İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur

13 noyabr 2013, 12:35
İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur

Hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

Əvvəlcə Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etdilər.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın  bəyanatı

-Hörmətli Prezident, əziz qardaşım İlham Əliyev.

Hörmətli nazirlər.

Dəyərli mətbuat nümayəndələri.

Dəyərli iştirakçılar, xanımlar və cənablar.

Sizlərə “bir millət, iki dövlət” idealının nümayəndələri olan iki ölkə - Türkiyə-Azərbaycan xalqlarının hazırda təmsilçiləri olaraq bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra yeddi müqavilə və protokolla nəticələndirdiyimiz görüşlərin əhəmiyyətini qeyd edir və sizləri salamlayıram.

Bildiyiniz kimi, cənab İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə prezidentlik vəzifəsinə böyük səs çoxluğu ilə üçüncü dəfə seçilmişdir. Bu münasibətlə qardaşım cənab İlham Əliyevi hamınızın qarşısında bir daha ürəkdən təbrik edirəm və Azərbaycanın gələcəyi naminə bu seçkilərin xeyirlərə nəsib olmasını, uğurlarla dolu olmasını diləyirəm.

Məmnunedici fakt olaraq Azərbaycandakı prezident seçkilərini Türkiyədən 35 parlament üzvünün izlədiyini xatırlatmağın faydası olduğunu düşünürəm. Türkiyə və Azərbaycan olaraq Qafqazda sülhün, sabitlik və rifahın təmin olunması baxımından çox ciddi səylər göstərir. Bu gün həm ikitərəfli, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bütün bu məsələləri nəzərdən keçirmək imkanı əldə etdik.

Həm hərbi, həm siyasi, həm iqtisadi, həm ticarət, həm də mədəniyyət sahələrində gələcəyə yönəlmiş hansı işləri görəcəyik, bu günə qədər hansı işlər gördük - bunların hamısını müzakirə etdik. Hazırda iki ölkə arasında ticarətin həcmi 4,2 milyard dollara çatmışdır. Gələcəkdə bunu 15 milyard dollara çatdırmaq üçün işlərimizi sürətləndirməyi davam edəcəyik. Xüsusilə, qeyd etmək istəyirəm ki, dünən həm Prezident Abdullah Gül, həm qardaşımız Prezident İlham Əliyev mühüm strateji obyektlərimizə baxış keçirərkən bu sahədə də hansı işləri görə biləcəyimizlə bağlı yenə də fikir mübadiləsi apardılar.

Əlbəttə ki, ölkələrimiz arasında strateji əhəmiyyətə malik olan enerji sahəsində addımlar atırıq və atacağıq. Bunlardan biri bilirsiniz ki, hazırda müzakirə edilən TANAP layihəsidir. Bu tarixi layihəni ilin sonuna qədər başa çatdıraraq inşallah 2014-cü ilin əvvəlində təməlini qoyaraq bu istiqamətdə işləri başlayacağıq. Təbii ki, TANAP-dan başqa hazırda bir çox işlər görülür. Məlumdur ki, Bakı-Tbilisi-Ceyhan layihəsi daha əvvəl açılışını etdiyimiz bir layihə idi. Bu, Azərbaycan neftinin Ceyhan limanından dünya bazarlarına daşınması layihəsi idi. Bu layihəyə uğurla başlandı və hazırda uğurlu bir şəkildə davam edir.

