15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Şuşaya gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:
-Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəridir.
Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxardı.
Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi.
Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.
Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular.
Prezident İlham Əliyev: Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanının hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydular.
Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyev dedi:
- Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.
Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.
Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Qarabağ Azərbaycandır!
XXX
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə yola düşdülər.
Prezident İlham Əliyev: Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyduq. Bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq artıq vətəndaşlar, xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ bilsinlər. Bununla paralel olaraq, göstəriş verildi ki, Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılsın. Eyni zamanda, Azərbaycanın digər şəhərlərindən - Lənkərandan, Naxçıvandan, Gəncədən buraya gəlib, Şuşaya rahat gedə bilərlər. İndi isə istiqamət Şuşa şəhəridir və yol boyunca əlavə məlumat veriləcəkdir.
Füzulidən Xocavənd rayonuna gedirik. Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır, gözəl, vüqarlı dağlar, dağların başında qar, gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi Füzuli şəhərinə bitişik olan kənddir. Füzuli şəhəri azad olunanda Şəkərcik uğrunda da şiddətli döyüşlər gedib. Baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə-yeksan edib. Biz artıq Füzuli şəhərində olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görüb, bütün dünya görüb və görməlidir. Ona görə göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib və bu bölgələrə gətirib, onlara erməni vəhşiliyi, əməlləri göstərilsin. Artıq bütün dünya görür ki, biz hansı vəhşi düşmənlə müharibə aparmışıq və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir.
Bura Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisidir. Baxın, bizim ölkəmiz necə də gözəldir. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan Ordusu azad edib.
Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla burada xatirə şəkli çəkdirdilər.
XXX
Prezident İlham Əliyev: Yolumuza davam edirik. Baxın, Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur.
Bu yol heç vaxt olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə cəmi iki ay ərzində bu yolu açmışıq. Sonra, əlbəttə ki, yol genişləndiriləcək və asfalt döşənəcək. Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə gəldilər.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Dövlətimizin başçısı hərbçilərlə görüşdü və çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir.
Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.
Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.
Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq.
Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Onları məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar, rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq. Müharibə başlayan gündən mən deyirdim ki, rədd olun bizim torpağımızdan, dərhal öhdəlik götürün. Özü də demişdim ki, bu öhdəliyi Ermənistan rəhbərliyi götürməlidir, deməlidir, tarix verməlidir ki, filan tarixdə mən torpaqlardan çıxıram, mən də müharibəni dayandırıram. Əks-təqdirdə, sona qədər gedəcəyik. Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu.
Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. “Vətən Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi ordenidir. “Zəfər” ordeni, “Qarabağ” ordeni. Bütün bu ordenlərin adlarını mən özüm təklif etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib. Ordumuz Şuşaya qədər qələbə yolu ilə, uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Suqovuşan, Hadrut qəsəbələrini, Murovdağ silsiləsini, Laçın rayonunun cənub hissəsini, Qubadlı, Zəngilan rayonlarını azad edib və noyabrın 8-də Şuşa şəhərini azad edib. Noyabrın 9-da düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib.
Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar.
Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.
Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Hərbçilərlə xatirə şəkli çəkdirildi.
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər.
Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi.
Prezident İlham Əliyev dedi:
-Saatlı məscidini ziyarət etdik, dualarımızı etdik, Məkkədən gətirilmiş “Qurani-Şərif”i Saatlı məscidinə hədiyyə etdim. Sonra Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərində olacağıq. Oraya da müqəddəs Məkkədən gətirdiyim “Qurani-Şərif”i bağışlayacağam. Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik.
Bildirməliyəm ki, ziyarət etdiyim Ağdam Cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə start verildi. Artıq mütəxəssislər oraya ezam edildi və yaxın zamanlarda təmirlə bağlı təkliflər veriləcək. Eyni zamanda, Şuşa şəhərinin məscidləri də bərpa ediləcək. Minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy, onların xalqları buna cavab versinlər.
Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb.
Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib.
Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi.
Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq.
Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini.
Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Şuşa Rayon Partiya Komitəsinin binasında oldular.
