Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun NİZAMNAMƏSİ

23 iyul 2021, 16:10

 Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 23 iyul tarixli

Fərmanı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun (bundan sonra – Agentlik) ixracın və investisiyaların təşviq edilməsi istiqamətində fəaliyyət göstərən, ixracatçılara və investorlara bir sıra xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları (yerli və xarici valyutada), öz adı həkk olunmuş möhürü, müvafiq ştampları, blankları və loqotipi (emblemi) vardır.

1.6. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.7.1. tam halda – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO;

1.7.2. ingilis dilində – Export and Investment Promotion Agency of the Republic of Azerbaijan, qısaldılmış halda – AZPROMO.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. ixracın və investisiyaların təşviqi üzrə dövlət siyasətinin formalaşdırılmasında və normativ hüquqi bazanın inkişafında iştirak etmək;

2.1.2. ixracın və investisiyaların təşviqi üzrə ixracatçılar və investorlar üçün davamlı əlverişli mühitin yaradılması proseslərində iştirak etmək;

2.1.3. ixracın və investisiyaların təşviqi üzrə proqram və layihələrin, dövlət dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak etmək və dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin bu sahə üzrə fəaliyyətini əlaqələndirmək;

2.1.4. ixracatçıların və investorların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlər görmək;

2.1.5. ixracatçıların ixrac potensialının gücləndirilməsini, onların və investorların maarifləndirilməsini təmin etmək;

2.1.6. ixracın və investisiyaların təşviqi sahəsində beynəlxalq təcrübənin araşdırılmasını, öyrənilməsini və respublika ərazisində tətbiqini təmin etmək;

2.1.7. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin aşağıdakı vəzifələri vardır:

3.1.1. ixrac və investisiya mühitinin yaxşılaşdırılması və investisiyanın təşviqi məqsədilə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində, qeyri-neft məhsullarının və qeyri-neft sektorunda həyata keçirilən işlərin (xidmətlərin) ixracının təşviqi və investisiyaların cəlb edilməsi ilə bağlı dövlət siyasətinin, habelə dövlətin dəstək proqramlarının və mexanizmlərinin həyata keçirilməsində iştirak etmək;

3.1.2. ixracın və investisiyaların təşviqi sahəsində göstərdiyi xidmətlərin operativlik, şəffaflıq, rahatlıq, nəzakətlilik və məsuliyyətlilik prinsipləri əsasında həyata keçirilməsini təmin etmək;

3.1.3. ixracın və investisiyaların təşviqi sahəsində dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək;

3.1.4. ixracatçıların və investorların hüquqlarının, qanuni maraqlarının qorunması və problemlərinin çevik həlli istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək;

3.1.5. ixracatçılar və investorlar arasında sorğular keçirmək, onların problemlərini araşdırmaq, ixrac və investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə respublikanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.1.6. qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların təşviq edilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.1.7. qeyri-neft ixracına dair aylıq statistikanı dərc etmək;

3.1.8. investisiya fəaliyyəti üzrə dövlət-özəl tərəfdaşlığı sisteminin inkişafı və təşviqi üçün tədbirlər həyata keçirmək;

3.1.9. ixracatçılara və investorlara göstərilən elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.10. öz fəaliyyəti haqqında ixracatçıların, investorların, o cümlədən digər fiziki və hüquqi şəxslərin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.12. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.13. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.14. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.15. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.16. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, ixrac və investisiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.17. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.18. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.19. ixrac və investisiya sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.20. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. ixrac və investisiyaların təşviqi sahəsində normativ hüquqi aktların layihələrinin qəbul olunması, aktlarda dəyişikliklər edilməsi, aktların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. ixracatçıların və investorların hüquq və qanuni mənafelərinin təmin edilməsi istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi üçün təkliflər vermək;

3.2.3. ixracın və investisiyaların təşviqi sahəsində inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında ixracatçıların, investorların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək;

3.2.4. Azərbaycan Respublikasının ixrac və investisiyaların təşviqi sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.5. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və tətbiq olunması ilə bağlı təkliflər vermək;

3.2.6. ixracın və investisiyaların təşviqi sahəsində sahibkarların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə onların ictimai birlik, assosiasiya, hüquqi şəxsləri ittifaqlarının, habelə qanunvericilikdə nəzərdə tutulan digər birliklərinin yaradılmasını təşviq etmək;

3.2.7. Nazirliklə razılaşdırmaqla xarici ölkələrdə Azərbaycan Respublikasında istehsal olunan məhsulları təşviq edən ticarət evləri yaratmaq, onların, habelə ticarət nümayəndələrinin fəaliyyətini əlaqələndirmək, təsərrüfat cəmiyyətlərini yaratmaq və ya onlarda iştirak etmək;

3.2.8. təhlil məqsədilə qeyri-neft məhsullarının ixracı əməliyyatları haqqında məlumatların əldə olunması üçün Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarına aid statistik məlumatları əldə etmək;