Digər mühüm addım bildiyiniz kimi, “Şahdəniz” layihəsidir ki, bu layihə də eyni şəkildə davam edir. Daha bir addım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir ki, bu layihə də sürətli şəkildə davam edir. Bu layihədə də işlər sona yaxınlaşmadadır. Onun da açılışını etməklə sanki dəmir yolu şəbəkəsi ilə ölkələrimizi hörəcəyik. “Marmaray” layihəsi ilə bunlar birləşəcəkdir. “Marmaray” layihəsi ilə birləşdikdən sonra da Bakı-Tbilisi-Qars dəmir yolu xəttini əhatə edəcək şəkildə Pekindən Londona qədər dəmir yolu şəbəkəsi olacaqdır. Eyni zamanda, İğdırdan Naxçıvana təbii qaz kəmərinin çəkilməsi ilə əlaqədar görəcəyimiz işlərlə bağlı müzakirələr aparıldı. Hətta İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ilə bağlı məsələ də müzakirə edildi. Bununla əlaqədar işlər, inşallah, başlayır. Bu addımları da qəti şəkildə atırıq.

Təbii ki, Dağlıq Qarabağ münaqişəsi hazırda Azərbaycanın hansı səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir. Bu, bizim üçün Qafqazda sülhün, qardaşlığın, təhlükəsizliyin təmin olunması baxımından çox önəm verdiyimiz bir məsələdir, xarici siyasətimizdə əsas məqsədlərdən biridir. Bu məsələni diqqətdən kənarda saxlamaq mümkün deyildir. Bunun tezliklə, sülh və dialoq yolu ilə həll edilməsi üçün Azərbaycana şəksiz dəstəyimiz davam edir. Təbii ki, burada ATƏT-in Minsk qrupunun üzərinə çox böyük məsuliyyət düşür. Yəni, ABŞ, Rusiya, Fransa bu işi daha dərindən, ciddi şəkildə, davamlı surətdə diqqətdə saxlamalıdırlar. Türkiyə olaraq biz nələr edə biləcəyimizi müzakirə etdik. Davamlı sülhün necə təmin olunacağı məsələlərini aramızda dəyərləndirdik.

Əziz dostlar, bu gün məmnuniyyətlə qeyd etməliyəm ki, Azərbaycan ilə siyasi əlaqələrimiz mükəmməl və problemsiz şəkildə davam edir. Cənab İlham Əliyevlə görüşümüzdə ticarət əlaqələrimizlə yanaşı, siyasət və mədəniyyət sahələrində münasibətlərimizin genişləndirilməsinin əhəmiyyətini xüsusilə vurğuladıq. Avrasiyanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən enerji layihələrindən danışdıq. Azərbaycanın təbii qazının veriləcəyi Balkanlarda, xüsusilə də bölgədəki ölkələrdə birgə hansı işləri görə biləcəyimizi nəzərdən keçirdik.

Türkiyə və Azərbaycan olaraq Trans-Anadolu və “Cənub” dəhlizi layihələrinin həyata keçirilməsi məsələsində ciddi mövqe nümayiş etdirməklə fikirlərimizi bildirdik. Təbii ki, strateji əməkdaşlığımızın mühüm layihələrindən biri olan bu məsələnin diqqətdə saxlanılması barədə fikirlərimizi bölüşdük.

“Marmaray” layihəsi ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi Qərbi Avropadan çıxan bir qatarın birbaşa Xəzər sahillərinə, oradan isə Aktau və Türkmənbaşı limanlarından Pekinə çatmasını da mümkün edəcəkdir. Bu da təbii ki, mühüm bir addımdır.

Bugünkü görüşlərimizdə, həmçinin Naxçıvanla bağlı məsələni də müzakirə etdik. Bu məsələ bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunsun. Azərbaycanın işğal altındakı bölgələri azad ediləndən sonra Naxçıvanın nəqliyyat problemi aradan qalxacaqdır. Xüsusən də dəmir yolu xəttinin çəkilməsi həm Naxçıvanın nəqliyyat probleminin həllinə, həm də bölgədə sülhə çox ciddi töhfələr verəcəkdir.

