İlham Əliyev Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması prosesini izləmişdir

08 fevral 2013, 10:40
İlham Əliyev Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması prosesini izləmişdir

Fevralın 8-də Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri yaşanmışdır.

Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxılmışdır. Bu münasibətlə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) təşkil olunan mərasimə qatılmışlar.

Dövlətimizin başçısı “Azərkosmos” ASC-nin yeni inzibati binasının açılışını da etmişdir.

Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə “informasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu nümayiş etdirdi. Bunun ardınca dövlətimizin başçısı 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzaladı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş apardı. Ən əsası isə bütün diqqət ölkəmizin ilk süni peyki olan “Azərspace-1”in hazırlanmasına və orbitə buraxılmasına yönəldildi. Dizaynı və qoşulma imkanları ilə milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə edəcəyi ilk peykimizin orbitə buraxılması ilə bağlı həyata keçirilən hazırlıqlar əlbəttə ki, ölkəmizin qüdrətini dünyaya nümayiş etdirən ən önəmli hadisələrdən biridir.

Fevralın 8-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərkosmos” ASC-yə gəldilər.

Burada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, “Azərkosmos” ASC müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir. Bu məqsədlə “Azərkosmos” fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyətli idarəetmə siyasətinin formalaşdırılması istiqamətində iş aparır.

Qeyd olundu ki, “Azərkosmos”un yerləşdiyi ərazidə “Azərspace”ə nəzarəti həyata keçirmək üçün bütün imkanlar vardır. Burada peykin idarə olunması üçün müxtəlif təyinatlı antennalar quraşdırılmışdır.

“Azərkosmos” ASC-nin inzibati binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Qeyd olundu ki, ötən dövrdə “Azərkosmos” ASC-də yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Texniki heyət mərhələli şəkildə ABŞ-da və Malayziyada müxtəlif kurs və təlimlərdə iştirak etmişlər. Əsas məqsəd “Azərspace” peykinin idarə və istismar edilməsinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin etməkdir.

Prezident İlham Əliyevə hazırkı və gələcək layihələr barədə məlumat verildi. Bildirildi ki, 2015-ci ildə aşağı orbitli peykin, 2016-cı ildə isə “Azərspace-2”nin orbitə buraxılması planlaşdırılır.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərspace-1” peykinin orbitə buraxılması prosesini izlədilər.

Bakı vaxtilə saat 01.36-da Azərbaycan Respublikasının ilk peyki - “Azərspace-1” Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxıldı.

Peyk buraxılışı üzrə dünya bazarının 50 faizindən çox hissəsinə malik və fəaliyyətə başladığı 1980-ci ildən müxtəlif daşıyıcı raketlərlə bütövlükdə 242 peyk buraxılışı həyata keçirmiş “Arianespace” şirkəti üçün “Azərspace-1” peykinin buraxılışı “Ariane-5” daşıyıcı raketi ilə 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur. “Azərspace-1” peyki “Orbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərən STAR-2 peyk platforması əsasında yığılmışdır.

Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azərspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur.

Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. “Azərspace-1” peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdəbir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcəkdir. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Belə ki, “Azərspace-1” peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edəcək, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunacaq, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulacaqdır.

“Azərspace-1” peykinin sığortalanması ilə əlaqədar bağlanılan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri hesabına “Azərspace-1” layihəsini davam etdirmək imkanına sahib olacaqdır.
“Azərspace-1” peyki kosmodromdan qalxdıqdan 33 dəqiqə sonra raketin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk peyki - “Azərspace-1”in uğurla orbitə buraxılması münasibətilə xalqımızı təbrik etdi.


Prezident İlham Əliyevin təbriki

- Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.

Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Eyni zamanda, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olmuşdur. Bu, Amerikanın “Orbital” və Fransanın “Arianespace” şirkətlərinin köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük.

Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə böyük quruculuq işləri aparılır. Ölkəmizin beynəlxalq nüfuzu artır. Azərbaycan bu gün dünyanın birinci beynəlxalq qurumunun – BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim Sərəncamımla “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Əminəm ki, biz bu il və bundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində daha da böyük nailiyyətlərə çatacağıq.

Birinci peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Biz bu işə beş il bundan əvvəl başlamışdıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə Dövlət Proqramı qəbul edilmişdir. 2010-cu ildə “Azərkosmos” Səhmdar Cəmiyyəti yaradılmışdır və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilmişdir.

Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin. Bu yaxınlarda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında imzaladığım Sərəncam dediyim sözlərin təsdiqidir.

Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün – 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaqdır. Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir.

Əziz həmvətənlər, sizi bu tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 04 fevral 2025
15:35
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...

04 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:42
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə...

03 fevral 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 03 fevral 2025
15:40
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...

03 fevral 2025, 15:40