İlham Əliyev Qusarda “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişdir

19 dekabr 2013, 20:10
İlham Əliyev Qusarda “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olmuşlar.

Dövlət başçısı və xanımı “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişlər.

“Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılmışdır. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlmişdir. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. O vaxtdan etibarən görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilmiş, körpülər tikilmiş, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmişdir.

Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmişdir.

2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmiş və bu istiqamətdə bir çox tədbirlər görülmüşdür. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin göstəricisidir. Bu çərçivədə “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.

Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılmışdır. Prezident İlham Əliyev 2011-ci ilin fevralında kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak etmişdir. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olmuş, bir neçə obyektin və otelin açılışında iştirak etmişdir. Artıq ötən qış mövsümündə kompleks ilk turistləri qəbul etməyə başlamışdır.

Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

Dövlətimizin başçısı və xanımı əvvəlcə beşulduzlu “Pik Palas” otelinin açılışında iştirak etdilər.

Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Paytaxtdan 230 kilometr şimalda, “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Pik Palas” oteli dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuşdur və onun hər bir elementi məmnunluq doğurur.

Dövlət başçısı otelin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Otel yeni qurulan “PAŞA Hotels and Resorts” şirkəti tərəfindən idarə olunur. “Pik Palas” oteli geniş çarpayılar, rahat qonaq və iş guşələri, döşəmədən tavana qədər uzanan pəncərələr və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri qonaqlara təqdim edir. Bütün qonaq otaqları müasir avadanlıqla təchiz olunmuşdur. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır.

Mehmanxananın lobbisində yerləşən “Chocolat Patisserie” cah-calallıq və rahatlıq aurası yaradır. Burada şokolad trüfeli hazırlanan guşə mövcuddur. “Alpina Brasserie & Wine Bar” gün ərzində nahar etmək üçün nadir inqrediyentlər və orijinal yeməklər təqdim edir. “Fujisan Restaurant & Bar” Yaponiya və Koreya yeməklərinin nadir vəhdətini təcəssüm etdirən mətbəxi ilə fərqli təcrübə təklif edir. Xüsusi bayramlar və ya özəl nahar görüşləri üçün bu restoran ideal məkandır. Fitnes xidmətlərinə idman zalı, saunalar və buxar otağı, qapalı üzgüçülük hovuzu və cakuzi, açıq havada günəş şüası qəbul etmək üçün isidilmiş üzgüçülük hovuzu daxildir. Dəbdəbəli SPA məkanında çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və SPA prosedurları, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. Sütunsuz, hündür tavanlı, təbii gün işığı ilə işıqlanan “Akasiya” ziyafət zalında ayaqüstü tədbirlər üçün 600-ə qədər, banket üslubunda 350-dək qonağı yerləşdirmək mümkündür.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu “Şahdağ” otelinin açılış mərasimində iştirak etdilər.

Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdilər.

Azərbaycan Prezidenti mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

- Əziz dostlar, hörmətli xanımlar və cənablar.

Biz hər ilin sonunda idmançılarla görüşürük, ilin idman yekunlarını müzakirə edirik. Əslində mənim ildə bir neçə dəfə idmançılarla görüşlərim olur. Ancaq bu, ilin sonunda bir ənənədir. Hər il bu görüşlər Milli Olimpiya Komitəsinin binasında keçirilir. Bu dəfə biz bu görüşü Şahdağda keçiririk. Hesab edirəm ki, bu da bir ənənə olacaqdır. Çünki Şahdağ bu gün Azərbaycanın turizm və idman mərkəzinə çevrilmişdir.

Bu gün, eyni zamanda, “Şahdağ” və “Pik Palas” otellərinin açılışı günüdür. Bu gün Azərbaycanda, Qusar rayonunda, Şahdağda iki beşulduzlu otel açılır. Bu münasibətlə də sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm.

