışıq ki, qəsəbələrdə bütün məsələlər öz həllini tapsın. Məktəb, xəstəxana, yollar, su, kanalizasiya, işıq, qaz, iş yerləri, - bu məsələyə də diqqət göstərilir. Əgər ilkin mərhələdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox bölgələrə kreditlər ayrılmışdısa, hazırda Bakı qəsəbələrinə də güzəştli şərtlərlə böyük həcmdə kreditlər ayrılır.

Yəni, biz bu istiqamətdə, yenə də demək istəyirəm ki, böyük işlər görmüşük. Görüləcək işlər çoxdur. Ona görə biz bu gün - ilin sonunda Bakı və onun qəsəbələrinin inkişaf proqramının başa çatması ilə əlaqədar bu konfransı keçiririk. Burada indi vəzifəli şəxslər çıxış edəcəklər. Biz gələcək planlarımız haqqında fikir mübadiləsi aparacağıq.

X X X

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxışında dövlətimizin başçısının “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın reallaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirələrin, quruculuq işləri ilə bağlı imzaladığı sənədlərin əldə edilmiş uğurlar üçün əsaslı zəmin olduğunu vurğuladı. Nəhəng quruculuq işlərinin miqyasını konkret faktlarla əsaslandıran Hacıbala ABUTALIBOV dedi:

- Azərbaycan Respublikası Prezidentinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən Bakı şəhəri üzrə inşası və əsaslı təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş 174 orta məktəb, 7 texniki peşə məktəbi, uşaq yaradıcılıq mərkəzləri və 121 uşaq bağçası–körpələr evinin əsaslı təmir-tikintisi başa çatdırılmış, başqa sözlə, 302 obyektdə əsaslı təmir-tikinti işləri aparılmış və ya sökülərək yenidən tikilmiş, 39 orta məktəbdə 776 sinifli 14920 şagird yerlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilmişdir. Hazırda 12 orta məktəbin əsaslı təmiri, 4 orta məktəbin yenidən inşası, 23 körpələr evi–uşaq bağçasının əsaslı təmiri və bir körpələr evi–uşaq bağçasının yenidən inşası işləri davam etdirilir. Qeyd etmək yerinə düşərdi ki, əsaslı təmir-tikinti işləri aparıldıqdan sonra uşaq bağçalarının genişlənməsi hesabına əlavə olaraq 166 qrupun, o cümlədən 3320 uşağın təlim-tərbiyə almasına imkan yaradılmışdır. Bundan başqa, 121 bağçada məskunlaşmış 772 qaçqın ailəsini yeni mənzillərə köçürmək şərti ilə təmir ediləcək həmin bağçalarda daha 12500 uşağın təlim-tərbiyə alınmasına şərait yaratmaq olar.

Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planına əsasən Bakı və onun ətraf qəsəbələrinə keçən müddət ərzində 3 milyon kvadratmetrdən artıq asfalt örtüyü çəkilmiş, 8956 ədəd elektrik dirəkləri quraşdırılmış, yeni idman meydançaları salınmış, ətraf mühitin çirklənməsinin qarşısını almaq və yerli sakinlərin asudə vaxtlarını səmərəli keçirməsini təmin etmək məqsədilə görülən yaşıllaşdırma işləri nəticəsində xeyli miqdarda park və xiyabanlar insanların istifadəsinə verilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı məktəbəqədər uşaq tərbiyə müəssisələrində baş verən keyfiyyət dəyişikliklərinə də toxunaraq bildirdi:

- Əsaslı təmir-tikintisi başa çatdırılıb istismara qəbul olunan bütün uşaq bağçaları, uşaq evləri ən müasir avadanlıqla təchiz edilmiş, standartlara uyğun gün ərzində 4 dəfə olmaqla təzə ərzaqla təmin olunması və digər təminat məsələləri dövlət tərəfindən yüksək səviyyədə həll edilmiş və daimi nəzarətə götürülmüşdür.

Bu istiqamətdə atılan uğurlu addımlarla bağlı bir məsələni xüsusi olaraq qeyd etmək istərdim. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri Bakı şəhəri və onun ətraf qəsəbələrinin abadlaşmasında əlahiddə xidmətləri olmuş Mehriban xanım Əliyevanın təşəbbüsündən və məqsədyönlü addımlarından sonra adı çəkilən müəssisələrin əməli fəaliyyətində müsbət istiqamətə yönəlmiş əsaslı dəyişikliklər müşahidə olunmuşdur. Bunun nəticəsidir ki, əvvəllər dövlət təminatlı uşaq bağçalarına uşaqları cəlb etmək problemi var idisə, indi əksinə, dövlət təminatlı uşaq bağçalarına tələbat artdığından valideynlər öz uşaqlarını uşaq bağçasına qoymaq üçün növbəyə yazılmalı olurlar.

Yeri gəlmişkən, diqqətinizə çatdırmaq istərdim ki, təqdim olunan məlumatlara əsasən Bakı şəhəri üzrə 94 orta məktəbin təmirinə, eyni zamanda, birnövbəli sistemə keçid üçün 109 əlavə korpusun, 28 yeni məktəbin tikilməsinə və 20 min 109 uşağın təlim-tərbiyə aldığı daha 192 uşaq bağçasının əsaslı təmirinə, 9 min 300 uşağın təlim-tərbiyə alması üçün 183 yeni bağçanın tikilməsinə ehtiyac vardır.

Hacıbala Abutalıbov Prezident İlham Əliyevin əhali ilə mütəmadi görüşlərinin, insanlarla birbaşa təmasda olaraq onların problemləri ilə yaxından tanış olub yerindəcə həll edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsini paytaxtın və ətraf qəsəbələrin sürətli inkişafı haqqında qərarların qəbul edilməsində, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əlavə tədbirlər planlarının həyata keçirilməsində müstəsna rolundan danışaraq dedi:

- Sizinlə görüşdə yerli sakinlərin xahişini nəzərə alaraq verdiyiniz göstəriş əsasında inşa olunmuş göz oxşayan, insanların daimi istirahət guşəsinə çevrilmiş Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən parkı, Suraxanı, Sabunçu, Xəzər, Qaradağ və digər rayonlarda, qəsəbələrdə salınmış yeni yolları, Zeynalabdin Tağıyevin Mərdəkan qəsəbəsində tikdirdiyi məktəbin binasının bərpasını, möhtərəm Prezidentimizin orta məktəblərdə birnövbəliyə keçidlə bağlı verdiyi tapşırığa əsasən tikilmiş yeni məktəb korpuslarını, idman zallarını, Nəsimi və Səbail rayonlarında dünya standartlarına cavab verən parkinqləri, parkları və bir çox obyektləri göstərmək olar.

Hacıbala Abutalıbov paytaxtın sosial infrastrukturunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sırasında şəhərin lift təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışaraq qeyd etdi ki, 2013-cü ildə Bakıya yüksək standartlara cavab verən min lift qurğusu gətirilmişdir. Növbəti ildə daha min liftin alınması nəzərdə tutulmuşdur.

Bildirildi ki, bu və digər tədbirlər bütövlükdə əhalinin rahatlığına və şəhərin gözəlləşməsinə xidmət edir.

