Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan inkişafını davam etdirəcəkdir.
ABŞ Azərbaycan ilə bir çox istiqamətlərdə tərəfdaşlığı yüksək dəyərləndirir. Terrorizmə qarşı həyata keçirilən əməliyyatlar regional təhlükəsizliyin təmin edilməsində çox mühüm amildir. ABŞ hərbçilərinin Əfqanıstanda və İraqda sülhməramlı əməliyyatlarına verdiyiniz dəstək, bizim qlobal dəyərlərimizə göstərdiyiniz yüksək qayğının təsdiqidir. Bu tərəfdaşlığımızın davam edəcəyinə və Xəzər regionunda sülhün və əmin-amanlığın bərqərar olacağına ümid edirəm.
Arizona ştatının Senatı bu yaxınlarda qəbul etdiyi qətnamə ilə Azərbaycanın iqtisadi müstəqilliyini və tolerantlığa əsaslanan güclü demokratiyasını təqdir etmişdir. Zəngin neft və qaz ehtiyatları Azərbaycanı Avropanın etibarlı enerji mənbələrindən birinə çevirmişdir. Azərbaycan bütün müttəfiq ölkələr üçün enerjinin şaxələndirilməsində mühüm rol oynayır. Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni boru kəmərinin yaradılması Azərbaycanı daha böyük tərəqqiyə aparan uzaqgörən rəhbərliyinizi nümayiş etdirir.
Sizin Azərbaycanda sağlam biznes mühiti yaratmaq istiqamətində rəqabəti təşviq edən və ardıcıl islahatlar tələb edən iqtisadi inkişafa dair səylərinizi alqışlayırıq.
Bu azad bazar prinsipləri bizim iqtisadi uğurlarımızın əsasıdır və əminik ki, Azərbaycan ilə ticari tərəfdaşlığın gücləndirilməsi hər iki dövlət üçün faydalı olacaqdır.
Dostluq və ortaq dəyərlərimizin ruhunda bir daha Sizi təbrik edərək, Prezidentliyinizin yeni dönəmində uğurlar diləyirəm.
Hörmətlə,
Endi Biqqs
ABŞ-ın Arizona ştatı Senatının sədri