Buraya gələrkən mən ilk dəfə bu dağlarda olduğumu yada saldım. Yadımdadır ki, biz Azərbaycanda dağ turizmini inkişaf etdirmək istəyəndə yerin seçilməsi ilə məşğul idik. Xarici mütəxəssisləri dəvət etdik. İlk dəfə burada olarkən mən heç təsəvvür edə bilməzdim ki, Şahdağ qısa müddət ərzində beynəlxalq turizm mərkəzinə çevriləcəkdir. Əlbəttə ki, bizim konkret planlarımız var idi. Çox məhdud vaxt müddəti də qoyulmuşdu. Ancaq deyə bilərəm ki, biz bu dərəcədə inkişaf etmiş və dünyanın ən yüksək səviyyəsinə çatan kurortun yaradılmasını arzulayırdıq, amma bəlkə də təsəvvür edə bilmirdik. Çünki burada heç nə yox idi. Dağlar idi, qar idi. Heç yaşayış yeri də yox idi. Bu yerdə biz ilk növbədə infrastruktur layihələrinin icrasına başlamışdıq. Yollar, elektrik, qaz, su xətləri çəkildi, bütün digər infrastruktur layihələri icra edildi. Qaldırıcılar tikilməyə başlandı. Birinci otelin tikintisi ilə bağlı konkret qərar verildi. Bu otelin tikintisi təsdiqləndi və tikinti başlandı. Ondan sonra mən hesab etdim ki, Şahdağ bir çox turistləri cəlb edəcəkdir. Belə olan halda burada bir otelin tikintisi yəqin ki, tələbatımızı ödəyə bilməyəcəkdi. Ondan sonra digər otellərin tikintisi ilə bağlı məsələlər qalxdı. Şadam ki, artıq bu meydanda üç otelin tikintisi başa çatır. İki otel bu gün açılır, üçüncü otel isə yəqin ki, bir neçə aydan sonra açılacaqdır.

Bu ilin əvvəlindən artıq turistlər buraya gəlməyə başlamışlar. Baxmayaraq ki, burada qalmağa da yer yox idi. Aşağıda kiçik bir “Zirvə” oteli fəaliyyət göstərir. Ancaq şənbə, bazar günlərində buraya Bakıdan, digər yerlərdən, Qusar rayonundan minlərlə insan gəlmiş, istirahət etmiş, xizək idman növü ilə tanış olmuşdur.

Beləliklə, artıq bir ildir ki, bu kurort yaşayır. Bu iki otelin açılması əlbəttə ki, bu kurortun inkişafına yeni təkan verəcəkdir. Əminəm ki, bundan sonra da Azərbaycan və xarici iş adamları, investorlar burada yeni otellərin tikintisi ilə bağlı təkliflərini verəcəklər. Ümid edirəm ki, gələcəkdə burada bir çox otellər tikiləcəkdir. Beləliklə, biz Azərbaycanda ilk dəfə olaraq dağ xizəyi kurortunun yaradılmasına nail ola bilmişik.

“Şahdağ” kurortunun yaradılması əlbəttə ki, Azərbaycanda turizmin inkişafına xidmət göstərir. Eyni zamanda, ölkəmizin imkanlarını göstərir. Çünki bir halda ki, biz bir neçə il ərzində dünya səviyyəli kurortu yarada bilmişiksə, deməli, bütün başqa sahələrdə də böyük işlər görməyə qadirik. Əslində bugünkü Azərbaycan reallıqları bunu təsdiqləyir. Biz strateji xəttimizə sadiqik, hədəflər düzgün seçilir, qərarlar, konkret tapşırıqlar verilir, icra müddəti müəyyən edilir və məsələlər öz həllini tapır.
Sovet dövründə Azərbaycanda heç vaxt dağ kurortları olmamışdır. Baxmayaraq ki, qonşu bölgələrdə olmuşdur. Ona görə qərar verildi ki, Azərbaycanda da olsun və Azərbaycanda bu kurort ən yüksək standartlara cavab verməlidir. İnfrastruktur, otellər, qaldırıcılar, sürüşmə zolaqları və əlbəttə ki, insanların rahatlığı üçün burada çox böyük işlər görülmüşdür.