X X X

Ölkə iqtisadiyyatının güclənməsinin əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsi ilə yanaşı, şəhər və kəndlərimizin, o cümlədən paytaxt Bakının və onun ətraf qəsəbələrinin simasının əsaslı şəkildə dəyişməsi ilə müşayiət olunduğunu bildirən iqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV dedi:

- Möhtərəm cənab Prezident!

Sizin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlamağınız və hər bir sahə üzrə verdiyiniz tapşırıq və tövsiyələr proqramın uğurlu icrasını təmin etmiş, Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Müəyyən etdiyiniz iqtisadi strategiyaya və prioritet vəzifələrə uyğun olaraq, yol-nəqliyyat, qaz, enerji, su-kanalizasiya, istilik təchizatı, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə layihələr həyata keçirilir. Görülən işlərlə yerindəcə tanış olmağınız, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün verdiyiniz göstərişlər, layihələrin icrasına şəxsi nəzarətiniz əhali tərəfindən çox yüksək qiymətləndirilir.

Möhtərəm cənab Prezident!

İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən proqramın icrası əlaqələndirilmiş və görülən işlər nəzarətə götürülmüşdür. Aparılan monitorinqlərin nəticələri internet saytında yerləşdirilir və proqramda əks olunan bütün sahələr üzrə icraçı qurumların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə mütəmadi müzakirə olunur. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait yönəldilmişdir.

Görülmüş işlər nəticəsində üç il ərzində proqram çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr qaz kəmərləri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası və 264 transformator tikilmiş və ya təmir edilmiş, 4400 kilometr elektrik kabel xətləri çəkilmiş və nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı təmin edilmişdir. Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatmışdır. Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir. Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS rekonstruksiya olunmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber optik kabel çəkilmiş, Bakinternetin qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 qiqabitə çatdırılmışdır.

Aparılan sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, son üç ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmişdir, bir sıra istehsal və emal müəssisələrinin tikintisi davam etdirilir.

Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmiş, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min poqonmetr boru kəmərləri çəkilmiş, 6 baytarlıq məntəqəsi tikilmişdir.

Cənab Prezident, “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinizə uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət Proqramının qəbulundan ötən dövr ərzində Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi çərçivəsində 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilmişdir. Fondun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kreditlər verilmiş və 5300-dək yeni iş yerinin açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir.

İstifadəyə verilmiş və illik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhalini yüksək keyfiyyətli, geniş çeşiddə çörək və çörək məhsulları ilə təmin edir. İllik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan fabriklərin fəaliyyətə başlaması, əhalinin ərzaq təminatının daha da yaxşılaşmasına öz töhfəsini verməkdədir.

Möhtərəm cənab Prezident, insan amilinə xidmət edən sosial siyasətə uyğun olaraq, yeni və müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqla təchiz olunmuşdur. Bundan əlavə, ixtisaslaşdırılmış ruhi-əsəb internat evi əsaslı təmir olunmuş, Bilgəh qəsəbəsində əlillər üçün pansionatın yeni korpusu tikilmiş, 13 səhiyyə obyektində, əlil və yetkinlik yaşına çatmayanlar üçün 4 bərpa mərkəzində işlər davam etdirilir.

Ölkəmizin mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunmuşdur. Proqram çərçivəsində 12 mədəniyyət obyektində təmir-tikinti işləri yekunlaşmış, digər obyektlər üzrə işlər davam etdirilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində, respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülür. Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı istiqamətində 9 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmış, 17 obyektdə isə işlər davam etdirilir.

Cənab Prezident, ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş siyasətiniz, ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir. Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı yaradılmışdır.

Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri bitmək üzrədir. Eyni zamanda, Böyük Şor gölünün ekoloji bərpası üçün layihələndirmə və mühəndislik işlərinə başlanılmışdır.

X X X

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov ölkənin sosial-iqtisadi inkişafının kommunal sektorda, o cümlədən su təchizatı və kanalizasiya sistemində də köklü dəyişikliklərə səbəb olduğunu vurğuladı. Bu sahədə Bakı və ətraf qəsəbələrdə görülən işlər barədə məlumat verən Qorxmaz HÜSEYNOV dedi:

- Son illər Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan” hazırlanmışdır. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınmışdır. 18 bölmədən ibarət olan Master Plan hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülmüşdür.

Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılmışdır.

Belə ki, Su təchizatı sistemində 550 kilometr magistral su kəməri, 8100 kilometr su şəbəkəsi, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı sutkada 1 milyon 300 min kubmetr olan 2 mərkəzi su nasos stansiyası layihələndirilmişdir.

Kanalizasiya sistemində Abşeron yarımadası 11 hövzəyə bölünməklə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr kanalizasiya tunelləri, 680 kilometr kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya şəbəkəsi layihələndirilmişdir.

Cənab Prezident, yarımadanın mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilmişdir. Uzunluğu 61 kilometr olan kəmərin istifadəyə verilməsi nəticəsində tarixən yeraltı sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri də daxil olmaqla Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərində yaşayan əhalinin hazırda 122 min nəfərinin su təminatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Eyni zamanda, tikilən yeni su kəməri mövcud Ceyranbatan-Maştağa xəttinin əhatə etdiyi zonada yerləşən Pirşağı, Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna qəsəbələrinin dayanıqlı su təchizatına da imkan yaratmışdır.

Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhəri və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. Bu layihələr Bakı şəhərinin mərkəzi də daxil olmaqla, bütün qəsəbə və yaşayış massivlərini əhatə etmişdir.

Möhtərəm Prezident, Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır. Beləliklə, Bakı şəhəri və ətraf qəsəbələrdə xidmət göstərilən əhalinin 78 faizinin fasiləsiz içməli su təminatına nail olunmuşdur. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən Mərkəzi Laboratoriya tikilib Sizin iştirakınızla istifadəyə verilmişdir.

Cənab Prezident, Dövlət Proqramı çərçivəsində 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilmiş, uzun illər lillənərək suburaxma imkanını 50 faizə qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi maşınlarla yuyularaq təmizlənmişdir. 320 min nəfərin yaşadığı 1220 binanın zirzəmisində 6000 metr kanalizasiya xətləri yenilənmiş və ya bərpa edilmiş, nəticədə həmin binaların zirzəmilərinin sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırılmışdır.

Uzunluğu 6 kilometr olan kanalizasiya kollektorunun tikilməsi, Sahil və Dairəvi kollektorların təmizlənməsi nəticəsində buxtaya sutka ərzində axan 170 min kubmetrə qədər çirkab suyun qarşısı alınaraq Hövsan Aerasiya Stansiyasına yönəldilmişdir. Hövsan Aerasiya Stansiyasında görülən əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılmış, lilin emalı ilə bağlı son texnologiya tətbiq olunmuşdur. Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından 16 nöqtədən axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 kilometr olan kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınmışdır.

Başa çatdırılmış bu işlərlə yanaşı, içməli su təchizatında müstəsna əhəmiyyət kəsb edəcək, təməli Sizin tərəfinizdən qoyulmuş, məhsuldarlığı sutkada 520 min kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir və 2014-cü ildə başa çatdırılacaqdır.

Mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan Zirə, Türkan, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin edəcək Qala-Zirə-Pirallahı kəmərinin davam edən tikintisi də 2014-cü ildə başa çatdırılacaqdır. Abşeron yarımadasında yaranan çirkab suların idarə olunması üçün 11 ünvanda ümumi uzunluğu 50 kilometr olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə start verilmişdir.

