İlham Əliyev Masallıda Gənclər Mərkəzinin açılışında iştirak etmiş, bölgə gənclərinin nümayəndələri ilə görüşmüşdür

13 mart 2012, 17:10
İlham Əliyev Masallıda Gənclər Mərkəzinin açılışında iştirak etmiş, bölgə gənclərinin nümayəndələri ilə görüşmüşdür

Prezident İlham Əliyev Masallıya səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. 

Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verdi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanmışdır. 

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını əks etdirən fotoguşələr yaradılmışdır.

Bildirildi ki, mərkəzin oyun zalı müasir avadanlıqla təchiz edilmişdir. Mərkəzdə rəsm qalereyası da gənclərin ixtiyarına verilmişdir. Burada gənc rəssamların sərgiləri təşkil olunacaq və digər tədbirlər keçiriləcəkdir.

Qeyd edildi ki, tir otağı iki hissədən ibarətdir. Birinci hissədə 10 metrlik məsafədən atəş açmaq üçün pnevmatik tir otağı yaradılmışdır. Almaniya avadanlığının quraşdırıldığı bu otaqda pnevmatik tüfəng və tapançadan atəş açmaq mümkündür. Bunların hər ikisi idmanın olimpiya oyunları növüdür.

Diqqətə çatdırıldı ki, otağın ikinci hissəsi interaktiv atıcılıq tiridir. Burada 30-a qədər müxtəlif proqramlardan istifadə etmək imkanı yaradılmışdır. Onlardan ikisi olimpiya idman növüdür.

Prezident İlham Əliyev pnevmatik tapançadan hədəfə atəş açdı.

Dövlət başçısı kinozalda 3D formatlı filmə baxdı.

Bildirildi ki, Gənclər Mərkəzində multimedia kitabxanası da fəaliyyət göstərəcəkdir. Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq kitabxanada böyük işlər görülmüşdür. Kitabxananın fondunda 5 min nüsxə bədii ədəbiyyat, eləcə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş qiymətli kitablar vardır.

Məlumat verildi ki, kompyuter otağında yüksək sürətli internetə qoşulmuş12 kompyuter vardır. Burada kompyuter bilikləri üzrə xüsusi kurslar da təşkil olunacaqdır.

Qeyd edildi ki, açıq tipli kafedə gənclərin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Otuz nəfərlik konfrans zalında gənclərlə bağlı istənilən tədbirin keçirilməsi mümkündür. Burada ən son texnologiyaya əsaslanan səs avadanlığı quraşdırılmışdır. Mərkəzdə gənclər üçün xarici dil kursları da təşkil olunmuşdur. Bütövlükdə yeni mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan gənclərin nümayəndələri ilə görüşdü və çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Bu gün biz Masallıda Gənclər Mərkəzinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Çox gözəl mərkəzdir. Ümumiyyətlə, son illər ərzində Azərbaycanda gənclər evlərinin, gənclər mərkəzlərinin tikintisi geniş vüsət almışdır. Bir il bundan əvvəl mən yenə də cənub bölgəsində idim. Biz Astarada Gənclər Evinin açılışını qeyd etdik, bu gün isə Masallıda.

Bütövlükdə hər bir bölgədə gənclər üçün gözəl evlər tikilir. Ən önəmlisi ondan ibarətdir ki, gənclər bu evlərdən səmərəli şəkildə istifadə etsinlər. Burada daim fəaliyyət olmalıdır və gənclər öz asudə vaxtlarını burada keçirməlidirlər. Ümid edirəm ki, yaxın illərdə ölkəmizin hər bir şəhərində gənclər evləri olacaqdır.

Gənclər siyasəti Azərbaycanda uğurla aparılır. Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Mən çox şadam ki, Azərbaycan gəncləri çox fəaldırlar, vətənpərvərdirlər. Gənclər bu gün və xüsusilə gələcəkdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən edəcəklər.

Bu gün də gənclər siyasəti Azərbaycanda çox önəmli bir sahəni əhatə edir və bu istiqamətdə əlavə konkret tədbirlər görülür. Keçən il “Azərbaycan Gəncliyi” Proqramı qəbul edilmişdir. Bu Proqramın qəbul olunması həm zərurət idi və hesab edirəm ki, eyni zamanda, dövlətin bu sahəyə diqqətini göstərir. Müzakirə zamanı mənim gənclərlə görüşlərim əsnasında Proqrama əlavələr, dəyişikliklər edildi. Mən çox istəyirdim ki, gənclər bu Proqramın qəbul edilməsində fəal iştirak etsinlər və belə də oldu. Çox geniş ictimai müzakirələr aparıldı. Mənim gənclərlə görüşlərim mütəmadi xarakter daşıyır və xüsusilə Proqramın qəbul edilməsi ərəfəsində bu görüşlərə böyük ehtiyac var idi.

Beləliklə, biz çox dəqiq, konkret və işlək Proqram qəbul etdik. Əsas məqsəd də məhz bundan ibarət idi. Yəni, bu Proqram hansısa bir niyyətin ifadəsi, hansısa şüar naminə atılan addım deyildir. Bu, konkret xarakter daşımalıdır, konkret xarakter də alıbdır.

Proqramın icrası artıq başlamışdır. Orada vacib məsələlərdən biri Gənclər Fondunun yaradılması idi. Bu Fond təsis edildi və dərhal Prezidentin ehtiyat fondundan Fondun fəaliyyətinin genişləndirilməsi üçün 5 milyon manat vəsait ayrıldı. Mənim tərəfimdən göstəriş verildi ki, bu vəsaitdən səmərəli istifadə olunsun, müxtəlif proqramlar icra edilsin, layihələr, qrantlar verilsin ki, gənclərin fəaliyyətini biz belə maliyyə resursları ilə də dəstəkləyək. Bir daha demək istəyirəm ki, Azərbaycan gəncliyi çox fəaldır və bu, doğrudan da çox vacibdir. Çünki siz gələcəkdə ölkəmizin inkişafını müəyyən edəcəksiniz.

Ölkəmizin müstəqillik həyatı cəmi 20 il təşkil edir. Bu, tarix üçün böyük bir dövr deyildir. Ancaq bu 20 il ərzində ölkəmiz sürətlə inkişaf etdi. Ölkədə bütün təsisatlar quruldu, dövlətçilik əsasları yaradıldı. Bizim əcdadlarımız əsrlər boyu müstəqillik eşqi ilə yaşamışlar. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdıq. Ona görə, müstəqillik bərpa olunduqdan sonra ölkəmizin hansı istiqamətlər üzrə inkişafı ən vacib məsələlərdən biri idi. Çünki məhz o illərdə bugünkü Azərbaycanın reallıqları formalaşırdı. Ulu öndər Heydər Əliyevin strateji baxışları və gələcəyə atılmış addımlar bugünkü reallıqları da mümkün etmişdir.