Deyə bilərəm ki, dünya miqyasında, Avropada dağ xizəyi kurortları arasında Şahdağ artıq öz layiqli yerini tutub. Daxili turizm çox sürətlə inkişaf edir. Ancaq biz çalışmalıyıq ki, xarici qonaqlar da bu imkanlardan istifadə etsinlər. Onsuz da Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Əminəm ki, qış kurortlarına da xarici qonaqlar gələcəklər. Eyni zamanda, deyə bilərəm ki, bu layihə Qəbələ rayonunda da dağ xizəyi kurortunun yaradılmasına təkan vermişdir. Orada da artıq kurort hazırdır və xizək idman növündən istifadə etmək mümkün olacaqdır.

Azərbaycanın sürətli inkişafı bütün sahələri əhatə edir. Bu layihə deyə bilərəm ki, ölkəmizin turizm sektoruna qoyulan ən böyük sərmayədir. Bizim ən böyük dövlət sərmayəmiz Qusar rayonunun turizm potensialına qoyulubdur və qoyulacaqdır. Bu, eyni zamanda, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı deməkdir. Bu kurortun fəaliyyətə başlaması yüzlərlə, gələcəkdə isə minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaqdır. Burada fəaliyyət göstərən qurumlardan tələbim və xahişim ondan ibarətdir ki, yerli insanları bu işlərə daha çox cəlb etsinlər, Qusarda və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunsunlar. Yəni, bu kurortun yaradılması bir neçə məqsədi güdür. Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtmaq imkanlarını yaradır. Bu, Azərbaycan vətəndaşları üçün çox gözəl şərait yaradır. Çünki mən bilirəm ki, xizək idman növü Azərbaycanda populyarlaşır və vətəndaşlarımız xarici ölkələrə üz tuturlar. Artıq Azərbaycanda dünyanın ən yüksək standartlarına cavab verən gözəl bir yer vardır.

Eyni zamanda, bu gün biz idmançıların uğurlarını qeyd edirik. 2013-cü il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. 2012-ci ildə Olimpiya Oyunlarında qazanılmış qələbələr 2013-cü ildə davam etmişdir. Azərbaycan idmançıları Tələbələrin Yay Universiadasında böyük uğurlara imza atmışlar - komanda hesabında 15-ci yerə layiq görülmüşlər, 16 medal qazanmışlar. Ümumiyyətlə ölkə idmançıları 780-dən çox medal qazanmışlar ki, onlardan 280-ni qızıl medaldır. Eyni zamanda, Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. Bu da çox böyük göstəricidir.

Azərbaycan idman dövlətidir. Bunu artıq dünya idman aləmi etiraf edir, qəbul edir. Əlbəttə ki, idmanın dayanıqlı inkişafı üçün çox böyük işlər görülür. Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar, dünya, Avropa çempionatları keçirilir. Yeniyetmələr, gənclər idmana böyük maraq göstərirlər. İndi idmanla məşğul olmaq üçün bizim gözəl imkanlarımız vardır. Qırx regional olimpiya mərkəzi fəaliyyət göstərir. Bölgələrdə beş mərkəz tikilməkdədir, beş mərkəzin tikintisi nəzərdə tutulur.