3.2.9. məlumatlar (sənədlər) almaq üçün dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək, yerli və beynəlxalq tədbirlər təşkil etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.12. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.13. ixracatçı və investorların fəaliyyətinə təsir edən normativ hüquqi aktların, o cümlədən onların layihələrinin beynəlxalq təcrübədə geniş tətbiq olunan nəticələrinin təhlillərini aparmaq, iqtisadi və digər aspektlərin ekspertizasını həyata keçirmək və təkliflər vermək;

3.2.14. ixracın genişləndirilməsi və investisiya sahəsində inkişafa nail olunması məqsədilə hədəf istiqamətlərinin müəyyən edilməsi, bu sahədə strateji planların, yol xəritələrinin, tədbirlər planlarının hazırlanması ilə bağlı təkliflər vermək;

3.2.15. potensial investorların investisiya yatırmasını təşviq etmək üçün investisiya təşviqi tədbirləri görmək, o cümlədən müxtəlif ölkələrdə diasporların nümayəndələri və Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlarla investisiya təşviqi üzrə müvafiq işlər aparmaq;

3.2.16. Azərbaycan Respublikasının iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olan investorlarla investisiya axtarışında olan sahibkarlar, habelə təchizatçı və birgə müəssisələr arasında vasitəçilik etmək, onların görüşünü təşkil etmək və lazımi dəstəyi təmin etmək;

3.2.17. ixracatçı və investorların fəaliyyəti ilə bağlı aidiyyəti qanunvericilik aktları və həmin aktlarda dəyişikliklər barədə izahedici və məlumatlandırıcı yenilikləri kütləvi informasiya resursları vasitəsilə operativ şəkildə onlara təqdim etmək;

3.2.18. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, tədqiqatlar aparmaq, analitik və metodik materiallar hazırlamaq;

3.2.19. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq və işçi qruplar, komissiyalar yaratmaq;

3.2.20. ixracatçı və investorlar üçün peşəkar mütəxəssislərə dair məlumat bazası yaratmaq;

3.2.21. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.

4.3. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura onun sədri də daxil olmaqla 7 (yeddi) üzvdən: Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinindən, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şuranın sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;

4.7.4. Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.7. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.8. kənar auditoru təyin etmək və audit hesabatını qəbul etmək, kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.9. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.10. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.12. Agentlikdə daxili audit bölməsi yaradıldığı halda, həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.13. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək.

4.8. Şuranın sədri ildə azı bir dəfə olmaqla Şuranın iclasını çağırır və iclasa sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ daxil edildikdə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora təqdim edir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.18. Şuranın üzvləri:

4.18.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.18.4. Şuranın iclaslarında Şuranın səlahiyyətlərinə aid məsələlərə baxılması barədə təklif verirlər;

4.18.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.20. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunan İcraçı direktor həyata keçirir. İcraçı direktorun Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini vardır.

4.21. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə İcraçı direktorun müavinlərindən biri icra edir.

4.22. İcraçı direktorun vəzifələri aşağıdakılardır:

4.22.1. Agentliyin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.22.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Şuraya təkliflər verir və sənədlər təqdim edir;

4.22.3. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.22.4. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.22.5. Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.22.6. Agentliyin işçilərinin vəzifə təlimatlarını təsdiq edir, həmin vəzifə təlimatlarına nəzarət edir, monitorinq və qiymətləndirməni təşkil edir;

4.22.7. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.22.8. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.22.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq komissiyalar, məşvərətçi komitələr, işçi qruplar yaradır və onların fəaliyyətini təmin edir;

4.22.10. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.22.11. Agentliyin fəaliyyəti ilə əlaqədar konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təmin edir;

4.22.12. Agentlikdə vətəndaşların, o cümlədən ixracatçıların, investorların qəbulunu və onların müraciətlərinə baxılmanı təmin edir;

4.22.13. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.22.14. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.22.15. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.22.16. bu Nizamnamənin 3.1.17-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.22.17. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.22.18. Agentliyin göstərdiyi xidmətlərin operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini təmin edir;

4.22.19. Şuranın qərarlarını icra edir;

4.22.20. Agentliyin sənədlərinin nümunəvi formalarını təsdiq edir;

4.22.21. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.22.22. Agentliyin idarə, filial və nümayəndəliklərinin, həmçinin cəmiyyətlərinin təsdiq olunmuş gəlir və xərclər smetaları üzrə xərclərin ödənilməsini təmin edir;

4.22.23. xarici ölkələrdə Azərbaycan Respublikasında istehsal olunan məhsulları təşviq edən ticarət evlərinin yaradılması ilə bağlı təkliflər verir;

4.22.24. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.22.25. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

4.22.26. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;

4.22.27. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.22.28. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.23. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondu 1 000.000 (bir milyon) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan, ödənişli xidmətlərdən və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin göstərdiyi və əlaqələndirdiyi iş və xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlik və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura və İcraçı direktor həyata keçirir.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin yenidən təşkili və ləğvi

Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti

həyata keçirir.