İyirmi il ərzində ölkəmiz inkişaf etdi, müstəqillik möhkəmləndirildi, siyasi və iqtisadi islahatlar aparıldı və bu gün Azərbaycan bölgədə söz sahibidir. Bölgədə bizim iştirakımız olmadan heç bir layihə, heç bir təşəbbüs uğurla nəticələnə bilməz. Azərbaycan ilə hesablaşırlar. Azərbaycanın mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bütün bunlara biz cəmi 20 il ərzində nail ola bilmişik. Gələcək 10 il, 20 il üçün bizim konkret planlarımız, strategiyamız vardır. Əslində mən daha da qabağa baxmağa çalışıram. Əlli ildən sonra ölkəmiz necə, nəyin və hansı resursların hesabına inkişaf edəcəkdir?! Prezident kimi mənim və bu gün iqtidarda olan hər bir şəxsin vəzifəsi ondan ibarətdir ki, dayanıqlı inkişafımızı təmin edək.
Bu gün iqtisadi uğurlarımız artıq reallıqdır. Azərbaycan siyasi cəhətdən də çox sabit bir ölkədir. Bölgədə də mövqelərimiz gündən-günə möhkəmlənir. Təbii resurslarımız da, insan resurslarımız da var və istedadlı insanlarımız da kifayət qədər çoxdur. Amma gələcəkdə biz necə inkişaf edəcəyik və siz gələcəkdə ölkəmizi necə idarə edəcəksiniz - bu, məni düşündürən məsələlərdən biridir. Çünki Vətəni sevən hər bir insan gələcəyi düşünməlidir.

İyirmi illik tariximiz çox uğurludur. İyirmi ildə biz sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü dünyaya təqdim etdik. Dünyada bizim nüfuzumuz artır. Dünya birliyi bizə hörmətlə yanaşır. Keçən ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına bizim seçilməyimiz tarixi hadisədir, tarixi uğurdur. Xarici siyasət sahəsində bu, 20 il ərzində bəlkə də ən böyük uğurumuzdur. Çünki çətin, gərgin mübarizədə dünya ictimaiyyəti bizə öz dəstəyini verdi. Bizim güclü rəqiblərimiz var idi və 16 turdan sonra Azərbaycan o səsi haqlı olaraq qazandı, çünki bəri başdan, ilk turdan biz öndə idik. 155 ölkə bizi dəstəklədi. Budur, “beynəlxalq ictimaiyyət”, “beynəlxalq aləm”, “beynəlxalq ictimai rəy” deyəndə biz məhz bunu nəzərdə tuturuq. Bu, doğrudan da tarixi bir nailiyyətdir. Növbəti iki il ərzində dünyanın ən mötəbər qurumu olan Təhlükəsizlik Şurasında biz öz siyasətimizi aparacağıq, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik.

Yəni, bunlar 20 il ərzində görülən işlərdir. Bu barədə çox danışmaq olar. Həm iqtisadi sahədə, sosial sahədə inkişaf, bölgələrin inkişafı – hər şey göz qabağındadır. Bundan sonrakı dövr üçün də bizim kifayət qədər aydın fikirlərimiz və planlarımız vardır. Ancaq gələcəkdə Azərbaycan nəyin hesabına inkişaf edəcək - bu gün biz bu barədə düşünməliyik, düşünürük və siz də düşünməlisiniz.

Çünki bu, sizdən, Azərbaycan gənclərindən asılı olacaqdır. Gələcəkdə ölkənin müqəddəratı sizin əlinizdə olacaqdır və siz elə etməlisiniz ki, müstəqillik daim və daim güclənsin. Biz müstəqil siyasətimizdən bir addım belə kənara ata bilmərik. Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir və biz müstəqilliyi qorumalıyıq.

İyirmi il əlbəttə ki, həm qısa bir dövr, həm də böyük bir dövr kimi qəbul edilə bilər. İyirmi il ərzində çox iş görmək olar və biz bu işləri görmüşük. Ancaq tarix qarşısında bu, 20 il bir andır. Biz elə etməliyik ki, müstəqilliyimiz əbədi olsun. Biz elə etməliyik ki, bölgədə mövqelərimiz daim güclənsin. Biz elə iqtisadiyyat qurmalıyıq ki, gələcəkdə neftdən, qazdan asılı olmasın. Bizim elə istedadlı insanlarımız olmalıdır ki, gələcəkdə Azərbaycan da dünyada elmi-texniki sahədə gedən proseslərə öz töhfəsini verə bilsin. Hələ ki, biz buna nail ola bilmirik. Bu da təbiidir. Nə edə bilərik?! Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirə bilərik və gətiririk. Biz dünyada inkişaf istiqamətlərini bilirik. Dünya iqtisadiyyatı hansı yolla inkişaf edəcək, biz bunu bilirik və bu sahələr bizim üçün də prioritetdir. İnformasiya-kommunikasiya texnologiyaları, müasir texnologiyalar, insan zəkasına əsaslanan yeniliklər! Bu amillər dünyanın gələcəyini müəyyən edəcəkdir. Biz bu sahədə indi elə hazırlıq işləri görməliyik ki, istedadlı insanlarımız gələcəkdə texnoloji tərəqqiyə öz töhfələrini verə bilsinlər. Çünki gələcək bununla bağlıdır. Gələcək neftlə, qazla, təbii resurslarla bağlı deyil. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələr təbii resurslarla zəngin ölkələr deyildir. Əfsuslar olsun ki, təbii resurslarla zəngin olan ölkələrin tam əksəriyyəti inkişaf etmiş ölkələr deyildir. Biz bu mənfi təcrübəni də dərindən öyrənmişik. Bu gün Azərbaycanda neft-qaz sektorunda elə vəziyyət yaranıb ki, ölkəmizdə təbii sərvətlər insanların rifah halının yaxşılaşdırılmasına xidmət edir. Son 8 il ərzində yoxsulluq səviyyəsi aşağı düşərək 7,6 faiz təşkil etmişdir.

Azərbaycanda təbii resurslar və o resurslardan əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Ancaq bu, bizim üçün bir mərhələdir. Bu, bir sınaq idi və biz bu sınaqdan şərəflə çıxdıq. Öz enerji resurslarımızı Azərbaycan vətəndaşının sərəncamına verdik və öz enerji siyasətimizlə bu gün bölgədə və Avropada gedən proseslərə də təsir edirik. Amma gələcək əlbəttə ki, ancaq biliklə bağlıdır. O ölkələr gələcəkdə üstünlük əldə edəcək ki, orada elmi-texniki tərəqqi, texnoloji yeniliklər vardır.

Biz çalışmalıyıq ki, o ölkələrin sırasına düşək. Bu, mümkündür. Mümkün olmayan heç nə yoxdur. Mən tam əminəm ki, Azərbaycanda ən yüksək həyat səviyyəsinə çatmaq, ölkəmizi inkişaf etmiş ölkəyə çevirmək üçün imkan vardır. Bizim yaxın tariximiz göstərir ki, biz istənilən məqsədə çata bilirik. Baxmayaraq ki, bu, bəzi hallarda çox çətin olur, bəzi hallarda o hədəf bizə əlçatmaz kimi görünür. Ancaq biz buna qadirik. Əminəm ki, biz düşünülmüş siyasətlə xalqımızın gələcəyini də təmin edə biləcəyik.

Mən Prezident kimi bu vəzifələri çox aydın görürəm. Ölkədə gedən inkişaf istiqamətlərini müəyyən edən şəxs kimi mən bu ideyalara dərindən inanıram. Əlbəttə ki, bundan sonra da çalışacağam ki, ölkəmizin hərtərəfli inkişafı üçün əlimdən gələni edim. Çox istəyirəm ki, bizdən sonra gələn nəsil bax bu müsbət meyilləri daha da gücləndirsin.

Gənclər, ilk növbədə bilikli olmalıdır. Əminəm ki, siz hamınız bu barədə fikirləri bölüşürsünüz. Bilik, savad, istedad, yenilik, müasirlik - hesab edirəm ki, gənclər üçün əsas istiqamətlər bunlardır. Ancaq təkcə bilikli olmaq kifayət deyildir. Gənclər nə qədər bilikli olsalar, bir o qədər də vətənpərvər olmalıdırlar. Çünki vətənpərvərlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Vətən sevgisi, Vətənə və xalqa olan bağlılıq - inkişafı bu amillər stimullaşdırır. Ölkəmizdə gedən quruculuq-abadlıq işlərinin təməlində də məhz bu amil dayanır: Vətən sevgisi.