Beləliklə, bölgələrdə Olimpiya komplekslərinin sayı 50-yə çatacaqdır. Bakıda böyük idman qurğuları tikilir. Hazırda 65 minlik Olimpiya Stadionu, Böyük Su İdman Növləri Sarayı, Gimnastika Mərkəzi, Stend Atıcılığı Mərkəzi tikilir. Yəni, bunlar böyük infrastruktur layihələridir, Azərbaycanda istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradan infrastrukturdur.
Əlbəttə ki, 2014-cü ildə biz birinci Avropa Oyunlarına hazırlıqla bağlı daha da böyük addımlar atacağıq. Çünki gələn il oyunlara hazırlıq üçün həlledici il olacaqdır. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimizin, xalqımızın böyük qələbəsidir. Bu, tarixdə qalacaqdır. Biz elə etməliyik ki, bu oyunlar ən yüksək səviyyədə keçirilsin.

Bu günə qədər Avropa Oyunları keçirilməmişdir. Avropa Oyunlarının tarixi yoxdur, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada yaranmışdır və Avropada bərpa edilmişdir. Ona görə Avropa Oyunlarının hansı standartlara cavab verəcəyini biz müəyyən edəcəyik. Bizim standartlar artıq oyunlar başa çatandan sonra Avropa Oyunlarının standartları kimi qəbul ediləcəkdir. Biz isə istəyirik ki, bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirək və buna imkan vardır. O vaxta qədər bizim idman obyektlərimiz tam hazır olacaqdır. Eyni zamanda, Əl Oyunları Sarayında, Heydər Əliyev İdman Mərkəzində əsaslı təmir işləri aparılır. Bakıda artıq ona yaxın beşulduzlu otel fəaliyyət göstərir. Dünyanın bütün aparıcı otel şirkətləri Azərbaycandadır. Yol infrastrukturu yeniləşir, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Əminəm ki, Azərbaycanda bütün texniki məsələlər yüksək səviyyədə həll olunacaqdır. Çünki biz artıq dünya və Avropa çempionatlarının keçirilməsində böyük təcrübə toplamışıq.

Bir sözlə, əminəm ki, Avropa Oyunları Avropanın, dünyanın diqqətini çəkən oyunlar olacaqdır. Ona görə biz çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə keçirək. Əminəm ki, biz buna nail olacağıq. Təşkilat Komitəsi yaranmışdır. Təşkilat Komitəsi fəal işləyir. Biz tanınmış idmançılarımızı da bu işlərə cəlb etməliyik ki, onlar da, könüllülər də fəal iştirak etsinlər. Bir sözlə, gələn il bu oyunlara hazırlıq üçün həlledici il olacaqdır. Ondan iki il sonra - 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Azərbaycan yeganə ölkə olacaqdır ki, həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir.

Əminəm ki, bu oyunlar həm Avropanı, həm İslam aləmini biri-birinə daha da yaxın edəcəkdir. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Dünyanı, qitələri, xalqları, sivilizasiyaları birləşdirən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə mövcud olan xoş əhval-ruhiyyə, xoş niyyət, dözümlülük, mehribanlıq bu gün artıq dünya ictimaiyyəti tərəfindən təqdirlə qeyd edilir. Çoxsaylı forumlar, humanitar forumlar, iqtisadi, siyasi tədbirlər keçirilir.

İki gün bundan əvvəl Azərbaycanda tarixi hadisə baş vermişdir. “Şahdəniz-2” layihəsinə start verilmişdir. Bu layihə XXI əsrin layihəsidir, Azərbaycanın böyük tarixi uğurudur. Xalqımızın rifahı, ölkəmizin inkişafı üçün bu layihənin müstəsna rolu olacaqdır. Bütün bu uğurları biz öz zəhmətimiz hesabına əldə etmişik.

Azərbaycanın enerji siyasəti birmənalıdır, düşünülmüş siyasətdir. İki gün bundan əvvəl Avropanın bir çox ölkələrindən dövlət, hökumət başçılarının iştirakı ilə keçirilən tədbir bir daha ölkəmizin önəmini ortaya qoyur.

