İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

12 aprel 2021, 12:05
İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb: açıq səma altında nadir park salınıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti təqdim edildi.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

Lövhənin qarşısında çıxış edən Prezident İlham Əliyev dedi:

-Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb.

Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya, Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik.

Dekabrın 10-da keçirilmiş hərbi paradda bu lövhə nümayiş etdirildi. Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!

X X X

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var.

“İsgəndər M” raketinin qalıqlarına baxan Prezident İlham Əliyev dedi:

-Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur.

X X X

Diqqətə çatdıraq ki, nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika da var. Onlar saz vəziyyətdədir! Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatları da bu sıraya daxil etmək olar.

Vətən müharibəsində döyüş həm də informasiya cəbhəsində davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən – Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.

Parkın ərazisindəki hər bir element demək olar nadirdir. Məsələn, buradakı oturacaqların alt hissəsi qənimət kimi götürülmüş mərmi yeşiklərindən düzəldilib. Parkın ərazisindəki işıqlandırma sistemi mərmilərin ərintilərindən, tullantı yeşikləri isə tank mərmisinin barıt atıcısının futlyarından hazırlanıb.

Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Otuz il ərzində möhkəmləndirilən mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.

Azərbaycan Ordusuna qarşı kustar üsulla hazırlanmış rels üzərində hərəkət edən iriçaplı minaatanlardan istifadə olunurdu. Özəllik ondan ibarətdir ki, bu minaatanlar relslə arxaya doğru çəkilir, atəş açılır, daha sonra relslə gizlədilirdi. Beləliklə atəş nöqtəsini müəyyən etmək daha çətin olurdu, amma mümkünsüz deyildi.

Prezident İlham Əliyev bütün bu mühəndis-maneə sistemləri, döyüş postu və əsgər kazarması ilə tanış oldu.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

X X X

Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Salam cənab zabitlər.

-Hərbçilər: Salam.

-Prezident İlham Əliyev: Əyləşin.

Əziz hərbçilər, bu gün sizə dövlətimizin yüksək hərbi mükafatları təqdim edilir. Bu mükafatlar müharibədən sonra mənim təşəbbüsümlə təsis edilmişdir. Mükafatların adlarını da özüm vermişəm – “Vətən müharibəsi qəhrəmanı” ulduzu, “Zəfər” və “Qarabağ” ordenləri yeni təsis edilmiş yüksək hərbi mükafatlardır.

Xahiş edirəm ki, təntənəli mərasimimizin əvvəlində Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əyləşin. Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.

Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilmədi. Biz bu mərasimi Yeni Bulvarda keçiririk. Yeni Bulvar mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl salınmışdır. Yeni Bulvarın uzunluğu 12 kilometrdir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 kilometrdir. Bu bulvarın salınması dövlətimizin qüdrətini göstərirdi, xalqa olan qayğını göstərirdi. Bu, yenilik idi, inkişaf idi, bu, bizim gücümüzün təzahürü idi. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.

Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi. Çünki bax, bu bulvarın ərsəyə gəlməsində, bunun təməlində Vətən sevgisidir. Çünki bu zona əvvəllər sənaye zonası idi və burada bir çox köhnəlmiş, sıradan çıxmış müəssisələr fəaliyyət göstərirdi. Bütün bu ərazi təmizləndi, yeni bulvar salındı. Sağ tərəfdə olan boş yer də təmizlənib sərəncama götürülüb.

Bu Hərbi Qənimətlər Parkının açılışını bu gün etdim. Orada düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərir, bir daha düşmənin məğlubiyyətini göstərir. Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmişdir və qənimət kimi götürülmüşdür.

Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.

Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Biz yaxşı xatırlayırıq ondan sonra hansı proseslər baş vermişdi. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır. O vaxt Azərbaycana qarşı çirkin informasiya kampaniyası aparılırdı. Bütün bunları yaşlı nəsil yaxşı xatırlayır.

Müstəqillik əldə olunandan sonra nələr baş verdi? Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıbdır. Xocalı soyqırımından üç ay keçəndən sonra Şuşa və Laçın işğal altına düşdü.

Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər. Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. O vaxt Daxili Qoşunların komandanı, bu gün xaricdə gizlənən bir tula, oraya desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırlar. Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir?! 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Ona görə, mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil.

Məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı.

Mən 2003-cü ildə hakimiyyətə gələrək, Prezident vəzifəsinə başlayaraq söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi. Halbuki təzyiqlər də olmuşdur, təhdidlər də olmuşdur. Mənə qarşı çevriliş cəhdləri olmuşdur. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək. Mən bunu qoymurdum. Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da “narıncı inqilab” dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu, indi hər kəs görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər, artıq 15-17 ildir böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu. Yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün təzyiqlərə, bütün cəhdlərə, - ondan sonra da cəhdlər olmuşdu, - baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim. Bunun əksinə, 2003-cü ildə Prezident seçiləndən sonra demişdim ki, artıq nə danışılıb, qalsın kənarda. Mən bunu tanımıram. Sıfırdan başlamalıyıq danışıqlara, sıfırdan. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Məhz bunun nəticəsində Madrid prinsipləri ortalığa çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər. Onu sonra anladım.

Ancaq bununla paralel olaraq danışıqlar apararaq, eyni zamanda, hazırlıq işləri də gedirdi. Mən bunu gizlətmirdim. Dəfələrlə demişdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu. Nə demişəmsə, onu da etmişik. Bütün bu illər ərzində demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu qınamışam. Demişəm ki, bu xəyanət idi, satqınlıq idi, bağışlanmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik - kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir.

Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi.

İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Mən bu barədə əvvəlki illərdə danışarkən bəziləri hesab edirdi ki, bəli, bunlar qəbul olundu, amma bunun nəticəsi yoxdur. Bu gün gördük bunun nəticəsini, hər kəs gördü bunun nəticəsini. BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi, ondan başqa ciddi bir sənəd yox idi. BMT Baş Assambleyasının qərarı, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti. Avropa Şurası Parlament Assambleyası həmişə bizə düşmənçilik mövqeyi sərgiləyir, hətta onlar da məcbur olub ərazi bütövlüyümüzə dəstək nümayiş etdiriblər. Bütün bunlar siyasi və hüquqi baza yaradıbdır. Əgər bu, olmasaydı, müharibə dövründə bizə qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki təşəbbüsü nəticə verə bilərdi. Bunu da hər kəs bilsin, bir çoxları bilmir. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVID ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər. Düzdür, hər hansı bir qətnamə qəbul olunsaydı belə, bizi dayandıra bilməzdi. Heç kim və heç nə bizi dayandıra bilməzdi. Mən müharibə dövründə dəfələrlə xalqa müraciət edərək demişdim, rədd olsun düşmən bizim torpağımızdan, mən müharibəni dayandırıram. Ona görə beynəlxalq müstəvidə hazırlıq aparılmalı idi. İqtisadi sahədə hazırlıq aparılmalı idi. Əgər biz hansısa bir ölkədən və yaxud da ki, hansısa beynəlxalq maliyyə qurumundan asılı olsaydıq, müharibəni apara bilərdikmi? Əlbəttə ki, yox. Bizə min cür təzyiq edəcəkdilər, bizi təhdid edəcəkdilər, imkanlarımızı kəsəcəkdilər.

İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Ona da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi. Mən nə qədər təzyiqlə üzləşdim - yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmir yolu Ermənistan üzərindən keçməlidir. Bakı-Tbilisi-Qars inşa edilməməlidir, biz buna kredit verməyəcəyik. Dedim, vermirsən, cəhənnəmə vermə. Mən özüm Gürcüstana 725 milyon dollar kredit vermişəm. Nail olduq, bunu tikdik, Ermənistan dalana çevrildi. Bu, özlüyündə ona gətirib çıxardı ki, Ermənistandan kütləvi köç başlanmışdı. Köç olan kimi bazar daralır. Bazar daraldıqca, heç kim investisiya qoymaz. Adam gərək dəli olsun ki, Ermənistana investisiya qoysun, həm o illərdə, xüsusilə indi. Beləliklə, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib. Əlbəttə ki, ilk növbədə, ordu quruculuğu. Ordunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, peşəkarlığı, xidmət şəraiti, hərbçilərin məişət şəraiti yaxşılaşdırıldı. Elə güclü ordu yaratmışıq ki, beynəlxalq reytinqlərdə həmişə 50-ci yerlərdə idik, indi müharibədən sonra təbii ki, daha da yüksək yerlərə qalxacağıq. Müharibə dövründə gücümüzü göstərdik.