Biz istəyirik ki, ölkəmiz daha da yaxşı olsun, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın şöhrəti daha da artsın.
Ona görə, gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdırlar. Bu gün bu barədə biz bəlkə daha da geniş danışmalıyıq. Çünki dünyada gedən qloballaşma prosesi, ondan sonra bəzi təsir dairələrinin fəaliyyəti və sair narahatedici məqamlar vardır. Ona görə gənclərimizin uşaq yaşlarından milli ruhda böyüməsi çox vacibdir.

Əlbəttə ki, bu, hər bir ailədə hökm sürən ab-havadan asılıdır. Azərbaycan ailələri safdır, ailə dəyərləri bizim üçün çox əzizdir. Elə də olmalıdır. Bundan sonra da elə olmalıdır. Ancaq istər-istəməz qloballaşma meyilləri bizdən də yan keçə bilməz. Qloballaşmanın müsbət tərəfləri də, çox mənfi tərəfləri də vardır. Mənfi tərəflərindən biri də məhz milli duyğuların elə bil ki, müəyyən dərəcədə əriməsi, yaxud da ki, onların kənara qoyulması məsələləri vardır. Ona görə, gənclər milli ruhda tərbiyə almalıdırlar. Bu, sadəcə olaraq gözəl sözlər deyil, bu, bir zərurətdir və biz elə etməliyik ki, Azərbaycan gənci vətənpərvər olsun, Vətənə bağlı olsun. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan kimi ölkədə yaşamaq, doğrudan da böyük şərəfdir və böyük xoşbəxtlikdir.

Gənclər, eyni zamanda, fiziki cəhətdən sağlam olmalıdırlar. Biz buna nail olmaq üçün çalışırıq səylərimizi göstərək. Bu gün Astarada Olimpiya Mərkəzinin, eyni zamanda, yeni xəstəxananın açılışını qeyd etdik. Bu, sağlamlıqla bağlı olan məsələlərdir. Masallıda əvvəlki dövrdə də oxşar tədbirlər olmuşdur. Ətraf rayonlarda sosial məsələlərin həlli, insanların sağlamlığı ilə bağlı olan tədbirlər çox gözəl tədbirlərdir. Fiziki sağlamlıq insana keyfiyyətli həyat bəxş edir. Adam özünü gümrah, fiziki cəhətdən sağlam hiss edəndə daxili əminlik də, əzmkarlıq da güclənir, işə olan zövq də artır. Ona görə fiziki sağlamlıq çox vacib olan məsələdir. Mən hər bir gəncə bunu tövsiyə edirəm. Öz təcrübəmdən istifadə edib tövsiyə edirəm. İnsanın sağlamlığı üçün fiziki fəallıqdan, idmanla məşğul olmaqdan yaxşı vasitə ola bilməz.

Əlbəttə, gənclərimiz ölkədə gedən proseslərdə çox fəal iştirak etməlidirlər. Mən çox şadam ki, biz bunu görürük. Yəqin, hamımız istəyərdik ki, gənclərimiz daha da fəal olsunlar. İctimai həyatda, iqtisadi dirçəlişdə, hər bir bölgədə proseslərin düzgün istiqamətdə getməsini müəyyən edən işlərdə gənclərin fəaliyyətindən çox şey asılıdır. Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və gənclik dövrü çox gözəl dövrdür. Əfsuslar olsun ki, bu dövr də başa çatır. Ancaq söhbət ondan getmir ki, sənin neçə yaşın var. Əgər sən özünü yaxşı hiss edirsənsə, özünü gənc hiss edirsənsə, yaşdan asılı olmayaraq, əlbəttə ki, bu, fəallıq və əzmkarlıq daim səninlə olacaqdır.

Ona görə mən gənclərin ictimai və iqtisadi həyatda fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bizim kadr siyasətimizdə də mən bütün qurumlara tövsiyə etmişəm ki, gənclərə üstünlük versinlər. İndi pensiya islahatı ilə bağlı yəqin bilirsiniz, yeni yanaşmalar artıq tətbiq olunur ki, gənclərə yol açılsın. Hər bir dövrün öz gözəlliyi, öz xüsusiyyətləri vardır. Pensiya dövrünün də gözəl xüsusiyyətləri vardır. Biz elə etməliyik ki, pensiyaya çıxan insanların layiqli həyatını təmin edək. Keçən il, misal üçün 900 minə qədər pensiyaçının pensiyası 40 faizdən çox artmışdır. Yəni, sosialyönümlü bu tədbirlər, eyni zamanda, gənclərə yol açmaq məqsədini güdür. Gənclərimiz biliklidir, savadlıdır və onlar ölkəmizin inkişafında daha da fəal rol oynaya bilərlər və oynamalıdırlar.

Xaricdə yaşayan gənclər də Azərbaycan gəncliyinin ayrılmaz hissəsidir. Dünən Bakıda Dünya Azərbaycanlı Gənclərinin təsis qurultayı keçirilmişdir. Bu çox gözəl hadisədir. Xaricdə yaşayan gənclər Azərbaycanın təbliğində öz rolunu oynayırlar. Ümumiyyətlə, gənclərimiz ölkəmizin inkişafı üçün çox dəyərli işlər görürlər. Azərbaycanın dünyadakı mövqelərinin möhkəmləndirilməsində, Azərbaycan haqqında həqiqətlərin dünya birliyinə çatdırılmasında gənclər ön sıradadırlar. Ölkəmizin reallıqlarını dünyaya çatdırmaq üçün ən fəal insanlar gənclərdir.

Xocalı faciəsinin soyqırımı kimi tanınmasında ilk sıralarda yenə də gənclərdir. Azərbaycanın idman, musiqi şöhrətini yüksəklərə qaldıran gənclərdir. Müstəqilliyimizin keşiyində dayanan, bu gün səngərdə düşmənlə üz-üzə dayanan yenə də gənclərdir. Gənclərimiz böyük qəhrəmanlıq nümunələri göstərmişlər. Bütün bunlar reallıqdır və gənclərə olan münasibət məhz bu amillər üzərində qurulmalıdır. Cəmiyyətdə gəncləri daha da fəal ictimai həyata cəlb etmək üçün əlavə tədbirlər görülməlidir.

Biznesdə gənclər çox fəaldırlar. Mən bölgələrdə və Bakıda indi iqtisadi inkişafla bağlı daim tədbirlərdə, açılışlarda oluram və görürəm ki, ən müasir müəssisələrdə gənclər işləyir, ən müasir texnologiyaları tələb edən dünya səviyyəli biznes qurumlarında gənclərdir, qabaqda gedən gənclərdir. Çünki onlar bu yeniliklərə daha da meyillidirlər və müasir inkişaf meyillərini də onlar yaxşı bilirlər. Misal üçün, bizim ailədə mən əvvəlki nəslin nümayəndəsiyəm. Bizim ailədə, məsələn, kompyuterlə bağlı olan hər hansı bir məsələni həll etmək üçün mən öz uşaqlarıma müraciət edirəm, onlardan soruşuram. Bu da təbiidir və onlar bu işləri çox yaxşı bilirlər. Mənim dövrümdə nə kompyuter, nə informasiya-kommunikasiya texnologiyaları var idi. Ancaq uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz bütün bu işləri yaxşı bilirlər. Belə də olmalıdır.