Qarşıdakı illərdə yeni Dövlət Proqramına uyğun olaraq ətraf qəsəbələrdə 450 kilometr magistral su xəttinin və ümumi tutumu 500 min kubmetr olan 50 su anbarının, 6500 kilometr içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan bütün əhali fasiləsiz içməli su ilə təmin olunacaqdır.

X X X

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın reallaşması üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlərdən danışan qurumun sədri Yaşar HƏSƏNOV dedi:

- Bakı şəhərinin və onun qəsəbələrinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı layihələrinin həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan vermişdir.

Dövlət Proqramına uyğun olaraq 2011-2013-cü illər ərzində yalnız “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edilmişdir.

Dövlət Proqramında təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası ilə bağlı icrası “Azəristiliktəchizat” ASC tərəfindən nəzərdə tutulmuş bəzi layihələr Bakı şəhər İcra Hakimiyyəti və aidiyyəti nazirliklər tərəfindən binaların əsaslı təmiri layihələri çərçivəsində tam həyata keçirilmişdir.

Proqramın icrası müddətində yaranmış zəruriyyətlə əlaqədar əlavə olaraq 3 məktəbin və 1 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemi tamamilə yenidən qurulmuş, 4 yeni qazanxana tikilmiş, 5 qazanxana ən müasir avadanlıqlar quraşdırılmaqla tam modernləşdirilmiş, rayonun istilik qazanxanalarından qidalanan 9 istilik məntəqəsi yenidən qurulmaqla məhəlli qazanxanaya çevrilmiş, 101 yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemi tamamilə yenidən qurulmuşdur.

Həyata keçirilən bütün bu tədbirlər nəticəsində Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə uzun illər istiliklə təmin edilməyən çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilmişdir. Yeni yaradılmış Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılmışdır. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir.

Həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə yalnız Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan vermişdir. “Azəristiliktəchizat” ASC-nin yaradıldığı 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artmışdır.

Əlavə olaraq bildirmək istərdim ki, Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılmışdır və hazırda son sınaq sazlama işləri aparılır və həmin qazanxanalar yaxın günlərdə istismara buraxılacaqdır ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcəkdir.

X X X

Dövlət başçısı konfransda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

- Burada səslənən çıxışlarda son iki il ərzində proqramın icrası ilə bağlı məsələlər öz əksini tapmışdır. Bütövlükdə deyə bilərəm ki, bu proqramın icrası şəhərimizin abadlaşması üçün çox böyük addım olmuşdur. Düzdür, proqramda nəzərdə tutulmuş bəzi məsələlər öz həllini tapmamışdır. Sadəcə olaraq vaxt çatmadı. Bu məsələlər öz həllini tapacaqdır. Ancaq, eyni zamanda, proqramda nəzərdə tutulmayan məsələlər sonra proqrama əlavə olundu.

Bir sözlə, deyə bilərəm ki, proqramın icrası müsbət olmuşdur. Əminəm ki, başa çatdıra bilmədiyimiz məsələləri də biz gələcək illərdə həll edəcəyik. Xüsusilə növbəti illərdə Bakının və onun qəsəbələrinin infrastruktur obyektlərinə daha da böyük diqqət göstərilməlidir. Elektrik enerjisi ilə təchizatda hazırda problem yoxdur. Son illər ərzində ölkəmizdə bir çox elektrik stansiyası tikilmişdir. Deyə bilərəm ki, biz öz enerji potensialımızı böyük dərəcədə gücləndirə bilmişik. Son on il ərzində tikilən stansiyaların istehsal gücü mövcud potensialımızın təxminən 40 faizini təşkil edir. Əgər o stansiyalar tikilməsəydi, bu gün biz ölkəmizin uğurlu inkişafına nail ola bilməzdik. Ona görə, 2004-cü ildən başlayaraq Azərbaycanda elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır, bölgələrdə və eyni zamanda, Bakıda. Beləliklə, biz bu problemi aradan qaldırmışıq.

Ancaq son on il ərzində elektrik enerjisinə olan tələbat böyük dərəcədə artmışdır. Bu da təbiidir. Çünki son on il ərzində həm iqtisadiyyat, sənaye artmışdır, insanların rifah halı yaxşılaşmışdır. Əgər əvvəlki illərdə bizdə qışda və yayda enerji sərfiyyatında fərq var idisə, indi bu fərq yoxdur. Nə üçün? Çünki əvvəlki illərdə yay aylarında daha az istifadə olunurdu. Ancaq son illərdə insanların yaşayış səviyyəsinin yaxşılaşması nəticəsində demək olar ki, vətəndaşlarımızın əksəriyyəti kondisionerlər əldə etmişlər və beləliklə, yayda da enerjiyə olan tələbat artmışdır.

Ancaq biz gələcəkdə yeni stansiyaların tikintisinə başlayacağıq. Eyni zamanda, Bakı şəhərində və bölgələrdə yarımstansiyaların tikintisi də nəzərdə tutulmalıdır. Çünki bizim uğurlu inkişafımız bunu tələb edir. Tələbat artır və mövcud potensial tələbatdan çox, ondan böyük olmalıdır. Biz öz inkişaf dinamikamızı bilirik. Bilirik ki, on il bundan sonra Azərbaycan necə inkişaf edəcəkdir. Ona görə, yeni stansiyaların tikintisinə böyük ehtiyac vardır.

Hazırda Bakıda yeni böyük elektrik stansiyası tikilir – “Şimal-2”. Ola bilər ki, bir dənə də böyük stansiyanın tikintisinə ehtiyac olacaqdır. Ötürücü xətlər də yenilənir. Ötürücü xətlərin yerin altına salınması prosesi də gedir. Biz buna da nail oluruq. Bir sözlə, elektrik təchizatı ilə hazırda şəhərdə heç bir problem yoxdur. Ancaq gələcəyə baxmaq lazımdır və daim bu sahə diqqət mərkəzində olmalıdır.

Qazlaşdırma da demək olar ki, Bakı şəhərində öz həllini tapmışdır. Qazlaşdırma 96 faizdir. Qazlaşdırılmayan məntəqələr, yerlər də qazlaşdırılmalıdır ki, Bakı şəhəri 100 faiz qazla təmin edilsin.

Bütövlükdə ölkə üzrə qazlaşdırmanın templəri çox yüksəkdir. Biz təqribən 90 faizə yaxınlaşırıq. Hətta sovet dövründə qazlaşdırılmayan rayonlara, kəndlərə qaz xətləri çəkilir. Yəni, bu, daha çox sosial xarakter daşıyan təşəbbüsdür. Biz bunu edirik, etməliyik ki, insanlar qazla təmin olunsunlar.