Bugünkü toplantımızda xüsusilə qardaşım Prezident İlham Əliyevə bir daha minnətdarlıq edirəm. Azərbaycanda fəaliyyət göstərən iş adamlarımızdan indiyə qədər alınan vergi rüsumları 1270 dollar idi. Bu məsələni qarşı tərəfə çatdıranda müzakirədə çox fərqli bir təkliflə çıxış edib “bunu 50 dollara endirək” dedilər. Beləliklə, bunu 50 dollara qədər endirdik. Bir az sonra da bu saziş ayrıca imzalanacaqdır.

Xüsusilə, bu səmimiyyətə, görülən işlərə görə bir daha minnətdarlığımı bildirirəm. Bu səfərin hər iki ölkə üçün xeyirli olmasını diləyirəm.

Daha əvvəllər də müzakirə etdiyimiz viza məsələsinə gəldikdə, bu məsələsini xüsusilə iqtisadiyyat nazirlərimiz nəzarətdə saxlayacaqlar. Viza alınmasının həm elm adamları, həm tələbələr, həm də iş adamları üçün çətinlik yaratmaması məsələsinin iqtisadiyyat nazirlərimiz tərəfindən dəyərləndirilməsini müzakirə etdik. Planlı olaraq bu istiqamətdə ilk addımları daha çox iş adamlarımıza görə atacağıq.

Çox təşəkkür edirəm. Sözü Azərbaycan Prezidenti İlham Əliyevə verirəm.

Prezident İlham Əliyevin bəyanatı

-Sağ olun əziz qardaşım, hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

Hörmətli mətbuat nümayəndələri.

İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Prezident seçkiləri ilə bağlı təbrikinizə görə də minnətdaram. Təbii ki, prezident seçkilərindən sonra ənənəvi olaraq ilk rəsmi səfərim Türkiyəyə edilən səfərdir. Bu, bir ənənədir. Bu ənənəni biz yaratdıq. Əminəm ki, bizdən sonra gələnlər də bu ənənəyə sadiq qalacaqlar. Bu, belə də olmalıdır. Çünki Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Bəlkə də dünyada ikinci belə ölkələr tapmaq çətindir ki, bir-birinə bu qədər bağlı olsun, bir-birinə bu qədər dəstək versin. Bu dəstək bizi gücləndirir.

Türkiyənin uğurlu inkişafı bizim inkişafımızdır, Türkiyənin gücü bizim gücümüzdür. Bu gün mən əziz qardaşım Baş naziri son illər ərzində onun liderliyi ilə Türkiyədə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etdim. Bunlar tarixi uğurlardır, böyük uğurlardır.

Son 10 il ərzində Türkiyə böyük və şərəfli yol keçmişdir, ağır iqtisadi vəziyyətdən şərəflə çıxa bilmişdir. Bu gün dünya çapında Türkiyə güclü dövlətlər sırasındadır, “Böyük iyirmiliyin” üzvüdür. Dünyada gedən proseslərə Türkiyənin təsir imkanları getdikcə artır, gələcəkdə daha da artacaqdır. Türkiyənin razılığı olmadan bölgəmizdə heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu, bizi sevindirir, bizi gücləndirir. Biz də öz növbəmizdə çalışırıq ki, Türkiyə-Azərbaycan əlaqələri bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin.

Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da bu birliyin təzahürüdür. Cənab Baş nazirin dediyi kimi, toplantı əsnasında iki mühüm məsələ bir an içərisində öz həllini tapmışdır. Bu, onu göstərir ki, bizim bir-birimizə olan hörmət, məhəbbət, bağlılıq o qədərdir ki, istənilən məsələ asanlıqla öz həllini tapa bilər. Biz çalışırıq və çalışmalıyıq ki, həm dövlətlərarası əlaqələr, iş adamları arasındakı əlaqələr, mədəni əlaqələr inkişaf etsin və eyni zamanda, insanlar arasında olan bağlılıq daha da sıx olsun.

