“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

29 dekabr 2021, 19:11

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 399; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692, № 10, maddə 872; 2006, № 12, maddə 1007; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2011, № 2, maddə 71; 2013, № 12, maddə 1491; 2015, № 2, maddə 73; 2016, № 3, maddə 415; 2017, № 5, maddə 686; 2019, № 1, maddə 33; № 11, maddə 1691; 2020, № 7, maddə 826; 2021, № 8, maddə 897) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulada “səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir” sözləri “həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir” sözləri ilə əvəz edilsin;

1.2. 1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.”;

1.3. 2 - 4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 2.Əsas anlayışlar

2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;

2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;

2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;

2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;

2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;

2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;

2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;

2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir.

Maddə 3. Dövlət icbari şəxsi sığortanın prinsipləri

3.1. Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:

3.1.1.dövlət icbari şəxsi sığortanın məcburiliyi;

3.1.2. dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.

Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı

4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.

4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.”;

1.4. aşağıdakı məzmunda 4-1 – 4-4-cü maddələr əlavə edilsin:

“Maddə 4-1. Sığortaolunanın hüquq və vəzifələri

4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:

4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;

4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;

4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.

4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;

4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.

4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

Maddə 4-2. Sığortaçının hüquq və vəzifələri

4-2.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

4-2.1.1. sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

4-2.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

4-2.1.3. sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı, sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

4-2.1.4. sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

4-2.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:

4-2.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

4-2.2.3. hər bir sığortalıya və bu Qanunun 9.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

4-2.2.4. sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

4-2.2.5. sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

4-2.2.6. bu Qanunun 8-1-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

4-2.2.7. sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

4-2.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Maddə 4-3. Sığortalının hüquq və vəzifələri

4-3.1. Sığortalının aşağıdakı hüquqları vardır:

4-3.1.1. özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

4-3.1.2. sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

4-3.1.3. sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4-3.1.4. sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

4-3.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

4-3.2. Sığortalının aşağıdakı vəzifələri vardır:

4-3.2.1. Sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

4-3.2.2. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

4-3.2.3. sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

4-3.2.4. sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

4-3.2.5. sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;

4-3.2.6. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 4-4. Sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət, artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası

Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

1.5. 5-ci maddənin birinci hissəsi üzrə:

1.5.1. birinci abzasda “4-cü” sözləri “4.1-ci” sözləri ilə, “məbləğinin” sözü “məbləğlərinin” sözü ilə əvəz edilsin;

1.5.2. beşinci abzasda ismin müvafiq hallarında “həqiqi hərbi xidmət” sözlərindən sonra ismin müvafiq hallarında “(toplanış)” sözü əlavə olunsun, “d” bəndində üçüncü abzas dördüncü abzas hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“- az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz;”;

1.6. 5-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.”.

1.7. 6 – 8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 6.Dövlət icbari şəxsi sığortanın aparılması qaydası

6.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

6.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya ödəyir.

6.3. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

6.4. Sığortaolunanlar hərbi qulluqçu statusu əldə etdikləri gündən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.

Maddə 7.Sığorta ödənişinin verilməsi

7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.

7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.

7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.

Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina

8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibini həyata keçirən orqanın müvafiq prosessual qərarı olduqda;

8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə;

8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.”;

1.8. aşağıdakı məzmunda 8-1-ci və 8-2-ci maddələr əlavə edilsin:

“Maddə 8-1. Sığorta vəsaitləri

8-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

8-1.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

8-1.1.2. kreditlər;

8-1.1.3. sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

8-1.1.4. qanunla qadağan edilməyən digər mənbələr.

8-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

8-1.2.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

8-1.2.2. sığorta ehtiyatının yaradılmasına;

8-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

8-1.2.4. idarəetmə xərclərinə;

8-1.2.5. qanunla müəyyən edilən digər istiqamətlərə.

8-1.3. İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

8-1.4. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

8-1.5. Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

8-1.6. Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

8-1.7. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 8-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan

(qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.;

1.9. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 9. Nəzarət və bu Qanunun pozulmasına görə məsuliyyət

9.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

9.2. Sığortaçı dövlət icbari şəxsi sığorta sahəsində görülmüş işlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verir.

9.3. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanun 2022-ci il yanvarın 1-dən (bu Qanunun 2.2-ci maddəsi nəzərə alınmaqla) qüvvəyə minir.

2.2. Sığortaolunanların “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-4-cü maddəsində müəyyən edilən qaydada sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sığortaolunanlarına münasibətdə 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

2.3. 2022-ci il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta haqqını “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydada ümumi say tərkibinə uyğun olaraq sığortaçıya ödəyir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2021-ci il 

SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49