Biz Ermənistana şans verirdik. Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı şans verdik. Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları bizə qaytarmaq sözü vermişdi. O vaxt Aprel döyüşləri gedə-gedə onlar gecə-gündüz Moskvaya, Rusiyanın Baş qərargah rəisinə zəng edirdilər ki, Azərbaycana deyin müharibə dayansın, yalvarırdılar. Biz o şərtlə dayandırdıq ki, dərhal danışıqlar başlasın və başlamışdır. Müharibə dayanandan bir ay sonra Vyanada artıq Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş keçirilmişdir. Nə üçün o vaxta qədər bu səviyyədə görüş keçirilmirdi? Amma Aprel döyüşlərində biz ermənilərin başına bir zərbə vurandan sonra dərhal may ayında görüş keçirildi. İyun ayında Rusiyada Zirvə görüşü keçirildi. Sarkisyan mənə söz vermişdi ki, ona iki həftə vaxt lazımdır. Mən söz verirəm ki, bunu həll edəcəyəm. Dedim yaxşı, çıxdı getdi. Ondan sonra orada ya özləri təşkil etmişdilər, ya da özü-özlüyündə belə bir hadisə baş vermişdir, polis bölməsini zəbt etmişdilər. Bunu bəhanə gətirərək imtina etdi. Yenə də bizi aldatdılar. Tək Sarkisyan yox, onların hamısı. 2018-ci ildə Naxçıvan əməliyyatı, yenə də onlara dərs verdik, yenə də göstərdik ki, axırı pis olacaq, məhv edəcəyik sizi. O da dərs olmadı. O da düşdü hakimiyyət dəyişikliyinə. Ermənistana təzə hakimiyyət gəlmişdi. Ondan bir ay sonra biz Naxçıvanda sərhəddə uğurlu əməliyyat keçirərək önəmli strateji yerləri götürmüşdük və artıq Qarabağa gedən yola tam nəzarət edirdik. Müharibə dövründə, - indi bu, sirr deyil, - bilirdik ki, Dağlıq Qarabağa nə aparılır. İstənilən an o yolu kəsə bilərdik. Sadəcə olaraq, buna ehtiyac yox idi. O da dərs olmadı. Ondan sonra yeni hakimiyyət bizdən vaxt istədi. Dedi ki, vaxt verin biz burada daxili problemləri, köhnə xunta nümayəndələrinin problemlərini həll edək, biz həll edəcəyik. Bizi yenə də aldatdılar. Ondan bir il sonra Ermənistanın baş naziri Dağlıq Qarabağda demişdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? O deməkdir ki, danışıqlar qurtardı, mənasızdır. Bu, danışıqların sonu idi. Təxribat xarakterli digər addımlar, hərəkətlər, çıxışlar göstərirdi ki, Ermənistan torpaqları qaytarmaq istəmir. Azad edilmiş torpaqlarda gördüyümüz mənzərə, sizin dəf etdiyiniz o təmas xətləri, o müdafiə xətləri göstərir ki, bir qarış torpaq vermək istəmirdilər. Başımızı aldatmaq, öz himayədarlarına arxalanmaq, onlardan müftə silah almaq, siyasi dəstək almaq, onların ölkələrində yaşayan lobbiçilərdən istifadə etmək və bizi bu vəziyyətdə əbədi saxlamaq - bu idi onların niyyəti. Ondan sonra iyul ayında dövlət sərhədində təxribatlar törədildi, avqust ayında diversiya qrupu göndərildi və sentyabr ayında artıq İkinci Qarabağ müharibəsi başlamışdır.

Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var. Vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat verəcəyik. Ancaq 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Biz düşməni hər gün qovurduq, hər gün. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. İndi onları əfv etmək istəyirlər. İndi 5 minini əfv etmək istəyirlər. Bəs qalan 5 min? Yəqin ki, çıxıb gedib, artıq Ermənistanda yoxdur. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir, peşəkarlıq, qəhrəmanlıq öz yerində, mənəvi ruh. Onlar bizi görəndə qabağımızdan qaçırdılar, biz onları hər gün qovurduq.

Bütün əməliyyatlar düşünülmüş şəkildə aparılmışdır. Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi, müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu. Deyə bilərəm ki, nəzərdə tutduğumuz bütün məsələlər əksər hallarda öz həllini tapdı. Əlbəttə, bəzi yerlərdə yubanmalar oldu, bəzi yerlərdə daha da tez, yaxud da ki, daha da böyük həcmdə əməliyyat aparıla bilərdi. Ancaq bu, müharibədir, onu planlaşdırmaq mümkün deyil. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına atırdılar. Çünki o istehkamları, o müdafiə xətlərini keçmək həm peşəkarlıq, güc və həm də cəsarət tələb edirdi. Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Mən bunu hələ bir neçə il bundan əvvəl bir beynəlxalq tədbirdə demişdim. Hansısa erməni mənə sual vermişdi ki, orada snayper müharibəsi gedir, yaxud da erməni əsgərləri ölür. Dedim ki, ölmək istəmirsə, rədd olsun bizim torpağımızdan. Müharibə dövründə dəfələrlə demişdim, Ermənistan rəhbəri mənə tarix versin ki, bizim torpağımızdan nə vaxt rədd olur, həmin an biz müharibəni dayandırırıq. Belə də oldu. 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi, Ermənistan ordusunun beli qırıldı, Ermənistan ordusu məhv edildi. On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir. Onlar öz əsgərlərini döyüş məntəqələrində zəncirlərlə bağlayırdılar ki, qaçmasınlar. Bu, vəhşilikdir, öz əsgərinə qarşı vəhşilikdir.

Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaqdır. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissəsini də geri aldıq.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir? Vəhşi, hələ bəlkə də vəhşi o qədər də ağır söz deyil. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Guya onlar burada azlıqda yaşayan mədəni, böyük sivilizasiyaya aid olan bir xalqdır, ətrafında da vəhşi müsəlmanlar bunları əhatə edir. Avropanın hər bir tinində bunu deyirdilər. Rusiyanın hər bir tinində bunu deyirdilər ki, bizə kömək edin, yoxsa bizi burada boğarlar. İndi hər kəs gördü bunun sivilizasiyası nədir, bunun mədəniyyəti nədir, bunun əxlaqı, mənəviyyatı nədir?! Qəbirləri dağıdan, şumlayan, ölülərin qızıl dişlərini çıxaran, məsciddə donuz saxlayan vəhşidir, başqa adı yoxdur. Bütün dünya bunu görüb və daha da çox görəcək.

İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq.

Bu təntənəli mərasim bu gün keçirilir. Bunun səbəbləri yəqin ki, sizə bəllidir. İlk növbədə, bu yeni hərbi mükafatlar hazırlanmalı idi, onlar yox idi. Onların dizaynı hazırlanmalı idi, onların hazırlanması təşkil edilməli idi. Bu, vaxt apardı. Eyni zamanda, pandemiyaya görə qapalı yerlərdə belə mərasimlərin keçirilməsi mümkün deyil və hava şəraiti də uyğun olmalı idi. Bir də ki, Hərbi Qənimətlər Parkı hazır olmalı idi. Mən istəyirdim ki, biz Parkın açılışı günündə görüşək və bu yüksək mükafatlar sizə təqdim edilsin və Parkın ilk ziyarətçiləri siz olasınız. Buna görə bir qədər vaxt apardı. Ancaq bu gün bu mərasim keçirilir. Sizə Ali Baş Komandan kimi dərin təşəkkürümü bildirmək istəyirəm. Siz xalqımızın üzünü ağ etmisiniz, dünya azərbaycanlılarının üzünü ağ etmisiniz. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!

X X X

Sonra təltif olunanlar adından bir qrup zabit çıxış etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07