Hörmətli cənab Prezident,
Biz, Sibirdə yaşayan və Heydər Əliyev adına Beynəlxalq Azərbaycanlılar Forumu ətrafında birləşmiş azərbaycanlılar Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Sibirdə yaşayan azərbaycanlılar öz tarixi Vətənimizlə daim əlaqə saxlayır, Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızda baş verən hadisələri diqqətlə izləyirlər. Sizin müəyyənləşdirdiyiniz iqtisadi strategiya uğurla həyata keçirilir. Bunun sayəsində Azərbaycan özünü təmin edə bilən, iqtisadi cəhətdən yüksək inkişafa nail olmuş dövlətə çevrilmişdir.
Biz fəxr edirik ki, Sizin siyasətiniz beynəlxalq aləmdə cəlbedici trendlər nümayiş etdirir. Dünyanın aparıcı ekspertləri tamamilə haqlı olaraq vurğulayırlar ki, Sizin həyata keçirdiyiniz səmərəli islahatlar ölkədə iqtisadi sabitliyi möhkəmləndirir. Qərb ölkələri Azərbaycan iqtisadiyyatına cəsarətlə sərmayə qoyurlar. Son illərdə ölkəyə xarici investisiya axınının güclənməsi Azərbaycanın milli iqtisadiyyatının cəlbediciliyinin göstəricisidir.
Tamamilə aşkar görünür ki, Siz ölkəni yaxşılığa doğru tanınmayacaq dərəcədə dəyişdirməyə nail olmusunuz. Qazanılmış uğurlar bilavasitə Sizin 2003-cü ildə Prezident kimi fəaliyyətinizin əvvəlində başlanmış kompleks islahatların nəticəsidir.
Fərəhli haldır ki, bu gün Azərbaycan dünya siyasi arenasında iri və güclü aktordur, bu, onun müstəqil xarici siyasət yürütməsinə imkan verir. Məhz Sizin sayənizdə Azərbaycan tarixdə ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur.
Siz həqiqətən ilk növbədə milli maraqların qorunmasına yönəlmiş çoxvektorlu siyasət nümayiş etdirirsiniz. Bu, haqlı olaraq Sizə dərin hörmət qazandırır.
Əminik ki, Sizin üçüncü müddətdə Prezidentliyiniz iqtisadiyyatın möhkəmlənməsi, ölkə həyatının bütün sahələrində tərəqqini, inamlı və ardıcıl irəliləyişi təmin edəcəkdir.
Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı diləyirik. Ailənizə və bütün Azərbaycan xalqına sülh və səadət arzulayırıq.
Hörmətlə,
A.Musayev
Rusiyanın Novosibirsk şəhərində Heydər Əliyev adına Beynəlxalq Azərbaycanlılar Forumunun icraçı direktoru