Nicat İsmayılovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Bu günlər hamımız böyük Qələbənin sevincini yaşayırıq. Sizin rəhbərliyinizlə Müzəffər Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı düşmən təcavüzündən azad etməsi ilə Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən biri yazıldı. Otuz ilə yaxın davam edən işğala son qoyduğunuza, ərazi bütövlüyümüzü bərpa etdiyinizə, bizə zəfər bayramını yaşatdığınıza, üçrəngli bayrağımızı doğma Şuşamızda, Qarabağımızda dalğalandırdığınıza görə Bakı Dövlət Universitetinin tələbə gəncləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Cənab Ali Baş Komandan, biz gənclər Sizin bu şücaətiniz və qətiyyətiniz qarşısında dərin ehtiramımızı bildiririk. Rəşadətli və Yenilməz Ordumuz tarixi zəfər salnaməsi yazaraq dünyaya öz gücünü göstərdi. Əminik ki, bu tarixi Qələbə ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunu şad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Milli Ordumuz Sizin komandanlığınızla onların qisasını döyüş meydanında aldı. Biz gənclər qürurluyuq ki, Sizin kimi mərd, müzəffər sərkərdəmiz, heç nədən çəkinməyən, mətin, qəlbi Vətən eşqi ilə döyünən cəsur igidlərimiz, mərd oğullarımız var. Biz Sizinlə öyünməyə haqlıyıq. Bütün varlığımızla Sizə bağlıyıq və hər zaman yanınızdayıq. Yaşasın müstəqil, güclü Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Dərin ehtiram və fəxarətlə, Bakı Dövlət Universitetinin tələbə-gəncləri adından Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov.
Hörmətlə,
İsmayılov Nicat İsmayıl oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.