Prezident İlham Əliyev: Mənfur düşmən burada özü üçün “meriya” adlı bir qurum yaratmışdı. Bu, Şuşa şəhərinin xunta başçısının qəbul otağı olub. Bu da keçmiş, batmış, gorbagor olmuş qondarma “Dağlıq Qarabağ respublikası”nın “Şuşi” şəhərinin “icra başçısı”nın otağı idi. “Şuşi” yox, Şuşa. Unutmasınlar, dəmir yumruq yerindədir. Bu otaqda isə quldurlar istirahət ediblər. Bu da onların kitablarıdır, baxın. Bunların yeri zibilxanadır. Hamısı muzey eksponatları olacaq. Kondisioneri söküb aparıblar. Şuşadan qaçanda o qaça-qaçda vaxt tapıb kondisioneri də aparıb oğrular. Buradan meydana mənzərə açılır. Sınmış şüşələr, eyni zamanda, büstlər də buradan görünür.
X X X
Ermənilər Şuşanı tərk edərkən inzibati binalarda da kütləvi oğurluq və talançılığa yol veriblər. Məsələn, bu binadakı bütün kondisionerlər və istilik sistemi avadanlıqlarını söküb aparıblar. Bu, şübhəsiz ki, acgözlüyün, amma həm də oğru xislətinin təzahürüdür. Bu, həm də 30 illik işğal dövründə Azərbaycan xalqının mədəniyyətini vandalizmə məruz qoyanların rəzil aqibətinin göstəricisidir.
X X X
Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Natəvan bulağı ilə tanış oldular.
Prezident İlham Əliyev: 1982-ci ildə atamla birlikdə burada idik, Natəvan bulağının önündə. 39 ildən sonra müzəffər ordunun Ali Baş Komandanı kimi qayıtmışam. Şuşa yenə bizimdir! Şuşa yenə Azərbaycandır!
Dövlətimizin başçısı Şuşa şəhərinin su və elektrik enerjisi təchizatı ilə maraqlandı.
Bildirildi ki, indi şəhər su ilə də, işıqla da normal şəkildə təchiz olunur.
Prezident İlham Əliyev sovet dövründə uşaq sanatoriyası kimi fəaliyyət göstərən, işğaldan sonra ermənilər tərəfindən dağıdılan Natəvan sarayının xan qızının evi kimi bərpa ediləcəyini bildirdi.
Dövlətimizin başçısı və ailə üzləri Natəvan sarayının önündə xatirə şəkli çəkdirdilər.
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bülbülün dağıdılmış ev-muzeyinə də baxdılar.
Bülbülün dağıdılmış büstünü göstərən Prezident İlham Əliyev dedi:
-Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Görün, dahi Bülbülün büstünü, evini nə günə qoyublar. Cavabını artıqlaması ilə alıblar. Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını, mədəni soyqırımı törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu. Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir.
X X X
Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdilər.
Prezident İlham Əliyev bu məscidlərə də “Qurani-Şərif” bağışladı.
X X X
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazançı kilsəsində oldular.
X X X
Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub.
Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gəldilər.
Prezident İlham Əliyev: Bu da tarixi şəkildir. Heydər Əliyev Vaqifin büstünün önündə. Şəkildə məscidin minarələri də görünür. Vaqifin büstü ermənilər tərəfindən dağıdılıb. Onun yerində belə bir eybəcər dükan tikiblər. Bu, erməni vandalizminin növbəti təzahürüdür, növbəti cinayətdir.
Dövlətimizin başçısı və ailə üzvləri Vaqifin dağıdılmış məqbərəsinə baxdılar.
Məqbərənin qarşısında çıxış edən Prezident İlham Əliyev dedi:
- Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı.
Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir.
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd də aydın idi ki, yavaş-yavaş, tədricən burada Azərbaycan izi silinsin, bu ərazi erməniləşdirilsin və azərbaycanlılar öz respublikasının bu ərazisində azlıq təşkil etsinlər. Məqsəd bu idi. Ulu öndər Heydər Əliyevin dövründə - 1969-1982-ci illərdə onun səyləri nəticəsində, siyasəti nəticəsində, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi burada milli tərkibin Azərbaycan xalqının xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini təşkil edirdi. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi.