İçməli su və kanalizasiya layihələri isə bu gün deyə bilərəm ki, Bakı üçün, ölkəmiz üçün ən vacib olan məsələdir. İndi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir. Bəzi rayon mərkəzlərində, şəhərlərdə artıq bu, icra edilibdir. Bu da tarixi nailiyyətdir. Çünki biz həmişə sudan əziyyət çəkirdik, su qıtlığını yaşayırdıq. Azərbaycanda kanalizasiya sistemi nasaz vəziyyətdə idi. İçməli su ilə də problemlər var idi, fasilələrlə verilirdi. Bu gün də hələ Bakının bir hissəsi fasilələrlə içməli su alır. Yəni, bu sahəyə də göstərilən diqqət öz nəticəsini verir. Ümid edirəm ki, növbəti illərdə bu məsələ tam şəkildə öz həllini tapacaqdır. Oğuz-Qəbələ-Bakı, Taxtakörpü su kəmərləri, su anbarları və gələcək illərdə görüləcək işlər imkan verəcəkdir ki, biz bu problemi tam şəkildə həll edək. Bakıda ən müasir standartlara cavab verən kanalizasiya sistemi və yeni su xətləri yaradılmalıdır, yaradılacaqdır və bu məsələ birdəfəlik öz həllini tapacaqdır.

Eyni zamanda, istilik sisteminin bərpası prosesi gedir. Hələ görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakıda istiliyi 100 faiz təmin edək. Bu, həm bir tərəfdən sosial bir layihədir, eyni zamanda, istilik olan yerdə elektrik enerjisinə tələbat da azalır. Çünki qış aylarında qızdırıcılara ehtiyac qalmayacaqdır. Yəni, bu işlər kompleks şəkildə öz həllini tapacaqdır. Mən buna şübhə etmirəm. Sadəcə olaraq istəyirəm ki, bu, tezliklə öz həllini tapsın. Vaxtilə elektrik enerjisi ilə olan problemlər də öz həllini tapmışdır. O vaxt mən demişdim ki, həm ölkə üzrə, o cümlədən Bakı şəhərində düzdür, çətinliklər, problemlər var idi. “Bakıelektrikşəbəkə”ni biz dövlət nəzarətinə qaytardıq. Ondan sonra investisiya da qoyuldu və məsələ öz həllini tapmağa başladı. Çətinliklər hər yerdə vardır. O vaxt mən yaxşı xatırlayıram, demişəm, elə olmalıdır ki, hər bir yerdə, hər bir evdə hər bir vətəndaş düyməni basıb elektrik enerjisi almalıdır.

Eyni sözləri mən indi digər infrastruktur layihələrinə də aid edirəm. Elə olmalıdır ki, hər bir vətəndaş evində kranı açıb suyu ala bilsin, istilik də, qaz da, işıq da olmalıdır. Yəni, bu, hansısa böyük qəhrəmanlıq deyildir. Bu, təbii ehtiyaclardır. Biz bunu təmin etməliyik. Vaxtilə bunlar olmayıbdır. Həmişə bizim vətəndaşlarımız əziyyət çəkiblər. Ancaq olmalıdır və olacaqdır. Azərbaycan kimi inkişafda olan ölkədə, Bakı kimi gözəl bir şəhərdə biz belə problemləri saxlaya bilmərik, buna dözə bilmərik.

Ona görə, növbəti illərdə bu, həm dövlət investisiya proqramında nəzərdə tutulacaqdır, eyni zamanda, bütün işlər yüksək keyfiyyətlə və qısa müddət ərzində öz həllini tapmalıdır. Bakıda içməli su ilə təminat yaxşılaşıb. Son iki il ərzində böyük inkişaf, irəliləyiş vardır. Elə etməliyik ki, növbəti üç il ərzində Bakı şəhərində su, kanalizasiya problemi olmasın. Bir daha demək istəyirəm ki, bütün bu işlər dünyanın ən yüksək standartlarına cavab verməlidir.

Burada lift təsərrüfatı haqqında söhbət açıldı. Bu da çox vacib məsələdir. Mən bir müddət bundan əvvəl maraqlandım ki, lift təsərrüfatı hansı vəziyyətdədir, bu sahədə vəziyyət necədir?! Mənə məlumat verildi ki, böyük problemlər vardır. Bəzi hallarda işləmir, köhnəlib, nasaz vəziyyətdədir. Ona görə, qərar qəbul edildi ki, biz dünyanın aparıcı firmalarının istehsalı olan liftləri Bakıya gətirək. Nəinki Bakıda, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində də lift təsərrüfatı yenilənir. Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. İndi burada məlumat verildi ki, min ədəd lift gətirilmişdir, quraşdırılır. Növbəti illərdə biz Bakının lift təsərrüfatını tam şəkildə yenidən qurmalıyıq. Bu da bundan sonra onilliklər ərzində bu məsələnin həllini təmin edəcəkdir.

Eyni zamanda, yaşayış binalarının həyətləri də abadlaşmalıdır. İndi Bakıda müxtəlif yerlərdə, - bu gün bu barədə mən dedim, - parklar, bağlar salınır. Elə etməliyik ki, insanların yaşadıqları evlərin həyətləri də abadlaşdırılsın, harada mümkündürsə kiçik idman meydançaları tikilsin. İnsanların rahatlığı üçün nə lazımdırsa biz bunu etməliyik və edəcəyik.

Bakının, xüsusilə onun qəsəbələrinin ən ciddi problemlərindən biri yol təsərrüfatıdır. Bakı qəsəbələrində bu Proqram başlamazdan əvvəl əksər yollar torpaq yollar idi. Yağış yağan kimi o yollar bərbad vəziyyətə düşürdü. Ümumiyyətlə, biz Bakıda, qəsəbələrdə torpaq yollarını aradan qaldırmalı idik və bu məqsədlə Proqramda konkret tədbirlər planı nəzərdə tutulmuşdur. Düzdür, bu məsələlər kanalizasiya və su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. Çünki ilk növbədə kommunikasiyalar çəkilməlidir, ondan sonra yollar salınmalıdır. Burada həm şəhər icra hakimiyyəti, həm də İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət edirlər ki, bu məsələlər paralel şəkildə öz həllini tapsın.

Qəsəbələrarası yollar yenidən qurulur. Biz artıq bunu görürük. Bu iş gələcəkdə davam etdiriləcəkdir. Qəsəbədaxili yollar bir qədər diqqətdən kənarda qalır. Ancaq qəsəbələrə tez-tez səfər edərkən vəziyyətlə maraqlanıram. Hələ ki, görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakı qəsəbələrində daxili yolların hamısı asfalt yollar olsun. Orada bir dənə də torpaq yol qalmamalıdır. Ona görə, növbəti Proqramda bu məsələlər öz həllini tapmalıdır. Konkret hər qəsəbə üzrə Proqramda göstərilməlidir ki, neçə kilometr yol çəkiləcəkdir. Bunun çəkilmə müddəti göstərilməlidir ki, bu məsələ də birdəfəlik şəkildə öz həllini tapsın.

Şəhər nəqliyyatı ilə bağlı son illərdə irəliləyiş vardır. Artıq bir dənə də olsun köhnə marşrut avtobusu, marşrut taksisi yoxdur. Artıq onlar yaddan çıxır. Amma biz yaxşı xatırlayırıq ki, bu, şəhərə nə qədər yaraşmayan bir nəqliyyat vasitəsi idi. Yeni avtobuslar alınıbdır. Ancaq hesab edirəm ki, Bakı kimi gözəl şəhər üçün daha da gözəl avtobuslar gətirilməlidir. Mən artıq müvafiq göstərişlər verdim. İndi baxmaq lazımdır ya özəl qurumlar, ya Nəqliyyat Nazirliyi, ya Bakı Şəhər İcra Hakimiyyəti, ya hər birisi bu işlə məşğul olsun. Mən burada istisna etmirəm ki, dövlət xətti ilə də yeni avtobusların gətirilməsi təmin edilə bilər. İnsanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır. Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”, əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir.

