İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

05 noyabr 2020, 14:00
İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

– Sabahınız xeyir, cənab Prezident. Bizimlə söhbət etmək, bizə müsahibə vermək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik.

– Bu imkana görə təşəkkür edirəm.

- Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi başlayır. Cəbhədə hazırda vəziyyət necədir?

– Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik.

– Siz işğal olunmuş 7 rayonun - 5 üstəgəl 2 azad edilməsini istəyirsiniz. Siz onlardan artıq neçəsini azad etmisiniz?

– Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq.

– Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin onlar heç bir neçə dəqiqə də belə çəkməyib. Nəyə görə müharibəni üç dəfə durdurmaq və danışıqlara başlamaq mümkün olmamışdır?

– Düşünürəm, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları yenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraq qeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədilər. Onlar bunu edə bilməyəndə, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxs qətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu, Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq.

– Siz dediniz ki, Ermənistan qoşunlarının çıxarılması ilə bağlı konkret təqvim istəyirsiniz. Ermənistan dedi ki, kompromisə hazırdır, ancaq təslim olmağa, həmin əraziləri təslim etməyə yox. Siz də kompromisə hazırsınız? Bu kompromis necə olacaq?

– İlk növbədə, bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu, çox açıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik.

– Əgər belə olmasa, Sizin üçün yalnız hərbi variant mövcuddur?

– Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir.

– Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur?

– Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır.

– Siz dediniz ki, demək olar 30 il ərzində Minsk qrupu işğal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdir və ya bu istiqamətdə heç bir irəliləyişə nail olmamışdır. Hazırda ABŞ, Rusiya və Fransadan gözləntiniz nədir?

– Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə olaraq, istəmədilər. Onlar vəziyyətin sabit olmasını istəyirdilər, bu, doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin onlar görəndə ki, demək olar 30 ildir sülh ssenarisi yoxdur və Ermənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər. Mən dəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə gətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, bu təcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq. Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər “münaqişənin hərbi həlli yoxdur” deməklə səhv ediblər. Biz bu reallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gün danışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi həll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənim artıq ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndi sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır. Bundan sonra düşünürəm ki, regiona sülh gələcək.

– Mən Sizdən “Amnesty International”ın faktiki olaraq hər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dair bəyanatları ilə bağlı soruşmaq istəyirəm. Siz də, rəsmi İrəvan da qeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkibli sursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağan edilən silahlardan istifadə edirsiniz?

– Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu, birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası “paytaxtı” olan Xankəndidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biz təhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha səmərəli olması üçün həmin mühüm hərbi obyektləri vurmalı idik. Lakin humanitar atəşkəs elan olunandan sonra, - bunu dəfələrlə elan etmişik, - biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya kəndi vurmamışıq. Buna zidd olaraq ermənilər nə etdi. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu, sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun haradan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular. Onlar Bərdəyə çox dağıdıcı “Smerç” raketləri ilə iki dəfə zərbə endirdilər və yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və 70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdə dəfn mərasiminə zərbə vurdular, bu, tamamilə insan davranışının bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular və dörd nəfər qətlə yetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminəm ki, bu barədə ilk dəfə məlumat verən oranı ziyarət etmiş beynəlxalq media olmuşdur. “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi. Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədə Azərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq onların bu məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm.

- Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz?

-Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdə pasportlar var. Bizim sübutumuz var, video var. Bunun haqqında heç nə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil. Mən dəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdırlar. Əgər onlar tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdən çıxmalıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bitərəf olun və ittihamlardan uzaq durun. Əgər biz bizi muzdlularla bağlı ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq. Biz bunu etmirik. Buna görə biz tərəfdaşlarımızdan eynisini gözləyirik.

-Türkiyənin Sizə nəinki siyasi, eyni zamanda, hərbi dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz?

-Mən deyərdim ki, bu növbəti təxribat, növbəti feyk xəbərdir. Türkiyədən heç bir hərbi dəstək yoxdur. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir. Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq. Buna görə birincisi, bu, səhv məlumatdır. İkincisi, biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır. Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çəkinməlidirlər.

-Açıq-aydındır ki, Türkiyənin regionda marağı var, necə ki, Rusiyanın və İranın var. Ermənistan Rusiyaya öz təhlükəsizliyinin təmin olunmasının mümkünlüyü barədə müraciət etmişdir. Siz müharibənin beynəlmiləlləşdirilməsindən qorxursunuz?

-Ermənistan lap əvvəldən elə bunu etmək istəyirdi və biz həmişə buna qarşı idik. Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün hər şeyi etdi. Ermənistanın baş nazirinin Rusiya Prezidentinə göndərdiyi məktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda, onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyirlər, bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər tamamilə faydasızdır. Rusiyanın mövqeyi xarici işlər naziri tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir. Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranın münaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub. Onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar dəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzi feyk məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün ən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir.

-Əgər onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa, Sizin buna reaksiyanız necə olardı?

-Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu, çox məntiqsiz addım nəticəsində danışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar.

-Siz indi regionun muxtariyyətini qəbul etməyə hazırsınız?

-Bu, əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş ərazilərdən - 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar, əslində, bizim bunu heç vaxt etməyəcəyimizi bilərək münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm.

-Çox sağ olun, cənab Prezident. Mən bizə vaxt ayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.

-Suallarınıza, Azərbaycana marağınıza görə çox sağ olun.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06