Mən əminəm ki, Azərbaycanda nəsillərin dəyişməsi prosesində də biz nümunə ola bilərik. Ardıcıllıq olmasa bu inkişaf meyilləri pozula, qırıla bilər. Xüsusilə müsbət təcrübə əsasında yaradılmış bu ardıcıllıq inkişafımızın səbəblərindən biridir. Bu ardıcıllıq davam etməlidir. Bizdən sonra gələn nəsillər bizdən də bilikli, savadlı, bacarıqlı olmalıdırlar. Əgər belə olmasa, onda inkişaf ola bilməz. Mən isə istəyirəm ki, daim inkişaf olsun. İnkişafın hüdudları ola bilməz. Biz indi qürur hissi ilə deyə bilərik ki, ölkə iqtisadiyyatı inkişaf edir, quruculuq işləri aparılır, Azərbaycan dünyada daha da güclü dövlət kimi tanınır.

Hər birimiz daim işləməliyik və hər gün, hər an fikirləşməliyik ki, ölkə üçün biz nə edirik, nə edə bilərik?! Mən bir daha sizi ürəkdən salamlayıram. Sizə xoş arzularımı bildirmək istəyirəm. Mən Azərbaycan gənclərinə inanıram, onları dəstəkləyirəm. Çox şadam ki, gənclərimiz ölkəmizin şöhrətini yüksəklərə qaldırırlar. Sağ olun.

Bakı Dövlət Universitetinin III kurs tələbəsi Nigar ƏLİYEVA: - Mən Prezident təqaüdçüsüyəm. Masallı rayonunun Bala Təklə kəndinin sakiniyəm. Möhtərəm cənab Prezident, bütün Masallı gəncləri adından Sizi salamlayıram. Doğma Masallımıza xoş gəlmisiniz. Bizimlə belə səmimi ünsiyyət saxladığınıza və dəyərli vaxtınızı bizə sərf etdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm Prezident, mən 2009-cu ildə 670 balla Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam. Sizin gənclərə göstərdiyiniz xüsusi qayğının, diqqətin və onların uğuruna verdiyiniz qiymətin nəticəsi olaraq Prezident təqaüdünə layiq görülmüşəm. Artıq üç ildir ki, böyük səylə çalışaraq bu böyük fəxrli adı qoruyub saxlayıram. Sizin gənclərə göstərdiyiniz hər bir dəstək onların inamının, gələcəyə ümidinin mənbəyidir.

Prezident İlham Əliyevin çıxışlarını gənclərin daim böyük maraqla izlədiklərini deyən Nigar Əliyeva dövlət başçısının gənclərlə görüşünün iştirakçısı olmağından qürur duyduğunu vurğulayaraq bildirdi:

- Cənab Prezident, bu gün Sizin rəhbərliyiniz altında Azərbaycanımız yüksək səviyyədə inkişaf edir. Bu inkişaf Masallıda da özünü büruzə verir və verməkdədir. Çox təqdirəlayiq bir haldır ki, Sizin təşəbbüsünüzlə bu gün rayonumuzda müasir standartlara uyğun Gənclər Mərkəzi inşa olunub. Sevinirəm ki, bu mərkəzin açılışında mən də iştirak edirəm. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində gənclərimizin dünyagörüşü, intellektual səviyyəsi daha da yüksələcək və onlar hərtərəfli inkişaf edəcəklər. Xüsusilə istərdim ki, ucqar kəndlərdə yaşayan gənc qızlarımız bu mərkəzə cəlb olunsun və buradakı proqramlardan, informasiya texnologiyalarından istifadə etsinlər. İnanıram ki, gənclərimiz bu mərkəzin imkanlarından maksimum istifadə edib asudə vaxtlarını səmərəli keçirəcəklər

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz qayğıya, bizim üçün yaratdığınız bu şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin gücünüzə, Azərbaycanımızın Sizin rəhbərliyiniz ilə xoşbəxt, parlaq gələcəyə qovuşacağına əminik və bu yolda bir vətəndaş olaraq Sizi daim dəstəkləyirik. Bu gün Sizin gəlişiniz bizim üçün tarixi bir hadisədir. Eyni zamanda tarixiliklə bərabər, bu gün çox əlamətdar bir gündür. Çünki bu gün bizim milli adət-ənənələrimizi özündə əks etdirən çərşənbə bayramıdır. Bu bayram münasibətilə Sizi və görüşümüzün bütün iştirakçılarını təbrik edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun. Daha kimin sözü var?

Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı gənclər birliyinin sədri Yalçın ƏLİYEV:

- Hörmətli cənab Prezident, mən də öz növbəmdə Sizi Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı gənclər birliyinin çoxsaylı üzvləri adından salamlayıram. Bu gözəl Gənclər Mərkəzini biz gənclərə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Son dövrlər Azərbaycanımızın bütün sahələrində olduğu kimi, gənclər siyasəti sahəsində də çox böyük irəliləyişlər göz qabağındadır. Biz gənclərə olan diqqət hər zaman hiss olunur. Cənab Prezidentimiz, biz gənclər bu qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın gənclərin hərtərəfli inkişafında və onların öz potensiallarını dolğun reallaşdırmalarında mühüm rol oynayacağına əminliyini bildirən Yalçın Əliyev dedi:

- Son dövrlərdə Azərbaycanımızın, gənclərimizin daha çox inkişafı, gənclərimizin beynəlxalq aləmdə Azərbaycanımızı təmsil etməsi bizi hədsiz sevindirir.

Cənab Prezident, Azərbaycan gənci olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası naminə həyata keçirdiyimiz siyasəti dəstəkləyirik, hər zaman Sizin ətrafınızda sıx birləşdiyimizi bəyan edirik.

Möhtərəm cənab Prezident, cənub bölgəsinin gəncləri adından söz veririk ki, ümummilli liderimiz Heydər Əliyev ideyalarına daim sadiq olacağıq.

Lerik Rayon Mərkəzi Xəstəxanasının həkimi Könül MUSTAFAZADƏ:

- Möhtərəm cənab Prezident, mən Gəncə şəhərində anadan olmuşam. Azərbaycan Tibb Universitetini bitirib Rusiyanın Moskva şəhərində mama-ginekologiya ixtisası üzrə ordinatura keçmişəm. Vətənimizə qayıdandan sonra Səhiyyə Nazirliyinin müqaviləsi əsasında bir illiyə Lerik rayonuna göndərilmişəm. Sözün açığı, ilk anda bunu eşitdikdə inanmadım, bir qədər təşvişə də düşdüm. Çünki Lerikin ucqar bir rayon olduğunu düşünürdüm və burada üzləşə biləcəyim məişət və iş şəraiti məni bir qədər narahat edirdi. Lakin rayona gəldikdə, buranın inkişafını gördükdə müsbət mənada xeyli təəccübləndim. Lerik rayonunda Sizin təşəbbüsünüz və diqqətinizlə aparılan geniş abadlıq və quruculuq işlərinin şahidi oldum. Bölgəmizdə gedən inkişaf məni bir gənc kimi olduqca sevindirdi.