Azərbaycan etibarlı tərəfdaşdır, layiqli dövlətdir, güclü dövlətdir, iqtisadiyyatı güclüdür, güclü siyasət aparır, idmanı güclüdür, infrastrukturu yeniləşir. Ən önəmlisi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü rahat hiss edir. Azərbaycan bizim hamımızın Vətənidir, hamımızın evidir. Elə etməliyik ki, bundan sonra da ölkəmizin uğurlu inkişafı təmin edilsin.
İdman isə hər bir ölkənin ümumi inkişaf potensialını göstərir. Əgər idman sahəsində aparıcı ölkələrə nəzər salsaq görərik ki, onların arasında mütləq əksəriyyət inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrdə idman da güclü olur.

Azərbaycan bu gün sürətlə inkişaf edən ölkədir. Gələcəkdə inkişaf etmiş ölkəyə çevriləcəkdir. İdman isə bizim gücümüzü göstərir. İdmançılar ölkəmizi ləyaqətlə təmsil edirlər, bayrağımızı göylərə qaldırırlar. Onların qələbələri hər birimizin qəlbində gözəl əks-səda verir. 2013-cü il də bu sahədə uğurlu il olmuşdur. Biz hər ilin sonunda idmançıları mükafatlandırırıq, onlara mənzillər verilir. Bu da gözəl ənənəyə çevrilibdir. Bu ənənə bu gün də davam etdiriləcəkdir.

Mən bütün idmançıları, turizm sahəsinin bu gün bu salonda əyləşən işçilərini və bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun! 

X X X

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev Azərbaycan idmanının intibahının ümummilli lider Heydər Əliyevin idmana qayğını öz üzərinə götürdükdən sonra başlandığını əsaslandırdı. İdmana o dövrdən başlanan diqqət və qayğının bu gün ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrilməsinə əsaslı zəmin yaratdığını bildirən Ağacan ƏBİYEV dedi:

- Müstəqil Azərbaycanın bədən tərbiyəsi və idmanının intibah dövrü məhz 1994-cü ildən başlayır. Həmin ilin mart ayında Ulu Öndərimiz Bakı İdman Oyunları Sarayında bütün idmançıları görüşə dəvət etmişdi. Ulu Öndər oradakı çıxışında həm gəncləri, həm yeniyetmələri, həm də veteranları təbrik etdi, mükafatlar verildi. Orada qeyd etdi ki, əziz idmançılar, bu gündən sonra idmana qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, bu qayğını siz həmişə hiss edəcəksiniz.

Bəli, biz bu qayğını doğrudan da hiss edirik. Elə bax bizim bugünkü görüşümüz də həmin qayğının təzahürüdür. Möhtərəm Prezident, bu qayğını bizə, bütün idmançılara Siz göstərirsiniz. Məhz Prezident tərəfindən idmançılarımıza göstərilən bu qayğının nəticəsidir ki, medalların sayı artıq yüzlərlədir. Hesab edirəm ki, doğrudan da idman sahəsində qazanılan uğurlar, medallar, qələbələr Azərbaycanın çox inkişaf etdiyindən xəbər verir.

Möhtərəm Prezident, mən bütün idmançılar adından Sizə minnətdarlığımızı bildirir, bizə göstərdiyiniz qayğıya görə “Çox sağ olun” deyirəm.

X X X

Mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV Azərbaycanın tarixində ilk dəfə yeni idman-turizm növünün formalaşmasının dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü və iradəsi sayəsində mümkün olduğunu söyləyərək bildirdi:

- Cənab Prezident, düşünürəm ki, bütün sahələrdə - enerji sektorunda, siyasətdə, iqtisadiyyatda, sosial məsələlərdə Sizin apardığınız fəaliyyət nə qədər uğurludursa, həm idman, həm turizm, həm mədəniyyət, - mən bu gün bununla məşğul olduğuma görə onu deyirəm, - sahələrində də Sizin siyasətiniz Azərbaycanın dünya miqyasında tamamilə yeni müstəvidə tanıdılmasında, gücləndirilməsində əsas amildir. Cənab Prezident, bu gün mən xüsusi vurğulamaq istəyirəm ki, bütün Azərbaycan vətəndaşları Sizin fəaliyyətiniz nəticəsində tamamilə yeni bir ölkədə yaşayır. Bu ölkə XXI əsrin ölkəsidir. Ölkəmiz bu səviyyəyə Sizin müdrik siyasətiniz, iradəniz, dünyagörüşünüz, rəhbərliyiniz sayəsində gəlib çatmışdır.

