Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə

11 iyun 2021, 15:30

Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz və 95 illik yubileyiniz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Siz böyük bir tarixi dövrü özündə əks etdirən zəngin və dərin məzmunlu ömür yolu keçmiş, bütün həyat və fəaliyyətinizi doğma ölkənizin rifahına həsr etmiş, xalqınıza şərəflə və ləyaqətlə xidmət etmisiniz. XX əsrin ikinci yarısından bu günədək Birləşmiş Krallığa başçılıq edərək daim öz prinsiplərinizə sadiqliyiniz, əzmkar və yorulmaz fəaliyyətiniz, Vətəninizə olan hədsiz bağlılığınız və məhəbbətiniz bütün dünyada Sizə böyük nüfuz və rəğbət qazandırmışdır.

Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlər müvəffəqiyyətlə inkişaf edir, dostluq əlaqələrimiz gündən-günə genişlənir. Dövlətlərarası münasibətlərimizin formalaşmasında, hərtərəfli inkişafında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük rolunuz vardır.

İnanıram ki, dərin kökləri olan və möhkəm təməllər üzərində qurulmuş bu əlaqələr, bir sıra mühüm sahələrdə əməkdaşlığımız bundan sonra da ardıcıl olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Ülyahəzrət,

Bu əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Birləşmiş Krallığın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2021-ci il

SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56