Ona görə, dövlət orada tarif siyasətini uğurla apara bilər. Bildiyiniz kimi, Azərbaycanda olan kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir. Dövlət investisiyaları da cəlb edilə bilər bu sahələrə. Ona görə şəhər nəqliyyatı ilə bağlı məsələyə baxmaq lazımdır, təkliflər verilməlidir. Xüsusilə əlavə avtobuslar, taksilər alınmalıdır ki, insanlar özlərini daha da rahat hiss etsinlər.

İnsanların rahatlığı üçün nə lazımdırsa biz bunu etməliyik və edəcəyik.

Metro tikintisi Azərbaycanda geniş vüsət almalıdır. Konkret Proqram qəbul edilibdir. Metro tikintisi ilə bağlı xüsusi müşavirə də keçirmişdim. Hazırda bizdə 23 stansiya vardır. Son illərdə bir neçə stansiya tikilmişdir. Ancaq Proqrama əsasən 2035-ci ilə qədər Azərbaycanda, Bakıda 70 stansiya tikilməlidir. Deməli, hər il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu çox böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan məsələdir. Çünki bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir. Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir. Əlbəttə, nə qədər çox stansiya tikilərsə dövlət büdcəsinə bir o qədər də çox yük olacaqdır. Ancaq biz bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq.

Bizdə qaz tarifləri də ən aşağı səviyyədədir. Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də. Yəni, bütün bunları dövlət tənzimləyir. Bütün bunlar dövlət tərəfindən ödənilir. O cümlədən, metro tikintisi də dövlət investisiyası hesabına icra edilir. Metronun istismarı da bir daha demək istəyirəm ki, subsidiyalar əsasında öz həllini tapır.

Bizim planlarımız böyükdür. Çünki ictimai nəqliyyat elə rahat olmalıdır ki, insanlar daha çox ictimai nəqliyyatdan istifadə etsinlər. Düzdür, indi insanların rifah halı yaxşılaşır, biznes mühiti çox müsbətdir. Azərbaycana hər il yüz min, bəlkə də ondan çox avtomaşın idxal edilir. Yəni, əgər rifah halı yaxşılaşmasaydı, bunların heç biri mümkün olmazdı. Əlbəttə, gətirilən on minlərlə, yüz minlərlə maşın yol infrastrukturuna əlavə təzyiq göstərir. Ona görə tıxaclar yaranır. Biz nə qədər yol qovşağı, tunel, yol ötürücüsü tiksək də, yenə də bu, təzyiq olacaqdır. Son 10 il ərzində onlarla tunel, yol ötürücüsü, yol qovşağı, yeni yollar tikilmişdir. O yollar yox idi. Misal üçün, təbiidir ki, indi hər şey tez unudulur. Ancaq bu gün aeroportu şəhər ilə birləşdirən ikinci yol fəaliyyət göstərir ki, bu yol heç vaxt olmamışdır. Şəhərin içində nə qədər yol genişləndi. Aeroport yolu iki dəfə genişləndi. Əgər genişlənməsəydi nə olacaqdı?! Digər yerlər də, harada mümkündürsə biz yeni yolları, damarları açırıq ki, şəhər nəqliyyatı rahat fəaliyyət göstərsin. Biz bu prosesi gələcəkdə də davam etdirəcəyik. Yeni yol qovşaqlarının, yolların tikintisi nəzərdə tutulur. Ancaq ictimai nəqliyyat elə olmalıdır ki, insanlar rahat istifadə etsinlər. Onların içində metro ən ucuz, ən rahat nəqliyyat vasitəsidir. Metro tikintisi növbəti illərdə sürətlə aparılacaqdır.

Sosial infrastrukturun yaradılması ilə bağlı son illərdə böyük işlər görülmüşdür. Bakı şəhərində məktəblərin bərpası, tikintisi gedir. Məktəblərin böyük əksəriyyəti yüksək səviyyədə təmir edilmişdir. Ancaq təqribən 90-a yaxın məktəbdə təmir işləri aparılmalıdır. Hesab edirəm ki, əgər biz əvvəlki illərin templəri ilə getsək 2014-cü və 2015-ci illərdə Bakıda məktəb tikintisi, təmiri problemi tam aradan qalxacaqdır. Yeni təmir olunmuş məktəblər ən müasir avadanlıqla da təmin edilir.

Uşaq bağçaları problemi çox ciddi problemdir. Xüsusilə son illərdə valideynlər uşaqlarını daha çox uşaq bağçalarına vermək istəyirlər. Bu da təbiidir. Çünki uşaq bağçaları çox yüksək səviyyədə təmir edilibdir. Ancaq bizim mövcud imkanlarımız hələ ki, məhduddur. Deyə bilərəm ki, uşaq bağçaları ilə təminat təqribən 20-25 faizdir. Ona görə, biz növbəti illərdə uşaq bağçalarının tikintisinə, təmirinə böyük diqqət verməliyik. Yaxşı ki, vaxtilə - sovet dövründə həm məktəblər, həm uşaq bağçaları elə tikilmişdi ki, onların həyəti çox genişdir, böyükdür və orada yeni korpuslar tikmək mümkündür. Bu imkandan da istifadə etməliyik. Ondan sonra yeni yerlər müəyyən edilməlidir. Yeni yaşayış binaları, yeni massivlər tikilərkən orada məktəb və uşaq bağçası nəzərdə tutulmalıdır. Bunsuz tikinti üçün icazə verilməməlidir. Biz çalışmalıyıq, maksimum dərəcədə insanları uşaq bağçaları ilə təmin edək ki, bu məsələ də öz həllini tapsın.

Tibb ocaqları bərpa edilir, Bakı şəhərində yeniləri tikilir. 150-dən çox tibb müəssisəsi vardır. Onlardan son illər ərzində 41-i təmir edilib və tikilib, 13 müəssisədə təmir işləri gedir. Bakıda böyük Sağlamlıq Mərkəzi tikilir. Tibbi xidmət əlbəttə ki, yüksək səviyyədə olmalıdır. Yəni, bu da sosial infrastrukturun yaradılması deməkdir. Bu məsələ də daim diqqət mərkəzindədir. Qəbul ediləcək növbəti proqramda da əlbəttə ki, bu məsələlər öz həllini tapacaqdır.

Ekoloji tədbirlər görülür və görüləcəkdir. Əfsuslar olsun ki, Bakıda 200 ilə yaxın davam edən neft istehsalı ekologiyaya böyük dərəcədə ziyan vurmuşdur. Bu ziyanı biz indi aradan götürürük. Bu, çox çətin, çox böyük vəsait tələb edən məsələdir. Bakıda neftlə, digər tullantılarla çirklənmiş kifayət qədər yerlər vardır. Siz də bunu yaxı bilirsiniz, mən də yaxşı bilirəm. Biz bu yerləri tədricən təmizləyirik, rekultivasiya aparılır. Bu gün çıxışlarda bu, səsləndi.