Mən bu gün Sizə, hörmətli Mehriban xanıma Azərbaycan xalqının yaşadığı, yaratdığı və ümid bəslədiyi gələcəyə bütün işlərdə verdiyiniz dəstəyə, göstərdiyiniz köməyə, qayğıya görə təşəkkürümü bildirmək istəyirəm.

Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin. Çox sağ olun. Yaxşı ki, Siz varsınız.

X X X

Sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançıya və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim etdi.

Yunan-Roma güləşi üzrə Tələbələrin XXVII Universiadasının qalibi Rəsul Çunayevə, yunan-Roma güləşi üzrə Avropa çempionu Rafiq Hüseynova, sərbəst güləş üzrə məşqçi Firdovsi Ömərova, sərbəst güləş üzrə məşqçi Elşad Allahverdiyevə, sərbəst güləş üzrə məşqçi Elçin Zeynalova, boks üzrə dünya çempionu Cavid Çələbiyevə, boks üzrə məşqçi Yadigar Məmmədova, ağır atletika üzrə İslam Olimpiya Oyunlarının bürünc mükafatçısı Zülfüqar Süleymanova, Atletika üzrə Dünya Tələbələrinin Universiadasının və İslam Həmrəyliyi Oyunlarının qalibi Hayle İbrahimova, taekvondo üzrə Avropa çempionu Fəridə Əzizovaya, London Yay Paralimpiya Oyunlarının qalibi Natali Proninaya, London Yay Paralimpiya Oyunlarının qalibi Ramin İbrahimova, Paralimpiya üzrə marafon yarışının qalibi İmran Hüseynova, şahmat üzrə beynəlxalq dərəcəli hakim və məşqçi Lütfiyar Rüstəmova, şahmat üzrə məşqçi Rəsul İbrahimova, Respublika Yüksək İdman Ustalığı Məktəbinin müəllimi Nabat Camalovaya, pauerliftinq üzrə Avropa və dünya çempionu İbrahim İbrahimova, milli karate üzrə baş məşqçi Rəhman Hətəmova, universal döyüş üzrə məşqçi Vasif İsgəndərova, Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının rəisi Sadıx Bağırova, basketbol üzrə məşqçi Fikrət Həsənova, bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasilyevaya yeni mənzillərin orderləri təqdim edildi.

Kunq-fu üzrə Avropa və dünya çempionu Əli Mirələkbərli, pauerliftinq üzrə dünya çempionu Raif Süleymanov, kikboksinq üzrə dünya və Avropa çempionu Rail Rəcəbov isə Milli Olimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif olundular.

X X X

İdmançılar adından dövlətimizin başçısına təşəkkür edən sərbəst güləş üzrə məşqçi Elçin ZEYNALOV dedi:

- Cənab Prezident! Gəncəlilər Sizi sevirlər. Oktyabrın 9-da prezident seçkilərində xalq Sizə öz etimadını göstərdi. Seçkidən sonra Gəncədə böyük bayram əhval-ruhiyyəsi var idi.

Mən ümummilli liderimiz Heydər Əliyevin bir fikrini xatırlatmaq istəyirəm. Ulu Öndər demişdir ki, Vətənin idman şərəfini qorumaq səngərdə Vətən torpağını qorumaq kimi şərəfli bir işdir. Mən bu kəlamdan sonra ona söz verdim ki, ömrümün axırınadək əynimdə idman paltarı Azərbaycanın idman şərəfini qoruyacağam.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Prezidentimiz İlham Əliyev!

