İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni binasının açılışında iştirak etmişdir

25 may 2010, 17:10
İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibatı binasının açılış mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, klassik üslubda bir il 5 aya inşa olunmuş yeddimərtəbəli binada Xidmət əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Hündürlüyü 29 metr olan binanın ümumi tikinti sahəsi 7.944 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllıq işləri aparılmış, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə, videomüşahidə sistemləri quraşdırılmışdır. Giriş elektron kart sistemi ilə həyata keçirilir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə binada Vahid Miqrasiya Məlumat Sistemi quraşdırılmışdır. Bu sistem vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada və hansı işlə məşğul olması müşahidə edilir və ciddi nəzarətdə saxlanılır.

Nəzarətin gücləndirilməsi məqsədilə yeni inzibati binada Dövlət Miqrasiya Xidmətinin Yevlax, Şirvan, Lənkəran və Xaçmaz regional idarələrinin, həmçinin qanunsuz miqrantların saxlanma mərkəzlərinin birbaşa videomüşahidəsi də təmin edilmişdir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikası vətəndaşlarının operativ məlumatlandırılması üçün 24 saat fəaliyyətdə olan “Qaynar xətt” xidməti təşkil edilmişdir.

Bina ilə tanışlıqdan sonra Prezident İlham ƏLİYEV Dövlət Miqrasiya Xidmətinin kollektivi ilə görüşdü, onları təbrik edərək dedi:

- Bu gözəl binanın açılışı münasibətilə sizi təbrik edirəm.

Bu binada işləmək üçün bütün şərait vardır. Ən müasir standartlar tətbiq olunub. Bina həm gözəlliyi ilə seçilir, həm də ki, daxili tərtibatı yaxşı səviyyədədir. Yəni, iş şəraiti ən yüksək standartlara cavab verir. Əsas odur ki, burada bütün işlər də yüksək standartlara cavab versin. Azərbaycan Miqrasiya Xidmətinin böyük funksiyaları vardır. Miqrasiya Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində Xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır.

Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə olacaqdır. Bu, əlbəttə ki, sizdən - işçilərdən asılıdır. Elə etməliyik ki, ən qabaqcıl təcrübə burada tətbiq olunsun. Burada indi gördüklərim məni çox sevindirir. Görürəm ki, çox böyük işlər görülübdür, bu məsələlərə düşünülmüş şəkildə yanaşılıbdır. Elə etməliyik ki, xidmət öz imkanlarını maksimum dərəcədə işə sala bilsin.

O ki qaldı, sizin vəzifələrinizə, siz bu vəzifələri yaxşı bilirsiniz. İndi Azərbaycan xarici vətəndaşlar üçün çox cəlbedici ölkədir. Xaricdən işləmək, yaşamaq üçün gələnlərin sayı artıb. Bu da çox sevindirici haldır. Bu, bizim iqtisadi uğurlarımızın nəticəsidir. Hamımız yaxşı bilirik ki, Azərbaycan xalqı çox qonaqpərvər xalqdır. Biz həmişə qonaqlara çox şadıq. Ancaq sizin funksiyanız, əlbəttə, ondan ibarət olacaqdır ki, xaricdən gələn vətəndaşlara həm xidmət göstərəcək, həm də onların Azərbaycanda qalmasının təmin edilməsi üçün bütün lazımi qanuni tədbirləri görəcəksiniz.

Qanunsuz miqrasiya dünyanın müxtəlif ölkələrində, xüsusilə inkişaf etmiş ölkələrdə də mövcuddur. Qanunsuz miqrasiya əlbəttə ki, o qədər də xoşa gələn hal deyildir və biz buna qarşı ciddi mübarizə aparmalıyıq. Amma müxtəlif yollarla Azərbaycana gəlmək istəyənlərin sayının artması özlüyündə Azərbaycanın nə qədər cəlbedici ölkə olduğunu göstərir.

Biz əlbəttə ki, qapılarımızı bütün qonaqlara açırıq. Ancaq hər şey qanun çərçivəsində olmalıdır. Qanunsuz miqrasiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır. Azərbaycana işləmək üçün gələnlər qanunlarımıza, milli dəyərlərimizə, ənənələrimizə hörmətlə yanaşmalıdırlar. Belə olan halda xarici ölkələrin Azərbaycana gələn vətəndaşlarının da yaşayışı üçün bütün şərait yaradılacaqdır.

İndi biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun. Azərbaycanda bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur. Ona görə biz ilk növbədə sərhədlərimizi möhkəmləndirməliyik və bunu edirik. O cümlədən Miqrasiya Xidmətinin xətti ilə görülən tədbirlər həm iqtisadi maraqlarımızı qoruyacaq, eyni zamanda, insanlarımızın rahat, təhlükəsiz həyatını təmin edəcəkdir.

Mən əminəm ki, siz bütün bu vəzifələri yaxşı dərk edirsiniz. Bir də demək istəyirəm, Miqrasiya Xidmətinin qısa müddət ərzində fəaliyyəti onu göstərir ki, qarşımıza qoyduğumuz məsələlər icra olunur. Bu onu göstərir ki, Miqrasiya Xidmətinin yaradılması çox düzgün və vaxtında atılmış addım idi. Biz bu qərara gələndə hələ o vaxt deyə bilərəm ki, Azərbaycana gəlmək istəyən miqrantların sayı o qədər də çox deyildi. Ancaq biz bilirdik ki, Azərbaycanın uğurlu inkişafı və bütün proqramların icrası nəticəsində xaricdən işçi qüvvəsinin axını güclənəcəkdir. Bu gün biz bunu görürük, ona görə bütün addımları vaxtında atmışıq. Əsas odur ki, siz öz işinizlə bütün bu vəzifələri icra edəsiniz və Azərbaycanın dövlət maraqlarının qorunması üçün bütün lazımi tədbirləri görəsiniz.

Bir də demək istəyirəm ki, bunu etmək üçün bütün imkanlar vardır, sizin üçün yaxşı şərait yaradılıb. Yaxşı, müasir xidmət formalaşıb və siz bütün vəzifələri ləyaqətlə və sədaqətlə icra etməlisiniz. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə işinizdə uğurlar arzulayıram. Sağ olun.

X X X

Arzu Rəhimov göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə xidmətin kollektivi adından minnətdarlığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50