İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış etmişlər

18 noyabr 2013, 16:05
İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış etmişlər

Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident Viktor Yanukoviçin bəyanatı

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycanın ali nümayəndə heyətini növbəti dəfə qəbul edirik. Bizim görüşlərin keçdiyi ənənəvi qarşılıqlı anlaşma şəraitini qeyd etmək mənə xüsusilə xoşdur. Şübhəsiz, bizim səmimi və konstruktiv dialoqumuz Kiyev ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə kömək edir.

Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının bugünkü növbəti, dördüncü iclasında biz bundan əvvəlki iclasdan sonrakı dövrdə görülmüş işlərə yekun vurduq, praktiki olaraq bütün mühüm istiqamətlər üzrə gələcək ikitərəfli əməkdaşlıq planlarını hərtərəfli müzakirə etdik. Bizim siyasi dialoqun inkişafı və dinamikası barədə Azərbaycan Prezidenti ilə fikirlərimiz və baxışlarımız eynidir. Biz hesab edirik ki, Ukrayna-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının doqquzuncu və onuncu iclasları arasında keçən dövrdə biz ticari-iqtisadi münasibətləri xeyli yaxşılaşdırmışıq. Bu gün biz öz hökumətlərimizə qəti mesaj veririk ki, qazanılmış nailiyyətlərlə əsla kifayətlənmək olmaz. Biz münasibətlərimizi təkmilləşdirməkdə davam etməliyik. Biz bir sıra layihələri birlikdə həyata keçirmək niyyətindəyik. Əlbəttə, münasibətlərimizi, xüsusən ticari-iqtisadi münasibətlərimizi uzunmüddətli planlaşdırmaya keçməliyik. Hesab edirəm ki, məsələyə məhz bu cür yanaşma strateji tərəfdaşlığın maksimum konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır.

Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu və digər məsələlərdə qarşılıqlı fəaliyyət dövlətlərimizin Qara dəniz-Xəzər regionunda mövqelərinin möhkəmlənməsinə kömək edəcəkdir. Biz həm də genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində iki dövlət qarşısında yaranan imkanları müzakirə edirik.

İlham Heydər oğlu ilə birlikdə qlobal və regional gündəlikdə duran aktual məsələlərin əksəriyyəti barədə Kiyevin və Bakının yanaşmalarının üst-üstə düşməsini məmnuniyyətlə qeyd etmişik. Ölkələrimiz beynəlxalq təşkilatlar – BMT, habelə bu il Ukraynanın sədrlik etdiyi ATƏT çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Prezidentinin bu səfərinin yekunlarına əsasən xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar sahələrdə ikitərəfli sazişlər imzalanmışdır. Sözsüz ki, bugünkü yüksək səviyyəli ikitərəfli danışıqlar çərçivəsində qəbul edilmiş qərarlar Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə səmərəli şərait yaradacaqdır.

Əlbəttə, bu gün məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan Prezidenti özünün ilk dövlət səfərini Ukraynaya etmişdir. Biz İlham Heydər oğlunu seçkilərdə layiqli qələbəsi və növbəti müddətə Prezident seçilməsi münasibətilə təbrik edirik. Bu, sabitlik əlaməti, Azərbaycan xalqının öz liderinə ən yüksək etimadının əlamətidir. Əlbəttə, Ukrayna-Azərbaycan münasibətlərinin ənənələrinə görə biz bu münasibətləri daim təkmilləşdirməyə, ticari-iqtisadi, humanitar və başqa sahələrdə yeni nailiyyətlər qazanmağa borcluyuq.

Azərbaycan və Ukrayna xalqlarının ənənəvi münasibətləri bizim ikitərəfli münasibətlərin inkişafı üçün bünövrədir.

Prezident İlham Əliyevin bəyanatı

- Sağ olun, hörmətli cənab Viktor Fyodroviç!

Hörmətli nümayəndə heyətinin üzvləri!

Hörmətli mətbuat nümayəndələri!

Mən ilk növbədə Sizin gözəl ölkənizə səfərə dəvətə, mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə, eləcə də prezident seçkilərində qələbə münasibətilə təbriklərə görə, Ukrayna Prezidenti Viktor Fyodoroviç Yanukoviçə təşəkkürümü bildirmək istərdim.

Qeyd etmək istərdim ki, mənim bu səfərim inauqurasiya mərasimindən bir ay sonra baş tutur. Fikrimcə, bu fakt özü çox şeyə dəlalət edir. Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Bizim münasibətlərimiz praktiki olaraq iqtisadiyyatın bütün sahələrini, sosial sahəni əhatə edir. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq.

Fürsətdən istifadə edib Ukraynanı ATƏT-də artıq başa çatmaqda olan uğurlu sədrliyi münasibətilə təbrik etmək, həmçinin bildirmək istərdim ki, bu il Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü də başa çatır. Bu, bizim ölkələrimizin nüfuzunun göstəricisidir. Biz dünya siyasətinin qlobal məsələlərinin həllində fəal iştirak edir və buna öz töhfəmizi veririk. Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir. Bizim ölkələr öz aralarında fəal qarşılıqlı əlaqə saxlayır, bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir.

Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini – iqtisadi və humanitar sahələrlə bağlı məsələləri müzakirə etdik. Bizim yaxşı planlarımız, nazirliklər səviyyəsində yaxşı əlaqələrimiz vardır. Yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutmuşlar. Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir.
Hərbi-texniki sahədə də yaxşı əməkdaşlıq ənənələri vardır. Biz burada da etibarlı tərəfdaşlarıq və bir-birimizi çoxdan sınamışıq. Hesab edirəm ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial vardır. Müştərək elmi araşdırmalar sahəsində də yaxşı perspektivlər vardır.

Bu gün imzalanmış sazişlər də əsas diqqəti, bizim fikrimizcə, yaxşı potensialın olduğu sahələrə yönəldir. Bunlar regionlararası əməkdaşlıq məsələləridir. Zənnimcə, bizim regionların yaxınlaşması üzrə səylərimizi artırmalıyıq və qardaşlaşmış şəhərlər kimi yaxşı praktikaya ciddi münasibət bəsləməliyik. Aqrar siyasətlə bağlı məsələlər bizim üçün əlbəttə, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Bu sahədə Ukraynanın həm istehsal, həm də ixrac potensialı çox böyükdür.

Başqa sözlə desək, əməkdaşlığın bir sıra sahələrində bizim yaxşı, müsbət nəticələrimiz vardır. Deməliyəm ki, Azərbaycanda Ukraynanı tanıyırlar, sevirlər. Bakı Slavyan Universitetində Ukrayna dili öyrənilir. Yəni, humanitar sahədə də bütün işlərimiz yaxşıdır. Bu gün biz humanitar sahədə münasibətlərimizin daha da inkişaf etdirilməsi, o cümlədən ölkələrimizin mədəniyyət günlərinin keçirilməsi yollarını müəyyən etdik ki, mədəniyyətlərarası dialoq inkişaf etsin. Bunun üçün yaxşı perspektivlər vardır.

Deməliyəm ki, səfərin nəticələrindən çox məmnunam. Viktor Fyodoroviçlə biz regional, beynəlxalq problemlərin ən mühüm məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, baxışlarımız üst-üstə düşür. Biz dostuq, tərəfdaşıq və güman edirəm ki, bu səfərin yekunlarına əsasən tərəfdaşlığımız daha yüksək səviyyəyə çatacaqdır.

Qonaqpərvərliyə görə Viktor Fyodoroviçə bir daha təşəkkür etmək, qardaş Ukrayna xalqına firavanlıq və tərəqqi diləmək istəyirəm.

Təşəkkür edirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02