Bu, böyük vəsait və vaxt tələb edir.

Ancaq deyə bilərəm, görülən işlər sübut edir ki, bu sahədə də biz uğurlara çatacağıq. Çünki misal üçün, Bakının və dünyanın ən qədim neft mədənlərindən biri olan Bibiheybət mədənində indi təmizlik işləri aparılıbdır. İndi buruqların ətrafı təmizdir. Mən demişəm ki, orada ağaclar əkilsin, park salınsın. Bir neçə ildən sonra o buruqlar meşə arasında qalacaqdır.

“Ağ şəhər” layihəsinin icra olunduğu ərazidə vaxtilə Nobel qardaşlarının gördüyü işlər nəticəsində böyük çirklənmə olmuşdur. İndi o torpaqlar oradan çıxarılır, rekultivasiya işləri aparılır. Yeni şəhər içində yeni bir şəhər salınır.

Digər yerlərdə ekoloji tədbirlər görülür. Biz Balaxanıda tullantıların təmizlənməsinə nail ola bilmişik. Bu da hesab edirəm ki, böyük tarixi layihədir. Bu layihəyə başlayanda bir çoxları inanmırdı ki, biz buna nail olacağıq. Çünki siz də yaxşı xatırlayırsınız ki, orada tullantılarla əlaqədar yanğınlar nəticəsində bütün ətrafı tüstü bürüyürdü. Hazırda ora da təmiz bir yerdir, poliqondur. Dövlət hesabına məişət tullantıları zavodu tikilmişdir. İndi məişət tullantılarının idarə edilməsi, utilizasiya ilə bağlı əlavə konkret tədbirlər görülür. Yəni, tullantıların insanların həyətlərindən götürülməyindən məişət tullantıları zavoduna qədər bir zəncir qurulur. Əminəm ki, biz bu sahədə də lazımi səviyyəyə çatacağıq. Burada heç nə icad etmək lazım deyildir. Sadəcə olaraq inkişaf etmiş şəhərlərdə bu məsələlər necə həll olunursa, Bakıda da bu məsələ o səviyyədə öz həllini tapmalıdır.

Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün digər tədbirlər də həyata keçirilir. Ağacəkmə tədbirləri görülür. Düzdür, son illər bu işlər bir az səngiyib. Ancaq hesab edirəm ki, biz buna yol verməməliyik. “Ekologiya ili”ndə daha çox ağac əkilmişdir. Yadımdadır, mən “Ekologiya ili” başa çatanda dedim ki, “Ekologiya ili” rəsmən başa çatır. Ancaq hər il “Ekologiya ili” olmalıdır. Ağacəkmə yaddan çıxmamalıdır. Yerli icra orqanları, bələdiyyələr lazımi vaxtlarda, mövsümdə bu işlərlə ciddi məşğul olsunlar. Biz Bakını daha da yaşıllaşdırmalıyıq. Bu proses daim getməlidir, yaddan çıxmamalıdır.

Bakının ekoloji vəziyyətini ağırlaşdıran o illər boyu mövcud olan göllərdir. O göllərə axıdılan sular çirkab sularıdır, lay sularıdır, neft mədənlərindən çıxan sulardır. Bu göllər həm ekoloji vəziyyəti korlayır, həm ümumi görüntünü pozur. Artıq vaxt gəlib çatıb ki, biz bu məsələ ilə də məşğul olaq. Bu da maliyyə baxımından çox ağır bir məsələdir. O göllərin təmizlənməsi məsələsi gündəlikdədir. Bəzi təklİflər var idi ki, bu göllər qurudulsun. Digər təkliflər var idi ki, təmizlənsin. Hər bir gölə fərdi qaydada yanaşmaq lazımdır. Deyə bilərəm, ictimaiyyət də bunu bilməlidir ki, biz əgər belə demək mümkünsə, ən ağır göldən başlamaq istəyirik. Biz Böyük Şor gölünün təmizlənməsinə başlamaq istəyirik. Böyük Şor gölü min hektarı əhatə edir. Bu, çox nəhəng bir göldür. Ona görə təklif verilmişdir ki, biz bu gölü iki yerə bölək. Göl üzərindən avtomobil yolu çəkiləcəkdir. Belə layihə vardır. Altızolaqlı avtomobil yolu çəkiləcəkdir. Gölün birinci hissəsini - 300 hektar olan sahəni biz təmizləməliyik, şəffaf gölə çevirməliyik. Bu, həm istirahət zonasına çevriləcəkdir, həm nəqliyyat üçün çox vacib bir infrastruktur olacaqdır. Bütövlükdə biz özümüzü bu işlərdə də sınamalıyıq. Yəni, biz buna nail ola biləcəyik, yoxsa yox?

Bu günə qədər Azərbaycanda, Bakıda heç vaxt belə işlər görülməmişdir. Bizim də təcrübəmiz yoxdur. Əlbəttə ki, biz bu sahədə təcrübəsi olan xarici şirkətləri dəvət etmişik, onlarla işləyəcəyik. Ancaq biz baxmalıyıq bu mümkündür, yoxsa yox. Çünki müxtəlif fərziyyələr, müxtəlif fikirlər vardır. Ona görə biz həm özümüzü sınamalıyıq, həm də ki, bu üsuldan istifadə etməliyik.

Əgər istədiyimizə nail ola bilsək, 2015-ci ilin yayına qədər Bakıda 300 hektarı əhatə edən gözəl, təmiz, şəffaf bir göl yaranacaqdır. Digər göllərlə bağlı həm şəhər icra hakimiyyəti, həm İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə işləsinlər, konkret təkliflər versinlər. Ola bilər, biz xüsusi proqram da qəbul edək ki, bu məsələlər də öz həllini tapsın və Bakının ekoloji məsələləri yüksək səviyyədə həll edilsin.

Bakıda ictimai zonaların yaradılması geniş vüsət almışdır. Siz də, ictimaiyyət də bunu yaxşı bilir ki, Bakı ilə, Bakının inkişafı ilə bağlı əsas istiqamətlərdən biri də parkların, bağların salınmasıdır. Hesab edirəm ki, son illər ərzində bu sahədə də böyük nailiyyətlər əldə edilmişdir. Bakı Bulvarı yenidən qurulmuşdur, bərpa edilmişdir. Bu gün dünya miqyasında ən rahat, gözəl istirahət zonalarından biridir. Bakı Bulvarının uzadılması layihəsi də öz həllini tapmışdır, yeni bulvar, Bayraq Meydanı salınmışdır. Bayraq Meydanından Bibiheybət istiqamətinə yeni bulvar salınır. Bibiheybətin birinci, yəni, bu tərəfdən birinci buruğuna qədər orada gəzinti zolağı tikilir. Onun arxasında böyük Su İdmanı Sarayı tikilir, orada digər idman qurğuları, incəsənət şəhərciyi olacaqdır. Digər istiqamətə - Dəniz vağzalından neftayırma zavoduna qədər yeni bulvar yaradılır. Ümumiyyətlə, neftayırma zavodundan Bibiheybət buruqlarına qədər yeni bulvarın uzunluğu təxminən 20 kilometr olacaqdır. Biz daha da uzağa gedə bilərdik, ancaq bax bu iki, necə deyərlər, sədd, yəni, maneə elə bil ki, bizim qarşımızı kəsir. Neftayırma zavodunu biz indi köçürə bilmərik. Yeni, Bakıda, Qaradağ rayonunda neftayırma zavodunun tikintisi nəzərdə tutulur. O zavod tikiləndən sonra, - hesab edirəm ki, təxminən 5 il çəkər, - köhnə neftayırma zavodunun köçürülməsi də mümkün olacaqdır və biz “Ağ şəhər” və Zığ bulvarını uzadacağıq. Hazırda bizim bu planlarımız vardır, biz buna da nail olacağıq.