Respublikamızın bütün bölgələrində olduğu kimi, çalışdığı Lerik Rayon Mərkəzi Xəstəxanasının da ən müasir avadanlıqla təchiz edildiyini, sakinlərə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün hərtərəfli şəraitin yaradıldığını deyən Könül Mustafazadə bütün bunlara görə dövlət başçısına minnətdarlığını çatdırdı. O, daha bir neçə məsələ ilə bağlı fikirlərini bildirərək dedi:

- İlk növbədə, cənab Prezident, onu demək istəyirəm ki, rayonda yaradılmış şəraitə, iş yerlərinin təklifinə baxmayaraq, bir neçə sahədə kadr çatışmazlığı problemi hələ də qalmaqdadır. Gənclərimiz, xüsusən mənim kimi xaricdə təhsil alıb Vətənimizə dönən mütəxəssislərimiz regionlarımızda işləməyə meyil göstərmirlər. Lakin öz şəxsi təcrübəmdən deyə bilərəm ki, bu, heç də pis başlanğıc deyildir. Bu problemin də bir neçə səbəbləri vardır. Fikrimcə, ilk növbədə, gənclərimizin regionlara cəlb edilməsi yönündə aparılan təbliğat işləri bir qədər gücləndirilməlidir. Digər tərəfdən isə, cənab Prezident, düşünürəm ki, gənc mütəxəssislərimiz bir qədər stimullaşdırıla bilərlər. Onların məişət problemləri həll edilsə, məsələn, onlar yaşayış yeri ilə təmin edilsə, bu məsələ zənnimcə, aradan qalxar. Düşünürəm ki, möhtərəm Prezident, regionlarımızda da müvafiq şərait yaradılarsa, gənc mütəxəssislərimiz təkcə paytaxtda deyil, o cümlədən bölgələrimizdə də öz ixtisaslarına uyğun işlə təmin edilə bilərlər. Diqqətinizə görə çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən sizinlə razıyam və dediyiniz məsələlər “Azərbaycan Gəncliyi” Dövlət Proqramında da öz əksini tapıbdır. Biz əlavə tədbirlər görməliyik ki, gənc mütəxəssisləri daha da stimullaşdıraq. Lerik Rayon Mərkəzi Xəstəxanasının açılışını səhv etmirəmsə, iki il bundan əvvəl qeyd etmişdik və çox gözəl xəstəxanadır, gözəl yerdə də yerləşir - düz şəhərin mərkəzində. Mən Lerikdə dəfələrlə olmuşam.

Siz Gəncədə doğulmusunuz, Rusiyada oxumusunuz, gəlmisiniz Azərbaycana, Lerikə. Mən təsəvvür edirəm ki, siz oraya hansı fikirlərlə gedirdiniz. Amma gəlib Leriki görəndə əlbəttə ki, o fikirlər dəyişdi.

İlk növbədə, Lerikin inkişafı ilə bağlı bizim addımlarımız Lənkəran-Lerik yolunun tikintisi idi. Bu yol çox bərbad vəziyyətdə idi. Ümumiyyətlə, oranın çətin relyefi vardır. Orada tez-tez uçqunlar, sürüşmələr olur. Vaxtilə o yolu getmək üçün bir neçə saat vaxt lazım idi. Biz yolu tikəndən sonra rahatlıq yarandı. İkincisi, Lerikdə heç sovet dövründə qaz olmamışdı. Lerik bir neçə rayondan biridir ki, sovet dövründə qaz çəkməmişdilər, çünki iqtisadi cəhətdən səmərəsiz idi və bizim oraya qaz çəkməyimiz də sırf sosial məna daşıyırdı. Çünki bu qaz xəttinə çəkilən xərclər heç vaxt qaz pulunun ödənilməsi ilə qayıtmayacaqdır. Ancaq onu da etdik və Lerikin mərkəzində və bəzi ətraf kəndlərində artıq qaz vardır.

Orada sosial infrastrukturun yaradılması üçün əlavə tədbirlər görüldü, məktəblər təmir edildi. Ümumiyyətlə, Lerik şəhəri gözəlləşdi və deyə bilərəm ki, belə təcrübələr çoxdur. Bizim regional inkişaf proqramımızın əsas məqsədi ondan ibarət idi ki, insanlar yaşadıqları bölgələrdən, miqrasiya etməsinlər, böyük şəhərlərə getməsinlər. Çünki Azərbaycanın bölgələri çox gözəldir. Hər bir bölgənin öz spesifikası, öz iqlim şəraiti vardır. Hər bir bölgə öz gözəlliyi ilə başqa bölgədən fərqlənir və seçilir. Hər bir bölgədə normal iş üçün, yaşamaq üçün şəraitin yaradılması bizim prioritet məsələmizdir. Yaşamaq üçün nə lazımdır? Birinci növbədə, iş yeri, ondan sonra işıq, qaz, su, yaşayış yerləri və təhlükəsizlik. Bölgələrdə gedən quruculuq işləri məhz bu məqsədi güdür. Bu gün mən Astarada xəstəxananın açılışında iştirak etmişəm. O xəstəxana əslində var idi, amma heç ona xəstəxana demək mümkün deyildi. Oradakı fotoşəkillər göstərir ki, bu xəstəxana bərbad vəziyyətdə idi. Yenidən quruldu. Olimpiya kompleksləri, məktəblər, iş yerləri.

Bundan sonrakı dövrdə bölgələrə daha da böyük həcmdə investisiyalar qoyulacaqdır. İndi kənd yolları layihəsi başlamışdır. Bu, Masallıya da aiddir. Biz Astarada kənd yolunun açılışını qeyd etdik. Kəndlərdə yaşayan əhalinin 80 faizi artıq bu layihələrin icrası nəticəsində gələn ilin sonuna qədər təmir edilmiş yollardan istifadə edəcəkdir. Bu inkişaf hərtərəflidir və mən gənc mütəxəssislərin bölgələrdə işləməsini alqışlayıram. Ancaq biz bölgələrdə elə şərait yaratmalıyıq ki, gənc mütəxəssislər ürəklə gedib orada işləyə bilsinlər.

Bir misalı da gətirə bilərəm. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz dövlət xətti ilə istedadlı gənclərimizi xarici ali məktəblərə göndərməyə başlamışıq. Hər il Azərbaycan dövlət büdcəsindən bu məqsədlər üçün 15 milyon manat vəsait ayrılır. Biz bu Proqrama başlayanda sual yarandı ki, bəs biz uşaqları göndərəcəyik, onları orada oxutduracağıq, birdən onlar qayıtmadılar, birdən orada qaldılar?!

Dedim ki, biz ölkəmizdə elə şərait yaratmalıyıq ki, onlar qayıtsınlar. Çünki bizim gənclərimiz Vətənə çox bağlıdırlar. Əgər xarici ali məktəblərdə oxuyan gənc öz ölkəsində gözəl şərait görərsə, o, mütləq qayıdacaqdır. Ona görə, heç bir şərt qoymadan biz bu Proqrama başladıq və bu gün mən çox şadam ki, xaricdə təhsil almış gənclərin böyük əksəriyyəti Vətənə qayıdır, Vətəndə işləyir və öz ölkəsinin inkişafına töhfə verir.

Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Uğur QURBANZADƏ: Möhtərəm cənab Prezident, əvvəlcə, Sizə minnətdarlığımızı bildiririk ki, bu gözəl Gənclər Evini bizim istifadəmizə verdiniz.

Cənab Prezident, Siz həmişə öz fəaliyyətinizdə gənclərlə işə xüsusi önəm vermisiniz. Ümumiyyətlə, son illər Azərbaycanda elm-təhsil sahəsində müxtəlif proqramlar, tədbirlər həyata keçirilmişdir. Biz gənclər və tələbələr də bu proqramlarda yaxından iştirak edir, üzərimizə düşən məsuliyyəti dərk edirik. 

