01 aprel 2021, 17:43

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin kollektivindən, Bakı, Azərbaycan

 Hörmətli cənab Prezident!

80 yaşını başa vuran Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi xalqımızın misilsiz mədəni-mənəvi sərvətlərindəndir və ölkəmizə rəhbərlik etməyə başladığınız ilk vaxtlardan Sizin bu qiymətli elm və mədəniyyət ocağına həssas münasibətinizin, ardıcıl diqqət və qayğınızın şahidi olmuşuq. Yarandığı vaxtdan keçən 60 ildən artıq müddətdə əsaslı təmir edilməmiş, yerləşdiyi köhnə, tarixi bina, qəza vəziyyətində olan muzey məhz Sizin təşəbbüsünüz və daimi nəzarətinizlə yeni həyat qazandı. Əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra muzeyin ekspozisiya ərazisi iki dəfə artdı, texniki təchizatı və tərtibatı ən müasir tələblər səviyyəsində həyata keçirildi, Nizami muzeyi ikinci gəncliyini yaşamağa başladı.

Sizin Sərəncamlarınızla Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin 70 və 80 illik yubileylərinin keçirilməsi, təcrübəli əməkdaşlarımızın fəxri adlara layiq görülməsi, orden-medallarla təltif edilməsi muzeyin bütün tarixi boyu görülməmiş hadisələr idi.

Əlbəttə ki, Sizin rəhbərliyinizlə dövlətimizin bu qayğıkeş münasibəti bizi son dərəcə sevindirmiş, qürurlandırmış, bundan sonra da dövlətimizə və xalqımıza daha artıq səylə xidmət göstərməyə səfərbər etmişdir.

Hörmətli cənab Prezident!

Sizin mükafatlandıraraq şərəfləndirdiyiniz əməkdaşlarımızın arasında cavanlar ilə yanaşı, 80 yaşına çatmış, muzeyimizdən daha yaşlı olan elmi işçilərimiz də var.

Bu diqqət, nəsillər arasında rabitəni, qırılmaz bağları daim qorumaq barədə Sizin tövsiyənizin əyani təsdiqidir. Əslində Nizami muzeyi də var olduğu müddətdə elə bu nəcib missiyanı yerinə yetirib, xalqımızın şanlı keçmişi ilə bu günü və sabahı arasında mötəbər körpü olmağa çalışıb.

Hörmətli cənab Prezident!

Sizə muzeyimizin bütün əməkdaşlarının ən dərin və səmimi minnətdarlığını bildirir, əmin edirik ki, dahi Nizami Gəncəvinin adı, irsi, yolu və ənənələri ilə bağlı muzeyimiz bundan sonra da həmişə dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği və tədqiqində bilik, bacarıq və qüvvəsini əsirgəməyəcək.

Sizə dövlətimizin başçısı və Müzəffər Ali Baş Komandan olaraq bir də ona görə xüsusi minnətdarlığımızı ifadə edirik ki, muzeyimizin Xurşidbanu Natəvan adlı Qarabağ filialını, nəhayət ki, məcburi köçkünlük sıxıntısından qurtarmısınız və inanırıq ki, uzaq olmayan gələcəkdə Sizin ənənəvi qayğı və diqqətinizlə Şuşadakı filialımız da yenidən qurularaq 29 illik həsrətdən sonra doğma məkanda əvvəlkindən də artıq ilham və şövqlə fəaliyyətini davam etdirməyə başlayacaq.

Sizə bir daha muzeyimizin bütün əməkdaşlarının məhəbbət və ehtiramını çatdırır, Azərbaycan naminə böyük işlərinizdə yeni uğurlar və zəfərlər diləyirik!

Hörmətlə,

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin kollektivi.

Azərbaycan Respublikası, Bakı şəhəri.