21:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.
Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir dedi:
- Cənab Prezident, Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. İcazə verin, Sizə Prezidentimiz Aleksandr Vuçiçin səmimi salamlarını, Sizin və ölkənizin rifahı, inkişafı üçün xoş arzularını çatdırım. Cənab Prezident, qeyd etmək istəyirəm ki, Azərbaycanın həqiqi dostu və strateji tərəfdaşı olan Serbiyanı təmsil etməklə Azərbaycan Respublikasında xidmət etmək imkanına nail olmaq mənim üçün böyük şərəfdir. Təşəkkür edirəm, cənab Prezident.
Səfiri salamlayan Prezident İlham Əliyev dedi:
- Çox sağ olun. Xoş gəlmisiniz. Cənab səfir, sizi görməyə çox şadam. Ümid edirəm ki, Azərbaycanda çox mənalı vaxt keçirəcəksiniz. Həmçinin sizdən Prezident Vuçiçə ən xoş salamlarımı çatdırmağınızı xahiş edirəm. Bilirsiniz ki, biz çox fəal ünsiyyətdə oluruq və dəfələrlə görüşlərimiz olub. Hesab edirəm ki, prezidentlər arasında çox mehriban münasibətlər var və bu da, ölkələr arasında münasibətlər üçün vacibdir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz əməkdaşlığımızı irəli aparmaq üçün əlinizdən gələni edəcəksiniz. Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Sizin dediyiniz kimi ölkələrimiz strateji tərəfdaşdır. Əməkdaşlıq sahələri indi bir çox istiqamətləri əhatə edir. Hesab edirəm ki, əsas diqqəti artıq böyük irəliləyiş əldə etdiyimiz sahələrə və fəal əməkdaşlığın ilkin mərhələlərində olduğumuz bəzi sahələrdə hansı işləri görə biləcəyimiz məsələsinə yetirməliyik.
Beynəlxalq təşkilatlarda tərəfdaşlığımıza gəldikdə, əminəm ki, biz bir-birimizi dəstəkləməyə, bir-birimizin maraqlarını müdafiə etməyə davam edəcəyik. Biz artıq bir sıra beynəlxalq təşkilatlarda çox yüksək səviyyəli həmrəylik nümayiş etdiririk. Bu, vacibdir. Çünki bu, həqiqətən də bizim əməkdaşlığın səmimi mahiyyətini əks etdirir.
İkitərəfli münasibətlərə gəldikdə əlbəttə ki, çox yüksək səviyyəli siyasi təmasların olmasını nəzərə alaraq, biz iqtisadi inkişaf sahəsi üzərində diqqətimizi cəmləməliyik. Siz bilirsiniz ki, biz indi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik. Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin şirkətləri kimi fəal olacaqlar, gələcəklər, onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim olunacaq. Onlar dost ölkələrdən olan beynəlxalq şirkətlər komandasına qoşularaq yenidənqurmada iştirak edəcəklər. Düşünürəm ki, diqqəti cəmləşdirəcək çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycanda görəcək işləriniz çox olacaq. Sizə vəzifələrinizi uğurla həyata keçirməyi arzulayıram.
Səfir Draqan Vladisavljeviç:
- Təşəkkür edirəm, Cənab Prezident. Zati-Aliləri, möhtərəm Prezident, ilk növbədə, icazə verin Azərbaycan Respublikasında olmaqdan və burada xidmət etmək imkanına sahib olmaqdan böyük şərəf duyduğumu bir daha təkrarlayım. Mənim təyinatım Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiçin şəxsi istəyi olub. Buraya gəlişimdən əvvəl bizim təkbətək görüşümüzdə Prezident Vuçiç məndən aşağıdakı mesajları Sizə çatdırmağımı xahiş etdi. İlk növbədə, Prezident Vuçiç Sizə ən səmimi salamlarını çatdırır və Sizə möhkəm can sağlığı, xoşbəxtlik, xalqınız və ölkəniz üçün gördüyünüz hər bir işdə uğurlar arzulayır. Prezident Vuçiç şəxsən Sizinlə dostluğu və dövlətlərimiz arasındakı dostluğu yüksək qiymətləndirir. O, Serbiya Respublikasının dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini xüsusi vurğuladı, ölkələrimiz arasındakı mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini və onu qoruyub saxlamaq, daha da gücləndirmək arzusunda olduğunu bildirdi. Prezident məndən dövlətlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə, həmçinin yüksək siyasi səviyyədə daha da təşviq etdirilməsində yaxından iştirak etməyimi xahiş etdi.
Mən, Prezident Vuçiçin Sizin Serbiyaya rəsmi səfər etməyinizlə bağlı dəvətini çatdırmaq istərdim. O qeyd etdi ki, həm rəsmi Bakının, həm də rəsmi Belqradın qarşısında Qoşulmama Hərəkatının və Belqradda keçirilmiş 1-ci sammitin 60-cı ildönümünün təşkili ilə bağlı fəal iş durur. O, hərəkatın təsisçisi olan dövlətlərin – Hindistan, Misir, İndoneziya və Qananın liderlərini və əlbəttə ki, Hərəkatın sədri olaraq Sizi bu münasibətlə dəvət etmək niyyətindədir. Siz, Prezident Vuçiçlə birlikdə tədbirə ev sahibliyi edəcəksiniz. O vurğuladı ki, bu, onun şəxsi təşəbbüsü olub və sammit Sizin üçün, Azərbaycan Respublikası və Serbiya Respublikası üçün tarixi əhəmiyyət kəsb edəcək.



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair ə...
07 oktyabr 2026, 15:36Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçili...
07 oktyabr 2026, 15:30Hörmətli konfrans iştirakçıları!
Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
İtkin düşmü...
07 oktyabr 2026, 09:55Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (A...
06 oktyabr 2026, 17:12Zati-aliləri,
Xanımlar və cənablar,
Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirini təşkil etdiklərinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirə...
06 oktyabr 2026, 15:38