Tale elə buyurdu ki, yetmiş il ərzində biz bir-birimizdən ayrı düşmüşdük. Ancaq xalqlarımızın qəlbində olan sevgini o ayrılıq söndürə bilməmişdir. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə ilə əlaqələr qurdu. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və o gündən bu günə qədər biz daim Türkiyənin dəstəyini hiss edirik. Bu, bizə əlavə güc verir. Xüsusilə bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində biz daim Türkiyəyə arxalanırıq, güvənirik. Əminik ki, Türkiyə daim bu məsələdə bizim yanımızda olacaqdır. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir və ədalətsizlik davam edir.

Bu gün bəzi hallarda Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi haqqında söhbət aparılır, yəni, qərar qəbul etməməkdə suçlandırılır. Amma bizim məsələmizlə bağlı qərar qəbul edilmişdir. Sadəcə olaraq, bu qərarın icrası üçün mexanizmlər yoxdur. Biz ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Biz bu məsələlər üzərində çalışırıq.

Türkiyə-Azərbaycan əlaqələri bizim gücümüzü daha da artırır. Dünən Türkiyənin hərbi sənayesinin inkişafı ilə bağlı göstərilən təqdimat məni çox təsirləndirdi. Bu gün Türkiyə bu sahədə də dünyada söz sahibidir. Türkiyədə istehsal olunan hərbi texnika ən yüksək dünya səviyyəsindədir. Bizi birləşdirən ortaq tarix, mədəniyyət münasibətlərimizin möhkəm təməlidir. Biz bu təməl üzərində gözəl bina tikirik və əziz qardaşımın qeyd etdiyi kimi, bu binanın içində transmilli böyük layihələr vardır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası ilə biz sadəcə olaraq Azərbaycan neftini Türkiyəyə çatdırmaqla öz işimizi məhdudlaşdırmadıq. Bu, bir dəhlizin açılması idi ki, bu dəhliz vasitəsilə indi böyük layihələr icra edilir. “Marmaray” layihəsinin icra edilməsi münasibətilə, əziz qardaşım, Sizi bir daha təbrik edirəm. Bu, Sizin tarixi xidmətinizdir. Türkiyə xalqı qarşısında gördüyünüz işlər arasında bu, daim tarixdə qalacaqdır. Siz bu layihənin həyata keçirilməsi ilə qitələri, xalqları birləşdirdiniz və Türkiyənin uzunmüddətli çıxarlarını təmin etdiniz. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmir yolu da bu böyük layihənin tərkib hissəsidir.

Gələcəkdə bizi böyük işlər gözləyir. Biz bu işlərə hazırıq. TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridir və bunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik. Bizim liderliyimizin sayəsində bir çox ölkələr fayda götürəcəklər. Çünki bugünkü dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq mümkün deyildir. Biz bütün işləri birgə qururuq, birgə müzakirə edirik. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mahiyyəti və üstünlüyü ondan ibarətdir ki, bu toplantılar əsnasında bir çox məsələlər öz həllini tapır. Necə ki, bu gün və ondan əvvəlki dəfələr və gələn dəfə Bakıda keçiriləcək toplantıda əminəm ki, biz yeni qərarların verilməsinə nail olacağıq.

Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı bir-iki kəlmə söz demək istərdim. Bu, çox gözəl bir göstəricidir.

Azərbaycanın xaricə qoyulan və qoyulacaq ən böyük sərmayələri Türkiyəyə qoyulacaq sərmayələrdir. Türkiyədən Azərbaycana qoyulan sərmayələr bizim iqtisadi inkişafımızı sürətləndirir. Bu sərmayələr qarşılıqlı etimad, inam, dostluq, qardaşlıq üzərində qoyulan sərmayələrdir. Mən deyəndə ki, bizim münasibətlərimizin təməlində qardaşlıq dayanır, bax, həyata keçirilən layihələr bunu təsdiqləyir. Qardaşlıq, dostluq əbədidir, əbədi olacaqdır. XXI əsr türk dünyasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə gələcəkdə də böyük uğurlara imza atacağıq.

