09 yanvar 2021, 14:50

Rəhim Şükürovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan Texniki Universitetin 70 illiyi münasibətilə, mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü verdiyinizə görə, Sizə sonsuz minnətdaram. Bu Sərəncam, bütövlükdə elm və təhsil adamlarına verdiyiniz dəyərin bariz nümunəsidir. Cənab Prezident, hazırda Azərbaycan öz tarixinin ən qürurverici anlarını yaşayır. Sizin rəhbərliyinizlə torpaqlarımızın düşmən tapdağından xilas edilməsi hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur hissi yaradıb. Azərbaycan Xalqının Sizin ətrafınızda bir polad yumruq kimi birləşməsi tarixi Qələbənin qazanılmasında müstəsna rol oynadı. Siz, böyük əzm, qətiyyət, siyasət meydanında yüksək idrak nümayiş etdirərək Ordumuzu Qələbəyə apardınız, xalqımızın milli qürurunu özünə qaytardınız. Adınız Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və xalqımızın qəlbində əbədi yaşayacaqsınız. Xoşbəxtəm ki, belə bir tarixi dövrdə əməyimi dəyərləndirmisiniz. Həm də ona görə xoşbəxtəm ki, ulu öndər Heydər Əliyevlə 1977-ci il mayın 19-dakı görüşüm həyatımda silinməz izlər buraxmışdır. Ümummilli Liderimiz, həmin gün məni İnstitutun Tədris işləri üzrə prorektoru təyin etmişdir. Sonrakı dövrlərdə bu etimadı doğrultmaq üçün bütün fəaliyyətim yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına həsr olunmuşdur. Möhtərəm Prezident, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Şükürov Rəhim İzzət oğlu, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.