Yəni, Bakıda ictimai yerlərin yaradılması prosesi sürətlə gedir. Deyə bilərəm ki, dünyanın heç bir şəhərində bu qədər ictimai yerlərin, parkların yaradılmasına diqqət göstərilmir. Biz hamımız yaxşı xatırlayırıq ki, Əl Oyunları Sarayından Bayraq Meydanına qədər olan zonada sənaye müəssisələri, dağılmış zavodlar var idi. Mən məsələ qaldıranda ki, biz bunları köçürməliyik, burada bir gəzinti zonası yaratmalıyıq, bəziləri dedilər bu mümkün deyil, bunlar strateji əhəmiyyətli layihələrdir. Mən bilirdim bunlar hamısı yalan idi. Sadəcə olaraq, o yerlərə nəzarət edənlər istəmirdilər ki, o yerlər onların əlindən çıxsın. Bəlkə də istəyirdilər ki, gələcəkdə onları özəlləşdirsinlər, sonra o torpaqları satsınlar, binalar tikilsin. Mən bilirəm məsələ nə idi. Eyni məsələ biz Heydər Əliyev Mərkəzini tikəndə də ortaya çıxmışdı. Mənə deyirdilər ki, bu, strateji əhəmiyyəti olan bir zavoddur - əvvəllər leytenant Şmidt, sonra Səttərxan adlanan zavod. Mən oraya gedib baxanda gördüm ki, şüşələr dağılıb, divarlar sökülüb, heç nə yoxdur. Soruşdum əgər bu, əhəmiyyətlidirsə, şüşələr niyə sökülüb. Dedilər ki, bu ventilyasiya üçün sökülüb. Bilirsiniz, belə olan halda güclü iradə göstərilməlidir və biz bu iradəni göstərdik.

Heydər Əliyev Mərkəzi bu gün dünya miqyasında ən gözəl memarlıq abidələrindən biridir. Yeni bulvar bu gün ən gözəl istirahət zonalarından biridir. İndi baxın, insanlar üçün nə qədər gözəl imkanlar yarandı. Bu gün hansı şəhərdə bu sahələrə bu qədər investisiya qoyulur? Ancaq Bakıda. Digər ictimai yerlərin yaradılması da bax, bizim iradəmizi göstərir. Mərkəzi park - onu kimsə qış bulvarı adlandırırdı. Bilmirəm haradan çıxdı, sonradan elə qış bulvarı kimi tanınır, amma mən qış bulvarının mənasını başa düşə bilmirəm, bu, nə deməkdir. Yəni, əgər qapalı bir yer olsaydı deyərdim ki, insanlar gəzmək üçün qışda oraya gedə bilərlər. Bunun adı Mərkəzi parkdır. Onun altında dörd min maşınlıq parkinq tikilibdir. Üstü də gözəl bir parkdır, gəzinti zonasıdır. Əgər biz o vaxt iradə göstərib o yerləri yenidən qurmasaydıq nə olacaqdı?! Orada o küçə ilə maşınlar keçə bilmirdi. Füzuli küçəsindən o tərəfə - Dram Teatrına qədər bircərgəli sağ-sol yolda maşının keçməsi mümkün deyildi. İndi hər iki istiqamətə 4-5 zolaqlı yollar çəkilib. O sahələrlə bağlı bizim gələcək planlarımız da vardır. Orada köçürülən binaların yerində ictimai yerlər olmalıdır, ancaq ictimai yerlər. İndi harada ki, şəhərsalma qaydalarına uyğun olaraq köçürülmə baş verirsə, onların yerində ictimai yerlər, parklar salınmalıdır. Orada bir dənə də bina tikilməməlidir. Kim bina tikmək istəyirsə, iş adamları getsinlər harada indi köçürmə lazımdırsa, orada yaşayan vətəndaşlarla danışsınlar, anlaşsınlar, köçürsünlər, onların yerində bina tiksinlər. Biz Bakını parklar, bağlar şəhərinə çeviririk. Bakının artıq bir neçə mərkəzi vardır. Bu da deyə bilərəm ki, Bakının əlamətidir, xüsusiyyətidir. Burada abadlıq, gözəllik, rahatlıq və funksional tərəflər vəhdət təşkil etməlidir. Bu yaxınlarda biz Dədə Qorqud parkının açılışını qeyd etdik. Orada ilk dəfə olaraq süni göl yaradıldı. Altı hektarı əhatə edən böyük parkdır, gözəl gəzinti yerinə çevrilibdir. Biz parkın genişləndirilməsini də nəzərdə tuturuq. Yəni, bütün bu işlər insanlara xidmət göstərir, şəhərimizi gözəlləşdirir və Bakıda yeni bir mühit yaradır.

Yeni yaşayış binalarının tikintisi ilə bağlı hesab edirəm ki, bu sahədə də daha ciddi nəzarət olmalıdır, özbaşınalıq olmamalıdır. Çünki hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə, hansı ki, ictimai yerlərin yaradılması nəzərdə tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar. Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina qaldırırlar. O yer iki həftə nəzarətsiz qaldı, dərhal kimsə gəlib orada bina qaldırmağa başladı. Təbii ki, dərhal söküldü və o binanı orada tikmək istəyən də öz payını almalıdır. Özbaşınalıq və anarxiya ola bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur.

Ona görə, hesab edirəm ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı məhdudiyyət qoyulmalıdır. Hər bir layihə ciddi araşdırılmalıdır. Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir.

Bakının gələcək inkişafı ilə bağlı şəhərsalma konsepsiyası vardır, təsdiq edilibdir. Bax, bütün işlər onun əsasında görülməlidir.

Qəsəbələrlə bağlı artıq burada deyildi. Bu Proqramın qəbul edilməsi əslində daha çox qəsəbələrin inkişafına hesablanmışdır. Bu gün də bu belədir və qəbul ediləcək növbəti Proqramda da qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır və tapacaqdır. Qəsəbələrdə iş yerləri açılır, yeni müəssisələr yaradılır. Bu da çox müsbət haldır. Biz bunu da alqışlayırıq. Bu işlər dövlət tərəfindən veriləcək güzəştli kreditlər hesabına daha da sürətlə gedəcəkdir.