Bir daha əziz qardaşım, qonaqpərvərliyə, məhəbbətə görə Sizə minnətdaram. Qardaş Türkiyə xalqına bundan sonra da rifah, tərəqqi, xoşbəxtlik arzulayıram.

X X X

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Mən də çox təşəkkür edirəm. Mətbuata gözəl açıqlamalarınıza görə sağ olun, var olun.

İndi isə mətbuat nümayəndələri sual verə bilərlər. Əvvəlcə Azərbaycandan gəlmiş mətbuat nümayəndələri buyursun.

Ətayə ABBASOVA (Lider televiziyası): Sualım Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanadır. Hörmətli Baş nazir, soruşmaq istəyirəm ki, yüksək səviyyəli Türkiyə-Azərbaycan münasibətləri regional əməkdaşlığa necə təsir edir? Bu barədə sizin fikriləriniz bizim üçün maraqlıdır. Sağ olun.

Rəcəb Tayyib ƏRDOĞAN: Bəli, mən də çox təşəkkür edirəm. Bir az öncə qeyd etdim ki, Azərbaycan ilə Türkiyə arasında həm siyasi, həm hərbi, həm mədəniyyət, həm ticarət sahələrində inkişaf sürətlə davam edir. Hazırda ticarət dövriyyəsinin həcmi 4,2 milyard dollardır. Əlbəttə ki, bu daha da artmaqda davam edəcəkdir. İndiki hədəfimiz bunu 15 milyard dollara çatdırmaqdır. Yəni, 2020-ci ildə Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdıracağıq.

Bir qədər əvvəl dedim. Balkan ölkələrində təbii qaz ilə əlaqədar birgə bir çox sərmayələr yatırmaq imkanımız vardır. Bunların planlaşdırılmasını həyata keçirəcəyik. Burada başda xarici işlər nazirlərimiz olmaqla bu məsələ ilə bağlı məşğul olacaq digər nazirlərimiz də bu gün birlikdə çox mühüm işlər gördülər. Öz sahələrində nələri etmək mümkündürsə, bu barədə danışıqlar apardılar. Müdafiə sənayesi məsələsində birgə önəmli addımlar ata bilərik. Təhsildə, mədəniyyətdə bu cür addımları birlikdə atacağıq. Yəni, bir millət olmağın məsuliyyəti nədirsə, bu öhdəliklə siyasi sahədə də, xarici siyasətdə də qərarlarımızı birlikdə verə bildiyimizi ortaya qoyuruq və qoyacağıq.

Aysun TURAN (Xəbərtürk televiziyası): Sualım hörmətli Prezident İlham Əliyevədir. Hər görüşdə “bir millət, iki dövlət” kəlamı xüsusilə vurğulanır. Vizalar məsələsində hələ də bir addım atılmamışdır. Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələyə toxundu. Amma vizaların önündəki maneə nədir? Sizcə, şərtlər hələ də uyğunlaşmadımı?

Prezident İlham ƏLİYEV: Vizalarla bağlı əziz qardaşım cənab Baş nazir açıqlama verdi. Hesab edirəm ki, bu açıqlamadan sonra əlavə suala ehtiyac olmamalı idi. Ancaq, eyni zamanda, əgər bu sual olmasaydı mən təəccüb edərdim ki, əcəba bu gün bu sual nə üçün verilmədi?!

Deyə bilərəm, artıq biz qərara gəldik ki, ilk mərhələdə İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcəkdir. Bildiyiniz kimi, hər bir ölkənin vizalarla bağlı öz siyasəti vardır, o cümlədən Azərbaycanın. Ancaq istisna hal kimi elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycan ilə sıx bağlı olan insanlar üçün tamamilə vizasız rejim tətbiq ediləcəkdir. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaqdır. Əminəm ki, ondan sonra daha bu suallara ehtiyac qalmayacaqdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34