Gənclər Fondunun yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən Uğur Qurbanzadə həmin Fondun gənclərin gələcək inkişafına böyük töhfələr verəcəyini vurğulayaraq dedi:

-Bununla yanaşı, bəzi problemlər də vardır - bizim təhsil almağımızda bəzi maneçiliklər, çatışmazlıqlar vardır. Onları Sizin diqqətinizə çatdırmaq istəyirəm. Beləliklə, bölgəmizin ən böyük ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetində 1547 tələbə təhsil alır. Onların təqribən 60 faizə qədəri digər rayonlardan gələn tələbələrdir. Tələbələrimizin yataqxana çatışmazlığı problemi vardır ki, onlar da məcburiyyət qarşısında qalıb kirayədə qalırlar. Bu da onların maddi və təhsil durumuna mənfi təsirlər göstərir. Buna görə də tələbələrimizin, gənclərimizin daha yüksək səviyyədə təhsil almaları, yataqxana probleminin həlli üçün yeni tələbə şəhərciyinin salınmasına böyük ehtiyac vardır. Bu problem müsbət həll edilsə, cənab Prezident, bu, tələbələrə Sizin böyük bir töhfəniz olardı. Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun. Biz bu məsələ ilə məşğul olacağıq. Bu təkliflərə baxılacaq və imkan daxilində biz bunu etməliyik və edəcəyik. Bütövlükdə yataqxana problemi çox ciddi problemdir, xüsusilə Bakı şəhərində. Çünki bildiyiniz kimi, erməni işğalından əziyyət çəkən soydaşlarımız müharibə zamanı o yataqxanalarda yerləşdirilmişlər. “Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması Dövlət Proqramı”nın əsas istiqamətləri ondan ibarət idi ki, ilk növbədə çadır şəhərciklərində yaşayan soydaşlarımızı biz oradan köçürək. 2007-ci ildə buna nail olduq. Bizdə artıq bir dənə də çadır şəhərciyi yoxdur. Ondan sonrakı mərhələdə uşaq bağçaları boşaldılmalıdır. Çünki indi Bakının əksər uşaq bağçalarında məcburi köçkünlər yerləşir. Uşaq bağçalarına da böyük tələbat vardır. Bu tələbat, mənə verilən məlumata görə, cəmi 17 faiz ödənilir. Yəni, ancaq 17 faiz valideyn öz övladını uşaq bağçasına yerləşdirə bilir.

İndi biz bu uşaq bağçalarının təmiri ilə çox ciddi məşğul olmağa başlamışıq və tələbat daha da artır. Mən tez-tez yeni təmir olunmuş uşaq bağçalarına baş çəkirəm və orada müəllimlərlə görüşürəm. Deyirlər ki, tələbat həddindən artıq çoxdur. Xüsusilə, təmir edilmiş, gözəl şəraiti olan bağçalara.

Ona görə, biz soydaşlarımızı tədricən uşaq bağçalarından köçürməliyik. Amma hara köçürməliyik? Evlərə köçürməliyik. Biz onlar üçün yaxşı şərait yaradıb, onları oradan köçürməliyik. Fin evlərində yaşayanlar var. Məktəblərdə, hərbi hissələrdə və yataqxanalarda yaşayan qaçqınlar var. Ona görə, bu proses gedir. Bu il yataqxanalardan qismən köçkünlər evlərə köçürüləcəklər və bu proses getdikcə, əlbəttə ki, yeni yataqxanalar da tikiləcəkdir. Bakı üçün bu, daha da aktualdır, nəinki bölgələr üçün. Amma bir halda ki, siz məsələni qaldırırsınız, biz bu məsələyə ayrıca baxıb Lənkəran üçün də qərar verəcəyik.

Mübariz İbrahimov adına Biləsuvar rayon məktəb-lisey kompleksinin 11-ci sinif şagirdi Gövhər AĞAZADƏ: Möhtərəm, cənab Prezident, Siz Mübariz İbrahimova, onun qəhrəmanlığına yüksək qiymət verdiniz və onu Azərbaycan qəhrəmanlığının zirvəsi ilə - Milli Qəhrəman adı ilə mükafatlandırdınız. Məktəbimizin qarşısında Mübariz İbrahimovun şərəfinə abidə ucaldılıb. Oxuduğu məktəbə onun adı verilib. Yaşadığı kənddə onun ev-muzeyi yaradılıb. Ümumiyyətlə, rayonumuzda keçirilən bütün tədbirlərdə Mübariz İbrahimovun xatirəsi xüsusilə anılır. Onu demək istəyirəm ki, bu gün Mübariz İbrahimov kimi vətənpərvərlik ruhunda böyüyən gənclərimizin sayı çoxdur. Biz gənclər hər birimiz Sizin qaldırdığınız bayraq altında torpaqlarımızı düşməndən azad etməyə hazırıq.

Hazırda yüksək təhsil alan Azərbaycan gənclərinin ölkəmizin hərtərəfli inkişafı və rifahı naminə töhfələrini əsirgəmədiklərini vurğulayan Gövhər Ağazadə gənclərimizin Vətənə layiqli övlad olmaq üçün bundan sonra da səylə çalışacaqlarını söyləyərək dedi:

- Bu gün təkcə Azərbaycanın qəhrəman oğulları deyil, həmçinin onlarla yanaşı qızlarımız da torpaqlarımızı düşməndən azad etmək uğrunda mübarizəyə qalxmağa qadirdir.

Bizim güclü ordumuz vardır. Bunu bir fakt da təsdiq edir ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütünlüklə dövlət büdcəsindən çoxdur. Lakin müharibə bəşəriyyətə fəlakət və bədbəxtlikdən başqa bir şey gətirmir. Ona görə də biz sülh tərəfdarıyıq və düşünürük ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə öz həllini tapacaqdır. İnanırıq ki, dünya ictimaiyyəti də ədalət tərəfində olacaq və biz tezliklə öz torpaqlarımızı geri qaytara biləcəyik. Sonda bir məsələni xüsusi vurğulamaq istərdim, biz - Mübariz İbrahimovun davamçıları olan gənclər daim Sizin arxanızda gedirik, Sizin ətrafınızda sıx birləşib var gücümüzlə səfərbərliyə hazırıq. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ ol. Mübariz İbrahimov Azərbaycan xalqının böyük oğludur, böyük qəhrəmandır. Onun xatirəsi hər birimiz üçün çox əzizdir. Mən Prezident kimi onu ölümündən sonra Milli Qəhrəman adı ilə təltif etmişəm. O, ədalətsizliyə dözə bilmədi və əslində düşməni, işğalçını məhv etmək üçün ölümə getdi. Onun qəhrəmanlıq nümunəsi məhz bundan ibarətdir. O, işğalçıya qarşı vuruşa gedəndə dəqiq bilirdi ki, döyüşdən qayıtmayacaqdır. Bir neçə düşməni məhv etdi və özü də qəhrəman kimi həlak oldu. Erməni vəhşiliyi təkcə Xocalı soyqırımında özünü göstərmədi. Erməni vəhşiliyi məhz Mübariz İbrahimovun meyitinin qaytarılmamasında da özünü göstərmişdir.

Həyatın da, müharibənin də qanunları vardır. Ancaq erməni faşistləri heç bir qanuna, heç bir mənəvi prinsiplərə riayət etmirlər. Hər bir müharibədə, ən şiddətli müharibələrdə həlak olanların meyitlərinin dəyişdirilməsi və qaytarılması praktikası vardır. Ermənilər isə Mübariz İbrahimovu bizə qaytarmaq istəmirdilər. Böyük səylər göstərdik, böyük işlər görüldü. Böyük çətinliklə biz nail olduq ki, Mübariz İbrahimovu qaytardıq və qəhrəman kimi dəfn etdik. Bu gün onun adı bir qəhrəmanlıq rəmzinə çevrilib. Bizim Mübariz kimi oğullarımız çoxdur. Mübariz kimi Vətəni sevən, Vətən üçün canından keçməyə hazır olan minlərlə, on minlərlə gənclərimiz vardır.