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi, bax, bu məqbərənin tikintisində özünü göstərib. Bir daha demək istəyirəm ki, sovet rəsmi ideologiyasında xanlıqlar antimilli qurum kimi qələmə verilirdi, xanlar ictimaiyyətə düşmən kimi təqdim edilirdi. Sovet dövlətinin rəsmi ideologiyası elə idi ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar insanları yalnız istismar edirdi. Azərbaycan xalqı sanki gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və sovet hakimiyyəti yaradılsın. Təbii ki, bu, cəfəngiyatdır, Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır. Əfsuslar olsun ki, tariximizin böyük əksəriyyəti müstəmləkəçilik formatında keçib. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bizi buna məcbur ediblər, zorla, öz xoşumuzla yox.
Ulu Öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi. Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi. Mən dəfələrlə demişəm və bir daha deyirəm, əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı.
Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar. Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtkı hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi bundan istifadə edib Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə bilər, bu, yaxın tarixdir. Xalq Cəbhəsi-Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib. Sonra nə edib? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər. Ermənistan kim idi ki, biz onlara məğlub olaq? Kim idi? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər Şuşanı düşmənə verdilər, özləri də qaçıb gizləndilər.
Ondan sonra erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi, tarixi abidələrimizi, bütün binalarımızı yerlə bir ediblər. Bu məqbərəni də yadelli düşmənlər dağıdıblar. Məqbərənin bu hissəsində naxışlar var idi, indi tarixi şəkillər var, hamısı sökülüb talan edilib, məqbərə dağıdılıb.
Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Bunu törədən Sarkisyan-Koçaryan cütlüyüdür. Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik. Onların ordusunu biz məhv etmişik. Şuşanı onların ordusunun əlindən biz geri almışıq, qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənmişdilər İrəvanda. Biri burnunu soxmuşdu buraya. Amma beş gündən sonra dovşan kimi buradan qaçdı. O birisi, ümumiyyətlə, heç səsini çıxarmırdı. Üçüncüsü də var, müharibə cinayətkarı - Ohanyan, özü də burada doğulub, bizim torpağımızda. Müharibə dövründə guya Şuşanı müdafiə etməyə gəlmişdi. İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq.
Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik.
Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. “Xarı bülbül” festivalı bu il keçiriləcək. Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar.
Cıdır düzü tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidir. Bu ərazidə bir çox milli xalq oyunları keçirilirdi. Bu oyunların qalibinə bəzən qızıl pullar, bəzən isə taxıl, buğda, məişət əşyaları verilirdi. Bu düzdə güləş, qaçış, oxatma və sair oyunlar keçirilirdi. Sonralar həmin ərazidə at yarışları, çövkən oyunları keçirildiyinə görə bu ərazini Cıdır düzü adlandırıblar.
Prezident İlham Əliyev:
-Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.
Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.
Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.
Biz Qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
X X X
İşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı.
Prezident İlham Əliyev dedi:
-Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!
X X X
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular.
Prezident İlham Əliyev: Dünyada onlar kimi saxtakar millət yoxdur. Bu bina da bərpa olunacaq.
Qeyd edək ki, Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar.
1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.
X X X
Yanvarın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yenidən Cıdır düzünə gəldilər.
Prezident İlham Əliyev dedi:
-Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bir daha bu gözəlliyi seyr edək, Şuşaya “Çox sağ ol”, “Gələn görüşlərədək” deyək. Biz qayıtmışıq öz doğma torpağımıza, Şuşanı azad etmişik. Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.
Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.
Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci ildə olmuşam. O vaxt burada bir neçə kütləvi tədbir keçirilmişdir. Yəni, Şuşanı dünənki kimi, bugünkü kimi, bu formada görmək mənə nəsib olmamışdı. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir.
Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq oldular.
Prezident İlham Əliyev: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat...
18 dekabr 2024, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...
18 dekabr 2024, 14:34Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq...
18 dekabr 2024, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...
17 dekabr 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...
17 dekabr 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17