Bakı sənaye şəhəri kimi formalaşıb və təsadüfi deyildir ki, Bakıda çoxsaylı sənaye müəssisələri vardır. Onların bir hissəsi artıq köhnəlib, sıradan çıxıb. Biz onları köçürmüşük, sökmüşük. Onların yerində bayaq da qeyd etdiyim kimi, yeni, gözəl parklar, ictimai yerlər salınır. Ancaq əlbəttə ki, iqtisadi inkişafımızın gələcək istiqaməti sənayeləşmə ilə bağlı olacaqdır. Bu barədə mən dəfələrlə demişəm ki, Azərbaycanda müasir sənaye kompleksləri tikilməlidir. Ancaq bu komplekslərin tikintisi üçün yerlər artıq müəyyən edilibdir. Sənaye mərkəzi Bakıdır, Sumqayıtdır, Gəncədir, Mingəçevirdir. Sənaye daha çox bu şəhərlərdə inkişaf edəcəkdir. Paytaxtın sənaye potensialının gücləndirilməsi ilə bağlı Bakıda, Qaradağ rayonunda bu işləri görmək üçün daha da yaxşı imkanlar vardır. Həm ərazi böyükdür, həm şəhərin mərkəzindən bir qədər aralıdır. Ona görə, Bakıda, şəhərin mərkəzində sənaye müəssisələrinin yaradılması məqsədəuyğun deyildir. İşləməyən, havanı çirkləndirən sənaye müəssisələri ya bağlanmalıdır, ya onlara qarşı cəza tədbirləri görülməlidir. Ümumiyyətlə, biz ekologiyanı pozan müəssisələrin fəaliyyətinə yenidən baxmalıyıq. Kim o müəssisələri işlədir, ya dövlət, ya özəl qurumlar buyursunlar getsinlər bütün ekoloji normalara riayət etsinlər.

Ona görə, Bakının sənaye inkişafı ilə bağlı hesab edirəm ki, Qaradağ rayonunda böyük imkanlar vardır və bizim sənayemiz orada inkişaf edəcəkdir. Onsuz da orada həm gəmiqayırma zavodu, həm yeni dəniz limanı tikilir. Orada digər böyük müəssisələr tikilmişdir. Gələcəkdə orada neftayırma, neft-kimya kompleksi tikiləcəkdir. Ona görə, şəhər icra hakimiyyəti də bu məsələyə diqqət yetirsin ki, Bakı şəhərində böyük sənaye müəssisələrinin tikintisinə ehtiyac yoxdur.

Biz Ələt Dəniz Limanının tikintisini sürətləndirməliyik. Bu, böyük bir layihə olacaqdır, artıq icra edilir. Bizim potensialımız artır, Azərbaycan bir tranzit ölkəsi kimi özünü təqdim edir. Bizim ərazimizdən istənilən istiqamətlər üzrə yük daşımaları artır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yəqin ki, gələn ilin sonunda başa çatacaqdır. Belə olan halda əlbəttə ki, yeni dəniz ticarəti limanının tikintisi məsələsi gündəlikdədir. Sadəcə olaraq biz bu işləri daha da sürətlə aparmalıyıq ki, tezliklə limanın birinci mərhələsi başa çatsın.

Birinci mərhələ başa çatan kimi Bakının hazırkı dəniz limanı oraya köçürülməlidir. Bu gün Bakı limanının ərazisində olan yerlərdə də bəri başdan deyirəm ictimai zonalar olmalıdır. İndiki limanın ərazisində, ona bitişik ərazidə, dəniz vağzalına bitişik ərazidə gözəl park olacaqdır. Beləliklə, biz bulvarı dəniz vağzalından “Ağ şəhər” istiqamətinə olan bulvarla birləşdirəcəyik. Dediyim kimi, artıq orada “Ağ şəhər” istiqamətində bulvar tikilir. Nobel prospektindən dənizə qədər olan bütün binalar artıq yoxdur, onları vətəndaşlar görmürlər, çünki orada stendlər qoyulubdur. Müvəqqəti hasarlama aparılıbdır, ancaq o ərazi tam boşdur. Biz orada gözəl yeni bir istirahət zonası yaradırıq və beləliklə, bulvarı tam birləşdirəcəyik. Ona görə, Ələt dəniz limanının birinci mərhələsinin istifadəyə verilməsi gələn ilin iyun ayına qədər olmalıdır. Gələn ilin iyun ayından başlayaraq indiki dəniz limanında abadlıq işləri başlanmalıdır.

Bildiyiniz kimi, 2015-ci ildə Avropa Oyunları keçiriləcəkdir. Bu oyunlara hazırlıq gələn il öz həlledici mərhələsinə qədəm qoyacaqdır. Bu oyunların çox böyük əhəmiyyəti vardır. Ona görə ki, birinci Avropa Oyunlarıdır. Heç vaxt Avropa Oyunları keçirilməmişdir. İlk dəfə Azərbaycanda keçiriləcəkdir. Bu, ölkəmizə Avropa idman aləmindən gələn hörmətin təzahürüdür, inamın əlamətidir. Biz əlbəttə, çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə keçirək. Hazırlıq işləri gedir. Gələn il biz həlledici fazaya başlayacağıq. Bakıda böyük idman qurğuları tikilir. Əslində o qurğuların tikintisi Avropa Oyunları bizə veriləndən əvvəl başlamışdır - Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi. Ancaq əlbəttə ki, bu obyektlər də Avropa Oyunlarında öz sözünü deyəcəkdir.

Son illərdə bütövlükdə Bakıda müasir otellərin tikintisi çox geniş vüsət almışdır. Deyə bilərəm ki, Bakı bəlkə bu sahədə də rekord həddə çatıbdır. İki il ərzində Bakıda beşulduzlu altı otel açılmışdır. Bu, investorların inamının əlamətidir. Ancaq nəzərə alsaq ki, qonaqların sayı çoxalır, ölkəmiz haqqında məlumat bütün dünyaya yayılır və Bakıya gəlmək istəyənlərin sayı böyük dərəcədə artmışdır, gələcəkdə yeni otellərin tikintisinə də ehtiyac olacaqdır. Ona görə, şəhər icra hakimiyyəti yerləri müəyyən etməlidir. Şəhərsalma planına uyğun olaraq, üçulduzlu, dördulduzlu, əlbəttə ki, beşulduzlu otellər də olmalıdır ki, bütün kateqoriyalı insanlar, onların maddi vəziyyətinə uyğun olaraq Bakıda rahat qala, şəhərimizlə tanış ola bilsinlər. Bir sözlə, görülən işlər doğrudan da çox əhəmiyyətlidir. İkinci Proqramın icrası bir daha onu göstərir ki, Azərbaycanda istənilən məsələ öz həllini tapa bilər.

Biz gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlamalıyıq. Hesab edirəm ki, üçüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaqdır.

Gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı qəbul edilməlidir. Şəhər icra hakimiyyəti, İqtisadiyyat və Sənaye Nazirliyi, aidiyyəti qurumlar bu istiqamətdə fəal işləyirlər. Proqramın demək olar ki, böyük hissəsi hazırdır. Bu gün burada Bakının bütün rayonlarının rəhbər işçiləri, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. Xahiş edirəm ki, hər bir qəsəbədən əlavə konkret təkliflər verilsin. Bilirəm ki, bu təkliflər verilibdir. Siz daha yaxşı bilirsiniz ki, insanları hansı məsələlər narahat edir. Elə etməliyik ki, 2014 -2016-cı illər üzrə Dövlət Proqramı bütün məsələləri özündə ehtiva etsin, bir dənə də olsun məsələ diqqətdən kənarda qalmasın.

Beləliklə, gözəl şəhərimizin gələcək inkişafı və abadlaşması üçün yeni dövr başlayır. Bu işlərin görülməsində sizə yeni uğurlar arzulayıram. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00