Ancaq mən də istəmirəm ki, qan tökülsün, müharibə olsun. Kim istəyər ki?! Bizim görüləcək işlər çoxdur. Ölkəmiz inkişafdadır. Hər bir Azərbaycan vətəndaşının həyatı bizim üçün əzizdir və doğmadır. Ancaq işğal ilə də barışmaq mümkün olmur. Əlbəttə, mən Prezident kimi çalışıram ki, bu məsələ öz həllini siyasi yollarla tapsın. Mübariz döyüşçü kimi başqa yolla öz qəhrəmanlığını göstərdi və mən onun hərəkətlərinə böyük hörmətlə yanaşıram. O, düşmən əsgərlərini məhv etdi. Ermənilərdən fərqli olaraq o, dinc əhaliyə əl qaldırmadı. O, öz doğma torpağında işğalçılara qarşı döyüşə getdi. O, başqa ölkənin ərazisinə gedib döyüş aparmadı. Budur fərq. Biz öz doğma torpağımızdayıq.

Ancaq əfsuslar olsun ki, 1980-ci illərin sonlarında başlanmış və 1990-cı illərin əvvəllərində başa çatmış Azərbaycana qarşı müharibə bax, bu işğala imkan yaratdı. Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı birinci cəhd 1987-ci ilin noyabr ayında olmuşdur. Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri bu məsələni qaldırmışdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Nə qədər Heydər Əliyev Azərbaycanda rəhbər vəzifədə işləyirdi və ondan sonra Moskvada Siyasi Büroda idi, onlar buna cürət etmirdilər. Ulu öndər vəzifədən uzaqlaşdırılandan iki həftə sonra bu məsələ qaldırıldı. O vaxtkı sovet rəhbərliyi bu separatçı meyillərə təkan verdi və Azərbaycana, azərbaycanlılara qarşı böyük qarayaxma kampaniyası başlandı. Mən yaxşı xatırlayıram, ermənilər o vaxt bütün təbliğat resurslarını işə salmışdılar. Sovet rəhbərliyində təmsil olunan ermənilər öz fəaliyyətlərini genişləndirmişlər. Onların Azərbaycanı qaralamaq, ləkələmək və Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdləri geniş vüsət almışdı.

Əfsuslar olsun ki, onlar buna nail ola bilmişlər. Çünki birincisi, Azərbaycanın o vaxtkı rəhbərliyi yerində deyildi və bu böyük məsuliyyəti dərk etmirdi. Azərbaycanın maraqlarını müdafiə edə bilmədi və istəmədi, satqınlıq, yaltaqlıq etdi, mərkəz qarşısında baş əydi. Bizim dərdimiz bundan ibarətdir. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində ölkəyə rəhbərlik etmiş insanlar satqınlıq etdilər, xəyanət etdilər, satıldılar, əyildilər. Ermənilər isə xarici dəstək hesabına və Azərbaycandakı hərc-mərclikdən istifadə edərək torpaqlarımızı zəbt etdilər.

Bu, məsələnin tarixi hissəsidir. İndi isə biz çalışırıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Bir çox amillər bizim mövqeyimizi gücləndirir və müdafiə edir. İlk növbədə, tarix. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Burada iki fikir ola bilməz. Ermənilər də bunu yaxşı bilirlər. Əlbəttə ki, beynəlxalq ictimaiyyət də artıq bunu bilir. Çünki biz beynəlxalq ictimaiyyətə real həqiqətləri çatdıra bilmişik.

Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. BMT Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birlikdə üzv olmuşdur və BMT Baş Məclisinin, Təhlükəsizlik Şurasının qətnamələri bizim mövqeyimizi hüquqi cəhətdən də möhkəmləndirir. Yəni, bir tərəfdən tarix və tarixi həqiqət, digər tərəfdən beynəlxalq hüquq bizim mövqeyimizi gücləndirir.

Siyasi aspektə baxdıqda görərik ki, indi Azərbaycan ilə Ermənistan idmanda deyildiyi kimi, fərqli çəki dərəcələrindədir. Yəni, müqayisəedilməz dərəcədə fərq vardır. Azərbaycan siyasi cəhətdən çox uğurlu və dünya birliyində layiqli yer tutan bir ölkədir. Ermənistan isə siyasi uğursuzdur. Onlar 20 illik müstəqilliyi faktiki olaraq əldən verdilər. Bu işğalçı siyasət nəticəsində məcbur oldular ki, öz real müstəqilliklərini əldən versinlər. Ona görə, orada gedən siyasi proseslər kənar qüvvələrin təsiri altında baş verir. “Ermənistan iqtisadiyyatı” anlayışı, ümumiyyətlə yoxdur. Olan-qalan da xarici biznes qruplarının əlindədir və dünyada heç bir nüfuza malik olmayan bir ölkədir.

Yəni, siyasi tərəf də bizim mövqeyimizi gücləndirir. İqtisadi sahədən heç danışmağa dəyməz. Bu, aydındır. Yəni, bütün bu amillər, o cümlədən ordu quruculuğu, siz də qeyd etdiniz, ordumuz son illər ərzində böyük dərəcədə inkişaf etmişdir. Bütün bu amillər torpaqlarımızın azadlıq olunacağı günü yaxınlaşdırır. Mən hesab edirəm ki, hər ay, hər gün biz torpaqlarımızın azad olunması gününə yaxınlaşırıq.

Ancaq ermənilərin güclü xarici diasporu vardır və bu, real qüvvədir, əsas düşməndir. Mən bunu demişəm və bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz dünya erməni lobbisidir və onun himayədarlığı altında olan rüşvətxor xarici siyasətçilərdir ki, erməni lobbisinin pulu ilə fəaliyyət göstərir.

Ermənistan bizim üçün rəqib deyil, rəqib də ola bilməz. Bizim əsas düşmənimiz bir daha tam məsuliyyətlə deyirəm ki, erməni lobbisidir və onların nəzarəti altında olan qüvvələrdir. Azərbaycana qarayaxma, ləkələmə kampaniyası, xarici mətbuatda uydurmalar, iftiralar erməni lobbisinin fəaliyyətidir. Onlar üçün də bir nömrəli düşmən Azərbaycandır. Nəyə görə? Çünki onlar da bilirlər ki, real qüvvə kimdir və nədir? Dünya erməniliyi tərəfindən son illər ərzində elə bil ki, yeni yanaşma müəyyən edilibdir. İndi bir nömrəli düşmən Azərbaycandır. Çünki ən böyük təhlükəni Azərbaycandan görürlər.

Çünki bilirlər ki, torpaqlarımız azad olunmayana qədər biz sakitləşməyəcəyik. Bilirlər ki, gec-tez biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bilirlər ki, qısamüddətli və uzunmüddətli perspektivdə Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər. Onlar bunu bilirlər, biz də bunu bilirik. Biz özümüzü gücləndiririk ki, daha da qüdrətli olaq və eyni zamanda, işğal olunmuş torpaqlar bizi daha da səfərbər edir. Gün gələcək ki, biz Azərbaycan bayrağını Xankəndidə, Şuşada qaldıracağıq. Mən buna tam əminəm.