X X X

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.

X X X

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdag” otelində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, bu otel yüksək səviyyəli dəbdəbəni, qonaqpərvərliyin ən üst səviyyəsini əməkdaşlarının səmimiyyəti ilə qonaqlarına təqdim edən gözəl istirahət məkanıdır. Burada təklif olunan müasir interyer və yüksək xidmətlər, xoş əhval yaradan otaqlar qonaqlara unudulmaz təəssürat bağışlayacaqdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 173 otağın olduğu otel nömrələri 5 kateqoriyaya bölünür - superior, deluxe, junior suite, suite və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan nömrələr. Otaqlarda qonaqların rahatlığı üçün hər cür şərait yaradılmış, termostatik duş, kabel televiziyası, havalandırma sistemi quraşdırılmış, internet və digər xidmətlər təklif olunur. Oteldə fəaliyyət göstərən restoranlar şəbəkəsində milli və dünya mətbəxinin ləziz nümunələri təqdim edilir. Bar və kafelərdə də yüksək xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır. “Ovdan SPA” və “SPA Bar” Azərbaycanda olan ən böyük SPA mərkəzlərindən biridir. Bundan əlavə, oteldə bir qapalı hovuz, zəruri avadanlıqla təchiz olunan idman zalı, uşaq bağçası, xizək avadanlığının satıldığı alış-veriş mərkəzi fəaliyyət göstərir. Buradakı üç iclas və konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, ən son səs avadanlığı quraşdırılmışdır.

“Şahdağ” qış-yay turizm kurortu qonaqlara il boyu sonsuz həyəcanlı idman və əyləncə növləri təklif edir. Qonaqların burada möhtəşəm təbiət gözəlliyinin mərkəzində, dağ havasının təravətində müxtəlif əyləncə növlərinin əhatəsində olmaq şansı vardır. Burada müxtəlif səviyyəli idmançılar və həvəskarlar üçün 19-dan çox xizəklə sürüşmə yamacları planlaşdırılmışdır. Buradakı xizəksürmə məktəbi müxtəlif kurslar təklif edir. Kompleksdə hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də təklif ediləcəkdir. Bölgəni yenidən kəşf etmək istəyənlər, macəra axtarışında olanlar üçün raftinq, paraşütlə tullanma, qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük və başqa idman əyləncələri də gələcəkdə qonaqların istifadəsinə təqdim olunacaqdır. Bundan əlavə, böyük qolf sahəsinin, maraqlı aqvaparkların və hovuzların da tikilməsi planlaşdırılmışdır.

X X X

Dövlətimizin başçısı və xanımı “Şahdağ” qış-yay turizm kompleksində tikintisi başa çatmaq üzrə olan yeni beşulduzlu oteldə aparılan tikinti-quraşdırma işləri ilə də tanış oldular.

Xüsusi memarlıq üslubunda inşa olunmuş binada aparılan tikinti-quraşdırma işləri zamanı ilk növbədə qonaqların istirahətinin və rahatlığının təmin edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ümumi sahəsi 22 min kvadratmetrdən çox olan oteldə 164 nömrə yaradılacaqdır. Onlardan 149-u standart, 13-ü suit, 2-si isə dupleks suit nömrədir. Burada müxtəlif restoran, kafe və barlar fəaliyyət göstərəcəkdir. Oteldəki 112, 65, 52 və 45 nəfərlik restoran və kafelərdə qonaqlara keyfiyyətli xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaqdır. Burada 130 nəfərlik konfrans zalı da qurulur. Otelə biznes mərkəzi, müxtəlif trenajorların quraşdırıldığı idman zalı, dörd prosedur otağını özündə birləşdirən SPA, hovuz və digər xidmət obyektləri daxildir. Binanın altında 77 yerlik avtomobil dayanacağı da inşa olunmuşdur.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00