Mən də istəyirəm ki, bunu sülh yolu ilə edək. Amma bunu sülh yolu ilə etmək üçün biz bütün amillərdən istifadə etməliyik. Ermənistanın təcrid edilmiş vəziyyətini daha da dərinləşdirməliyik. Biz Ermənistanı bütün beynəlxalq layihələrdən təcrid edə bilmişik. Biz bunu etmişik. Ermənistana yeni nəfəs verə biləcək razılaşmanın qüvvəyə minməməsində Azərbaycanın rolu olubmu? Bəli olub. Mən bu gün bunu açıq deyə bilərəm. Bunu onsuz da hamı bilir. Nəyə görə? Çünki bizim əsas təsir mexanizmlərimiz məhz iqtisadi amildir, nəqliyyat, enerji amilidir. Biz bundan sonra da maksimum dərəcədə çalışacağıq ki, Ermənistanı bütün beynəlxalq layihələrdən təcrid edək.

Neft-qaz kəmərləri, böyük dəmir yolu layihəsi Ermənistandan kənar keçir. Gələn ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Ermənistanın rəsmən dalan ölkəyə çevrilməsi deməkdir. Bu yollardan biz istifadə edirik, eyni zamanda, öz siyasi gücümüzü artırırıq. Biz BMT Təhlükəsizlik Şurasının üzvüyük. Biz orada öz sözümüzü deyirik. Biz digər beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Bizimlə dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz Avropanı enerji resursları ilə təmin edirik və daha böyük həcmdə edəcəyik. Avropanın enerji təhlükəsizliyi müəyyən dərəcədə bizdən asılı olacaqdır. Bu, bizim əlimizdə olan gözəl amillərdir, vasitələrdir. Bu siyasəti biz çox düşünülmüş şəkildə aparırıq, həm bölgədə, həm dünyada, bütün qitələrdə. Baxın, ermənilər öz qondarma “soyqırımı”nın tanınması ilə əlaqədar 1960-cı illərdən fəaliyyətə başlamışlar. Əlli il ərzində bu yolu keçiblər. Biz təzə başlamışıq. Artıq iki ölkə Xocalı soyqırımını tanıyır, Pakistan və Meksika. Bu proses davam edəcəkdir. Biz Xocalı soyqırımının tanınmasında bundan sonra da fəal işlər aparacağıq. Əminəm ki, bu faciəni soyqırımı kimi tanıyan ölkələrin sayı artacaqdır.

Beləliklə, qeyri-hərbi vasitələrdən hələ ki, istifadə edərək biz özümüz üçün daha da əlverişli vəziyyəti yaradacağıq. İndi həm də informasiya mübarizəsi gedir. Bu da çox vacib mübarizədir. Bəlkə on il bundan əvvəl bundan söhbət getmirdi, amma indi informasiya mübarizəsi müharibə növüdür. Burada qeyd etdiyim kimi, gənclər ön sıralardadırlar və daha da fəal işləməlidirlər ki, real vəziyyət haqqında dünyada daha da geniş məlumat olsun.

Lənkəran Dövlət Universitetinin III kurs tələbəsi Sevinc ŞİRZADOVA: Cənab Prezident, bizimlə bu gün görüşdüyünüz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Əlbəttə ki, bu gün bizim həyatımızda ən əlamətdar bir gün olaraq qalacaqdır. Mən özüm Astara rayonunda yaşayıram, amma hazırda Lənkəran Dövlət Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsiyəm. Ulu öndərimiz Heydər Əliyev universitetimiz haqqında demişdir: “Lənkəran Dövlət Universiteti bölgənin elm, təhsil ocağı olmaqla yanaşı, həm də ən böyük mədəniyyət mərkəzlərindən biridir”. Doğrudan da, tələbələrimiz burada təkcə təhsil almır, onlar həm də mədəni, ictimai həyatda fəal iştirak edirlər. Tələbələrimizin ictimai fəallığında Heydər Əliyev mərkəzlərinin əvəzsiz rolu vardır.

Respublikamızın bütün bölgələrində yaradılan Heydər Əliyev mərkəzlərinin ulu öndərin irsinin dərindən öyrənilməsi və təbliğində, gənclərin hərtərəfli inkişafında mühüm rol oynadığını bildirən Sevinc Şirzadova gənclərə yüksək səviyyədə dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını çatdırdı.

Prezident İlham ƏLİYEV: Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Yenə də demək istəyirəm ki, bu, bizim siyasətimizdir. Hər bir şəhərdə Gənclər Evi yaradılacaqdır. “Azərbaycan Gəncliyi” Dövlət Proqramı, əminəm ki, uğurla icra ediləcəkdir. Gənclər Fondunun fəaliyyətinə mən çox böyük ümidlər bəsləyirəm. Mən artıq nazirə də göstərişlər verdim ki, bu Fond doğrudan da, çox gözəl bir mexanizm olmalıdır. Əlbəttə, nazirliyin büdcəsində də gənclər siyasətinə vəsait ayrılır. Bu, ayrı, amma Fond ayrı. Yəni, burada gənclər öz təkliflərini irəli sürməlidirlər, öz layihələrini təqdim etməlidirlər. Mən hesab etdim ki, beş milyon manat birinci töhfədir. Çünki artıq Azərbaycanın dövlət büdcəsi formalaşmışdır. Büdcədə əlavə mənbələr yoxdur. Ona görə vaxt itirməmək üçün mən qərara gəldim ki, Prezidentin ehtiyat fondundan ilkin ödəmələr ayrılsın. Ancaq o demək deyil ki, siz bu beş milyonla bütün bu işləri görəcəksiniz. Bu, birinci addımdır.

Bütün bölgələrdən, hər bir rayondan mən gənclərdən təkliflər gözləyirəm. Hansı layihələri onlar icra edə bilərlər. Hansı layihələrə maddi dəstək lazımdır. Bu layihələr həm gənclər, həm onların yaşadıqları şəhərlər, həm də ölkə üçün faydalı layihələr olmalıdır. Yəni, biz ölkə qarşısında duran problemlərin uğurla həll edilməsi üçün hansı əlavə tədbirləri görməliyik.

Əlbəttə ki, mən Prezident kimi bütün bölgələri gəzirəm. Çalışıram ki, hətta hər bir kəndə gedim, orada da soruşum vəziyyət necədir. Amma nə qədər istəsəm də bu, fiziki cəhətdən mümkün deyildir. Ona görə yerlərdən məlumatlar, məsələn, harada nə çatışmır, harada nə əlavə olunmalıdır, harada yerli icra orqanları pis işləyirlər, insanları incidirlər, insanlara laqeyd münasibət göstərirlər və sair barədə məlumatlar, o cümlədən gənclərdən də gəlməlidir.
Fondun, əlbəttə ki, fəaliyyəti çox geniş olmalıdır. Yəqin ki, yaxın zamanlarda Fondun əsas istiqamətləri haqqında məlumat veriləcəkdir. Ancaq mən çox istərdim ki, bu vəsaitdən səmərəli şəkildə istifadə olunsun. Həm gənclər bu vəsaitdən faydalansın, həm ölkəmiz. Beləliklə, ölkəmizin uzunmüddətli, uğurlu və dayanıqlı inkişafı təmin edilsin.
Bir daha sizi salamlayıram. Bir daha xahiş edirəm ki, mənim xoş arzularımı yaşadığınız şəhərlərin, kəndlərin gənclərinə çatdırasınız. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:33
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli...

02 dekabr 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:29
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının...

02 dekabr 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 02 dekabr 2024
14:27
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 dekabr 2024, 14:27
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:25
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

02 dekabr 2024, 14:25